“Alimin ən böyük irsi yetişdirdiyi yaxşı tələbələrdir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.

 

İlk tədbir görkəmli alim, tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyinə həsr olunub.

 

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti ilə yanaşı, alimin ailə üzvləri, tələbələri və yaxınları iştirak ediblər.

 

Rektor Ədalət Muradov bu il Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyinin qeyd olunacağına diqqət çəkərək, yubileylə bağlı müvafiq əmr imzaladığını və tədbirlər planının təsdiqləndiyini vurğulayıb.  UNEC-də çalışmış, universitetdə və ölkədə özündən sonra böyük izlər qoyan dəyərli alimlərin xatirəsinin yad edilməsinin tədbirlər planında nəzərdə tutulduğunu qeyd edən rektor, professor Qaçay Heydərovun 100 illik yubileyinin də məhz həmin çərçivədə keçirildiyini bildirib.

 

Rektor Q.Heydərovun İqtisad Universitetinin formalaşmasında və inkişafında,  eləcə də ölkəmizdə müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən məzunların yetişməsində böyük rolu olan alim, ictimai xadim kimi tanındığını vurğulayıb. O, alimin Xalq Təsərrüfatı İnstitutunda “İqtisadi tarix” kafedrasının əsasını qoyduğunu və həmin kafedraya uzun müddət rəhbərlik etdiyini bildirib.

 

Q.Heydərovun ən böyük irsinin onun yetişdirdiyi tələbələr olduğunu deyən professor Ə.Muradov, həmin tələbələrdən biri kimi akademik Ziyad Səmədzadənin adını çəkib.

 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-in 90 illiyi münasibətilə rektorun təsdiqlədiyi tədbirlər planının əhəmiyyətindən söz açaraq, ölkənin tanınmış ziyalılarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlərin Azərbaycan təhsilinin, iqtisad elminin qorunmasına xidmət etdiyini vurğulayıb.

 

Z.Səmədzadə Q.Heydərovun  iqtisad elminin tarixinin öyrənilməsindəki böyük xidmətlərindən söz açıb. Görkəmli alimin ömrünün 50 ilə yaxın hissəsini İqtisad Universitetində çalışdığını, özünəməxsus tədris metodu ilə yüksək ixtisaslı kadrlar yetişdirdiyini, tələbələrinin sevgisini və hörmətini qazandığını bildirib.

 

İqtisadiyyat fakültəsinin dekanı, alimin tələbəsi, dosent Asiman Quliyev isə görkəmli elm xadiminin  tələbələri ilə keçirdiyi görüşlərdən, elmi diskussiyalardan danışıb, sevimli müəllimi ilə bağlı xoş xatirələrini bölüşüb.

 

Tədbirdə professor Q.Heydərova həsr edilən videoçarx da nümayiş olunub.

 



17.01.2020 | 18:21