AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki,   son vaxtlar akademiyada bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib.

 

İslahatların başlıca strateji hədəfi Prezident İlham Əliyev  tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir.

 

R.Mehdiyev bildirib ki, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın təsdiq olunması, AMEA-nın Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir.

 

Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini bildirən akademik qeyd edib ki, akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşmasında, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələr dayanır. 

 

Sonra gündəlikdəki məsələlərlə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov “AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü” ilə bağlı çıxışında bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxıb. O,  vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra AMEA Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib. 

 

Ə.Sadıqov gündəlikdəki ikinci məsələ, “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini AMEA Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Vurğulayıb ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı ilə Komissiya yaradılıb və hazırlanan təkliflər AMEA-nın prezidentinə təqdim olunub. Təkliflər əsasında AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb. İclas iştirakçıları layihə ilə tanış edilib,  məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunub.

 

“Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin yeni tərkibi haqqında” da  məlumat verilib.

 

İclasda görkəmli alim, tibb elmləri doktoru, professor  Abdulla Qarayevin 110 illik yubileyinin qeyd edilməsi haqqında qərar da qəbul olunub, həmçinin akademik Abel Məhərrəmovun 70 illik və AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illik yubileyləri münasibətilə  onlara AMEA-nın Fəxri Fərmanının verilməsi qərara alınıb.

 

İclasda AMEA-nın bir sıra əməkdaşlarının elmi təcrübə keçmək və təhsil almaq məqsədilə xarici elmi mərkəzlərə və universitetlərə göndərilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

 

Sonda bir sıra kadr məsələlərinə də  baxılıb.



10.01.2020 | 15:19