· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin XIII qurultayı iştirakçılarının Azərbaycan xalqına müraciəti

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Müstəqil Azərbaycan Respublikası bu gün millətimiz və dövlətimizin tarixi taleyi üçün çox önəmli və əlamətdar bir dövrünü yaşayır. Azərbaycan xalqı hazırda milli dövlətçiliyimiz üçün tarixi əhəmiyyətli, taleyüklü ictimai-siyasi hadisə - növbəti prezident seçkiləri ərəfəsindədir. Bu tarixi seçimin nəticələri müstəqil Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın layiq olduğu xoşbəxt, firavan həyata qovuşması, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqilliyimizin əbədililiyinin təmin olunması, ölkəmizin davamlı inkişaf strategiyasının uğurla davam etdirilməsi və çağdaş demokratik dünyaya inteqrasiyası yolunda çox böyük əhəmiyyət daşıyır.

2003-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələri Azərbaycan xalqının tarixi taleyində çox böyük rol oynamış, ötən beş ildə ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğur və qələbələr qazanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçılıq fəaliyyəti sayəsində ötən prezident seçkilərindən keçən müddət ərzində dövlət büdcəsinin 10 dəfə artması, ölkənin əsas makroiqtisadi göstəricilərinin intensiv olaraq yüksəlməsi təmin olunmuş, nəticədə müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasına çıxarılması mümkün olmuşdur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu iqtisadi siyasətin və neft strategiyasının davamı olaraq son beş ildə mühüm transmilli layihələrin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə başlanması nəticəsində Azərbaycan bütövlükdə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmiş, dövlətimizin geosiyasi mövqeyi möhkəmlənmişdir. Həmin beynəlxalq layihələrin reallaşması ölkəmizin maliyyə imkanlarının artmasına, iqtisadi qüdrətinin möhkəmlənməsinə, respublikamızda xarici və daxili investisiyaların həcminin artmasına, regionların sosial-iqtisadi tərəqqisinə, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına və çadır şəhərciklərinin ləğv olunmasına, xalqın maddi rifah halının yaxşılaşmasına və yoxsulluğun azaldılmasına, eyni zamanda sosial sferanın  təhsil, elm və mədəniyyətin davamlı inkişafına güclü təkan vermişdir. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində həmin dövrdə 700 mindən çox yeni iş yerinin açılması, ölkədə yoxsulluq səviyyəsinin 49 faizdən 16 faizə endirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 13,6 dəfə artırılması təmin edilmişdir.

Bu illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış milli təhsil quruculuğu strategiyası da uğurla davam etdirilmiş, təhsilə ayrılan büdcə vəsaitləri 2003-cü illə müqayisədə 5 dəfədən çox artmış, təhsilə investisiya qoyuluşu 5,8 milyondan 220 milyon manata yüksəlmiş, təhsil işçilərinin əməkhaqqı 6 dəfə, tələbələrin təqaüdü 10 dəfə çoxalmışdır.

Azərbaycan müəllimlərinin XIII qurultayı ölkənin bütün təhsil işçilərinin arzu və istəklərini ifadə edərək, Azərbaycan təhsilinin hərtərəfli inkişafı üçün yaradılmış əlverişli şəraitin qorunub saxlanmasının vacibliyini dərindən dərk edərək, müstəqil Azərbaycanın aydın sabahı və xalqımızın xoşbəxt gələcəyi naminə ülvi niyyətlərini bildirərək qədirbilən xalqımıza bu müraciəti qəbul etmək qərarına gəldi:

Möhtərəm soydaşlar!

Əziz xalqımız!

Müstəqil Azərbaycanda əsası ümummilli lider, böyük maarifpərvər Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu və islahatları artıq onuncu ildir ki, uğurla davam etdirilir. ölkədə tərəqqiyə, inkişafa yol açan təhsil islahatları bu müddətdə dönməz xarakter almış, hazırda təhsil tarixində ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı əsasında təhsilin bütün pillələri üzrə əsaslı islahatlar aparılmaqdadır.

Qloballaşan müasir dünyada cəmiyyətin inkişafında təhsilin rolu durmadan artır. Təsadüfi deyil ki, BMT XXI əsri "Təhsil əsri" elan etmiş, yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu ön plana çəkilmişdir. Dünya təcrübəsi göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir.

Bu mənada Azərbaycanda təhsil islahatlarının başlıca hədəfi, əsas amalı Prezident İlham Əliyevin dediyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir" konseptual göstərişini reallaşdırmaqdan ibarətdir.

Əziz soydaşlar!

Son beş ildə təhsilin inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsi, ölkədə məktəb tikintisinin geniş miqyas alması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi, yeni nəsil dərsliklərinin hazırlanması və ümumi təhsil müəssisələrinin onlarla pulsuz təminatının tam gerçəkləşdirilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiq edilməsi, pedaqoji kadr təminatının yaxşılaşdırılması, ümumi təhsil müəssisələrinin İKT ilə təminatı və təhsil sisteminin informasiyalaşdırılması, azərbaycanlı gənclərin xaricdə təhsili sahəsində kardinal addımlar atılmış, böyük nailiyyətlər qazanılmışdır.

Bütün bu uğurlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin, müstəqil, qüdrətli yeni Azərbaycan naminə gördüyü əzəmətli işlərin, uğurlu daxili və xarici siyasətinin, təhsilə, təhsil işçilərinə daim diqqət və qayğısının nəticəsidir. Müstəqil Azərbaycanın təhsil işçiləri belə bir qəti fikirdədirlər ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətin daxili və xarici siyasət kursunu dəstəkləmək, ölkədə uğurla aparılan islahatlar prosesinin davamlılığının təmin olunmasına öz töhfəsini vermək hər bir təhsil işçisinin, hər bir müəllim və ziyalının vətəndaşlıq borcu olmalıdır.

Azərbaycan müəllimi öz fikrində, öz əqidəsində qətidir. Biz bəzi müxalifət qüvvələrin qarşıdan gələn prezident seçkilərini boykot etmək cəhdlərini qətiyyətlə pisləyir və qurultay adından, bütövlükdə Azərbaycanın təhsil işçiləri və ziyalıları adından belə bir qəti inam ifadə edirik ki, 15 oktyabr prezident seçkilərində bütün xalqımız kimi təhsil işçiləri də ölkəmizin davamlı inkişaf strategiyasının reallaşması, müstəqilliyimizin əbədiliyi və xalqımızın xoşbəxt gələcəyi üçün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

Azərbaycanın təhsil işçiləri müstəqilliyimizin aydın sabahı naminə İlham Əliyevin prezidentliyə namizədliyini müdafiə etməyi, onu dəstəkləməyi özlərinin vətəndaşlıq borcu sayır və bütün xalqımızı ona səs verməyə çağırırlar.

 

 

 

 Azərbaycan müəllimlərinin XIII qurultayının

QƏTNAMƏSİ

Azərbaycan müəllimlərinin XIII qurultayı ölkəmizin təhsil salnaməsinə inkişafyönümlü ideyaların irəli sürüldüyü, davamlı islahatların və geniş perspektivlərin müəyyən olunduğu əlamətdar bir tədbir kimi daxil olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaya təbrik məktubu təhsilə və təhsil işçilərinə göstərilən böyük diqqət və qayğının ifadəsi olmaqla yanaşı, həm də təhsilimizin uğurlu gələcəyinə nikbinlik hissləri yaradır.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun qurultaya hesabat məruzəsində ötən dövrün ətraflı təhlili verilmiş, problemlər obyektiv mövqedən geniş işıqlandırılmış, yeni ideyalar irəli sürülmüş, təhsil orqanları və müəssisələrinin növbəti illər üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda irəli sürülən konseptual müddəaları fəaliyyət proqramı kimi qəbul edərək və  təhsil naziri Misir Mərdanovun hesabat məruzəsində qarşıya qoyulmuş vəzifələri, eləcə də məruzə ətrafındakı çıxışlarda qeyd olunan təklifləri nəzərə alaraq aşağıdakı istiqamətləri əhatə edən qətnamənin qəbulunu məqsədəmüvafiq hesab edir:

1. Məktəbəqədər təhsil müəssisələrində  uşaqların erkən yaş dövründən əqli, fiziki və mədəni inkişafına hərtərəfli şəraitin yaradılması, kompüter və xarici dil təlimi də daxil edilməklə məktəbəqədər təhsilin məzmununun yeniləşdirilməsi və bütün ailələrə əlçatan olması üçün beynəlxalq təcrübədə sınaqdan çıxmış qısamüddətli, habelə ailə tipli məktəbəqədər təhsil xidmətlərinin tətbiq olunması, 5 yaşlıların hamılıqla məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi.

2. ümumi təhsil sistemində infrastrukturun getdikcə daha da yaxşılaşdırılması.

3. Əsas və orta təhsil pillələri üçün yeni fənn kurrikulumlarının hazırlanması və təsdiqi. Həmin kurrikulumlarla işləyəcək müəllimlərin xüsusi təlim kurslarından keçirilməsi.

4. İbtidai təhsil pilləsində mərhələlərlə yeni kurrikulumların tətbiqi vəziyyətinin monitorinqinin aparılması, nəticədən asılı olaraq müvafiq korrektə və təkmilləşdirmə işlərinin həyata keçirilməsi.

5. ümumtəhsil məktəblərində xarici dillərin intensiv və səmərəli öyrədilməsi üçün müasir təlim strategiyalarının tətbiqi, bu sahədə aparılan eksperimentlərin genişləndirilməsi. 

6. Təhsil Sektorunun İnkişafı Layihəsi (2008-2012-ci illər) çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra mexanizmlərinin hazırlanması və həyata keçirilməsi.

7. Dərslik və dərslik komplektlərinin yaradılması istiqamətində işlərin ardıcıl davam etdirilməsi. Dərsliklərin qiymətləndirilməsi təcrübəsinin daha da təkmilləşdirilməsi, bu məqsədlə beynəlxalq təcrübədən səmərəli istifadə olunması.

8. Məktəb kitabxanalarının dərslik fondunun daim yeniləşdirilməsi,  tədris-metodik və bədii ədəbiyyat, uşaq ensiklopediyaları və digər ensiklopedik vəsaitlər, elektron tədris resursları ilə müntəzəm zənginləşdirilməsi.   

9. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla gündəlik cari qiymətləndirmə (formativ) formasından tədricən imtina edərək şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsində summativ qiymətləndirmə mexanizminin tətbiqi üzrə zəruri tədbirlərin həyata keçirilməsi.

10. Şagird nailiyyətlərinin yekun qiymətləndirilməsində mərkəzləşdirilmiş buraxılış imtahanı formasının əhatə dairəsinin genişləndirilməsi və tədricən ölkənin bütün məktəblərində tətbiq olunması.

11. ümumi təhsil sistemində baş verən dəyişiklikləri və kurrikulumların keyfiyyətini dəyərləndirmək məqsədilə müəyyən olunmuş müddətlərdə ibtidai, əsas və orta təhsil pillələrində milli qiymətləndirmənin aparılması üçün müvafiq model və mexanizmlərin hazırlanıb tətbiq edilməsi.

12. İstedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə iş sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi.

13. Bütövlükdə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin ardıcıl və vaxtında həyata keçirilməsi üçün çevik icra mexanizmlərinin yaradılması və tətbiqi.

14. Adambaşına maliyyələşmə sahəsində aparılan eksperimentlərin coğrafiyasının genişləndirilməsi, vauçer sisteminə keçidlə bağlı təkliflərin hazırlanması.

15. Məktəb şəbəkəsinin rasionallaşdırılması ilə bağlı aparılan təhlillərin nəticələrinə görə təkliflərin hazırlanması.

16. Pedaqoji kadrların seçilib yerləşdirilməsi və müəllim fəaliyyətinin lisenziyalaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilib tətbiqi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi.

17. Respublikanın ucqar yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərində pedaqoji kadr təminatının monitorinqinin aparılması və nəticələr əsasında müvafiq dövlət proqramının hazırlanıb təqdim olunması.

18. Dövlət Proqramına əsasən texniki peşə təhsili sisteminin təkmilləşdirilməsi və müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması sahəsində zəruri tədbirlərin görülməsi.

19. Regionların tələbatına görə müvafiq kadr və müəllim hazırlığı sahəsində orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin monitorinqinin aparılması və təkliflərin hazırlanması.

20. Ali təhsil sistemində normativ-hüquqi bazanın və təhsilin məzmununun yeniləşdirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, müasir maliyyələşdirmə mexanizmlərinin tətbiqi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi. 

21. Təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə layihə və proqramların reallaşdırılması üzrə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması.