· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Unudulmazlar

Milli təhsilimizə böyük töhfələr vermiş insan

Hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payını yaşayır, keçdiyi həyat yolunda özünəməxsus iz qoyur bu dünyada. ömrünü başa vurub dünyasını dəyişdikdən sonra xalqı, vətəni üçün qoyduğu xeyirxah əməlləriylə xatırlanır, yad edilir. Belə insanlardan biri Azərbaycan təhsilinin inkişafı istiqamətində böyük işlər görmüş, dövrünün müxtəlif çətinliklərinə baxmayaraq, fövqəladə bacarığına, yüksək intellektual səviyyəsinə görə 16 il ali və orta ixtisas təhsili naziri işləmiş Qurban Həsən oğlu Əliyevdir.

Bu yaxınlarda haqq dünyasına qovuşan Qurban Əliyevin bizə məlum olmayan xarakterik xüsusiyyətlərini öyrənmək və oxuculara çatdırmaq üçün vaxtilə onunla çiyin-çiyinə işləmiş bir neçə elm adamı ilə görüşməyi qərara aldıq.

 

 

İsmayıl İBRAHİMOV,

Sosialist Əməyi Qəhrəmanı, akademik,

Azərbaycan Uşaq Fondunun sədri

 

"O, təhsilimizin əsas dayaq sütunlarından biri idi"

 - O zaman SSRİ məkanında fasiləsiz olaraq 16 il nazir vəzifəsində işləyən ikinci bir adam olmayıb. Bunun üçün insanda güclü intellektual səviyyə, xüsusi bacarıq, yorulmaz işgüzarlıq qabiliyyəti olmalı idi. özü də ali və orta ixtisas təhsili naziri işləmək insandan fövqəladə istedad tələb edir. Məhz adıçəkilən amilləri özündə cəmləşdirən Qurban Əliyev 16 il fasiləsiz olaraq Azərbaycanda Ali və Orta İxtisas Təhsili Nazirliyinə rəhbərlik etmiş və bu işin öhdəsindən layiqincə gələrək milli təhsilimizə böyük töhfələr vermişdir.

O, dünya siyasətinin nəhəngi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin həssaslıqla seçdiyi kadrlardan biri idi. Heydər Əliyev DTK-nın sədri işləyəndə 26-lar rayon partiya komitəsinin üzvü və büro üzvü olduğu üçün o zaman həmin rayonun Partiya Komitəsinin I katibi işləyən Qurban Əliyevlə tez-tez görüşür, fikir mübadiləsi aparır və onun bacarığına, iş qabiliyyətinə bələd olur. Beləliklə, 1969-cu ilin avqustunda Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi seçilən Heydər Əliyev 1971-ci ildə Qurban Əliyevi ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyin edir.

Qurban Əliyevin nazir kimi fəaliyyət göstərdiyi dövrdə bir sıra yeni təhsil müəssisələri yaradılır, tədris korpusları və texnologiyaları tikilir. Azərbaycan təhsilinə informasiya texnologiyaları daxil edilir. Qəbul zamanı şəffaflığın bərpa olunması üçün Azərbaycanda ilk dəfə Neft və Kimya İnstitutunda imtahanlar xüsusi maşınlarla götürülməyə başlanmışdı. Bu SSRİ miqyasında yalnız 3 yerdə - Moskva İqtisadiyyat və Statistika İnstitutunda, Xabarovsk Politexnik İnstitutunda və bizdə həyata keçirilməyə başlanılmışdı.

O zaman Azərbaycanda ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq üçün dövlət başçımız Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ məkanında fəaliyyət göstərən digər ali məktəblərə göndərməyi qərara aldı. Bu məqsədlə mən, (o zaman Nazirlər Soveti sədrinin müavini işləyirdim) Qurban Əliyev və nazirliyin maliyyə şöbəsinin o zamankı müdiri Bəybala Xankişiyevlə birlikdə Moskvaya, SSRİ Təhsil Nazirliyinə gedib çox çətinliklə gənclərimizin başqa şəhərlərdə təhsil almaları üçün müəyyən sayda yer ala bildik. Və həmin illərdən gənclərimiz başqa şəhərlərdə təhsil almağa başladılar. Heydər Əliyevin tövsiyəsi ilə digər şəhərlərdə təhsilini başa vurub vətənə qayıdan gənclərin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün beşmərtəbəli bina tikib ehtiyacı olanlara mənzillər verildi. Bu hal ardıcıl  olaraq  hər  il  həyata  keçirilirdi.

Elə hallar olurdu ki, başqa şəhərlərə oxumağa gedən gənclərin yarısı təhsilini başa vurduqdan sonra geri qayıtmır, təhsil aldıqları şəhərlərdə qalıb işləməyə üstünlük verirdilər.

Buna görə Qurban Əliyev narahat olurdu, düzü, mən də nigarançılıq hissi keçirirdim. Axı həmin gənclərin başqa ölkələrdə təhsil almaları üçün dövlətimiz külli miqdarda pul xərcləyirdi. Bu məsələyə Heydər Əliyevin necə münasibət göstərəcəyini düşünüb-daşınırdıq. Və bir gün tərəddüdlə bu məsələni açıb ölkə başçısı Heydər Əliyevə danışdıq. Heydər Əliyev gülümsədi: "Bunun nəyi pisdir ki, gənclərimiz başqa ölkələrdə qalıb işləsələr, Azərbaycanımızı layiqincə təmsil edəcəklər. Bu hal isə bizim xeyrimizədir", - dedi. Məhz həmin gənclər bu gün Azərbaycan diasporunun yaradıcısı və üzvləridirlər.

Qurban Əliyev gözəl ailə başçısı, qayğıkeş insan, səmimi dost idi. Ailəvi gediş-gəlişimiz olduğu, onu yaxından tanıdığım üçün bunları deməyə mənə əsas verir. O, işdən çıxandan sonra da xislətinə sadiq qaldı. 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Əbdürrəhman Vəzirov M.Qorbaçovun diktəsi ilə Heydər Əliyevə qarşı yaramaz kampaniya aparır, onun vaxtilə gördüyü işlərə kölgə salmaq istəyirdi.

Bir gün Azərbaycan KP Mərkəzi Komitəsinin büro iclasında Ə.Vəzirov yenə çirkin siyasətini həyata keçirərək Heydər Əliyevin gördüyü işlərə ləkə yaxmağa çalışdı. Buna dözməyən Qurban Əliyev yerindən qalxaraq cəsarətlə Ə.Vəzirovu ciddi tənqid etdi. Dəlil və sübutlarla Heydər Əliyev siyasətinin mahiyyətini açıqladı və "Heydər Əliyev dühasının nəyə qadir olduğunu tarix göstərər", - deyib heç nədən qorxmadan haqlı olaraq məsləkdaşını müdafiə etdi.

Qurban Əliyev həmişə Heydər Əliyev siyasətinin aktiv təbliğatçılarından olub. O, Vətənini sevən, millətinin tərəqqisinə sevinən və bu yolda əlindən gələni əsirgəməyən bir Azərbaycan övladı idi.

 

 

Abuzər XƏLƏFOV,

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin kitabxanaşünaslıq

kafedrasının müdiri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor

 

"Qurban Əliyev Azərbaycan dilinin inkişafına xüsusi önəm verirdi"

 Qurban müəllim Rusiya Federasiyasının Zabaykalye vilayətinin çita şəhərində anadan olmuş, orta və ali təhsilini Bakı şəhərində, rus dilində başa vurmuşdu. Buna baxmayaraq o, Azərbaycan dilində səlis danışır, respublikada ana dilimizin inkişafına xüsusi diqqət yetirirdi.

Yaxşı yadımdadır, mən ADU-da qəbul imtahanı komissiyasının məsul katibi idim. Bir dəfə bir valideyn Qurban Əliyevə şikayət edərək bildirdi ki, övladı bir neçə orfoqrafik səhv buraxdığına görə imtahandan qeyri-kafi qiymət alıb, qalan başqa fənləri əla bilən uşağına kömək etməsini nazirdən xahiş etdi. Qurban müəllim: "Atacan, övladın başqa fənlərdən zəif bilsəydi, ona kömək edərdim, ancaq ana dilimiz olan Azərbaycan dilini mükəmməl bilmək hamımızın müqəddəs borcudur. Ana dilini sərbəst bilməyən vətəndaş xalqına heç bir xeyir verə bilməz", - demişdi.

O zaman ADU-da qəbul imtahanlarını başqa ali məktəblərdə işləyən müəllimlər götürürdülər. Həmin  müəllimlər Azərbaycan Neft və Kimya İnstitutunda yaradılmış xüsusi komissiya tərəfindən imtahan günü seçilərək ADU-ya göndərilir, bununla da şəffaflığın bərpasına şərait yaradılırdı.

Qəbul imtahanlarına nəzarət etmək üçün tez-tez universitetə gələn Qurban müəllim məsul katib olduğum üçün mənimlə mütləq görüşər, ümumi vəziyyətlə maraqlanardı. Bir dəfə o, mənə "Abuzər müəllim, səndən möhkəm şikayət var, deyirlər müəllimlərin uşaqlarına kömək edirsən. Elə buna görə də səni işdən çıxaracağam", - dedi və gülümsədi. Onda güclü yumor hissinin olduğunu bilirdim. Elə buna görə də mən də ona yumorla cavab verib: "Yoldaş Əliyev, xahiş edirəm əmrdə "Müəllimlərə kömək etdiyi üçün işdən çıxarılır" sözlərini yazasınız, qoy müəllimlər ordusu bilsin ki, onlara kömək etdiyim üçün cəzalandırılıram", - dedim. Qurban müəllim güldü: "Səninlə zarafat etmək istədim, ancaq sən məni başa düşüb qabaqladın", - dedi.

Onun xasiyyətini bilirdim, hər vəchlə müəllimlərə kömək etmək, onlara dayaq durmaq üçün əlindən gələni əsirgəmirdi. Onun qəbuluna düşən hər bir müəllim oradan fərəh hissiylə, qürur və sevinclə, böyük ümidlə çıxardı.

Qurban Əliyev həmişə "Müəllimlər gələcəyimizin tərbiyəçiləridir. Gələcəyimizin intellekti onlardan asılıdır", - deyərdi.

 

 

Bəybala XANKİŞİYEV,

Azərbaycan İqtisad Universitetində maliyyə

kafedrasının professoru, respublikanın əməkdar iqtisadçısı

 

"Hər bir ərizəyə diqqətlə baxar, insan taleyinə biganə qalmazdı"

 - Qurban müəllim nazir olanda mən Xalq Təsərrüfatı İnstitutunda baş mühasib işləyirdim. 1975-ci ildə aspiranturanı bitirdikdən sonra məni Maliyyə Nazirliyinə idarə rəisi vəzifəsinə dəvət etdilər. İşdən çıxmaq üçün ərizə yazdım. O vaxt işdən çıxmaq istəyənlərin ərizələrinə nazir özü dərkənar qoyardı.

Bir gün ərizəmlə bağlı Qurban Əliyev məni yanına çağırtdırdı. İşdən getməyimin səbəbini öyrəndi. Mənimlə 45 dəqiqə söhbət apardı. Sən demə o, mənim bilik səviyyəmi yoxlayırmış. Sonra təkidlə məni rəhbərlik etdiyi nazirliyin plan-maliyyə şöbəsinə müdir təyin etdi.

Bir dəfə Nazirlər Sovetinə təqdim etmək üçün iki səhifəlik məktub hazırlamışdım. Məktubu nəzərdən keçirən Qurban müəllim məndən icazə istəyib iki yerdə düzəliş etdi və məktubu mənə verib bir də diqqətlə nəzərdən keçirməyimi xahiş etdi. O, bütün tapşırıqlarını xahiş edərək verərdi. Bu xasiyyəti onun böyüklüyündən irəli gəlirdi. Mən məktuba yenidən diqqətlə baxdım, onun düzəlişlərinin biri ilə razılaşmadım. Səhəri gün iradımı ona bildirdim. Qurban müəllim gülüb: "İndi səndən xoşum gəldi, biz burada iş yoldaşıyıq, işin xeyrinə mübahisə etməli, bir-birimizi anlamalıyıq. Bundan inciməyə heç birimizin haqqı yoxdur", - dedi. Bax o, belə sadə insan idi.

Onunla dəfələrlə səfərlərdə olmuşam. Bir dəfə Şuşada Stepanakert musiqi məktəbinin filialında olduq. Filialın direktoru şikayət edərək bildirdi ki, Stepanakertdən həmişə onların işlərinə müdaxilə edilir, sərbəst işləmələrinə mane olurlar.

Qurban Əliyev bu məsələni SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyində müzakirəyə çıxararaq həmin məktəbin müstəqil fəaliyyət göstərməsi üçün icazə almışdır. Hazırda həmin musiqi məktəbi Bakıda fəaliyyətini davam etdirir.

O zaman Lənkəranda Pedaqoji Məktəb vardı. Lənkəranlıların xahişini nəzərə alan nazir həmin məktəbin nəzdində məktəbəqədər ixtisası şöbəsinin açılmasına nail oldu. O vaxt hər şey Moskva ilə razılaşdırılmalı idi. Bu çətinliklərə baxmayaraq, Qurban Əliyev o dövrdə bir sıra təhsil ocaqlarının, o cümlədən Gəncə Texnoloji İnstitutunun və Avtomobil Texnikumunun, Lənkəran, Naxçıvan musiqi məktəblərinin, Bakı Maşınqayırma Texnikumunun, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılmasına nail olmuşdur.

Qurban Əliyev 1987-ci ildə təqaüdə gedəndə mənə yarızarafat, yarıciddi: "Bəybala, sənin qələmindən çox şey asılıdır, qələmin "yox" desə, bir təhsil müəssisəsinin kitabı bağlanır, əgər "hə" desə, digər təhsil ocağına həyat bəxş edilir. Sən də çalış həmişə qələmin "hə" desin. çünki bu, millətin xeyrinədir", - demişdi.

Mən ondan həmişə dostluq, qardaşlıq, atalıq qayğısı görmüşəm.

 

 

Gültəkin HüSEYNOVA,

Təhsil Nazirliyinin Elm şöbəsinin baş məsləhətçisi

Bəzən onu kiçik burjua millətçisi adlandırırdılar

 Qurban Əliyevin geniş fəaliyyəti haqqında saatlarla danışsaq, yenə qurtarmaz. İnsana xas olan nə qədər müsbət keyfiyyətlər varsa, hamısı Qurban müəllimdə cəmləşmişdi.

Onun rəhbərliyi dövründə respublika ali məktəblərində elmi-tədqiqat işinin gündən-günə genişləndirilməsi elmi işçilərin sayının kəskin artmasına səbəb olmuşdur. 1970-ci ildən 1980-ci ilə qədər ali məktəblərdə çalışan elmi-pedaqoji işçilərin sayı 5042 nəfərdən 7156 nəfərə qədər artmışdı. Elmlər doktorları və elmlər namizədlərinin sayı iki dəfə çoxalmışdı.

Təhsilin keyfiyyətini qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilirdi. Bütün ali məktəblərdə tələbə elmi cəmiyyətləri fəaliyyət göstərirdi, tələbə konfransları keçirilirdi, ən yaxşı məruzəyə görə diplom, ən yaxşı tələbə elmi-tədqiqat işinə görə medal təsis edilmişdi. Təhsildə müvəffəqiyyət qazanmış tələbələr hər il xarici ölkələrdən birinə getmək üçün turist putyovkası ilə mükafatlandırılırdılar.

Qurban müəllim kadr seçiminə xüsusi diqqət yetirirdi. O, bilikli gənclərə daha çox üstünlük verirdi. 28 yaşımda mən artıq Elm idarəsinin elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri təyin edilmişdim. O vaxt nazirlikdə mən ən gənc şöbə müdiri idim. Başqa gənclər də həm nazirliyin aparatında, həm də ali məktəblərdə  məsul vəzifələrə təyin edilirdilər.

Qurban Əliyev nazir olduğu dövrdə nazirliyin aparatında və təhsil müəssisələrində azərbaycanlıların sayı xeyli artmışdı. Bu da onun uğurlu kadr siyasətinin nəticəsi idi. Ancaq bu uğur sonralar onu gözügötürməyənlər üçün bəhanəyə çevrildi.

1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin II katibi Konovalov bu siyasəti əldə bayraq tutaraq Qurban Əliyevdən hesabat istədi və onu kiçik burjua millətçisi adlandırdı. Bundan əsəbiləşən Qurban Əliyev: "Nə etmişəmsə, xalqım üçün, Vətənim üçün etmişəm və bundan da peşman deyiləm, əksinə, həzz alıram", - deyib işdən getməsi üçün ərizə yazmışdı.

Onun əziz xatirəsi qədirbilənlər tərəfindən həmişə anılacaq.

 

Qələmə aldı:

Nizami MİRZƏ