· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Qurultaya təbriklər

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın çıxışı

- Hörmətli qurultay iştirakçıları.

Hörmətli qonaqlar. Bu gün, sentyabr ayının 22-də yayın son, payızın ilk günündə, gündüzlə-gecənin tarazlaşdığı bir gündə mən yazıçılar adından və şəxsən öz adımdan sizin hamınızı təbrik etmək istəyirəm.

Hər fəslin öz gözəlliyi var. Payız fəslinin də gözəlliyi və özəlliyi ondan ibarətdir ki, məhz payızda orta və ali məktəblərin qapıları şagirdlərin, tələbələrin üzünə açılır.  Bu, xüsusilə 1-ci sinfə gedən şagirdlər üçün əlamətdar bir dövrdür. çünki onlar ilk dəfə "Əlifba" kitabında hərflərlə tanış olurlar. Bu hərflər vasitəsilə sözlərin yaranmasını bilirlər. Sözlərdən cümlələr yaranır, cümlələrdən fikirlər. Fikirlərdən isə abidələr və son nəticədə tarix yaranır. Dünyanın ən böyük ədəbi və elmi əsərlərinin kökü bu "Əlifba" kitabındadır. Dünyanın bütün elmi kəşflərinin kökü rəqəmlərdə, vurma cədvəlindədir. Bu elmin, sənətin, mədəniyyətin zirvələrinə aparan yolda şagirdləri, tələbələri müəllimlər yönəldirlər, onlar bələdçilik edirlər. Ona görə də müəllim adı cəmiyyətdə ən şərəfli adlardan biridir. Müəllimlər gələcəkdə daha böyük uğurlar qazanan şagirdləri, tələbələri ilə fəxr etdikləri kimi, ən böyük zirvələrə çatmış, ən böyük mövqelərə ucalmış, keçmişdə şagird, tələbə olmuş insanlar da bu zirvələrdə, ilk növbədə, öz müəllimlərini xatırlayırlar. Bu cəhətdən mənə elə gəlir ki, bizim unudulmaz ulu öndərimiz Heydər Əliyevin öz orta məktəb müəllimi, rəhmətlik Lətif Hüseynzadəyə ehtiramlı, diqqətli münasibəti, qayğıkeşliyi ən bariz örnəkdir.

Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, üzeyir bəy, yaxud Mirzə Ələkbər, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan çıxdı. Mənim xatirimdə yalnız 2 adam qalıb ki, bunlara bəy deyirdilər: Mustafa bəy Topçubaşov, bir də üzeyir bəy Hacıbəyli.

Yeri gəlmişkən, Musiqi Akademiyasına üzeyir bəyin adının verilməsi münasibəti ilə mən hörmətli Prezidentimizə təşəkkür edirəm. Bu, cəmiyyət tərəfindən çox böyük razılıqla qarşılanmış bir addımdır.

Sovet dövründə heç kəsə bəy, əfəndi, xan, mirzə demirdilər. Lakin  xalq özü dahiyanə bir kəşf elədi. Hörmətli adamlara müəllim deməyə başladıq. Səməd müəllim dedik, Mirzə müəllim, Fikrət müəllim dedik. O, müəllim sözünün, müəllim anlayışının cəmiyyətdə nə qədər yüksək nüfuza malik olduğuna bir sübut idi. Düzdür, bəzən bu bayağılaşırdı. Bəzən elə adama müəllim deyirdilər ki, o heç şagirdliyə də layiq deyildi. Belə də olurdu. Amma müəllimlərimizin əksəriyyəti cəmiyyətdə böyük nüfuz sahibi olduğu kimi, şagirdlərin də əksəriyyəti onların layiqli yetirmələridir.

Cəmiyyətdə yazıçı ilə müəllimin eyni cəhətləri çoxdur. İkisi də insanları maarifləndirir, ikisi də insanları tərbiyələndirir, ikisi də insanların dünyagörüşünü genişləndirir. Təsadüfü deyildir ki, bir çox yazıçılar hətta görkəmli müəllim olublar. Mirzə Şəfi Vazeh böyük Mirzə Fətəli Axundovu elm yoluna yönəldən bir müəllim olmuşdur. Seyid Əzim Şirvani Sabir kimi böyük bir şairə savad öyrətmişdir. Cavid əfəndi, Şaiq əfəndi, Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Soltan Məcid Qənizadə. Bunlar hamısı həm yazıçı, həm də böyük müəllimlər olmuşlar. Belə böyük müəllimlər sırasında Mirzə Cəlil Məmmədquluzadənin də xüsusi yeri var. O, Qori Seminariyasını bitirdikdən sonra Uluxanlı, Nehrəm kəndlərində uzun zaman dərs deyib. Biz neçə il bundan qabaq Nehrəm kəndinə gedəndə onun dərs dediyi məktəbdə olduq. Həyətdə ağacdan bir zınqırov asılmışdı. Dedilər ki, bu elə Mirzə Cəlilin vaxtından burada durur. Bu zınqırovla şagirdləri siniflərə çağırırlar, o, dərsin başlanmasını bildirir. Mən o zaman yazdım ki, bu zınqırov indiyə qədər səslənir. Bu zınqırov bizi də maarifə çağırır. Cəlil Məmmədquluzadədən yadigar bu simvol, rəmz bu gün də bizimlədir. O vaxt orada bir muzey də düzəltmişdilər. Bilmirəm indi o durur, ya yox. Durmursa, çox təəssüf. çünki o, Mirzə Cəlilin fəaliyyətinin mühüm bir dövrüdür.

Mən Mirzə Cəlilin bir cəhətini deməklə çıxışımı qurtarmaq istəyirəm. Mirzə Cəlil, dediyim kimi, həm müəllim olub, həm də  müəllim, məktəb haqqında əsərlər yazıb. Onun məşhur "Danabaş kəndinin məktəbi" adında əsəri var. Burada o dəyərsiz, səmərəsiz təhsili tənqid edir. O, göstərir ki, mexaniki bir üsulla dərs deyən müəllim tələbələrə çəyirtkənin gözünün necə olmasını öyrədir. Tələbələrdən biri isə deyir ki, ay müəllim, bizim nə borcumuza ki, çəyirtkənin gözü, qaşı necədir. Bizə əsas odur ki, çəyirtkə gəlib taxılı məhv etməsin. Sən bunu bizə öyrət.

Mirzə Cəlil belə təhsilbazlığın əleyhinə idi. Bunu "ölülər" əsərində də ifadə etmişdi. "ölülər" əsərində İsgəndər deyir ki, hamı mənə dedi oxu, alim ol, amma biri demədi ki, oxu, adam ol.

Alim, yazıçı olmaq çox şərəflidir. Mühəndis, həkim, müəllim olmaq da hamısı çox şərəfli bir işdir. Amma ən şərəflisi, ilk növbədə, insan olmaqdır. Vətənpərvər, vətənini sevən, dilini, tarixini, ədəbiyyatını, mənəviyyatını sevən insan. Bu insanları siz müəllimlər yetişdirirsiniz. Bu işdə sizə, birinci növbədə, səbr, yorulmazlıq və böyük uğurlar arzulayıram.

Sağ olun.

 

 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun çıxışı

- Hörmətli xanımlar və cənablar!

Möhtərəm qurultay iştirakçıları!

Əziz müəllimlər!

Belə bir mötəbər tədbirdə, Azərbaycan müəllimlərinin 13-cü qurultayında sizi ürəkdən salamlayır, qurultayın öz işinə başlaması münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı kollektivi adından, ümumən Azərbaycan elmi ictimaiyyəti adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə şərəfli və müqəddəs işinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram!

Müasir Azərbaycanın tərəqqisi, milli inkişaf perspektivləri, sosial-iqtisadi və mənəvi-mədəni inkişafı yeni beynəlxalq şəraitə, qloballaşan informasiya cəmiyyətinə hesablanmış təməl prinsiplərin intellektual məzmunundan bilavasitə asılıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdəki islahatçı siyasət strategiyasının əsas istiqamətlərinin elm və təhsillə bağlı olması da bu səbəbdən irəli gəlir.

Dinamik inkişafın təməl prinsiplərinin hazırlanması üçün cəmiyyətin intellektual, mənəvi-əxlaqi, ideoloji potensialının səfərbər edilməsində ən böyük missiya müəllimlərin üzərinə düşür. çünki cəmiyyətin milli mütəşəkkilliyi onun ayrı-ayrı fərdlərinin şüurunda vahid ideoloji modellərin formalaşmasını tələb edir ki, yetişən gənc nəsillərin şüurunda bu modellərin normativləşdirilməsi, ilk növbədə, müəllimlərin öhdəsinə düşür. Müəllimliyin, pedaqoji işin üstün fəaliyyət növü kimi dəyərləndirilməsi yalnız təlim və tərbiyə ilə bağlı deyildir. Cəmiyyətin sosial-psixoloji səfərbərliyi, milli ideyanın formalaşması, birləşdirici ideologiyanın hazırlanması, ictimai psixologiyanın və şüurun mobilizasiyası bilavasitə müəllimlərin pedaqoji fəaliyyətinin məzmunundan və keyfiyyətindən asılıdır.

İndi istənilən millətin müasir tarixinə milli dirçəliş və intibah salnaməsini yazmağa hamıdan daha çox səlahiyyəti və haqqı olan müəllimlərdir.

Cənab Prezident öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda insan kapitalı - vətəndaşın sağlamlığı, təhsili və mədəni inkişafı dövlət səviyyəsində strateji əhəmiyyət kəsb edir. Bu isə Azərbaycan dövləti üçün intellektual potensialın optimal inkişafını təşkil etməyi nəzərdə tutur. Cəmiyyətin təşkilini, funksiyasını, fəaliyyətini demokratik relsə salacaq həmin missiyanın həyata keçirilməsi tədris proqramlarının reallaşdırılmasından keçir. Bu aspektdən müasir Azərbaycan müəlliminin üzərinə düşən məsuliyyət və vəzifələr daha böyükdür. Həm də Azərbaycan müəllimi bu missiyanı tədris prosesinin bütün mərhələlərində, pedaqoji texnologiyalar əsasında həyata keçirməlidir. Xüsusən ali təhsil pilləsində Azərbaycan müəllimi ali mənəvi-əxlaqi keyfiyyətlərə malik şəxsiyyətlə müasir informasiya cəmiyyətinin çoxparametrli tələblərinə cavab verən mütəxəssisi paralel olaraq hazırlamağı bacarmalıdır. Kadrların hazırlığı elm siyasətinin və yaradıcılıq strategiyasının əsas funksiyası olaraq qəbul edilir. Müasir dövrdə yüksək səviyyəli kadr hazırlanması dedikdə, elmi yeniliklərə həssas, nəzəri, metodoloji, mənəvi-əxlaqi keyfiyyətləri yüksək, qlobal düşüncəyə sahib, demokratik ruhlu və vətənpərvər-dövlətçi, bəşəri və milli dəyərləri qiymətləndirməyi bacaran mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Bu mənada zamanın Azərbaycan müəllimi qarşısında ali vəzifə kimi qoyduğu şəxsiyyət-mütəxəssis idealı indi tamamilə yeni məzmun kəsb edir. Azərbaycan müəllimləri bilik verməklə yanaşı, milli mənəvi dəyərləri də daim şagird və tələbələrə aşılamalıdır. Azərbaycanın üzləşdiyi problemlər, torpaqlarımızın erməni işğalçıları tərəfindən işğal olunması, qaçqın və köçkünlərimizin ağır güzəranı haqqında məlumatlar daim gənc nəslə ötürülməlidir. Bunun milli vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyəti vardır.

Müəllimlik geniş anlayışdır. Bu, yalnız pedaqoji profilli təhsil müəssisələrinin diplomuna sahib olmaq demək deyil. Müəllimin sosial mahiyyəti, ilk növbədə, tədqiqatçıların nəsil yeniləşməsinin dinamizmində fasiləsizliyə nail olmağı nəzərdə tutur. Vətəndaş-şəxsiyyət və professional mütəxəssis hazırlığında nəsil dəyişilməsinin özünütəşkiletməsini və məqsədyönlülüyünü təmin etmək bu sahənin strateji cəhətlərinin əsasını təşkil edir. Müasir Azərbaycan müəllimi dərin biliyə, praktik hazırlığa, pedaqoji ünsiyyətə, idarəetmə qabiliyyətinə, təlim texnologiyaları üzrə xeyli sayda bacarıqlara malikdir.

Bütün bunlarla yanaşı, cəmiyyətdə müəllimlərimizlə bağlı müəyyən problemlər də vardır ki, onların sürətlə həlli elm və təhsil sahəsində dövlət səviyyəsində aparılan islahatların əsasını təşkil edir. İlk növbədə, cəmiyyətdə müəllimin nüfuzunun artırılmasına nail olunmalı, müəllimlik fəaliyyətinin şərəfli olduğu ictimai rəydə daha layiqli yerini tutmalıdır. Pedaqoji əməyin bütün fəaliyyət növlərinin fövqündə durduğu cəmiyyət tərəfindən qəbul edilməlidir. Müəllimin sosial statusu açıq və demokratik cəmiyyət quruculuğunun əsas cəhətlərindən biri olmalıdır. Pedaqoji iş prioritet, prestij və perspektiv baxımından yüksək dəyərə malik olan fəaliyyət növü kimi tanınmalıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev müəllimlərin pedaqoji fəaliyyətini stimullaşdırmaq və onlara təhsilin müasir inkişaf tendensiyalarını gənc nəslə ötürmələrində azad yaradıcılıq imkanı yaratmaq məqsədi ilə xeyli sayda fərman və sərəncamlar imzalamışdır. Heç şübhəsiz, bu istiqamətdə tədbirlər bundan sonra da davam edəcəkdir. çünki dövlətimizin təhsil siyasətində müəllimin pedaqoji fəaliyyətinin səmərəsini, özünün statusunu və sosial sanbalını yüksəltmək təhsildə fasiləsizliyin təmin edilməsinin əsası kimi qəbul edilir.

Sizə məlum olduğu kimi, "müəllim" sözü ərəb dilində olan "elm" kökündəndir. Bu müqəddəs söz özünün semantik məzmununda elmlə təhsilin vəhdətini əks etdirir. Dünyanın bütün qabaqcıl ölkələrində elm və təhsil mükəmməl bir sistemin tərkib hissələridir. Ona görə də onlar arasındakı münasibətləri inteqrasiya müstəvisindən daha çox, harmoniya müstəvisində həll etmək doğru olardı. Bunun sübutu olaraq bir faktı diqqətinizə çatdırmaq istərdim ki, dünyanın aparıcı universitetlərinin və ali təhsil müəssisələrinin maddi gəlirlərinin 80 faizdən çoxu onlardakı elmi-texniki fəaliyyətdən və innovasiyalardan əldə edilir. Son illərdə elmlə təhsil arasında süni sədd çəkmək cəhdləri hiss olunur. Bu problemin də həlli bilavasitə müəllimlərimizin, xüsusən ali təhsil müəssisələrinin müəllimlərinin səyi nəticəsində aradan qaldırılmalıdır. Bunun üçün həm təhsil proqramlarında, həm də tədrisin metodologiyasında əsaslı dəyişiklik edilməlidir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti elmdə islahatların aparılması üçün Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdır. Bu sərəncamın icrasını təmin etmək məqsədilə hazırlanan milli strategiyada da elm və təhsil münasibətləri, onların harmonik inkişafı haqqında məlumat verilmişdir.

Elmin son nailiyyətləri ali məktəblərin tədris proqramlarına daxil edilməli, "Ali təhsil və fundamental tədqiqatlar proqramı" hazırlanmalı, elmi biliklərlə qabaqcıl tədris üsullarının harmoniyasına nail olunmalı, fənlərarası tədqiqat sahələri, informasiya və kommunikasiya vasitələri, yeni elmi monitorinq sistemləri ali məktəblərdə tədrisin tərkib hissəsinə çevrilməlidir. Yüksək ixtisaslı kadrların, magistrlərin, aspirant və doktorantların elmi rəhbərliyi ilə məşğul olan alimlərimiz də, bir növ, müəllimlik fəaliyyəti ilə məşğul olurlar.

Bundan əlavə, AMEA-nın ölkənin ali məktəbləri ilə kadr hazırlığı istiqamətində əməkdaşlığında novator keyfiyyətlərə malik tədqiqatçıların yetişdirilməsi önəmli faktor olaraq qəbul edilməlidir. Həmçinin, ali məktəblərdəki perspektivli tədqiqatçıların AMEA-da xüsusi proqram əsasında təkmilləşdirilməsi strategiyasının hazırlanması vacib məsələlərdəndir.

Hörmətli qurultay iştirakçıları!

Sonda bir daha müasir ictimai-mədəni həyatımızda xüsusi hadisə olan XIII müəllimlər qurultayı münasibətilə hamınızı təbrik edir, öz adımdan, Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı kollektivi adından, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti adından müəllimlərin pedaqoji sahədə əldə etdiyi nailiyyətlərə görə bu sahədən diqqət və qayğısını əsirgəməyən ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.

 

 

 *  *  *

 

 

 - Hörmətli nazir Misir Mərdanov!

Xahiş edirəm Azərbaycan müəllimlərinin 13-cü Konqresinin başlanması münasibətilə mənim ən xoş arzularımı qəbul edin. ümid edirəm ki, tədbir ölkənizin əhəmiyyətli təhsil gündəliyini irəli aparmağı davam etdirməkdə uğurlu olacaq.

Mən qətiyyətlə inanıram ki, xalqların və millətlərin arasında beynəlxalq anlayış köprülərinin qurulmasında təhsil bizim edə biləcəyimiz ən yaxşı uzunmüddətli investisiyadır. Həmin investisiyaya töhvə verərək, Birləşmiş Ştatların Dövlət Departamentinin mübadilə proqramlarının ümumi məqsədi Birləşmiş Ştatların vətəndaşları və dünyanın hər yerindən olan ölkələrin vətəndaşları arasında qarşılıqlı anlayışı və hörməti artırmaqdır. Bu məfhum altmış ildən artıq bundan əvvəl vəfat etmiş ABŞ senatoru C.Uilyams tərəfindən irəli sürülmüşdür və bu gün də eynilə doğrudur.

Sizin ölkənizə səfər etmək və sizin təhsil islahatınızın bəzilərini yerində görmək mənim üçün imtiyaz olmuşdur və mən Birləşmiş Ştatlar və Azərbaycan arasında imzalanmış ikitərəfli təhsil müqaviləsindən çox razıyam. Əminəm ki, bu müqavilə sizin ölkənizlə təhsil və təhsil mübadiləsi sahəsində artıq güclü münasibətlərimizi gücləndirəcək. Bu müqavilə və onların səbəb olduğu gücləndirilmiş ABŞ-Azərbaycan əlaqələri qarşıdan gələn illərdə ölkələrimizin hər ikisinə faydalı olacaq.

Sizə çoxdan bəri davam edən müvəffəqiyyəti arzulayıram.

Hörmətlə,

Qoli AMERİ,

ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət

Məsələləri üzrə müavini

 

                                             

 

Azərbaycan Respublikasının təhsil naziri Zati-aliləri, cənab Misir Mərdanova

Hörmətli cənab nazir!

22 sentyabr 2008-ci il tarixində Bakıda keçiriləcək 13-cü müəllimlər qurultayında iştirak etmək üçün dəvətinizə görə öz dərin minnətdarlığımı bildirirəm.

Təəssüflər olsun ki, bu müddətdə iş qrafikimin sıxlığı ilə bağlı olaraq Sizin dəvətinizi qəbul etməyim imkan xaricindədir. Eyni zamanda bildiririk ki, uşaqlar üçün keyfiyyətli təhsilin təmin olunması və "Təhsil hamı üçün" proqramının həyata keçirilməsində müəllimlərin mühüm rol oynaması nöqteyi-nəzərindən, bu tədbiriniz YUNESKO üçün böyük maraq kəsb edir. Bu vəzifələrin həyata keçirilməsində yüksək ixtisaslı müəllimlərin artan çatışmamazlığı əsas problemlərdən biridir. Müəllimlərin peşəkarlığı tədrisdə yüksək nəticələrin əldə olunmasında mühüm faktordur.

Hər il YUNESKO Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, UNİCEF və digər beynəlxalq təşkilatlarla birlikdə 5 oktyabr tarixində Müəllimlər Gününü qeyd edir.

ümidvarıq ki, qurultayda qəbul olunmuş qərarlar tədris və təlimin  keyfiyyətinin yüksəlməsinə öz töhfəsini verəcəkdir və biz qurultayın işinə uğurlar arzulayırıq.

Hörmətlə,

Koişiro MATSUURA,

YUNESKO-nun Baş direktoru

 

                                             

 

Zati-aliləri və hörmətli qardaşım Təhsil naziri

Xanımlar və cənablar

Azərbaycan müəllimlərinin 13-cü Qurultayının iştirakçılarına müraciət edərək mən Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi altında ölkənizdə həyata keçirilən təhsil sisteminin inkişafının yüksək qiymətləndirilməsi üçün bu imkandan istifadə etməkdən çox məmnunam.

Azərbaycanın dövlət xadimləri ilə görüşmək və ölkənizdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmək məqsədi ilə Bakıya səfərlərim zamanı Azərbaycanın müxtəlif sahələrdə uğurla inkişaf etməyini heyranlıqla müşahidə edirəm.

Bu gün təhsilin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Təhsil proqramlarının keyfiyyəti və təhsilin idarəolunması səmərəliliyi vasitəsi ilə davamlı inkişafa nail olunmasını dərk edərək Azərbaycan hökuməti təhsil sahəsinə daha çox maliyyə və texniki yardım göstərir.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru və İslam Dünyası Universitetlərinin Federasiyasının Baş katibi kimi ölkənizin inkişafını müşahidə edərək mən səmimi qeyd edə bilərəm ki, Azərbaycan təhsil sistemi böyük müvəffəqiyyətlərə nail olmuş və onu parlaq  gələcək gözləyir.

Qarşınıza qoyduğunuz məqsədlərin həyata keçirilməsi üçün inkişaf prosesinin davamını səbirsizliklə gözləyirik.

 

Əbdüləziz bin Osman Əl-TüVEYCRİ,

İSESKO-nun Baş direktoru

 

 

 

Azərbaycan Respublikası təhsil naziri cənab Misir Mərdanova

Hörmətli cənab Misir Mərdanov və müəllimlər qurultayının iştirakçıları!

Beynəlxalq Təhsil üzrə Amerika Şurası adından Sizi 22 sentyabr 2008-ci il tarixində 13-cü müəllimlər qurultayının keçirilməsi ilə əlaqədar olaraq təbrik edirəm. Bu tədbir Sizin Azərbaycanda təhsil sahəsində islahatlar prosesinin davam etdirilməsi işinə sadiq olduğunuzu bildirir. Bu il Siz Boloniya deklarasiyasının həyata keçirilməsi ilə bağlı uğurları, 2015-ci ilə qədər 5000 tələbənin xaricdə təhsil almasını nəzərdə tutan Dövlət Proqramının həyata keçirilməsi, Amerika Birləşmiş Ştatları hökuməti və 2008-ci ilin iyun ayında Almaniya hökuməti ilə təhsil sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumlarının imzalanması kimi bir çox nailiyyətləri qeyd edə bilərsiniz.

Bildiyimiz kimi, Amerika Şurası Təşkilatı Sizin dəstəyinizlə 1993-cü ildən Azərbaycanlı tələbə, müəllim və peşəkarlara təhsil imkanlarının təmin olunmasını nəzərdə tutan proqramları həyata keçirir. Biz orta məktəb şagirdləri üçün "FLEX", cavan liderlər üçün "İnkişaf", cavan peşəkarlar üçün "Açıq Dünya" Proqramları və digər proqramlar çərçivəsində bu imkanların təmin olunmasını davam etdiririk. Biz bu layihələr çərçivəsində əməkdaşlığımızı və Dövlət Proqramı çərçivəsində ABŞ-da təhsil ilə bağlı əməkdaşlığı davam etdirmək niyyətindəyik. Gələcəkdə təhsil sahəsində əməkdaşlığın uğurla davam etdirilməsi ümidi ilə

Dr. Den DEVİDSON,

Beynəlxalq Təhsil üzrə

Amerika Şurasının prezidenti

 

                                             

 

Hörmətli cənab nazir Mərdanov!

Əziz dostlar və Alman Akademik Mübadilə Xidmətinin partnyorları, xanımlar və cənablar!

Fəxr edirəm ki, mən Azərbaycan müəllimlərinə bir neçə sözlə müraciət edə bilərəm. Sizdən üzr istəyirəm ki, bunu özüm edə bilmirəm. Amma keçən il mən sizin gözəl ölkəyə baş çəkmişdim və bu il bunu bizim vitse-prezident prof.Huber edib.

Gördüyünüz kimi, Sizin ölkə bizim fəaliyyətimizin fokusundadır və biz Alman Akademik Mübadilə Xidməti olaraq son iki ildə baş tutan ikitərəfli əməkdaşlığımızın dinamik inkişafından çox razıyıq.

Cənab nazir, Sizin köməyiniz olmadan bu mümkün olmazdı. Biz (ARDNŞ) Dövlət Neft Şirkətinin birinci təqaüdçülərini Almaniyada salamladıqdan sonra, qısa zamanda Siz yeni layihənin hazırlanmasına başladınız. 5000 cavan azərbaycanlı Prezident təqaüdü ilə xaricdə təhsil alacaqdır. Bu il bizim vitse-prezident prof.Huber ikinci müqaviləni imzaladı və bununla ilk 12 namizəd Almaniyada 2008-2009-cu illərdə təhsil almağa başladı. Cənab professor Mərdanov, Siz bizim bu ikitərəfli layihəmizi böyük entuziazmla irəli sürdünüz.

Alman universitetləri 2008-ci il Azərbaycan mədəniyyəti ilindən sonra bizə daha yaxın olmuş "Odlar ölkəsindən" yeni tələbələrə sevinir.

Gələn 2009-cu il Almaniyanın Azərbaycanda mədəniyyət ilidir. Biz ümid edirik ki, bu səmərəli mübadilə atmosferində bizim indiyə kimi inkişaf edən ikitərəfli əməkdaşlığımız daha da dərinləşəcək.

Sizin hamınıza uğurlu müəllimlər konqresi arzulayıram.

 Doktor Kristian BODE,

Alman Akademik Mübadilə Xidmətinin Baş katibi

 

                                             

 

Azərbaycan Respublikası təhsil naziri

Hörmətli professor, doktor Misir Mərdanova

22 sentyabr 2008-ci il tarixində keçiriləcək Azərbaycan müəllimlərinin 13-cü qurultayının işində iştirak etmək üçün dəvət etdiyinizə görə təşəkkür edirəm.

Təəssüflə qeyd edirəm ki, işin çoxluğundan bu qurultayda iştirak edə bilməyəcəyəm.

Qurultayda müəllimlərin peşə və sosial rifahının yaxşılaşmasına və Azərbaycan təhsil sisteminin inkişafına dair müvafiq qərarların qəbul ediləcəyinə ürəkdən inanıram.

Bu mühüm tədbirlərin həyata keçirilməsi münasibəti ilə Zati-alilərinizi  və əməyi keçənləri təbrik edir, qurultayın uğurla keçməsini arzulayır, şəxsinizdə bütün iştirakçılara salam və sevgilərimi çatdırıram.

Hörmətlə,

 Hüseyn çELİK,

Dosent doktor, Türkiyə

Respublikasının Milli təhsil naziri

 

 

 

 

Sayın Misir Mərdanov!

Azərbaycan egitim bakanı!

Dost və kardeş Azerbaycanın 13. öğretmenlər Kurultayına nazik davetiniz için teşekkür ederim.

Gücünü derin tarihi, kültürel və insani bağlardan alan Türkiye ve Azerbaycan arasındaki dostluk ilişkileri dayandığı sağlam temel üzerinde her alanda gelişen işbirliği örnekleriyle en üst düzeyde bir kardeşlik seviyesine ulaşmıştır.

ülkelerimiz arasında merhum lider Haydar Aliyevin "iki devlet bir millet" özdeyişinde ifadesini bulan bu kardeşlik ilişkelerinin en önemli aşamalarından birini hiç kuşkusuz eğitim oluşturmaktadır.

Ortak bir geçmişi, kültürü və dili olan ülkelerimiz arasındaki bu güzel ve köklü ilişkilerin gelişmesində eğitim alanında yapılan yatırımların rolü çox büyüktür.

Eğitim sayesində ülkelerimiz arasında dostluk və kardeşlik köprüleri kurulmakta, ilişkilerimiz daha da pekiştirilmektedir.

Eğitimin vazgeçilmez unsuru öğretmenlerimizin, yapacakları çalışmalarla bütün değerleri ortak olan Türk Dünyasının daha da yakınlaştıracaklarına yürekten inanıyorum.

Birbirimizi və ülkelerimizi daha iyi tanımanıza yardımcı olan öğretmenlerimiz sayesində daha güclü ilişkiler kurmamız ve Türk Dünyasının geleceği için beraberce çalışmamız hepimizin ortak arzusudur.

Milli Eğitim Bakanlığım döneminde ülkelerimiz arasında eğitim alanındaki ilişkilerin geliştirilmesinə özel önem veren və çox sayıda ortak projeyi hayata geçiren bir siyasetçi olarak, bugün bulunduğum Meclis Başkanlığı görevinde de aynı kararlılıkla çalıştığımın bilinmesini isterim.

Başta şahsınız olmak üzere ülkelerimiz arasında eğitim alanındaki bağların güclendirilmesi için qayret gösteren herkesi tebrik ediyorum.

Bu duyqularla 13. öğretmenler Kurultayının başarılı geçmesini diliyor, şahsınızda Azerbaycandaki tüm öğretmelerimize selam və sevgilerimi iletiyorum.

Köksal TOPTAN,

TBMM Başkanı

 

                                             

 

Sevgili kardeşim Mısır muallim, Sayın Bakanım!

Azerbaycan muallimlerinin 22 eylül 2008 tarihinde yapılacak 13-üncü Kurultayına, vaki nazik davetinize en derin teşekkürlerimi sunuyorum.

çox istememe rağmen, bu kurultaya katılmadığım için üzgünüm. Bütün muallim meslekdaşlara, Kurultayın başarılı geçeceğinden emin olarak en derin sevgi və sayqılarımı gönderiyorum.

Dost ve kardeş Azerbaycan ile Türkiye iki kardeş milletin devletleridir. Sizlerin her alandaki gelişmesi, büyümesi bizleri derinden sevindirir. üzüntüleriniz bizimde üzüntümüz olur. Her alanda yaptığımız və yapacağımız işbirliği, karbeş milletlerimizin geleceğini müsbet biçimde etkileyecektir.

Eğitim, işbirliğimizde en önemli bir alandır. Mısır muallim ile birlikte, üniversite Rektörlüklerimizden, Milli Eğitim Bakanlığına kadar çok dostane, çok içten, çok kardeşçe iki devletin hayırları için, çok hizmetler yaptık. Başarılı hizmetlerin devam edeceğine yürekten inanarak, Azerbaycan Muallimleri 13-üncü Kurultayının bütün katılanlar meslektaşlarına, Mısır muallimin şahsında sayqılar ve sevgilerimi sunarım.

Prof. Dr. Mehmet SAĞLAM,

Türkiye Büyük Millet Meclisi, Milli Eğitim, Kültür, Gençlik və Spor

Komisyonu Başkanı

 

                                             

 

Sayın Prof. Dr. Misir Merdanov

Azerbaycan Cumhuriyeti Egitim Bakanı

Sayın Bakan!

Azerbaycan öğretmenler Gününe katılım davetinizden dolayı büyük bir onur duyduğumu belirtir, Türkiye Cumhuriyeti Yüksek öğretim Kurulu adına teşekkür ederim. önceden planlanan etkinliklerden dolayı bu büyük törene katılamadığım için üzüntülerimi belirtirim. Bu vesileyle Türkiye ve kardeş ülke Azerbaycan arasındaki ilişkilere büyük önem verdiğimizi, öğretmen və öğrenci değişimi başta olmak üzere eğitim-öğretim alanında şimdiye değin sürdürdüğümüz yakın ilişkileri geliştirerek daha ileri bir düzeye taşımak istediğimizi belirtmek isterim. Bilginin en büyük güc olduğu günümüzde ülkelerimizin geleceğini emanet edeceğimiz çocuk və genclerimizi yetiştiren ögretmenlerimiz büyük fedakarlıklarla çalışmakta ve övgüyü hak etmektedir. Türkiye və kardeş ülke Azerbaycan arasındaki eğitim-öğretim alanındaki işbirliklerimizin, geleceğimizi aydınlatan öğretmenlerimizin daha donanımlı yetişmesine, bilgi və becerilerinin artmasına katkıda bulunacağını ümit eder başarı dileklerimle sayqılar sunarım.

Prof. Dr. Yusuf Ziya öZCAN,

Türkiye Cumhuriyeti

Yükseköğretim Kurulu Başkanı