· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bir məktubun izi ilə

Laçın məktəbinin yeni binaya ehtiyacı var

Bu yaxınlarda redaksiyamızın poçtuna  Laçın rayonu 11 nömrəli məktəbin bir qrup şagird və müəlliminin müraciəti daxil olmuşdu. Müraciətdə göstərilirdi ki, Laçın rayonu ermənilər tərəfindən işğal ediləndə Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən "Masazır quşçuluq" ASC-nin laboratoriya binasında çox çətinliklə məskunlaşdıq. 1995-ci ildə 70 şagird kontingenti ilə 7 sinif otağında əsas məktəbi təşkil etdik və ərazidə yaşayan məcburi köçkün balalarını təhsilə cəlb etdik.

 Sonralar şagirdlərin sayı 470-ə çatdı və vəziyyəti nəzərə alan Laçın Rayon İcra Hakimiyyəti, Laçın Rayon Təhsil Şöbəsi 2002-2003-cü tədris ilində tədris ocağını orta məktəbə çevirdilər. Məktəb rəhbərliyi bir neçə xarici təşkilatlarla əlaqə saxladı. "Masazır quşçuluq" ASC-nin müdiriyyəti darısqal sinif otaqlarında əziyyət çəkən müəllim və şagirdlərin vəziyyətini nəzərə alıb xeyriyyəçilik məqsədilə təmənnasız yeni sinif otaqlarının tikilməsi və şagirdlərin həyətdə  idmanla məşğul olması üçün 20 sot torpaq sahəsi ayırdı. "Həyat" şirkəti əraziyə baxış keçirdi və 4 sinif otağı tikdirib müəllim və şagird kollektivinə hədiyyə etdi.

İndi o vaxtdan xeyli ötüb. Lakin biz köhnə dədə-baba qaydasında dərs keçirik. Təzə məktəb tikintisinə torpaq sahəmiz var. Məktəbin müəllim və şagirdləri xahiş edir ki, xeyirxah, imkanlı insanlar, tikinti təşkilatları və şirkətlər yeni məktəb tikintisinə kömək etsinlər.

Məktubda yazılanları araşdırmaq üçün təlim-tərbiyə ocağında olduq. Tədris işləri üzrə direktor müavini Elşad Rzayevlə görüşüb, məktubla onu tanış etdik. Kollektivin üzvlərindən N.Quliyeva, C.Əliyev, S.Əliyeva və başqaları da məktəbdə normal iş şəraitinin olmamasından şikayətləndilər və yeni binaya ehtiyac olduğunu bildirdilər.

Hazırda bu tədris ocağında 320 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Məktəbdə 20 sinif fəaliyyət göstərir. Lakin cəmi 13 sinif otağı var. Dərslər iki növbədə keçirilir. Burada sinif otaqlarının darısqallığı və azlığı, laboratoriyaların, kitabxananın, fənn kabinetlərinin, əyani vəsaitlərin yoxluğu, kompüter otağının olmaması böyük çətinliklər törədir. ötən ilin dekabrında Laçın Rayon Təhsil Şöbəsi məktəbə 7 ədəd kompüter verib. Lakin onu quraşdırmaq və şagirdlərin istifadəsinə vermək üçün lazımi şərait yoxdur. İndiyədək şagird və müəllimlərin heç biri kompüterdən istifadə etmir. Burada kitabxananın sadəcə adı var. Keçirilən tədbirlər də havanın isti və soyuq olmasından asılı olmayaraq açıq havada keçirilir. ölkə Prezidentinin müvafiq fərmanına əsasən yeni nəşr olunmuş latın qrafikalı bədii əsərlər, kitablar məktəbə gətirilib. Lakin onlardan kitabxana şəraitində istifadə etmək mümkün deyil. Laboratoriyaların olmaması ucbatından kimya, fizika, coğrafiya və digər fənlərdən aparılan təcrübələrə şagirdlər həsrətdirlər. Bütün bunlar da pedaqoji kollektivin üzvləri və valideynlər arasında narazılıqlar yaradır. Valideynlər övladlarını digər məktəblərə apardığından məktəbdə şagird kontingenti gündən-günə azalır. İndi burada 470 şagirddən cəmi 320 şagird qalmışdır.

Lakin bütün bu çətinlik və problemlərə baxmayaraq, pedaqoji kollektiv çalışır ki, onların yetişdirdikləri şagirdlər də hər cür maddi-texniki imkanları olan nümunəvi təhsil ocağında oxusun, müəllimlər də yaxşı şəraitdə işləsinlər. Bunun üçün isə məktəbin yanında yeni tikintiyə ehtiyac var. ümid edirik ki, pedaqoji kollektivin müraciətinə münasibət göstəriləcək, problemlər tezliklə həllini tapacaqdır.

Malik NOVRUZOV,

foto Fazil İDRİSOĞLUNUNDUR