Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb.  Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan “Könüllülər ili” çərçivəsində keçirilib.

 

Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsi, “Bir” Tələbə-Könüllü proqramının nümayəndələri və tələbə-könüllülər iştirak ediblər.

 

Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə təşviqi, idman və  xüsusilə paralimpiya yarışlarına marağın artırılması, gənclərə asudə vaxtlarını səmərəli istifadə etmək üçün əlverişli mühit yaratmaq, tədbirlərin həyata keçirilməsində tələbə-könüllülərin iştirakını təmin etmək, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, həmçinin, inklüziv könüllülüyün inkişafına şərait yaratmaqdan ibarətdir.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin fəaliyyəti, həyata keçirdiyi uğurlu tədbirlər barədə danışıb və yerli, eləcə də beynəlxalq yarışların təşkilində tələbə-könüllülərin dəstəyini, ölkədə olan könüllü hərəkatlarının əhəmiyyətini vurğulayıb.

 

“Bir” Tələbə-Könüllü proqramının rəhbəri Canoğlan İlyasov könüllülüyün əhəmiyyətindən danışıb, proqram haqqında məlumat verib.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 11 şəhərində yerləşən 44 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23 mindən çox tələbə-könüllü üzvə malik olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Ağdam, Şamaxıda keçirilmiş 550-dən çox tədbirləri müşaiət edib, bir sıra tədbir və aksiyaları təşkil edib. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqrama könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytından qeydiyyatdan keçə bilərlər.

 



27.01.2020 | 17:40