· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İngilis dili təlim kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olundu

Mayın 1-də Bakıdakı 23 nömrəli orta məktəbdə "British Council" beynəlxalq təşkilatı tərəfindən 7 pilot məktəbinin 55 ingilis dili müəllimi üçün keçirilən birhəftəlik  təlim kursunun başa çatması  ilə əlaqədar  təqdimat mərasimi keçirildi.Tədbiri giriş sözü ilə "British Council"un proqramlar üzrə meneceri Gülşən Hüseynova açaraq bildirdi ki, bu beynəlxalq təşkilat fəaliyyətini Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirmək istiqamətində daha da genişləndirir. "British Council" Təhsil Nazirliyi  ilə birgə müəllimlər üçün yeni  və dinamik  ingilis dili təlim kursu hazırlayıb və ilk dəfədir  ki, belə bir layihə həyata keçirir.

Bu təlim kursunun bir hissəsi  artıq 2008-ci ilin iyulunda həyata keçirilmişdir. Bakının 23, 134, 6, 7 nömrəli məktəblərində, "Ankara məktəbi" məktəb-liseyi və S.C.Pişəvəri adına  humanitar liseydə  işləyən 55 müəllimin I və V siniflərdə dedikləri dərslərin müşahidələri "British Council"in trenerləri tərəfindən aparılmış, sonra isə bu iş II və VI siniflər üçün aprelin 27-dən mayın 1-dək ikinci fazada həyata keçirilmişdir. Təlim kurslarının aparılmasında Böyük Britaniyanın dünya şöhrətli ingilis dili mütəxəssisi  Julietta xanımın əməyi böyük   olmuşdur.

Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunu Təhsil Nazirliyi maliyyələşdirib və yeni olan  bu təşəbbüs müasir təlim  metodlarını təqdim  etməklə, Bakının ən aparıcı 55 ingilis dili müəlliminin təkmilləşdirilməsini həyata keçirib.Təməli qoyulmuş bu işin  yaxın gələcəkdə  bütün məktəblərdə tətbiq olunmasının əhəmiyyətindən söz açan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin də vacibliyini vurğuladı.

 Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir,  Təhsil Nazirliyi ilə  səmərəli əməkdaşlığa görə "British Council" beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirdi.

Sonra 7 pilot məktəbinin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və  xanım Julietta tərəfindən sertifikatlar təqdim olundu.

 

Şakir CƏFƏROV