|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Soyqırımı
qurbanlarının xatirəsi təhsil ocaqlarında anıldı
Naxçıvan Dövlət Universitetində
yenicə yaradılmış Tələbə Həmkarlar
İttifaqı Komitəsi universitetin gənclər təşkilatları
ilə birlikdə azərbaycanlıların soqırımına
həsr olunmuş internetaksiya keçirdi. Universitetin mətbuat xidmətindən aldığımız
məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan
rektor, akademik İsa Həbibbəyli vəhşi
ermənilərin əsrlər boyu Azərbaycan xalqına
qarşı törətdikləri qanlı soyqırımlardan
bəhs etdi. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya
şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin
müdrikliyi və qətiyyəti sayəsində informasiya
blokadasının yarılması, Azərbaycan
həqiqətlərinin bütün dünyaya çatdırılması
istiqamətində atılan mühüm addımlardan danışaraq
bu uğurlu kursun dövlət başçısı İlham
Əliyev tərəfindən inamla davam etdirildiyini
əminliklə ifadə edən rektor tələbə
gənclərin soyqırımına qarşı daha müasir
və operativ mübarizə üsulunu da təqdir etdi. O,
internetaksiyanı elmi əsaslandırılmış,
tarixi faktlara söykənərək həyata keçirilməsinin
əhəmiyyətindən söz açaraq müəllim və
tələbələri bu işdə fəal olmağa
səslədi. Universitetin Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri, tarix elmləri
namizədi Elbrus İsayev internetaksiya barədə
ətraflı məlumat verdi. Tarixçi alim bütün dünyada yayılmış
erməni lobbisinin tarixi saxtakarlıqlarına cavab
vermək baxımından tədbirin əhəmiyyətini
vurğuladı. Tələbə İnformasiya
Mərkəzinin elmi məsləhətçisi E.İsayev
universitet tələbələrinin müxtəlif
dillərə tərcümə etdikləri
məqalələrin, slaydların və digər audiovizual
materialların dünyanın tanınmış siyasi qurum
və təşkilatlarına, 250-dən çox
universitetinə, Hollandiya parlamentinin deputatlarının
elektron ünvanlarına, ümumiyyətlə yarım milyondan çox
elektron ünvana göndəriləcəyini bildirdi. Sonra hüquqşünaslıq ixtisası üzrə
I kurs tələbəsi Turqay Həşimli və ümumi
iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Elçin
Əliyev göndəriləcək müraciətləri oxudular. Azərbaycanın işğal olunmuş
əraziləri və soyqırımı ilə bağlı
yaddaş vərəqələri, videomaterialları və
sənədli yazıları əks etdirən kompakt
disklər (SİDİ) tədbir iştirakçılarına
paylandı, elektron ünvanların siyahısı təqdim
olundu. Soyqırımı ilə bağlı
videoslayd nümayiş etdirildi. Sonra tədbir iştirakçıları
universitetin müxtəlif kompüter mərkəzlərində yüksək
sürətli İnternet xəttinə qoşularaq
internetaksiyaya start verdilər. Tələbə İnformasiya
Mərkəzinin təşkilat qrupu ilə görüşən
akademik İsa Həbibbəyli tələbələrin bu
vətənpərvərlik təşəbbüsünü yüksək
qiymətləndirərək gələcəkdə də
belə tədbirlərin keçirilməsi üçün
dəyərli tövsiyələr verdi. *** 1998-ci ildən başlayaraq 31 Mart -
Azərbaycanlıların soyqırımı günü kimi
hər il dövlət səviyyəsində qeyd edilir. Bu günlərdə
ölkənin bütün idarə və təşkilatlarında,
ictimai qurumlarda olduğu kimi, təhsil müəssisələrində
də bu kədərli anım gününə həsr edilmiş
müxtəlif mərasimlər təşkil olundu. Türkiyə Diyanət Vəqfinin Bakı Türk
Liseyinin ənənəsinə görə, tarixi gün
və bayramlarla bağlı mərasimləri keçirmək
hər dəfə bir sinfin öhdəsinə düşür. 31
Mart - Azərbaycanlıların soyqırımı gününə
həsr edilmiş tədbiri isə sinif rəhbəri Elşən
Musayev, musiqi müəllimi Sevda Muxtarova,
Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzinin əməkdaşı Cavanşir
Abdullayevin köməyi ilə IX "B" sinfinin şagirdləri
hazırlamışdılar. Liseyin akt zalı mövzuya uyğun tərtib
olunmuş, divar qəzetləri, 1918-ci ilin mart
hadisələrini və 1992-ci ildə baş verən Xocalı
faciəsini əks etdirən fotostendlər hazırlanmış,
hər tərəfə qırmızı
qərənfillər düzülmüşdü. Aparıcılar mərasimi açandan sonra soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edildi və Azərbaycan Respublikasının Dövlət
himni oxundu. Sonra doqquzuncular mərasim iştirakçıları
qarşısında məruzələr və
ədəbi-bədii nümunələrdən ibarət
proqramla çıxış etdilər. "Bayraq" şeirini söyləyən 5 yaşlı
Məhəmmədəlinin çıxışı tamaşaçı
auditoriyasının rəğbəti ilə qarşılandı.
Nigar Quliyevanın həmin günlərdə Azərbaycanın
ayrı-ayrı bölgələrində baş vermiş
soyqırımından bəhs edən
məruzəsindəki tarixi faktları hamı böyük
həyəcan, kədər və ürəkağrısı
ilə dinlədi. IX "B" sinif şagirdlərinin çıxışlarında
soyqırımı faktlarının baş verdiyi dövr,
tarixi şərait, ermənilərin xalqımıza qarşı
yürütdüyü təcavüz siyasətinin ayrı-ayrı
mərhələləri, 1992-ci ildə törədilən
yeni soyqırımı faktı - Xocalı faciəsinin bu
cinayətlərin məntiqi davamı olması və s.
haqqında fikirlər səsləndi. Qeyd olundu ki,
ermənilərin zaman-zaman xalqımızın başına
gətirdikləri müsibətləri hamı bilməli
və gələcək nəslə çatdırmalıdır.
Şagirdlərin ifasında təqdim olunan S.Vurğunun
"Yanğın", B.Vahabzadənin "Unutqanlıq",
"Utanıram" şeirləri,
"Azərbaycan əsgəri", "Azəri-türk
əsgəri" mahnıları, "Mehtər marşı",
"Qəhrəman Əhməd" səhnəciyi və
başqa bədii nümunələr
zaldakıların marağına səbəb oldu. Sonda çıxış edən liseyin direktoru
Kadır Bektaşoğlu tədbirin hazırlanmasında
əməyi olan hər kəsə təşəkkürünü
bildirdi. 31 Mart -Azərbaycanlıların soyqırımı
gününə həsr olunmuş mərasim üzeyir Hacıbəyovun
qəhrəmanlıq və mübarizəyə
səsləyən "Uvertüra"sının sədaları
altında başa çatdı. *** Bakıdakı 53 nömrəli orta
məktəbdə ədəbi-bədii kompozisiyanın
nümayişindən öncə məktəbin direktoru
Firəngiz Həsənova qeyd etdi ki, ötən əsrin
əvvəllərində günahsız
Azərbaycan övladları ermənilər
tərəfindən qanlarına qəltan olunmuşlar. Azərbaycanlılara qarşı
dəfələrlə törədilən bu cür
cinayətləri unutmaq olmaz, hər bir vətən övladı
bu gün bədxah qüvvələrə, ermənilərin işğalçı
siyasətinə qarşı çıxmalı, Azərbaycan
xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmalıdır... Tədbirin sonunda soyqırımın acı
xatirəsini əks
etdirən guşələrə, fotolara,
rəsmlərə baxıldı. Şagirdlərin ifasında
"Xocalı harayı" ədəbi-bədii
kompozisiyası nümayiş olundu. *** Fizika-riyaziyyat və informatika
təmayüllü liseydə 31 Mart - Azərbaycanlıların
soyqırımına həsr edilmiş mərasim
Azərbaycanın Dövlət himni ilə başlandı.
Soyqırımı zamanı həlak olanların
xatirəsi bir anlığa sükutla yad edildi. Direktor Tariyel
Talıbov çıxışında
qeyd etdi ki, xalqımıza qarşı erməni
millətçiləri tərəfindən aparılan soyqırımı
siyasəti iki yüz ildən artıq tarixi dövrü
əhatə edir. Böyük mərhələlərlə
həyata keçirilən bu çirkin siyasətin
fəlakətləri, qanlı fəsadları nəinki türk
dünyasının, əslində bəşəriyyətin
başı üzərini qara kabus kimi bürümüşdür... O, çıxışında
bildirdi ki, dünya ictimaiyyətinə ermənilərin
iyrənc siyasətinin, azərbaycanlıların soyqırımına
məruz qalmalarının çatdırılması məhz
ümummilli liderimiz Heydər Əliyevin
qətiyyətli mövqeyi və böyük iradəsi
sayəsində mümkün olmuşdur. Bakıdakı 31 və 225 nömrəli orta
məktəblərin dəhliz və sinif otaqlarında,
kitabxanalarında da soyqırımı ilə bağlı
guşələr yaradılmış, fotostendlər
tərtib olunmuş, siniflərdə divar
qəzetlərinin xüsusi nömrələri buraxılmışdır.
İlk dərslər azərbaycanlıların
mart soyqırımı mövzusuna həsr olunmuşdu. *** Paytaxtdakı 32 nömrəli orta
məktəbdə 31 Mart -Azərbaycanlıların soyqırımı
gününə həsr olunmuş tədbir keçirildi. Mərasimi
giriş sözü ilə açan məktəbin direktoru Sevda
Abdullayeva bildirdi ki, martın 31-də bütün
siniflərdə birinci dərslər soyqırımına
həsr olunub. Tədbir iştirakçılarına soyqırımı
haqqında geniş məlumat verən direktor 1918-ci ilin
fevral-mart aylarında ermənilər tərəfindən
azərbaycanlılara qarşı xüsusi qəddarlıqla
həyata keçirilmiş soyqırımının ağır
nəticələrindən bəhs etdi. XI sinif şagirdləri Aytəkin
Həsənova, Lalə Poladova XX əsrdə xalqımızın
başına gətirilən fəlakətlərdən danışaraq
tarixi hadisələrin səbəblərini açıqlamağa
çalışdılar. Soyqırımı Bakının 46 nömrəli
məktəbində də qeyd edildi. Şagirdlərin çəkdiyi
soyqırıma həsr olunmuş fotosərgi nümayiş
olundu. 31 mart soyqırımı şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hicran ƏKBƏROVA, Sifai SƏFƏROVA, Rəşad ZİYADOV |