“Qadınlar və mühəndislik”

Bakı Ali Neft Məktəbində (BANM) “Wing” – Qadınlar Mühəndislikdə Hərəkatı və BANM-in birgə təşkilatçılığı ilə “İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib. Wing”-in rəhbəri Vüsalə Kazımova STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını bildirib. O, “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan “İnteqrasiya Olunmuş Mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfüzlü şirkətlərin mühəndisləri ilə zəncirvari “öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

 

Tədbirdə, həmçinin “Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələri aparılıb.

 

“STEM Education Azerbaijan”-nın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, “STEAM Azərbaycan”-ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin Qrup rəhbəri Nigar Cəlilova, “Engineering For Kids Azerbaijan”-nın Texniki direktoru Mario Caicedo , BMT-nin İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, İnnovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarında çıxış ediblər. Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi, seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı qeyd olunub.

 

Tədbirə qatılan məktəb direktorları, müəllimlər və müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr müzakirələrdə fəal iştirak ediblər.



20.02.2020 | 18:55