· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən sayında)

 

Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu mənada təhsilə cəmiyyətdən təcrid olunmuş şəkildə qiymət vermək mümkün deyil və belə bir qiymət obyektivlikdən uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi olduğundan, cəmiyyətdə baş verən bütün proseslər son nəticədə təhsil sahəsindən də yan keçmir. Cəmiyyətin inkişafı təhsilin inkişafını da şərtləndirir və əsas amilə çevrilir. Tez-tez mənə Azərbaycanda təhsilin səviyyəsi barədə suallar verirlər, bu barədə mətbuatda çoxsaylı yazılar dərc olunur. Həmin suallara qısaca belə cavab verirəm ki, cəmiyyətimizin səviyyəsi necədirsə, təhsilimizin səviyyəsi də ona uyğun dəyişir və yeniləşir. Ona görə də təhsil sahəsində uğur qazanmaq, təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə cəmiyyətdə yeniləşmə, demokratikləşmə, inkişaf meyilləri olmalıdır. İnkarolunmaz faktdır ki, Azərbaycanda təhsilin inkişafı üçün əsas məsuliyyət təhsil işçilərinin, müəllimlərin, təhsili idarəetmə orqanlarının, ilk növbədə, Təhsil Nazirliyinin üzərinə düşür. Bu da təbiidir. Lakin yalnız onların səyləri ilə ölkədə təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkün deyildir. Dünyada olduğu kimi, təhsili inkişaf etdirmək üçün cəmiyyətin hər bir üzvü öz səlahiyyəti, qabiliyyəti, potensial imkanları çərçivəsində çalışmalı, milli mənafedən çıxış edərək vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.

Yeri gəlmişkən, son zamanlar tez-tez təkrar etdiyim ibrətamiz bir məsələni diqqətə çatdırmaq istəyirəm. Artıq 10 ildən çoxdur ki, Dünya Bankının dəstəyi ilə təhsilin ayrı-ayrı sahələrində islahatlar aparırıq və bu baxımdan tez-tez xarici ölkələrdə təlim kurslarında olur, beynəlxalq ekspertlərlə görüşür, müzakirələr keçiririk. Həmin ekspertlərdən biri - ixtisasca riyaziyyatçı olan finlandiyalı professorla görüşümü xüsusi qeyd etmək istəyirəm. Hamıya məlumdur ki, Finlandiya təbii sərvətləri zəngin olmayan, əhalisi nisbətən az olan bir ölkədir, lakin göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edilmişdir və beynəlxalq hesabatlarda da bu ölkə ilə bağlı sürətli inkişaf tendensiyalar öz əksini tapmışdır. Həmin ekspertdən Finlandiyanın inkişafının əsas səbəblərini soruşduqda, o, bir az düşünərək dedi ki, bunun birinci səbəbi təhsildir. Başqa səbəblərlə maraqlandıqda o, yenə bir az düşünüb ikinci səbəbin də, üçüncü səbəbin də təhsil olduğunu təkrar-təkrar vurğuladı. Həmin anda ixtiyari olaraq müqəddəs Qurani-Kərimdə öz əksini tapmış, "insan anadan olandan son mənzilədək oxumalıdır" kəlamını xatırladım. Yəni doğrudan da, təhsil cəmiyyətin inkişafında əsas, həlledici amillərdən biridir. Finlandiyanın inkişaf fenomeni ilə bağlı fikrimi davam etdirərək bir məsələni də qeyd etmək istəyirəm. Beş milyondan bir qədər çox əhalisi olan Finlandiyanın "Nokia" şirkətinin bir ildə ölkəyə verdiyi gəlir 300 milyondan çox əhalisi olan bütün islam dünyasının, neftdən gələn gəlirləri istisna olmaqla, ümumi gəlirindən bir neçə dəfə çoxdur. Bu, son zamanlar tədqiqatçıların və ekspertlərin daha çox istinad etdikləri biliyə, elmə əsaslanan iqtisadiyyata, insan kapitalının formalaşmasına ən parlaq nümunədir. Kiçik bir ölkə olan Finlandiya bir şirkətlə dünyaya meydan oxuyur.

Beynəlxalq ekspertlərlə daha çox müzakirə etdiyim məsələlərdən biri də təhsilin inkişafına təsir edən həlledici amillər olmuşdur. Maraqlıdır ki, mütəxəssislərin fikrincə, bu amillər içərisində təhsilin inkişafına təsir edən birinci və həlledici amil ailə hesab edilir. Həyat sübut edib ki, təhsilə diqqət və qayğı göstərilən ailələrdə formalaşan uşaqlar tərbiyə və təliminə görə hər zaman digərlərindən müsbət mənada seçiliblər. Əksinə, təhsilin əhəmiyyətini dərk etməyən, savadı, biliyi qiymətləndirməyən, problemli ailələrdən olan uşaqlar mənfi davranışı, zərərli vərdişlərə meyilliliyi, təhsilə, müəllimlərə və həmyaşıdlarına mənfi münasibətləri ilə fərqlənirlər.

Tədqiqatlarda təhsilin inkişafına təsir edən digər bir amil təhsilalanı əhatə edən ətraf mühit göstərilir. Həqiqətən də, şagirdin, tələbənin hansı mühitdə, kimlərin əhatəsində olması, kimlərlə ünsiyyət qurması onların formalaşması və inkişafına həlledici təsir göstərir. Bu sıralamada əsas yerlərdən birini də informasiya amili tutur, yəni təhsilalan hansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı və zəruridir. Nə qədər qəribə və maraqlı olsa da, aparılan tədqiqatlara əsasən təhsilin inkişafına təsir edən amillər içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təkrarən o fikrə qayıdıram ki, təhsilin inkişafına cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir.

Fikirlərimi bir az da konkretləşdirmək istəyirəm. Biz bütün təhsil pillələri üzrə yüksək keyfiyyətin təmin olunması baxımından qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün nə etməliyik? Bu sahəyə ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərilir. İlbəil təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi artırılır, təhsil şəraiti və mühiti yaxşılaşır, bu tendensiya davamlı xarakter daşıyır. Lakin bütün bu işlərin müqabilində təhsilin inkişafına maksimum əmək sərf edirikmi? Hesab edirəm ki, biz təhsil işçiləri, xüsusən ali məktəb müəllimləri yaradılmış bu əlverişli imkanlardan heç də həmişə səmərəli istifadə etmirik. Konkret misallar gətirmək istəyirəm. Hər il Avropa İttifaqı postsovet ölkələrində ali təhsilin, elmin inkişafı üçün müxtəlif proqramlar, o cümlədən TEMPUS, Erasmus Mundus və digər beynəlxalq layihələr vasitəsilə böyük məbləğdə vəsaitlər, qrantlar yönəldir. Burada əsas tələb ondan ibarətdir ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələrin ali məktəbləri Avropa ölkələrinin universitetləri ilə əməkdaşlıq əlaqələri yaratsınlar, elan edilən proqramlar əsasında dünyanın müxtəlif ölkələrindən olan üç universitetlə birgə layihələr hazırlayıb Avropa İttifaqının təhsil və elm komissiyasına təqdim etsinlər. Qayda belədir ki, həmin komissiyada baxıldıqdan və təsdiq edildikdən sonra universitetlər tərəfindən təqdim edilən layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılır. Sual oluna bilər, 90-cı illərin əvvəllərindən başlanılmış bu proqramlarda Azərbaycanın ali təhsil müəssisələri necə iştirak edirlər. Təhlil göstərir ki, ölkəmizin universitetlərinin bu proqramlar vasitəsilə cəlb etdiyi maliyyə resursları digər postsovet respublikalarının ali təhsil müəssisələrinin gəlirləri ilə müqayisədə dəfələrlə azdır. Nə qədər acı olsa da deməliyəm ki, inkişaf tempinə görə Azərbaycandan çox geridə qalan region ölkələrinin ali məktəbləri Avropanın universitetləri ilə əlaqələr qurmaqla, qarşılıqlı səfərlər təşkil etməklə, mübadilə proqramları həyata keçirməklə hər il bu proqramlardan milyonlarla dollar vəsait əldə edirlər, təhsil və elmin inkişafına yönəldirlər. Təəssüfləndirici haldır ki, müəyyən proqramlar həyata keçirilsə də, universitetlərimiz dünyanın, Avropanın yaratdığı bu imkanlardan səmərəli istifadə etmir, lazımınca bəhrələnmirlər. İstərdim ki, hər il 50 universitetimizin hamısı bu proqramlarda yaxından iştirak edib, Azərbaycanda təhsilin inkişafına vəsait cəlb etsinlər. Hesab edirəm ki, bu məsələ həm Təhsil Nazirliyinin, həm də universitetlərimizin qarşısında duran mühüm vəzifələrdəndir və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.

Bu günlərdə Azərbaycan Dillər Universitetində Avropa Şurası ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı ilə Milli TEMPUS məlumat gününə həsr olunan əhəmiyyətli bir konfrans keçirilib, burada beynəlxalq keyfiyyətin təminatı, 2008-ci ildə Tempus proqramı üzrə təkliflərin nəticələri, 2009-cu ildə TEMPUS çərçivəsində təkliflərin verilməsi, Azərbaycanda ən keyfiyyətli TEMPUS layihələri, Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi proqramında ölkə universitetlərinin iştirak imkanları və Azərbaycanda TEMPUS və Milli TEMPUS Ofisinin rolu kimi məsələlər müzakirə olunub. Bir sıra obyektiv səbəblərdən həmin konfransda iştirak etməsəm də, tədbirdəki xarici təşkilatların nümayəndələrini qəbul edib Azərbaycan universitetlərinin bu proqramlarda daha yaxından iştirakı və daha çox sayda qrantların qazanılması yolları barədə fikir mübadiləsi apardım. Mənə verilən məlumata görə, bu beynəlxalq konfransda ölkəmizin 50 universitetindən yalnız ikisinin rektoru iştirak edib. Halbuki bütün ali təhsil müəssisələrinin rəhbərləri həmin konfransda iştirak etməli və öz təkliflərini irəli sürməli idi. Fikrimcə, belə bir vəziyyətin yaranması səbəblərindən biri də odur ki, universitetlərimizdə beynəlxalq əlaqələrə məsul olan prorektorların fəaliyyəti qənaətbəxş deyil, onların əksəriyyəti yaşlıdır və təşəbbüskar deyildir. Bu vəzifəni tutan şəxslər gənc, bir və ya bir neçə xarici dil bilən, müntəzəm olaraq xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradan bacarıqlı şəxslər olmalı, beynəlxalq proqramların lazımi səviyyədə aparılmasına rəhbərlik edə bilməlidirlər.

Bu gün Avropa təhsil məkanının formalaşması, Avropaya inteqrasiya kontekstində ali təhsilin inkişafı və qlobal əmək bazarına istiqamətləndirilməsi, ali təhsilin keyfiyyətinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq akademik və peşə dərəcələrinin tanınması və akademik mobilliyi təmin edən mexanizmlərin işlənməsi, təlim müddətlərinin, ixtisasların uyğunlaşdırılması, Avropa təlim standartlarından istifadə imkanlarının yaradılması, ali təhsil sisteminin idarəedilməsinin təkmilləşdirilməsi, təhsillə əmək bazarı arasındakı qarşılıqlı əlaqəni, qloballaşma şəraitində tələbələrin həyata və fəaliyyətə hazırlanmasını təmin edəcək təlim konsepsiyasının reallaşdırılması əsas fəaliyyət istiqamətləri olmalıdır.

Azərbaycanın Boloniya prosesinə 2005-ci ildə qoşulmasına baxmayaraq, hesab edirəm ki, ötən müddət ərzində universitetlərimizin bu istiqamətdə fəaliyyəti qənaətbəxş sayıla bilməz. Dövlət ali məktəblərində təhsil alan tələbələrin yalnız 25 faizi Boloniya Bəyannaməsinin əsas müddəalarından olan tədrisdə kredit sistemi ilə təhsil alır. Bu bizi qane edə bilməz. Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, Azərbaycan Dillər Universiteti yeganə ali məktəbdir ki, öz fəaliyyətini bütünlüklə Boloniya Bəyannaməsinin tələblərinə uyğunlaşdırmağa səy göstərir, kredit sisteminin tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlər üçün sistemli treninqlərin təşkili, informasiya-resurs mərkəzinin yaradılması və onun imkanlarından istifadəsi və digər sahələrdə uğurlu addımlar atır.

Təəssüfləndirici haldır ki, cəmiyyətimizdə belə bir yanlış fikir də formalaşıb, bir çoxları düşünürlər ki, ümumi orta təhsil kimi ali təhsil də icbaridir. İcbarilik anlayışı da özünəməxsus şəkildə şərh edilir. ölkə Konstitusiyasında təsbit olunmuş icbarilik o deməkdir ki, dövlət 11 il ərzində şagirdlər üçün pulsuz təhsil almaq üçün şərait yaradır. Bir çoxları isə orta təhsilin icbariliyini, savad səviyyəsindən asılı olmayaraq, məktəbi bitirənlərin hamısına mütləq qaydada attestat verilməsi kimi başa düşürlər. Bu yanlış təsəvvürü aradan qaldırmaq çox vacibdir. Necə ola bilər ki, şagird məktəbə zəif gəlsin, dərslərə hazırlaşmasın, təhsilə laqeyd münasibət göstərsin, nəticədə isə attestat alsın. İnkişaf etmiş ölkələrdə heç bir valideyn xahiş və təzyiq etməz ki, onun uşağı savadsız qaldığı halda təhsil sənədi alsın. Attestat almaq üçün şagird müəyyənləşdirilmiş minimum standartlar səviyyəsində fənlər üzrə imtahan verməli və müvəffəq qiymətlər almalıdır. İmtahanlar zamanı zəruri səviyyədə bilik mümayiş etdirməsə, istənilən nəticəni göstərə bilməsə təhsil sənədi almamalıdır. Müqayisə üçün deyək ki, ən inkişaf etmiş ölkələrdə belə orta məktəb məzunlarının heç də hamısı təhsil sənədi almır.

Orta təhsildə mövcud olan bu problem ali təhsildə də var. Əvvəllər ali məktəbi bitirib diplom alanların sayı qəbul olanların sayından xeyli az idi. Təhsil müddətində tələbələrin bir qisminin universitetdən xaric olunması, bəzilərinin dövlət imtahanını verə bilməyib kursda qalması kimi səbəblərdən diplom ala bilməyənlərin sayı üstünlük təşkil edirdi. O dövrdə ali məktəbə daxil olanların yalnız 60-70 faizi diplom ala bilirdi. Dünyada da bu gün belədir. İndi isə ölkəmizin bir sıra ali məktəblərində qəbul olunanların 100 faizi ali məktəbləri bitirib diplom alır. Əgər tələbə 4 il oxuyub diplom almırsa, onun valideynləri narazılıq edir, ali məktəb rəhbərinə təzyiq vasitələrinə əl atır və tələb edirlər ki, övladı 4 il universitetə gedib-gəlib, ona hökmən diplom verilməlidir. Düşünürəm ki, bu stereotipdən əl çəkməyin vaxtı çatmışdır. Cəmiyyətimizin hər bir üzvü bilməlidir ki, ali məktəbə qəbul olan tələbə orada təhsil alıb yalnız müvafiq standartlar həcmində bilik və bacarıqlar nümayiş etdirdiyi halda ona ali təhsil haqqında sənəd verilir.

Problemlərdən biri də onunla bağlıdır ki, bu gün biz daha çox ali məktəblərə qəbula diqqət yetirir, təhsilin keyfiyyəti, universiteti bitirəcək mütəxəssislərin hansı bilik və bacarıqlara malik olmasını isə təəssüf ki, ikinci plana keçiririk. Fikrimcə, ali məktəblərdən çıxış, yəni təhsil müəssisələrini bitirmək məsələsi daha ciddi nəzarətə götürülməli, burada elə mexanizmlər tətbiq edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar. çünki ali məktəbi bitirən gənc birbaşa istehsalata, məktəbə, xəstəxanaya, iqtisadiyyatın müxtəlif sahələrinə işləməyə gedir. Bəzi valideynlər yanlış olaraq düşünürlər ki, onların övladları ali və orta məktəblərdə təhsil alarkən bilik, savad göstərməklə deyil, başqa vasitələrlə qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada müəllimi təhrik edirlər ki, övladı oxumasa da ona qiymət yazılsın, bacarığı olmaya-olmaya ona təhsil haqqında sənəd verilsin. Bütün müəllimlərə, həm ali, həm də orta məktəblərdə çalışanlara, övladları universitet və ümumtəhsil məktəblərində oxuyan valideynlərə müraciət edib demək istəyirəm ki, təhsil haqqında sənədi almağın bir yolu var, yaxşı oxumaq, tədris plan və proqramlarında nəzərdə tutulan bilik və bacarıqlara yiyələnərək imtahan verib müvəffəq qiymət almaq. Heç kim başqa yol axtarmasın, çünki digər yol yanlış yoldur və bu yol bizi yalnız tənəzzülə apara bilər. Cəmiyyətin hər bir üzvü bilməli və çalışmalıdır ki, yalnız müvafiq bilik və bacarığı olan şəxslər təhsil sənədi ala bilərlər.

Mən orta məktəb rəhbərləri ilə yanaşı, universitetlərimizin rektorları ilə də tez-tez görüşür, burada sadalanan və sadalanmayan problemləri müzakirə edir, çıxış yolları axtarırıq. Onu da qeyd edim ki, fəaliyyətin uğurlu olması, kadr hazırlığının keyfiyyətinin təmin olunması ali təhsil müəssisəsinin rəhbərindən, onun idarəetmə metodlarından xeyli asılıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinə iki ildir ki, yeni rektor təyin olunub. Lakin bu qısa müddət ərzində universitetdə xeyli müsbət dəyişikliklər baş verib, keyfiyyətə nəzarətin yeni mexanizmləri tətbiq olunmağa başlanılıb. Nəticədə qış imtahan sessiyasında tələbələrin yalnız 40 faizi müvəffəq qiymətlər alıb. Hesab edirəm ki, bu göstərici reallığı əks etdirir. Əlbəttə, məqsədimiz o deyil ki, tələbələrin 60 faizini universitetdən xaric edək. Əsas amalımız ondan ibarətdir ki, hər bir tələbə də, müəllim də, valideyn də dərk etsin ki, yalnız müvafiq səviyyədə bilik nümayiş etdirənlər müvəffəqiyyət əldə edəcəklər. Rektorlarla müzakirə etdiyim ən ağrılı məsələlərdən biri də məhz odur ki, müəllimə və təhsilə başucalığı gətirməyən neqativ hallar necə aradan qaldırılmalıdır. Dünya təcrübəsinin təhlilindən gəldiyim qənaət budur ki, neqativ halların aradan qaldırılmasının yeganə yolu təhsilin bütün pillələrində ədalətli, obyektiv imtahanların keçirilməsidir. Bu imtahanların keçirilməsinə müdaxilə edilməməli, təhsil müəssisələrinə idarəetmə sahəsində geniş müstəqillik verilməli, keyfiyyətə nəzarət isə gücləndirilməli, bu sahədə müasir mexanizmlər tətbiq olunmalıdır. Yalnız girişdə deyil, aralıq mərhələlərdə və çıxışda da müasir attestasiya mexanizmləri tətbiq edilməlidir.

Hazırda ölkəmizdə yeddi ali təhsil müəssisəsinə muxtariyyət hüququ verilib. Onlar dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşirlər. Bu status ali məktəblərin inkişafına müsbət təsir edən vacib amildir. Təhsil Nazirliyinin mövqeyi belədir ki, gələcəkdə bütün universitetlərə muxtariyyət hüququ verilməlidir. Amma təəssüf ki, bəziləri ali məktəbin muxtariyyətini rektorun muxtariyyəti kimi başa düşürlər. Muxtariyyət bütövlükdə təhsil müəssisəsinin müstəqilliyidir, bütün fəaliyyət istiqamətləri üzrə sərbəstliyidir, yəni universitetdə rektor, prorektor, kafedra müdiri, dekan, müəllim öz vəzifə funksiyalarını sərbəst icra etməli, qərarlar isə kollegial qəbul edilməlidir.

Ali təhsilin inkişafı sahəsində tədbirlərin daha sistemli şəkildə aparılması, bütün maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi məqsədilə yaxın günlərdə ali təhsillə bağlı "dəyirmi masa"nın keçirilməsi ilə əlaqədar hazırlıq işləri görürük. Bu məqsədlə mütəxəssislərdən ibarət işçi qrupu da yaratmışıq, bir neçə dəfə yığışıb müzakirələr aparmışıq. Mən bu "dəyirmi masa"ya çox ciddi əhəmiyyət verirəm. İstəyirəm ki, keçiriləcək bu tədbir Azərbaycanın ali təhsil tarixində yaddaqalan bir hadisə olsun. "Dəyimi masa"da irəli sürüləcək təkliflər və tövsiyələr əsasında ali təhsilin inkişafı ilə bağlı real mexanizmlər işləyib hazırlamalıyıq. Bu mexanizmləri hazırlamaq üçün isə, ilk növbədə, ölkəmizdə ali təhsil sahəsində mövcud vəziyyəti öyrənməli, əsaslı təhlillər aparmalı, universitetlərimizdəki vəziyyəti dünyanın aparıcı ali təhsil müəssisələri ilə müqayisə etməliyik. Bu istiqamətdə artıq bir sıra müqayisəli təhlillər aparmış, bir sıra ciddi problemləri aşkar etmişik. Onlardan bəziləri ilə ictimaiyyəti tanış etmək istəyirəm.

Araşdırmalar göstərdi ki, qonşu Gürcüstanda 1 ali məktəb müəlliminə 25,5, çexiyada 20,4, Estoniyada 16, Ukraynada 14,1, Azərbaycanda isə 7,3 tələbə düşür. Göründüyü kimi, ölkəmizdə müəllimlərin sayı qonşu ölkələrlə müqayisədə 3-4 dəfə çoxdur. Yəni ehtiyac olmadan müəllimlər işə götürüldüyündən dövlət büdcəsindən ayrılan vəsaiti real tələbatdan dəfələrlə artıq sayda müəllimlər arasında bölmək məcburiyyətində qalmışıq. Əlbəttə, mən onun tərəfdarı deyiləm ki, minlərlə müəllimi işsiz qoyaq. Lakin süni sıxlığın yaradılması da keyfiyyətli təhsilə mane olan amillərdən biridir. Bununla əlaqədar hər zaman dediyim bir fikri yenidən təkrarlamaq istəyirəm ki, bu məsələdə yeganə çıxış yolu təhsil müəssisələrinin adambaşına maliyyələşmə sisteminə keçməsidir. Belə olarsa, həmin problem öz-özünə həll olunacaq.

Başqa bir məqamı vurğulamaq istəyirəm. ölkənin 24 dövlət ali məktəbində 12 minə yaxın professor-müəllim heyəti çalışır. Onlardan 656 nəfərinin yaşı 30-dək, 2016 nəfərinin 30-40-dək, 2500 nəfərinin 40-50-dək, 2957 nəfərinin 50-60-dək, 3700 nəfərinin yaşı isə 60-dan yuxarıdır. Göründüyü kimi, ali məktəblərimizdə gənc alimlərin sayı çox azdır, 30 yaşadək müəllimlər arasında bir nəfərin də elmlər doktoru dərəcəsi yoxdur. Deməli, elmi dərəcəsi, elmi adı olan ali məktəb müəllimlərinin əksəriyyəti yaşlı adamlardır. Bu barədə ciddi düşünməli, kadrların seçilib yerləşdirilməsi sahəsində siyasətimizdə ciddi korrektələr etməliyik. Dünyada davamlı inkişaf səviyyəsi müəyyənləşdirilərkən hər bir ölkədə əhalinin sayına nisbətən ali təhsillilərin çəkisi əsas indikator kimi nəzərə alınır. Bu sahədə aparılan təhlillər göstərir ki, Azərbaycanda ali təhsilin kütləviliyi sahəsində digər ölkələrlə müqayisədə gerilik müşahidə olunur. Hazırda hər 10 min əhaliyə ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada 233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449, Qırğızıstanda 447, Moldovada 351, Gürcüstanda 321, Ermənistanda 304 tələbə düşür. Azərbaycanda isə bu göstərici 152 tələbədir.

Həmin ölkələr üzrə əhalinin ümumi sayına tələbə nisbəti də Azərbaycandakından xeyli yüksəkdir. Belə ki, bu nisbət Rusiyada 5,1, Qazaxıstanda 5,0, Gürcüstanda 3,2, Azərbaycanda 1,6 faizdir. Həmin göstərici üzrə MDB ölkələri arasında Azərbaycan yalnız özbəkistanı (1%) və Türkmənistanı (0,2%) qabaqlayır. Bununla belə, respublikanın iqtisadi inkişaf tempi, hökumətin təhsilə diqqət və qayğısı, təhsil sahəsində əldə edilmiş beynəlxalq təcrübə və əhalinin marağı və təhsilalma imkanlarının genişləndirilməsi zəruriliyi keyfiyyətə xələl gətirməmək, təhsil müəssisələrinin maddi-texniki bazasını genişləndirmək şərtilə əhalinin hər 10 min nəfəri üzrə ali məktəblərdə təhsil alan tələbələrin sayının, əhali sayına tələbə nisbətinin artırılması istiqamətində səmərəli addımların atılması da qarşıda duran vəzifələrdəndir.

Daha bir vacib məsələyə toxunmaq istəyirəm. Dünyada ali məktəblərin reytinqi müəyyənləşdirilərkən bir neçə amil əsas götürülür. Bu amillərdən biri həmin universitetlərdə ali təhsilin ikinci pilləsində, yəni magistratura pilləsində təhsil alanların sayıdır. Azərbaycanda bu məsələ normativ-hüquqi aktlarla tənzimlənir. Yəni həmin sənədlərdə göstərilir ki, ali məktəblərin magistratura pilləsinə ümumi tələbə sayının 20 faizindən artıq qəbul aparıla bilməz. Mən bunu mənfi hal hesab edirəm. Yəni magistrlərin sayı normativ-hüquqi sənədlərlə deyil, ali məktəblərin imkanları, kadr potensialı, maddi-texniki və tədris bazası, laboratoriyaları ilə müəyyən olunmalıdır.

Hazırda ali məktəblərin reytinqinin müəyyənləşdirilməsində həlledici amillərdən biri də universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayıdır. Müxtəlif mədəniyyətlərin qovuşduğu yerdə inkişafın labüd olması faktı burada xüsusi qeyd olunur. XX əsrin 40-cı illərindən başlayaraq aparıcı dünya dövlətləri təhsili öz xarici siyasətlərinin mühüm tərkib hissəsi kimi dəyərləndirməyə başlamışlar. 2005-ci ilin tədqiqatlarında göstərilir ki, dünya üzrə əcnəbi tələbələrin ümumi sayı 2 milyon nəfər olmuşdur. Dünyada təhsil ixracının lideri isə ABŞ-dır və beynəlxalq bazarın 30 faizi ona məxsusdur. Amerika universitetlərinin əcnəbi tələbələrdən qazandığı vəsait ABŞ hökumətinin ali təhsil müəssisələrinə yönəltdiyi büdcə vəsaitlərindən 15 dəfə çoxdur.

Bu baxımdan ölkəmizin ali təhsil müəssisələrində hazırda 7 mindən çox əcnəbi tələbə təhsil alır. Onların 80-90 faizi İran və Türkiyə vətəndaşlarıdır. Əlbəttə, bu, bizi qane edə bilməz. Ali məktəblərimiz o qədər inkişaf etməli, təhsilin keyfiyyəti o səviyyədə yüksəlməlidir ki, inkişaf etmiş ölkələrdən universitetlərimizdə təhsil alanlar üstünlük təşkil etsinlər.

Başqa bir vacib amil isə dövlətin büdcəsindən təhsilə, o cümlədən ali təhsilə ayrılan vəsaitin həcmidir. ABŞ-da təhsil sektoruna dövlət büdcəsindən 13,5 faiz, ali təhsilə isə 1,3 faiz vəsait ayrılır. Azərbaycanda cari ildə təhsilə büdcənin 10,1 faizi, ali təhsilə isə 0,8 faizi həcmində vəsait ayrılıb. Təhsilin inkişafında bir tələbəyə dövlət büdcəsindən çəkilən xərc də çox önəmlidir.

Məsələn, Amerikada bir ildə bir tələbəyə 24370 dollar vəsait xərcləndiyi halda, Azərbaycanda bu məbləğ 3260 manat təşkil edir.

ümumdaxili məhsuldan Azərbaycanda ali təhsilə 0,3 faiz ayrılır. Bu rəqəm Danimarkada 2,5, Böyük Britaniyada 1,1, Malayziyada 0,8 faizdir. Bu amilin də ali təhsilin və bütövlükdə təhsilin inkişafında çox böyük rolu var.

Ali təhsil müəssisələrinin fəaliyyətinə qiymət verərkən məzunların işlə təmin olunması əsas göstərici kimi nəzərə alınmalıdır. Təəssüf ki, bir sıra ali məktəblərin rəhbərləri məzunlarının müvafiq işlə təmin olunması istiqamətində ciddi addımlar atmırlar, bu vacib məsələyə laqeyd münasibət göstərirlər. Hesab edirəm ki, ali məktəblər və işəgötürənlər arasında yeni münasibətlər formalaşmalı və bu əməkdaşlıq ilboyu davam etməlidir.

Ali təhsilin inkişafına mənfi təsir edən amillərdən biri də universitetlərin maddi-texniki bazasıdır. Doğrudur, bu sahədə son illər xeyli işlər görülüb və inkişaf göz qabağındadır. Bununla yanaşı etiraf etmək lazımdır ki, ali məktəblərimizin əksəriyyətinin tədris bazası təlimin keyfiyyətini təmin etmək baxımından hazırkı dövrün tələblərini ödəmir.

Belə ki, hazırda ölkəmizin ali təhsil müəssisələrinin əksəriyyəti ikinövbəli rejimdə fəaliyyət göstərir. Belə vəziyyət isə təhsilin keyfiyyətinə mənfi təsir etməklə yanaşı, Avropa təhsil standartlarına uyğunlaşma prosesinə mane olur. Ali məktəblər hər il tələbə qəbulu planının artırılması barədə təkliflər verirlər, lakin fikrimcə, keyfiyyətli təhsil üçün şəraitin yaradılması daha vacib məsələdir. Problemin aradan qaldırılması üçün universitetlərin infrastrukturunun və tədris bazasının genişləndirilməsi istiqamətində tədbirlər görülməlidir.

Təlimdə İKT-nin tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda ali məktəblərimizin əksəriyyətində bu vacib məsələyə yetərincə diqqət yetirilmir. Müasir tələbə yalnız mühazirələri dinləməklə, seminarlarda iştirak etməklə savadlı mütəxəssis kimi yetişə bilməz. Geniş informasiya məkanına daxil olmasına şərait yaradılmaqla bərabər, tələbədə elektron vasitələrdən istifadəyə marağın oyadılması çox vacibdir. Boloniya Bəyannaməsinin zəruri müddəalarından biri də məhz bundan ibarətdir. Elmi-texniki tərəqqinin sürətli inkişafı, informasiya cəmiyyətinin yaranması indiki zamanda müəllim-tələbə münasibətlərinin mahiyyətini xeyli dəyişib. Müəllimin əsas funksiyası get-gedə daha çox istiqamətverici xarakter alır, o, tələbəyə necə öyrənməyin yollarını göstərməli, aldığı bilikləri təhlil və tətbiq etmək bacarıqları aşılamalıdır. Bu mənada müəllim özü də, təlim üsulları da dəyişməlidir. Əgər müəllimin mühazirəsi vaxtı keçmiş məlumatlara əsaslanırsa və tələbə üçün maraqlı deyilsə, hansı səmərəlilikdən danışmaq olar? Biz tələbələri bunları dinləməyə məcbur etməklə nə qazanırıq? Düşünürəm ki, bu məsələ ətrafında ciddi fikirləşmək lazımdır. ödənişli təhsildən və digər mənbələrdən əldə olunmuş vəsaitlər informasiya məkanının yaradılmasına, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların qurulmasına yönəldilməlidir.

Təhlil göstərir ki, ali təhsilin zamanın tələblərinə uyğun qurulması, keyfiyyətinin yüksəldilməsi, maliyyələşdirilməsi və idarəolunmasının təkmilləşdirilməsi, bu sahədə əməkdaşlığın və beynəlxalq əlaqələrin genişləndirilməsi bütün ölkələr üçün ümumi problemlərdir. Həmin problemlərin həlli yollarının axtarılması və tədricən aradan qaldırılması isə vahid bir məqsədə - bütün fəaliyyət sahələrində inkişafın hərəkətverici qüvvəsinə çevrilə bilən mütəxəssislərin hazırlanmasına yönəlməlidir.

Müasir mütəxəssisi şərtləndirən başlıca xüsusiyyət onun əmək bazarının tələblərinə cavab verməsidir. Bunun üçün hazırda ali təhsil müəssisələrində daha çox diqqət yetirilən nəzəri hazırlıq kifayət deyil, digər bacarıq və keyfiyyətlər də tələb olunur. Onların sırasında mütəxəssisin tənqidi təfəkkürə, mədəni-intellektual səviyyəyə, İKT-dən istifadə və birgəfəaliyyət bacarıqlarına malik olması, daim öyrənməyə və ixtisas səviyyəsini təkmilləşdirməyə meyil göstərməsi, yaradıcılığı, təşəbbüskarlığı, əməksevərliyi, intizamlılığı ilə fərqlənməsi, sağlam rəqabətə dözümlü olması, müstəqil qərarlar qəbul etməsi, bəşəri və milli dəyərləri qiymətləndirə bilməsi geniş miqyasda birmənalı qəbul edilən xüsusiyyətlərdir.

Məlumdur ki, bu cür bacarıq və keyfiyyətləri özündə birləşdirən mütəxəssis hazırlığını ali təhsil müəssisələrində verilən təhsil müddəti ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Ona görə də insanın bütün həyatı boyu fasiləsiz təhsil almasına şəraitin yaradılması, onun biliyinin, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilin mühüm vəzifələrindən biri kimi qarşıya qoyulur. Təhsil ekspertləri fasiləsiz təhsili inkişafın təmin olunmasında həyati məsələ səviyyəsində qiymətləndirirlər. Artıq belə bir fikir formalaşmışdır ki, universitetlərin və digər ali təhsil müəssisələrinin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı, fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri əmək bazarında yaranan tendensiyaların, eləcə də elm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis hazırlığının yeniləşdirilməsi prosesinə, bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə, gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi problemlərin həllinə daha geniş cəlb etməkdən ibarətdir. 

Mütəxəssis hazırlığından danışarkən ali təhsil müəssisələrində hazırda mövcud olan dərslik probleminə toxunmamaq mümkün deyil. Reallıq bundan ibarətdir ki, bu gün ali məktəblərimizin dərsliklərlə təminatında heç bir sistem yoxdur, bu proses pərakəndə xarakter daşıyır. Yeni dərsliklərin hazırlanması sifarişlə deyil, yalnız ayrı-ayrı müəlliflərin təşəbbüsü əsasında yazılır. Bununla bağlı hesab edirik ki, ayrı-ayrı istiqamətlər üzrə zəruri dərsliklərin dövlət hesabına çapı, eyni zamanda ali məktəblərin ödənişli təhsildən əldə etdikləri gəlirin bir hissəsinin bu sahəyə yönəldilməsi, elektron dərsliklərin və kitabxanaların yaradılması vaxtı çatmışdır.

ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik və müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəri biliklərin öyrədilməsi, həm də praktik vərdişlərin aşılanması vasitəsilə həyata keçirilir. Sirr deyil ki, qazanılan yüksək keyfiyyətli nəzəri biliklər praktik vərdişlərlə möhkəmləndirilməsə, istənilən səviyyəli mütəxəssis hazırlamaq mümkün olmaz. Hazırlanan mütəxəssislərin ilkin praktik vərdişləri isə onlara təlim dövründə istehsalat təcrübəsinin keçirilməsi zamanı aşılanır. Son dərəcə vacibliyini nəzərə alaraq, bu məsələni nazirliyin kollegiyasında geniş müzakirə etdik. Təhlil göstərdi ki, qeyri-pedaqoji sahələrdə istehsalat təcrübəsinin təşkili imkanları məhduddur, pedaqoji ixtisaslar üzrə təcrübənin təşkilində isə əksinə, mövcud imkanlardan səmərəli istifadə olunmur. 

 

(Ardı var)

 

 

  Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor