· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin XIII qurultayı

Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndələri ümummilli lider Heydər Əliyevin adına Sarayın qarşısındakı bağa toplaşaraq ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.

Saat 10.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ümumilikdə XIII, müstəqillik dövründə III qurultay öz işinə başladı. Ali məclisin açılışında Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov giriş nitqi söylədi:

-  Hörmətli həmkarlar! Əziz qonaqlar!

Yüz ildən artıq bir müddətdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, bir çox tarixi tədbirlərin şahidi olan bu möhtəşəm salonda bu gün Azərbaycan müəllimlərinin XIII qurultayı öz işinə başlayır.

Mən bu əlamətdar hadisə münasibətilə qurultay nümayəndələrini, hörmətli qonaqlarımızı, ölkəmizin pedaqoji ictimaiyyətini və bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, qurultayımızın işinə uğurlar arzulayıram.

Hörmətli həmkarlar! İndiyədək keçirilmiş qurultayların hər biri ölkəmizin təhsil salnaməsinin şanlı səhifələridir. İnanıram ki, Azərbaycan müəllimlərinin bu qurultayı da millətimizin gələcəyi olan təhsilin inkişafına yönəlmiş əhəmiyyətli qərarlar qəbul etməklə maarifçilik tariximizə davamlı islahatlar mərhələsi kimi daxil olacaqdır.

Qurultay hamımız üçün əziz olan bayramlar ərəfəsində keçirilir. Oktyabrın 5-i Beynəlxalq Müəllim Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günüdür. Fürsətdən istifadə edərək bu əlamətdar bayramlar münasibətilə hamınızı ürəkdən təbrik edir, şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətli nümayəndələr və qonaqlar!

Qurultayımızın işində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, parlamentin komissiya sədrləri və millət vəkilləri, nazirlər, yaradıcı təşkilatların, səfirliklərin, Dünya Bankının, qeyri-hökumət təşkilatlarının numayəndələri iştirak edirlər. İcazə verin, öz adımdan və sizin adınızdan qonaqlarımızı bir daha salamlayım və onlara "Qurultayımıza xoş gəlmişsiniz" deyim.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan müəllimlərinin XIII qurultayına ölkəmizin bütün bölgələrindən 878 nümayəndə seçilmişdirE Yetərsay vardır. Təklif olunur ki, qurultay öz işinə başlamaq üçün səlahiyyətli hesab edilsin. Kim bu təklifə razıdırsa, xahiş edirəm, səs verin (səsvermə gedir). Etiraz edən, bitərəf qalan varmı? Yoxdur!

İcazə verin, öz işinə başlamaq üçün səlahiyyətli hesab olunduğundan Azərbaycan müəllimlərinin XIII qurultayını açıq elan edim!

Giriş nitqindən sonra məktəblilərin ifasında Azərbaycanın Dövlət himni səsləndi.

Sonra Misir Mərdanovun təklifi ilə keçən qurultaydan ötən müddətdə dünyasını dəyişmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qurultayın işini səmərəli təşkil etmək üçün katiblik, redaksiya heyəti və mandat komissiyası seçilməsi təklif olundu. Xaçmaz rayonu Xudat şəhər 2 nömrəli məktəbin sinif müəllimi Nəzakət Kərimovanın təklifi ilə 7 nəfərdən ibarət katiblik, Bakıdakı T.İsmayılov adına 6 nömrəli "İntellekt" məktəb-liseyin direktoru Ceyran Kuliyevanın təklifi ilə 9 nəfərdən ibarət redaksiya heyəti, Tovuz rayonu çobansıxnaq kənd orta məktəbinin kimya müəllimi Talıb Mahmudovun təklifi ilə 7 nəfərdən ibarət mandat komissiyasının tərkibi elan olundu. Hər üç tərkib səsvermə yolu ilə seçildi.

Professor Misir Mərdanov elan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın iştirakçılarına təbrik məktubu ünvanlamışdır. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadə təbrik məktubunu oxudu. (Təbrik məktubunun mətni qəzetin bugünkü sayında dərc olunur).

ölkə başçısının təbrik məktubunu Azərbaycan təhsilinə, ümumilikdə təhsil işçilərinə diqqət və qayğının təzahürü kimi dəyərləndirən təhsil naziri respublika Prezidentinə təhsil ictimaiyyəti adından dərin təşəkkürünü bildirdi.

XIII qurultayın gündəliyində aşağıdakı məsələlər nəzərdə tutulmuşdu:

1.Azərbaycan Respublikası təhsil nazirinin Azərbaycan müəllimlərinin XIII qurultayına hesabat məruzəsi.

2. Mandat komissiyasının hesabatı.

3.Qurultayın yekun sənədlərinin qəbul olunması.

Gündəliyi təsdiq edən nümayəndələr məruzə, çıxışlar və arayış üçün reqlamentləri qəbul etdi.

İclasa sədrlik edən İradə Rəhimli (Bakıdakı 23 nömrəli məktəbin direktoru) mandat komissiyası, katiblik və redaksiya heyətinin öz işinə başlamasını təklif edib, ötən müddət ərzində təhsil quruculuğu sahəsində aparılan islahatyönümlü işlər, mövcud problemlərin həlli və perspektivlər barədə məruzə etmək üçün sözü Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanova verdi.

(Əməkdar elm xadimi Misir Mərdanovun hesabat məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).

Dəfələrlə alqışlarla qarşılanan məruzədən sonra mandat komissiyasının sədri Faiq Şahbazlının hesabatı dinlənildi. (Hesabat məruzəsi gələn nömrədə dərc olunacaq).

Qurultaya yenidən sədrlik edən təhsil naziri Misir Mərdanov təbrik üçün sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara verdi. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov təhsil işçilərini MEA-nın əməkdaşları adından təbrik etdi. Türkiyə dövlət və hökumət rəhbərlərindən gəlmiş təbrikləri Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmen, Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə direktoru xanım Donna Douset Koyrolanın təbrik məktubunu Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak təqdim etdilər. (Təbriklər bu nömrədə dərc olunur).

Məruzə ətrafında müzakirələr başlandı. Naxçıvan MR təhsil naziri Piri Nağıyev, Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev, TQDK-nın sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının ibtidai sinif müəllimi Aybəniz İbrahimova, ADPU-nun pedaqoji fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Bakıdakı 12 nömrəli peşə liseyinin direktoru Şərif Hacıyev, Bakıdakı 332 nömrəli uşaq bağçasının müdiri Lalə Qəmbərova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva, Sumqayıt ŞTŞ-ın müdiri Vidadi Bağırov, Bakıdakı 18 nömrəli məktəbin Valideyn-Müəllim Assosiasiyasının sədri Azər Hətəmov, Azərbaycan Uşaq Hüquqları Alyansının sədri Nabil Seyidov, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Bakı Avropa Liseyinin müəllimi Xumar Əhmədbəyli, Şəmkir rayonu Zəyəm Cırdaxan kənd 1 nömrəli orta məktəbin müəllimi Ruslan İbrahimov, Zaqatala humanitar fənlər gimnaziyasının müəllimi Bahar İsmayılova, Lənkəran şəhər 4 nömrəli məktəbin direktoru Yeganə Əsgərova, Gəncə şəhər 22 nömrəli orta məktəbin sinif müəllimi Afaq Əliyeva, Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktoru Elçin Mehdizadə çıxış etdilər. (çıxışlar qəzetin gələn nömrəsində dərc olunacaq).

Qurultaya ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi xanım Qoli Ameri, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, İSESKO-nun Baş direktoru Əbdüləziz Tüveycri, Gürcüstan Respublikasının elm və təhsil naziri Georgi Nodia, Açıq Cəmiyyət İnstitutu - Soros Fondunun prezidenti Corc Soros, ABŞ-ın Beynəlxalq təhsil üzrə Amerika Şurasının prezidenti Den Devidson, Alman Akademik Mübadilə Xidmətinin baş katibi Kristian Bode, YUNİSEF-in Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional direktoru Maria Kalivis, Britaniya Şurasının Cənub-Şərqi Avropa ölkələri üzrə direktoru Terri Touni, Beynəlxalq Addım-Addım Assosiasiyasının direktoru Liana Gent tərəfindən təbriklər göndərilmişdi.

Qurultayın sonunda Əsgər Quliyev ali məclisin qətnaməsini, Təranə Hacıyeva Azərbaycan müəllimlərinin xalqa müraciətini oxudular.