Ömrünün 59 ilini elmə həsr edən elm fədaisi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun 80 illik yubileyi qeyd olunub.

 

C. Abdinovun  ömrünün 59 ilini elmin inkişafına həsr edən elm fədaisi olduğunu deyən institutun direktoru, akademik Nazim Məmmədov alimə  elmi uğurlar arzulayıb.

 

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva C.Abdinovun elmi-təşkilati fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.

 

O, alimin ali təhsilini başa vurduqdan sonra AMEA-nın  Fizika İnstitutunda elmi fəaliyyətə başladığını xatırladıb, selenin xassələri və bəzi aşqarların onun xassələrinə təsiri ilə bağlı tədqiqatların nəticəsi olaraq 1966-cı ildə akademik Həsən Abdullayevin rəhbərliyi ilə  namizədlik dissertasiyası müdafiə etdiyini vurğulayıb.   

 

“O, 1976-cı ildə fizika-riyaziyyat elmləri doktoru adını alıb. 1972-ci ildə Bakıda Fotoelektronika Elmi-Tədqiqat İnstitutu yaradılıb  və  1973-cü ildə C.Abdinov həmin institutda “Bərk cisim elektronikası” şöbəsinə rəhbər təyin edilib. C.Abdinov 1984-cü ildə professor adını alıb. Müxtəlif  illərdə AMEA Fotoelektronika İnstitutunun elmi işlər üzrə direktor müavini, daha sonra direktor vəzifəsini icra edib. Akademik 350-dən artıq elmi məqalənin, 29 ixtiranın və 2 monoqrafiyanın müəllifidir.  Onun rəhbərliyi ilə 4 elmlər doktoru, 26 elmlər namizədi hazırlanıb. O, “Şöhrət”, “Şərəf nişanı” ordenləri, “Rəşadətli əməyə görə” və “Əmək veteranı” medalları, AMEA-nın “Fəxri fərmanı” ilə təltif olunub. 2007-ci ildə C.Abdinov AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib”-deyə məruzəçi alimin bioqrafiyası haqqında geniş məlumat verib.  

 

Tədbirdə fizika-riyaziyyat elmləri doktoru Hidayət Nuriyev, akademik Eldar Salayev, institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru  Ayaz  Bayramov, akademik  Arif  Həşimov və başqaları alimlə bağlı fikirlərini bölüşüblər.

 



16.01.2020 | 16:25