Ailədə uşaqlara sevgi və məhəbbət tərbiyəsi

Yetişən gənc nəslin ailədə düzgün tərbiyə olunması mühüm pedaqoji problem olmaqla bərabər, həm də cəmiyyətin, dövlətin prioritet məsələlərindən biridir. Çünki cəmiyyətin inkişafı, onun uğurlu gələcəyi bir çox cəhətdən yetişən nəslin tərbiyəsindən  asılıdır.

 

Ulu öndərimiz Heydər Əliyev ailə tərbiyəsi ilə əlaqədar deyirdi: “Ailə tərbiyəsi öz xarakterinə görə nadir bir haldır. Bu tərbiyə ata-ananın övlada məhəbbəti və uşaqların da ata-anaya bu cür hissləri kimi bir mənəvi əsas üzərində qurulur... Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

 

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin ilkin struktur vahidi ailədir. Məhz ailədə ilk tərbiyə alınır və uşaqlar ilk sosial təcrübəyə yiyələnir, bir şəxsiyyət kimi formalaşırlar. Ailə ilk tərbiyə ocağı kimi  böyüyən uşağın gələcək inkişafında,  taleyində  mühüm rol oynayır. Uşaq böyütmək, ərsəyə çatdırmaq  hər bir valideynin qarşısında duran ən çətin, məsuliyyətli və eyni zamanda şərəfli bir işdir. İnsan nəslinin sağlam doğulub, boya - başa çatmasında və düzgün tərbiyəsində ailənin əsas xüsusi funksiyaları özünü büruzə verir.

 

Uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük,  cavabdehlik düşür. Onlar çalışmalıdırlar ki, körpənin qayğısına qalıb, onu sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər. Valideynlərin bir-biri ilə qarşılıqlı münasibəti uşaqlar üçün bir örnək, bir ölçü vahidi olmalıdır. Ata-ana uşaqlara müraciət edərkən xoş, mehriban, əzizləyici sözlərdən istifadə etməlidir. Ailədə qarşılıqlı hörmət mövcuddursa, təbii ki, uşaqlarda da həm valideynlərinə, həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşacaq. Valideynlər arasında emosional münasibət nə qədər güclü olarsa və bir-birinin ehtiyaclarına nə qədər diqqət və həssaslıqla yanaşarlarsa bu, artıq onlardan asılı olmadan belə uşaqların hər bir ehtiyacını birlikdə ödəmə, hər bir məsuliyyətini birlikdə daşıma, övladlarının yaxşı və pisini birlikdə dərk edib, paylaşmaqda onlara kömək edəcəkdir. Uşaq ən çox ana ilə ünsiyyətdə olduğu üçün onun rəftarlarını və danışıqlarını təkrar edir. Deməli, cəmiyyətdə mədəniyyətin böyük hissəsi ana əməyinin məhsuludur. Bir sözlə, ana uşaq üzərindəki nüfuzu ilə onun formalaşmasında böyük rol oynayır. Xalqımızın belə bir deyimi vardır: “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm arxa heç kəs ola bilməz”.  Uşaqların böyüməsində  ola bilər ki, kimsə ata kimi hərəkət edə bilsin, amma ananı əvəz etmək heç vaxt mümkün deyildir.

 

Ailədə ata da uşağın tərbiyəsində ana qədər yaxından iştirak etməli, övladının düzgün yetişməsində anaya dəstək olmalıdır. Atanın övladını tərbiyə etməsi o dünyaya gəldiyi ilk gündən başlayır. Ata öz oğlanlarında kişi qeyrəti, kişi dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bilmək, müdafiə olunmaq  kimi keyfiyyətlər tərbiyə etməlidir. Qızlara isə xüsusi qayğı, nəvaziş və hörmətlə yanaşılmalı, şəxsiyyətləri, ləyaqətləri hər zaman uca tutulmalıdır. Ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata, atanın sözünü ana müdafiə etməli, vahid tələbkarlıq olmalıdır. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər öz  davranışları, rəftarı ilə övladlarına nümunə olmalıdırlar.

 

Valideynlər uşaqlara nə qədər sevgi ilə yanaşsalar, uşaqlar da bir o qədər əqli, əxlaqi və fiziki cəhətdən yaxşı inkişaf  edərlər. Sevgi uşaqları hərtərəfli inkişaf  etdirir. Valideynlər bəzən öz sözlərini uşaqlara hökmlə, qorxudaraq, hədə-qorxu ilə tətbiq etmək istəyirlər. Bu da gələcəkdə uşaqların psixologiyasında özünün mənfi fəsadlarını göstərəcəkdir. Uşağı təhdid etmək, ona yersiz halda qışqırmaq, günahlandırmaq kimi neqativ hallar yol verilməzdir. Bu, uşaqların sinir sisteminə mənfi təsir göstərəcəkdir. Uşaqlar sevildiklərini biləndə, hiss edəndə ki, valideynləri onları necə böyük bir məhəbbətlə sevir, onda bunu gələcəkdə öz ailəsində də tətbiq edəcəkdir. Uşağı sevməklə bərabər, onların sevimli olmalarını da öyrətmək lazımdır. Daha  sonra onlar da  başqalarına sevgi və məhəbbət  göstərəcəklər. İnsan əvvəlcə öz  valideynlərinə sevgi  göstərir,  sonra həyat yoldaşına, sonra uşaqlara,  daha  sonra nəvələrə öz sevgi və məhəbbətini bildirir. Uşaqlara  sevgi  və  qayğı göstərmək böyüklər  üçün heç  də  çətin, mürəkkəb bir iş  deyildir, əksinə bu, çox asanlıqla  başa  gəlir.  Bunu edən  böyüklər  özü  də  sevinir, fərəhlənir və özünü  xoşbəxt  hiss edir, onlar hər  cür  stressdən uzaq  olmuş olurlar. Uşaqlar böyüklərə  sevgi yaşatdıqca böyüklər xoşbəxt olurlar, böyüklərdə  məşğulluq  yaranır, onlara öz istəklərini necə yerinə yetirməyi öyrədir.

 

Valideynlə uşaq arasında o qədər güclü əlaqələr olmalıdır  ki, onun sayəsində uşaq əmin olmalıdır ki, valideyn onun tərəfindədir və qəbul edilən  qərarlar onun xeyrinədir. Həmçinin, eyni zamanda, valideyn özünü  uşağın yerində hiss etməli, bu qadağaların ona necə təsir etdiyini bilməlidir. Ailədə uşaqlar məhəbbətlə idarə edilməlidir. Ən mühüm məsələ odur ki, uşaqlara böyük ehtiramla yanaşmaq və onlarla kobud rəftardan çəkinmək lazımdır. Professor Rüfət Hüseynzadə “Ailə pedaqogikası” dərsliyində qeyd edir ki, kobud sözlər uşaqların xarakterini sərtləşdirir, ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur və bəzən də  heç vaxt sağalmır. Bir Çin atalar sözündə deyilir: “Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız uçub gedər”. Övladlarımızla dost olmalı, onlara  bir şəxsiyyət kimi yanaşmalı, problemlərin həllində onların da fikirlərini soruşmalı, onlara dəyərli olduqlarını hiss etdirməli, vətənə, xalqına dəyərli övlad kimi yetişdirməliyik.

 

Xəyalə MƏMMƏDOVA,

Sumqayıt şəhər 10 nömrəli peşə liseyinin direktor müavini



09.02.2020 | 14:35