BDU-nun Elmi Kitabxanasında 20 Yanvarla bağlı tədbir

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Universitetin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli, lakin xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub; onun müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Faciənin 30-cu ildönümü ilə bağlı BDU-da  silsilə tədbirlər keçirildiyini deyən A.Kazımzadə universitetin hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini, 20 Yanvarda şəhid verdiyini diqqətə çatdırıb.  

 

Elmi Kitabxananın direktoru Nigar İsmayılova isə qeyd edib ki, keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha ucadan bəyan etdi:”Xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”.

 

Tədbirdə BDU nəzdindəki  “Gənc istedadlar” liseyinin şagirdlərinin faciə ilə əlaqədar rəsm əsərləri nümayiş etdirilib.



16.01.2020 | 19:24