· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb şəbəkəsinin optimallaşdırılmasında Litva təcrübəsi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti martın 30-dan aprelin 6-dək təhsil sisteminin öyrənilməsi ilə əlaqədar Litva Respublikasında işgüzar səfərdə olmuşdur. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) "Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə islahatlarının qiymətləndirilməsi" alt-komponenti çərçivəsində Litva Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təşkil edilən səfər zamanı nümayəndə heyəti təhsil sistemində bu istiqamətdə həyata keçirilən tədbirlər və Şilut rayonunun nümunəsində ölkənin məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsi ilə yaxından tanış olmuşdur.

Aprelin 16-da Təhsil Nazirliyində həmin səfərlə əlaqədar keçirilən tədbirdə nümayəndə heyətinin hesabatı dinlənilib. İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov "Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin  Litva Respublikasının təhsil sisteminin öyrənilməsi ilə bağlı 30 mart - 6 aprel 2009-cu il tarixlərində həmin ölkəyə olan tədris səfərinin hesabatı" mövzusunda məruzə-təqdimatla çıxış edib. Həmin təqdimata əsasən ölkənin təhsil sistemi, ümumtəhsil məktəbləri, məktəb şəbəkəsinin optimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər və onun nəticələri haqqında məlumatı oxucuların diqqətinə çatdırırıq.

Litva Respublikasının əhalisi 3.366.400 nəfərdir. ölkədə orta təhsilin müddəti 12 ildir və müxtəlif tipli 1415 ümumtəhsil məktəbində təhsil alan 464906 şagirdə 40948 müəllim dərs deyir (şagird-müəllim nisbəti 1:11,4-dür). ölkənin orta təhsil verən 366 məktəbində təhsil alan 198117 şagirdin təlim-tərbiyəsi ilə 16213 pedaqoq məşğul olur. Bu məktəblərdə müəllim-şagird nisbəti 1:12,2-dir.

101 ibtidai təhsil müəssisəsində 1543 pedaqoq çalışır. 20990 uşağın təhsil aldığı məktəblər üzrə şagird-müəllim nisbəti 1:13,6-dır.

Litva Respublikasında fəaliyyət göstərən 105 məktəb-bağçaya cəlb olunmuş 8890 uşağın təlim-tərbiyəsi ilə 895 pedaqoji işçi məşğul olur. Nisbət 1:9,9-dur.

20 gənclər məktəbində təhsil alan 1773 nəfərə 259 müəllim dərs deyir. Müəllim-şadird nisbətinin 1:6,8 olduğu bu təhsil müəssisələrindən fərqli olaraq 32 yaşlılar üçün məktəbdə müəllim-şagird nisbəti 1:22,4-dür. Bu məktəblərdə çalışan 528 müəllim 11838 şagirdə dərs deyir. İncəsənət tipli 4 məktəbdə təhsil alan 712 şagirdin təlim-tərbiyəsi ilə 203 pedaqoq məşğul olur. Həmin məktəblər üzrə müəllim-şagird nisbəti əvvəlkindən çox fərqli -3,5-dir. 181 uşağın təhsil aldığı internat tipli 6 məktəbdə 80 pedaqoji işçi çalışır. Müəllim-şagird nisbəti 1:2,2-dir. ölkədə fəaliyyət göstərən 534 əsas məktəbdə işləyən 11197 müəllim 107617 şagirdə dərs deyir. Bu məktəblərdə müəllim-şagird nisbəti 1:9,6-dır. 164 gimnaziyada 105806 şagird oxuyur. 8352 pedaqoqun çalışdığı həmin təhsil müəssisələrində şagird-müəllim nisbəti 1:12,7-dir. 6 bədii gimnaziyada isə 4035 şagirdlə 436 müəllim məşğul olur. Müəllim-şagird nisbəti 1:9,3-dür.

Litva Respublikasında fəaliyyət göstərən 67 xüsusi məktəbə cəlb olunmuş 4495 şagirdə 1098 pedaqoq dərs deyir. Bu təhsil ocaqlarında müəllim-şagird nisbəti 1:4,1-dir. Sanator tipli 10 məktəbdə təhsil alan 452 şagirdin təlim-tərbiyəsi ilə 144 pedaqoji işçi məşğul olur. Həmin müəssisələrdə müəllim-şagird nisbəti 1:3,1-dir.

 Müəllimlərin orta aylıq əməkhaqqı 509 avrodur. Litvada uşaqların şəhərlər üzrə 92,5, kəndlər üzrə isə 24,6 faizi məktəbəqədər təhsillə əhatə olunub. 1998-ci ildən başlayaraq əsaslı təmir edilmiş məktəblərin xüsusi çəkisi 44,3 faiz təşkil edir.

2006-cı ildə onbeşyaşlılar arasında aparılmış beynəlxalq qiymətləndirmənin (OESD PİSA-2006) nəticələrinə görə, Litva məktəblilərinin nailiyyətləri oxu və təbiət fənləri üzrə müvafiq olaraq 432 və 488 bal müəyyən edilmişdir (hər iki fənn üzrə 32-ci yer).  Müqayisə üçün qeyd edək ki,  57 ölkə arasında oxu üzrə reytinq cədvəlində Rusiya 39-cu (440), Azərbaycan 55-ci (353), Qırğızıstan 57-ci (285),  təbiət fənləri üzrə Rusiya 35-ci (479), Azərbaycan 55-ci (382), Qırğızıstan 57-ci (322) mövqedə yer tutur.

Litva Respublikasında məktəb şəbəkəsinin optimallaşdırılmasının əsas strateji prinsiplərini qeyri-səmərəli maliyyələşdirmənin tədricən qarşısının alınması və təhsilə ayrılan vəsaitlərdən səmərəli istifadə olunması, daha keyfiyyətli təhsil üçün şəraitin yaradılması və tədris bazasının gücləndirilməsi, hamı üçün bərabər təhsil imkanlarına zəmanət və şagirdlərin təhlükəsiz daşınması təşkil edir.

ölkə üzrə ümumtəhsil məktəbləri şəbəkəsində optimallaşdırma sahəsində görülmüş əsas tədbirlər bu sahədə normativ-hüquqi bazanın yaradılması və "Təhsil Qanunu"na əlavələr edilməsi, optimallaşdırma strategiyasının müəyyənləşdirilməsi; Elm və Təhsil Nazirliyi tərəfindən optimallaşdırma qaydaları və şagirdlərin daşınması üzrə metodik tövsiyələrin hazırlanması; yerli özünüidarəetmə orqanları tərəfindən optimallaşdırma planlarının təsdiq edilməsidir.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Litva Respublikasında məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsi ilə Şilut rayonunun nümunəsində tanış olmuşdur.

Şilut rayonunda məktəb şəbəkəsinin optimallaşdırılması (1998-2008-ci il) nəticəsində yaranmış vəziyyətin aşağıdakı müsbət cəhətlərini qeyd etmək olar:

- məktəblərdə ikinci növbə yoxdur;

- kəndlərdə əsas və orta məktəblərdə ehtiyac olan qədər yer var;

- gimnaziyalarda (IX-XII siniflər) ehtiyac olan qədər yer var;

- kifayət qədər məktəb (o cümlədən məktəb tipləri) mövcuddur;

- müəllimlərin 82,3 faizi attestasiyadan keçib, onların 8,6 faizi yeni ixtisaslar öyrənir;

- optimallaşdırma nəticəsində "Şagird səbəti" metodikasına əsasən ayrılan vəsait məktəblərin 95 faizinin ehtiyaclarını tam ödəyir;

- 5 məktəb əsaslı təmir edilib, əksər məktəblərin dam örtükləri dəyişdirilib və qızdırıcı sistemlər yeniləşdirilib;

- şagirdlərin daşınması üçün 11 avtobus mövcuddur;

- məktəblərdən 3 kilometrdən uzaq məsafədə yaşayan bütün şagirdlər avtobuslarla daşınırlar.

Bununla yanaşı, optimallaşdırma ilə bağlı bir sıra nöqsanlar da meydana çıxır. Cari vəziyyətdə diqqəti cəlb edən mənfi cəhətlər kimi şagirdlərin ümumi sayının, kənd məktəblərinin sayının azalmasını, ibtidai siniflərdə müəllimlərin sayının ehtiyacdan çox olmasını, əsas fənlərin cəmi 79,4 faizinin ixtisaslı müəllimlər tərəfindən tədris edilməsini, hazırda məktəblərin 80 faizinin əsaslı təmirə ehtiyacı olmasını, şagirdlərin 3 faizinin avtobuslarla daşına bilməməsini və bir çox şagirdlərin məktəblərə erkən çatmasını göstərmək olar.

Şilut rayonunda orta məktəblər, gimnaziyalar, əsas məktəblər, gənclər məktəbi, ibtidai məktəblər (ibtidai məktəblərin filialları) yaşlılar məktəbi, bağça-məktəblər, yaşlılar və gənclər məktəbləri olmaqla, 1997-1998 və 2000-2001-ci dərs illərində 55, 2005-2006-cı dərs ilində 28 ümumtəhsil məktəbi fəaliyyət göstərmiş, 2008-2009-cu dərs ilində isə onların sayı 24-ə enmişdir.

Məktəb şəbəkəsinin optimallaşdırılması ilə bağlı Şilut rayonunda fəaliyyət göstərən məktəb tiplərinin bölgüsü aşağıdakı qaydada formalaşıb:

1997-1998-ci dərs ili üzrə:

13 orta məktəb

1 gimnaziya

11 əsas məktəb

1 gənclər məktəbi

23 ibtidai məktəb

1 yaşlılar məktəbi

5 bağça-məktəb

 

2000-2001-ci dərs ili üzrə:

12 orta məktəb

2 gimnaziya

2 əsas məktəb

1 gənclər məktəbi

25 ibtidai məktəb

1 yaşlılar məktəbi

5 bağça-məktəb

 

2005-2006-cı dərs ili üzrə:

6 orta məktəb

 

2 gimnaziya

15 əsas məktəb

1 gənclər məktəbi

2 ibtidai məktəb

9 ibtidai məktəblərin filialları

1 yaşlılar məktəbi

1 bağça-məktəb

 

2008-2009-cu dərs ili üzrə:

4 orta məktəb

2 gimnaziya

13 əsas məktəb

3 ibtidai məktəb

8 ibtidai məktəblərin filialları

1 bağça-məktəb

1 yaşlılar və gənclər məktəbi

1997-1998-ci dərs ilində Şilut rayonunda yerləşən ümumtəhsil məktəblərində 9865, 2000-2001-ci dərs ilində 11037, 2005-2006-cı dərs ilində 9426 şagird təhsil almışdır. Cari dərs ilində isə bu göstərici 7835 nəfərdir.

2004-2005-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində I-IV siniflər üzrə 177 sinif komplekti olmuş, bu siniflərdə 2960 şagird təhsil almışdır. Həmin dərs ilində V-XII siniflər üzrə 345 sinif komplektində 7046 şagird təhsil almışdır.

2005-2006-cı dərs ilində ibtidai siniflər üzrə komplektləşdirilmiş 159 sinifdə 2819, V-XII siniflər üzrə 313 sinif komplektində isə 6579 şagird təhsil almışdır.

2006-2007-ci dərs ilində I-IV siniflər üzrə komplektləşdirilmiş 157 sinifdə 2656, V-XII siniflər üzrə 275 sinif komplektində 6154 şagird təhsil almışdır. Hazırda rayonun ümumtəhsil məktəblərində ibtidai siniflər üzrə komplektləşdirilmiş 145 sinifdə 2295, V-XII siniflər üzrə komplektləşdirilmiş 254 sinifdə isə 5540 şagird oxuyur.

Rayonun ümumtəhsil məktəblərində sinif komplektlərinin doldurulması üzrə göstəricisi 2004-2005-ci tədris ilində I-IV siniflər üzrə 16,7, V-XII siniflər üzrə 20,4, 2005-2006-cı tədris ilində ibtidai siniflər üzrə 17,7, V-XII siniflər üzrə 21, 2006-2007-ci dərs ilində ibtidai siniflər üzrə (16,9, V-XII siniflər üzrə 22,4, 2008-2009-cu dərs ilində I-IV siniflər üzrə 15,8, V-XII siniflər üzrə 21,8-dir. Şilut rayonunun ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi sahəsində əvvəlki illərlə müqayisədə gözəçarpan irəliləyişlər nəzərə çarpır. Belə ki, 2005-ci ildə 16, 2006-cı ildə 10, 2007-ci ildə 9,9, 2008-ci ildə isə 9 şagirdə 1 kompüter düşüb.

Bu xüsusiyyət ayrı-ayrı illərdə rayonun ümumtəhsil məktəblərinin əsaslı təmirinə ayrılan vəsaitin məbləğində də özünü göstərir. 2005-ci ildə bu məqsədlə 21.619800, 2006-cı ildə 23.331000, 2007-ci ildə 26.957000, 2008-ci ildə 31.453000 Litva liti məbləğində vəsait ayrılsa da, 2009-cu ildə bu məbləğ 39.736000-ə qədər artırılmışdır.

Hesablanmış "Şagird səbəti"nə (bir şagirdin təhsil alması üçün sərf olunacaq illik vəsaitlərin məbləği - müəllimlərin əməkhaqqı, tədris materialları, idarəetmə, pedaqoji və sosial yardım) uyğun olaraq 2005-ci ildə bir şagirdə 2042, 2006-cı ildə 2150, 2007-ci ildə 2644, 2008-ci ildə 3216, 2009-cu ildə isə 4808 Litva liti məbləğində vəsait düşüb.

2005-ci ildə bir şagirdə təsərrüfat xərcləri üçün 822, 2006-cı ildə 1084, 2007-ci ildə 1351, 2008-ci ildə 1638, 2009-cu ildə 2118 Litva liti məbləğində vəsait ayrılıb.

Şagirdlərin daşınmasına 2005-ci ildə 1.072700, 2006-cı ildə 1.629300, 2007-ci ildə 1.560000, 2008-ci ildə 1.250000 Litva liti məbləğində vəsait xərclənib. 2009-cu il üçün bu məqsədlə 1.960000 Litva liti məbləğində vəsait ayrılıb.

Şilut rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin daşınması məqsədilə 2005-ci ildə  8, 2008-2009-cu illərdə 11 avtobus alınmışdır. Həmin avtobuslarla 2005-ci ildə 2487, 2006-cı ildə 1945 şagird daşınmışdır. 2008-2009-cu dərs ilində 2496 şagirdin daşınması nəzərdə tutulub.

ümumtəhsil məktəbləri şəbəkəsində optimallaşdırmadan sonra əldə olunmuş əsas nəticələr aşağıdakılardır:

1. Optimallaşdırma həyata keçirilən son 10 il ərzində:

a) şagirdlərin sayı miqrasiya və demoqrafiya səbəbindən 25 faiz azalmışdır:

b) ümumtəhsil məktəblərinin sayı 2,3 dəfə azalmışdır.

2. Optimallaşdırma həyata keçirilən son 5 il ərzində

a) sinif komplektləri:

I-IV siniflər üzrə 22 faiz azalıb;

V-XII siniflər üzrə 36 faiz azalıb;

b) sinif komplektlərinin  doldurulması:

I-IV siniflər üzrə 5,6 faiz azalıb;

V-XII siniflər üzrə 6,8 faiz artıb.

c) Müəllim-şagird nisbəti 1:7,5-dən 1:8,5-ə qalxmışdır;

d) kompüterlərin sayı 40 faiz artmışdır. Şagird-kompüter nisbəti 1:16-dan 1:9-a qədər artmışdır;

e) əsaslı təmir üçün ayrılan vəsait 5,4 dəfə artıb;

f) daşınma üçün vəsait 82 faiz artmışdır;

g) adambaşına "Şagird səbəti" 2,35 dəfə, eləcə də adambaşına təsərrüfat xərcləri 2,57 dəfə artmışdır.

 

Hicran ƏKBƏROVA