AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə törətdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb.

 

Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

           

Rektor çıxışında 20 Yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

           

Universitetin İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova Azərbaycan tarixinin ən şərəfli, həm də ən faciəli anlarından olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb.  Vurğulayıb ki,  bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir.

 

Tələbələrdən Məhbubə Nağızadə və Nüsrət Fərəcli yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini paylaşıb,  ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.



17.01.2020 | 17:18