UNEC-də valideynlər imtahan prosesini izləyiblər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

 

UNEC-dən bildirilib ki, Biznes və menecment fakültəsinin birinci kurs tələbələrinin valideynləri imtahan prosesini izləmək məqsədilə universitetdə olublar.

 

Valideynlər imtahanların təşkili və tələbələrə yaradılan şəraitlə tanış olduqdan sonra UNEC-də infotura qatılıblar. Onlar auditoriyalar, oxu zalı, kitabxana, dekanlıq, idman zalı, şahmat klubu, akt zalı, qərargah otağına baxış keçiriblər. Həmçinin UNEC-də tətbiq olunan elektron universitet modeli ilə maraqlanıblar. Mentorlar elektron universitet modelinin işləmə mexanizmi və tətbiqinin səmərəliliyi barədə valideynlərə məlumat veriblər.

 

Fakültə dekanı, dosent Mirağa Əhmədovla valideynlərin görüşünə şərait də yaradılıb. M.Əhmədov valideyn-universitet əlaqələrinin əhəmiyyətindən danışaraq, gələcəkdə bu prosesin daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, UNEC-dəki sağlam təhsil mühiti dövlətimizin inkişafı naminə ləyaqətli, vicdanlı və savadlı gənc kadr potensialının hazırlanması üçün böyük imkanlar yaradır.

 

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.



15.01.2020 | 17:00