AzTU-da imtahanlar "Elektron Universitet Portalı" ilə nəzarətdə

Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.

 

Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi,   universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçılar universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.

 

Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür. İmtahanların  nəticələri həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Onu da bildirək ki, bir dəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanı verə bilir. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.

 

Verilən məlumata görə, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Münaqişə Komissiyası təşkil olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

 

Məlimat üçün bildirilib ki,  yanvarın 7-dən başlayan, fevralın 7-dək davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.



16.01.2020 | 15:17