Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına (YTP) baxış keçirib, müəssisədə yaradılan iş şəraiti ilə tanış olub.

 

AMEA İşlər idarəsinin müdiri, YTP-nin direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib.

 

O,  innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. E.Məmmədov Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə çatdırılıb.

 

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi-tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, həmçinin neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə akademiya prezidentinə geniş məlumat verilib.

 

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub.

 

Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri də AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər.

 



22.01.2020 | 17:38