· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İcbari ümumi təhsil: problemlər, vəzifələr

(Əvvəli qəzetimizin 13-cü sayında)

 

 İkinci Dünya müharibəsinin başlanması ölkənin təhsil sisteminə də təsirsiz ötüşmədi. Müharibə illərində məktəb şəbəkəsində azalma baxımından kəskin fərq yarandı. Müharibə ümumi icbari yeddiillik təhsilə keçid prosesini ləngitdi, ümumi təhsilin səviyyəsi aşağı düşdü. 1949-cu ildən yeddiillik təhsilə keçid sürətləndirildi və həmin proses 50-ci illərin sonunda başa çatdırıldı.

SSRİ dövləti 1958-ci il dekabrın 24-də "Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi haqqında" Qanun qəbul etdi. Bu qanuna əsasən yeddiillik məktəblər səkkizilliyə çevrildi.

1959-cu il sentyabrın 1-dən  başlayaraq ümumi icbari yeddiillik təhsil əvəzinə, hər yerdə 7 yaşından 16 yaşınadək bütün uşaqlar və yeniyetmələr üçün icbari səkkizillik təhsilin həyata keçirilməsi nəzərdə tutuldu. 8-illik məktəb heç də mövcud 7-illik məktəbə bir sinif əlavə olunması demək deyildi. Bu mərhələdə şagirdlərə daha çox bilik verilməsi, onların ümumi və əmək-politexnik təlimi alacaqları, həyata daha yaxşı hazırlanacaqları nəzərdə tutulurdu.

Qanunun müəyyən etdiyi kimi, orta təhsilin müxtəlif formada başa çatdırılması hər bir gəncin həyata daha yaxşı hazırlanmasına, tam orta təhsil almasına və istədiyi sənətə yiyələnməsinə imkan verdi. Tam orta təhsil almağın əsas yolu gündüz ümumtəhsil məktəblərində, istehsalat təlimi keçilən əmək-politexnik məktəblərində orta təhsilini tamamlamaqdan ibarət idi.

İkinci yol istehsalatda çalışmaq, işləməklə yanaşı, axşam fəhlə və kəndli-gənclər ümumtəhsil məktəblərində orta təhsil almaq idi.

üçüncü yol səkkizillik məktəbi qurtardıqdan sonra texnikumda oxuyaraq həm orta təhsil, həm də orta ixtisaslı mütəxəssis adı almaqdan ibarət idi.

Dördüncü yol səkkizillik məktəbi başa çatdıran gənclərin texniki peşə təhsili müəssisələrində həm orta təhsil almaq, həm də müvafiq sənətə yiyələnmək idi.

İcbari 8-illik təhsili başa vuran gənclər qeyd edilən yollardan hər hansı biri ilə təhsilini davam etdirməyə imkanı olmadıqda, onlara eksternat yolu ilə imtahan verməyə şərait yaradılırdı.

Sov. İKP MK və SSRİ Nazirlər Soveti  "Orta ümumtəhsil məktəbinin işini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 10 noyabr 1966-cı ildə qərar qəbul etdi. Bu sənəddə 1970-ci ilə kimi icbari ümumi orta təhsilə keçilməsi, ölkədə məktəb şəbəkəsinin təkmilləşdirilməsi yolları müəyyənləşdirilmişdi.

Azərbaycanda ümumi icbari orta təhsilə keçid 60-cı illərin ortalarından başlansa da, həmin ideya 70-ci illərdə tam gerçəkləşdi. 70-ci illər Azərbaycanın təhsil tarixinə sonrakı onilliklərdə reallaşacaq bir çox islahatların planlaşdırıldığı dövr kimi daxil oldu.

Sov. İKP MK və SSRİ Nazirlər Soveti "Gənclərin hamılıqla ümumi orta təhsilə keçidinin başa çatdırılması və ümumtəhsil məktəbinin daha da inkişaf etdirilməsi haqqında" 20 iyun 1972-ci ildə qərar qəbul etdi. Aparılan genişmiqyaslı işlər nəticəsində 1979-cu ildə orta təhsil məktəbləri şəbəkəsi 1965-ci illə müqayisədə 2,6 dəfədən çox artaraq 765-dən 1964-ə çatdı. 1145 ibtidai və natamam orta məktəb orta ümumtəhsil məktəbinə çevrildi. Bu dəyişiklik və artım orta məktəb şəbəkəsinin genişlənməsinə gətirib çıxarsa da, təhsilin keyfiyyətinə mənfi istiqamətdə təsir edən cəhətlərdən də xali deyildi. çünki həmin dövrün mövcud maddi-texniki bazası bu artımın tələblərinə tam cavab verə bilmirdi, belə ki, istənilən halda tədrisin keyfiyyəti hər bir məktəbin müvafiq müəllim heyətinə, laboratoriyalara, kitabxanaya malik olmasını tələb edirdi.

Azərbaycan müəllimlərinin VI qurultayından (1978) VII qurultayına (1987) qədər keçən dövr ərzində hamılıqla ümumi orta təhsilə keçilməsi işi başa çatdırılmışdır. Göstərilən müddət ərzində bir milyondan artıq gənc orta təhsil almışdır. Bu, respublika əhalisinin altıda birini təşkil edirdi.

Şagirdlərin ümumi orta təhsili vaxtında başavurma göstəriciləri 73,3 faizdən 89,6 faizə çatdırılmışdır.

Keçən əsrin 60-cı illərindən başlayaraq bəşəriyyətin inkişaf tendensiyasına diqqət yetirən dünya dövlətləri təhsilə, xüsusilə ümumi təhsilə xüsusi maraq göstərməyə başladılar.

Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənən bir çox dövlətlər, xüsusilə inkişaf etməkdə olan dövlətlər XX əsrin ikinci yarısında bir-birinin ardınca hamılıqla ümumi təhsil-icbari təhsil haqqında qanunların qəbul edilməsini reallaşdırdılar. Bu hərəkat BMT tərəfindən 1990-cı ildə Tailandın Comtyen şəhərində qəbul etdiyi "Təhsil hamı üçün" ümumdünya Bəyannaməsindən sonra daha da sürətləndi.

"Təhsil hamı üçün" Proqramı üzrə ümumdünya Dakar Forumunun (2000-ci il) müəyyənləşdirdiyi məqsədlərin dünya dövlətləri tərəfindən həyata keçirilməsi vəziyyətini öyrənmək məqsədi ilə YUNESKO-nun müstəqil beynəlxalq ekspertlərdən ibarət komissiyasının 2002-ci ildə keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir ki, artıq planetimizin 171 dövləti tərəfindən hamılıqla təhsil-icbari təhsil haqqında qanun qəbul edilmişdir. Həmin komissiyanın 2007-ci ildə keçirdiyi monitorinq nəticəsində müəyyən olundu ki, bu gün dünyada mövcud olan 203 ölkə və ərazidən 95 faizində hamılıqla təhsil haqqında qanun fəaliyyət göstərir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə icbari ümumi təhsilin müddəti qanunla 10 il müəyyənləşdirilmişdir. Yüksək inkişaf səviyyəsində olan bir sıra ölkələr icbari təhsilin müddətini 12 və ya 13 ilə qədər qaldırmaq barədə qanun qəbul edilməsinə dair layihələr hazırlayırlar.

Bununla belə, monitorinq vasitəsilə müəyyən edilmişdir ki, hazırda dünyada 100 milyondan artıq ibtidai məktəbyaşlı uşaq təhsildən kənarda qalmış, 860 milyondan artıq adam savadsızdır.

Bu fakt onu göstərir ki, YUNESKO-nun Baş direktoru K.Matsuuranın dediyi kimi, "...bir çox ölkələr Comtyendə qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmədilər. Doğrudan da, etiraf etmək lazımdır ki, biz hələ yüz milyonlarla uşaq, qadın və kişi üçün əlçatmaz arzu olaraq qalan hamı üçün baza təhsilindən uzağıq".

İnsan Hüquqları haqqında ümumi Bəyannamə (1948-ci il) tərəfindən elan edilmiş təhsil hüququ, Uşaq Hüquqları haqqında Konvensiya (1989-cu il), "Təhsil hamı üçün" ümumdünya Bəyannaməsi (1990-cı il) və "Təhsil hamı üçün" Dakar fəaliyyət Proqramı (2000-ci il) bəşəriyyətin davamlı inkişafı üçün təhsilin vacibliyini qeyd etmişlər. Hazırda dünya dövlətləri "Təhsil hamı üçün" Dakar Forumunun qəbul etdiyi məqsədlərin və vəzifələrin həyata keçirilməsinin optimal yollarını axtarır, üzərilərinə götürdükləri öhdəliklərin icrası  üçün maddi, mənəvi və maliyyə ehtiyatlarını səfərbər edirlər.

Azərbaycan hökuməti də Dakar Forumunda təmsil edilmiş, qəbul edilmiş 6 məqsədin və 11 vəzifənin 2015-ci ilədək yerinə yetirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür.

"Hamılıqla ümumi təhsil" - "İcbari ümumi təhsil" - "Təhsil hamı üçün" dünya təhsil sisteminin yüksələn xətt üzrə inkişaf mərhələləridir. Bu mərhələləri hansı dövlət vaxtında və uğurla başa vurursa, o dövlət həyatın bütün sahələrində nailiyyətlər əldə edir, ölkənin, cəmiyyətin, hər bir insanın davamlı inkişafını təmin edir.

Təsadüfi deyildir ki, BMT-nin III minillik üçün qəbul etdiyi 8 İnkişaf Məqsədləri içərisində ümumi təhsillə bağlı məqsəd 2-ci yerdə durur.

Bu, Dünya Birliyinin bəşəriyyətin gələcəyi naminə ümumi təhsilə verdiyi önəmin, diqqətin təzahürüdür.

ölkəmizdə icbari ümumi orta təhsilin həyata keçirilməsinin davamlılığını təmin etmək üçün, ilk növbədə, məktəbyaşlı uşaqların uçotunun hər il dəqiq aparılması, məktəb şəbəkəsinin düzgün qurulması zəruridir.

Məktəbyaşlı - 6-17 yaşlı uşaq və yeniyetmələrin qeydə alınması şəhər, rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Şəhər, rayon icra hakimiyyəti orqanları 6-17 yaşlı uşaqların icbari təhsilə cəlb olunmasına nəzarət etmək məqsədilə şəhər, rayon, qəsəbə və kəndlərin ərazilərini ümumtəhsil məktəbləri arasında bölür.

Hər bir ərazi üzrə yaşayış məntəqələri, küçə, məhəllə dəqiq göstərilməklə, yeni məktəblərin açılması və yeni yaşayış məntəqələrinin yaranması ilə əlaqədar ərazi bölgülərində müvafiq dəyişiklik edilir.

Hər bir ərazi üzrə məktəbyaşlı uşaqların qeydə alınması şəhər və qəsəbələrdə mənzil-istismar sahələri, kənd yerlərində isə rayon icra hakimiyyətinin kənd nümayəndəlikləri tərəfindən müvafiq təlimata əsasən xüsusi formalarla aparılır, cari ilin avqustun 15-nə kimi məktəb direktorlarına çatdırılır. Bu prosesdə sağlamlıq imkanları məhdud uşaqların dəqiq uçotunun aparılması və onların vaxtında müvafiq təlim-tərbiyə müəssisələrinə  cəlb edilməsinə xüsusi diqqət yetirmək lazımdır.

6-17 yaşlı uşaqların siyahısı vaxtında məktəblərə çatdırılmadıqda, məktəb direktoru bu barədə müvafiq rayon, şəhər icra hakimiyyəti orqanları-na məlumat verir.

Məktəbdə icbari ümumi orta təhsilin həyata keçirilməsinə məktəb direktoru nəzarət edir, şəxsən və ya sinif rəhbərləri vasitəsilə şagirdin dərsə davam etməməsinin səbəblərini öyrənir və müvafiq tədbirlər görür.

Yetkinlik yaşına çatmayan uşaqların valideyni  (və ya onu əvəz edən şəxs) qəsdən övladını təhsildən uzaqlaşdırarsa, bu barədə şəhər, rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanlar üzrə komissiyasına məlumat verilir. Həmin komissiya qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirir.

Şəhər, rayon icra hakimiyyəti orqanları şagirdləri üzürsüz səbəblərə görə dərsə davam etməməsinin səbəblərini öyrənməli, hər bir şagirdin məktəbə davam etməsi üçün zəruri tədbirlər görməlidir.

Bakı şəhərində təhsilin idarə edilməsi 2006-cı ildən birbaşa Təhsil Nazirliyinin tabeliyinə keçdiyindən məktəbyaşlı uşaq və yeniyetmələrin uçotunun aparılması və onların təhsilə cəlbi ilə bağlı bütün məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilməlidir.

Bu sahədə narahatlıq doğuran əsas məsələ məktəbyaşlı uşaqların uçotunun düzgün aparılmaması və bu iş üzərində ciddi nəzarətin olmaması nəticəsində bəzi valideynlərin uşağın təlimə başlama yaşı xeyli ötdükdən sonra məktəblərə müraciət etməsi, hər il IX sinifləri bitirənlərin bir qisminin təhsildən kənarda qalmasıdır.

R(Ş)T şöbələri digər müvafiq yerli qurumları cəlb etməklə bu problemin müsbət həllinə nail olmalıdırlar.

İcbari ümumi təhsilin həyata keçirilməsində ən vacib məsələ ümumtəhsil məktəbləri şəbəkəsinin düzgün qurulması - ibtidai, əsas (natamam orta) və orta məktəblərin ərazi baxımından optimal (rasional)  yerləşdirilməsidir. Məktəb şəbəkəsi qurularkən rayonun, şəhərin coğrafi, demoqrafik, təsərrüfat şəraiti və gələcək inkişaf perspektivləri nəzərə alınmalıdır. Məktəb şəbəkəsi elə qurulmalıdır ki, ibtidai məktəbləri bitirən şagirdlər əsas məktəbdə, əsas məktəbləri bitirənlər isə orta məktəblərdə təhsillərini davam etdirə bilsinlər. Məktəb şəbəkəsinin hamını, xüsusilə əhalini, təhsil işçilərini və təhsili idarəetmə orqanlarını qaneedəcək şəkildə qurmaq çox mürəkkəb məsələdir. Kənd rayonlarında, əsasən dağlıq rayonlarda bu məsələnin həlli, coğrafi şəraitdən-relyefdən və iqlimdən asılı olaraq yaşayış məntəqələrinin biri-birindən xeyli aralı, yolların narahat olması, nəqliyyatla təminatın olmaması səbəbindən daha da mürəkkəbləşir.

(Ardı gələn sayımızda)

Arif MURADOV, 

Təhsil Nazirliyinin şöbə müdiri, 

respublikanın əməkdar müəllimi