|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Beynəlxalq
qiymətləndirmənin təhsilə təsiri
Təhsil prosesində səmərəliliyi
təmin etmək məqsədi daşıyan
qiymətləndirmə müxtəlif tərkib
hissələrinə malikdir, fərqli istiqamət və
məzmunlarda aparıla bilər. Beynəlxalq
qiymətləndirmə də həmin
istiqamətlərdən biridir və onun tədrisin,
təlimin keyfiyyətinin yaxşılaşdırılmasına
xidmət etməsi inkaredilməzdir. Qeyd etmək lazımdır ki,
beynəlxalq qiymətləndirmə çox zaman "müxtəlif
ölkələrin 15 yaşlı şagirdlərinin
nailiyyətlərinin qiymətləndirilməsi" kimi
təqdim edilir. Əslində
PİSA-nın, yəni "Təhsilalanların
Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ın
məzmunundan irəli gələn belə izah,
təqdimetmə beynəlxalq
qiymətləndirmənin istiqamətlərini və
əhatə dairəsini bir qədər məhdudlaşdırır.
Məlumdur ki, Azərbaycanın üzv dövlət kimi qoşulduğu
PİSA adından da göründüyü kimi, beynəlxalq proqramdır
və şagird nailiyyətlərini məhz yaşa görə
qiymətləndirir. Belə ki, müxtəlif ölkələrin
təhsil səviyyələri haqqında rəy,
təəssürat 15 yaşlı şagirdlərin
qiymətləndirilməsi əsasında yaranır. Ancaq
beynəlxalq təcrübədə şagird
nailiyyətlərini təkcə yaşa görə deyil,
həm də oxuduqları siniflərə, kurrikuluma görə
qiymətləndirən proqramların mövcud olması faktı
göstərir ki, beynəlxalq qiymətləndirmə heç
də 15 yaşlı şagirdlərin nailiyyətlərini
qiymətləndirməklə kifayətlənmir. Bu,
sadəcə olaraq indiyə qədər Azərbaycanda mövcud
beynəlxalq proqramlardan yalnız PİSA-nın tətbiq
edilməsi sayəsində yaranan təəssüratdır.
Halbuki təhsil prosesində nailiyyətlərin
kurrikulumlarda müəyyən olunmuş keyfiyyət
səviyyəsinə uyğunluğunu obyektiv
vasitələrlə ölçən digər beynəlxalq
proqramlar da mövcuddur. Belə
proqramlardan biri də haqqında az sonra danışacağımız
TİMSS beynəlxalq qiymətləndirmə proqramıdır. Azərbaycanın 2004-cü ildə qoşulduğu
PİSA proqramı hər üç ildə bir dəfə olmaqla
15 yaşlı şagirdlərin əsas fənlər
(oxu, riyaziyyat, təbiət elmləri) üzrə
nailiyyətlərini qiymətləndirir. Dünya iqtisadiyyatının
demək olar ki, 90%-dək hissəsinin üzv, yaxud tədqiqatçı
dövlət kimi iştirak etdiyi PİSA - 2006
proqramının nəticələri İtaliyanın
muxtar vilayətlərindən olan Trentonun və Fransanın
göstəriciləri əsasında
3-4 aprel 2009-cu il tarixində adını birinci qeyd etdiyimiz
ölkədə müxtəlif prizmalardan geniş təhlilə
cəlb edildi. Qeyd etmək lazımdır ki,
qiymətləndirmənin təhsilə, onun inkişafına
müsbət təsir edən vasitələrdən olması
inkaredilməzdir. Ancaq bir cəhəti də yaddan çıxarmaq
olmaz ki, təhsildə yalnız qiymətləndirməni
keçirməklə kifayətlənmək olmaz. Təhsilin
keyfiyyətini yaxşılaşdırmaq
məqsədilə hansı istiqamətdə keçirilməsindən
asılı olmayaraq, qiymətləndirmənin
nəticələri öyrənilərək geniş
təhlil edilməli, inkişafın dinamikliyinə mane
olan, onu ləngidən çatışmazlıqlar aradan qaldırılmalıdır.
Adıçəkilən təbdirdə
beynəlxalq qiymətləndirmənin müxtəlif
istiqamətlərdə aparılan
təhlillərindən belə bir yekdil fikir yarandı
ki, ailə və mühit şagirdin təhsilinə,
nailiyyətlərinə təsir edən əsas
faktorlardandır və təhsilin keyfiyyəti iqtisadi
vəziyyətdən də asılıdır. Qiymətləndirmənin
nəticələrinə təsir edən amillərdən
ikincisi kimi testlərin tərtibi və dili
götürülə bilər. Məlumdur ki, beynəlxalq
qiymətləndirmə üçün tərtib olunan testlərin
məzmunu öz spesifikliyi ilə seçilir və
bu özünəməxsusluq, yəni
nəzəriyyədə verilən
biliklərin təcrübədə nə
dərəcədə istifadə edilib-edilməməsini
öyrənməyə yönələn suallara yer verilməsi
tərcümə prosesində mütləq şəkildə
nəzərə alınmalıdır. Belə ki, tərcümənin
uğursuz olması testin məzmununa, onun aydınlığına
və anlaşıqlığına xələl
gətirir. Testin dilinin aydın olmaması isə şagirdin
göstəricilərinin aşağı düşməsinə
səbəb olur. Eyni
zamanda testlərin tərcüməsi və tərtibi zamanı
milli mədəniyyət və dəyərləri də
nəzərə almaq vacibdir. Qeyd edək ki, PİSA-2006
beynəlxalq proqramının tərtib etdiyi testlər
azərbaycanlı ekspertlər tərəfindən araşdırılmış
və belə testlər hələ sınaq
mərhələsində test bankından çıxarılmışdı.
Lakin testlərin məzmunu, tərcüməsi üzərində
müxtəlif fənlər üzrə xüsusi ekspert qruplarının
işləməsinə baxmayaraq,
Azərbaycanın beynəlxalq
qiymətləndirmədəki nəticələri o
qədər də qənaətbəxş deyil və
fikrimizcə, müəllim hazırlığında,
kurrikulum tərtibində və eyni zamanda
məktəbdaxili qiymətləndirmə üçün hazırlanan
testlərin məzmununda bu fakt zəruri amil kimi
nəzərə alınmalıdır. çünki hər üç
istiqamətdə aparılan qiymətləndirmənin
(məktəbdaxili, milli, beynəlxalq) biri digərinə
təsir etmək imkanına malikdir. Əgər
məktəbdaxili qiymətləndirmədə
nəzəri biliklərin tətbiqinə yönələn
testlərə geniş yer verilərsə, beynəlxalq
qiymətləndirmə proqramının sualları şagirdlər
üçün o qədər də çətin olmaz. Burada bir
cəhəti də nəzərə almaq lazımdır
ki, eyni bir təhsilalan üçün beynəlxalq
qiymətləndirmə məktəbdaxili
qiymətləndirmənin summativ forması olan buraxılış
imtahanlarından daha əvvəl keçirilir. PİSA-2006-da nəticələrin
(riyaziyyatdan nəzəri biliklər üzrə 4-cü yer
tutulub) yüksək olmamasının bir səbəbi də
beynəlxalq qiymətləndirmədə Azərbaycanın
ilk dəfə, həm də təkcə bu proqram çərçivəsində
iştirak etməsidir. Bu amili nəzərə alaraq,
Azərbaycan PİSA ilə yanaşı, digər
beynəlxalq proqramlarda da iştirak etməlidir. 7 aprel
2008-ci il tarixdə Təhsil Nazirliyində Təhsildə
Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın
prezidenti, professor Simus Hiqarti ilə keçirilən görüşdə
TİMSS beynəlxalq
qiymətləndirmə proqramı, onun altı əsas
istiqaməti barədə geniş məlumat verildi və
Azərbaycanın da bu proqrama üzv dövlət kimi qoşulmasının
onun təhsil sisteminə müsbət təsir edəcəyi
qeyd edildi. TİMSS beynəlxalq proqramını PİSA
-dan fərqləndirən əsas cəhət onun yaşa
görə deyil, siniflərə və kurrikulumlara görə
qiymətləndirilməsidir. Eyni zamanda bu
qiymətləndirmə 4 və 5 ildən bir aparılır
və testlərin yerlərdə xüsusi araşdırma
mərkəzləri tərəfindən təhlili üçün
geniş imkanlar yaradılır. Bizi maraqlandıran daha bir
məsələnin də öz həllini bu proqramda tapması
TİMSS-ə qoşulmanı zəruriləşdirir.
Belə ki, orta məktəb şagirdi kimi
qiymətləndirilən təhsilalanın sonrakı
nailiyyətləri gələcəkdə ali məktəb
tələbəsi kimi də
qiymətləndirilir ki, bu da ölkənin müxtəlif
təhsil pillələrində tədrisin keyfiyyəti
barədə dolğun məlumat yaradır. TİMSS proqramının
daha bir üstünlüyü oxu üzrə hazırlanan testlərin özünəməxsusluğudur.
Əslində qavrama kimi təqdim olunan oxu
testlərində hazırda aktual olan problemə, nitq
mədəniyyəti ilə bağlı testlərə,
suallara da yer verilir. TİMSS beynəlxalq
proqramının istiqamətlərindən biri də müəllim
hazırlığının qiymətləndirilməsidir
ki, bu da təhsilin vacib məsələlərindəndir. Artıq qeyd edildiyi kimi, beynəlxalq
qiymətləndirmə istənilən təhsil
pilləsində summativ qiymətləndirmədən
əvvəl keçirildiyinə və bunlardan birincisinin
ikinciyə bilavasitə təsir etməsinə görə
Azərbaycanın bir deyil, bir neçə beynəlxalq proqrama
qoşulması məqsədəmüvafiqdir.
Təranə HACIYEVA, Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin
müdir müavini
|