ADPU-da Heydər Əliyevə həsr olunan “Missiya” kitabının təqdimatı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Missiya” kitabının təqdimatı keçirilib.

 

Təqdimatda universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan Heydər Əliyevin ölkənin iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə  oxucuya çatdıran “Missiya” kitabını yüksək qiymətləndirib. Qeyd edib ki, professor M.Hüseynova həyatın bütün sahələrində Ümummilli liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Rektor filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gələn kitabda Ulu öndərin  postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, xüsusilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanınması ilə bağlı xidmətlərinə,  onun milli şüur, milli dəyərlər, milli mentalitetin qorunması ilə bağlı roluna müəllifin verdiyi böyük dəyəri yüksək qiymətləndirib.

 

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında Heydər Əliyevin xidmətlərini öz kitabında qeyd edən professor M.Hüseynovanın böyük siyasi rəhbərin ictimai fəaliyyətinə dərindən bələd olduğunu bildirib.

 

Professor Himalay Qasımov isə deyib ki,  Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi,  mədəni, iqtisadi  bağlılığı daha da dərinləşdirmək üçün çox böyük işlər görüb. Bu mənada Heydər Əliyevin dillə bağlı fikir və düşüncələrinin, xidmətlərinin adıçəkilən nəşrdə əks olunmasını kitabın əhəmiyyətli cəhətlərindən hesab etdiyini söyləyib.

 

Kitabın müəllifi, professor M.Hüseynova Ulu öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi kimi bu kitabın faydalı olacağına inandığını deyib.

 

Tədbirin sonunda tədbir iştirakçılarına müəllifin imzası ilə “Missiya” kitabı hədiyyə olunub.



15.01.2020 | 11:41