· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Repetitorluq məktəbi" vacibdir

 

Hörmətli oxucular! Artıq bir neçə ildir ki, mətbuatda, hətta bəzi rəsmi tədbirlərdə repetitorluq haqında ciddi tənqidlər söylənilir, bir çox hallarda onun təhsilin inkişafına mənfi təsir etdiyi qeyd olunur. Hesab edirəm ki, bu fikirlər olduqca yanlışdır və bu fikirlərin müəllifləri dünyanın ən inkişaf etmiş dövlətlərinin təhsil sistemləri haqqında təsəvvürlərə malik deyillər. Bu fikirlərimi sübut etməzdən əvvəl dünyanın bir çox dövlətlərində təhsil sistemləri və repetitorluq haqqında bir neçə söz demək istərdim.

 

Yaponiyada məktəb təhsili 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edəndir.  Yaponiyanın Maarif Nazirliyi tərəfindən müəyyən olunmuş minimum normaya görə şagird 1850 heroqlif öyrənməlidir. Lakin kitab və qəzet oxumaq üçün daha çox, yəni 3000-ə qədər heroqlif bilmək tələb olunur. Bu heroqlif minimumunun yarısını ibtidai siniflərdə öyrənmək lazımdır. Bununla belə hər bir heroqlif bir neçə variantda oxunur və ifadə olunur. Heroqliflərlə yanaşı, yapon dilində hər birində 48 işarə olan iki hərfi və hecalı əlifba, həmçinin latın əlifbası istifadə olunur.

Hər gün adi məktəbdə oxuduqdan sonra uşaqlar başqa, məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan digər məktəbə gedirlər. Bu məktəb "dzyuku" adlanır, tərcümədə "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"dir. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər. Belə repetitor məktəbi Tokioda hələ XVII əsrdə yaranmışdı.

İndiki repetitor məktəbləri dövlət məktəblərindəki kimi sıx deyil (dövlət məktəblərində bir sinifdə 40-45 şagird oxuyur) və müəllim-şagird münasibətlərində gərginlik və yadlaşma yoxdur. Repetitor məktəbində 3 yaşından 18 yaşına qədər uşaqlar məşğul olurlar. Bu məktəblərə aşağı sinif şagirdlərinin altıdan biri, orta siniflərin yarısı, yuxarı sinif şagirdlərinin hamısı gedir. Valideynlər bu məktəblərə pul ödəməyə heyifsilənmirlər, bu ölkədə uşaqların təhsili üçün pul xərcləməyə qənaət qəbul olunmur və belə kapital qoyuluşu ən etibarlı hesab edilir.

Repetitor məktəbinin Yaponiyada illik gəliri ağlasığmaz rəqəm olub, trilyon yenlərlə ölçülür və ölkənin hərbi xərcləri ilə müqayisə olunan həddədir.

Müəllimlər evə o qədər tapşırıqlar verirlər ki, yuxarı sinif şagirdləri gündə əlavə olaraq 5-6 saat məşğul olmaq məcburiyyətində qalırlar.

Yaponiyada məktəbəqədər təhsilə çox böyük diqqət yetirilir. Bu da onunla  əlaqədardır ki, psixoloqların təsdiq etdiyi kimi, 7 yaşına qədər insan ömrü boyu əldə edəcəyi biliklərin 70%-ni əldə edir.

Cənubi Koreyada təhsil sistemi 6 illik ibtidai məktəbdən, 3 il kiçik orta məktəbdən, 3 il yuxarı orta məktəbdən və 4 il kolleclərdə və ya universitetlərdə təhsildən ibarətdir.

İbtidai məktəbdə 9 fənn məcburidir: dini tərbiyə, Koreya dili, sosial elmlər, riyaziyyat, təbiət elmləri, fizika, musiqi, təsviri incəsənət və əmək.

1980-ci ildə general Con Du Xvan hakimiyyəti zəbt edərkən təhsildə etdiyi islahatlardan biri xüsusi təhsilə (repetitor məktəbinə) qadağa qoyması oldu. Onun qəbul etdiyi yeni qaydalara görə, xüsusi müəllimlərin xidmətindən istifadə edən şagirdlər müvəqqəti olaraq məktəbdən, onların repetitorları isə işdən çıxarıla bilərdilər. Lakin bu qanun ona gətirib çıxardı ki, 1980-84-cü illərdə xüsusi tədris daha çox gizli vəziyyətə keçdi və onun haqqı da xeyli artdı. 1984-cü ildə hökumət bu qadağanı ləğv etdi.

Rusiyanın tədris xidməti bazarında repetitorluğun meydana gəlməsinin başlanğıcını XVIII əsr hesab etmək olar. O vaxt I Pyotr "Avropaya pəncərə açdı" və ölkəyə çoxlu fransız, ingilis, alman müəllimlər dəvət olundu. XIX əsrdə yaşlı gimnazistlər və tələbələr aktiv olaraq fərdi dərslər keçirdilər ki, öz təhsil haqlarını ödəyə bilsinlər. Hazırda Rusiyada repetitorluq heç vaxt olmadığı aktivliyə malikdir.

Həqiqətən yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil. Müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır: hər bir dərsi o, fərdi aparır və şagird ilə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir.

Qeyd etmək lazımdır ki, xüsusi repetitorluq fenomeni beynəlxalq xarakter daşıyır və bəzi tədqiqatlar göstərdiyi kimi, dünyanın bir çox ölkələrində genişlənməyə meyil edir.

Rusiya Federasiyasının Dövlət Dumasının deputatları qərara alıblar ki, repetitorluğu leqallaşdırsınlar. Xüsusi praktika ilə məşğul olan müəllimlər iş adamlarına bərabərləşdirilir və mənfəətdən vergi ödəməyə məcbur olunacaqlar.

2009-cu ilin yanvarın 1-dən Belarus Respublikası prezidentinin "Belarus Respublikasının prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər haqqında" 703 nömrəli, 24.12.2008-ci il tarixli fərmanı qüvvəyə minmişdir və bu fərmana uyğun olaraq repetitorluq fiziki şəxslərin fərdi iş adamı kimi fəaliyyət göstərərək icra etdikləri və vergi ödədikləri işlərin siyahısına daxil edilmişdir.

2007-ci ildə Qazaxıstanda keçirilən monitorinq göstərmişdir ki, universitetlərin birinci kurs tələbələri arasında aparılan sorğuda 1004 tələbənin 89,6%-i (899 nəfər) xüsusi dərslər aldıqlarını və ya hazırlıq kurslarına getdiklərini bildirmişlər. Onların yarısı (49,8%-i) repetitorlardan istifadə etmiş, 39,8%-i hazırlıq kursuna getmişdir. Bununla belə, hazırlıq kurslarına gedənlərin 62%-i həm də repetitorların xidmətindən istifadə etmişdir.

ABŞ-da da repetitorluq sürətlə inkişaf edir. Bunun əsas səbəblərindən biri ABŞ-da ali və xüsusən də universitet təhsilində ciddi seçici və yarış sisteminin olmasıdır. Hər bir universitet tələbə qəbulu şərtlərini özü müəyyənləşdirdiyindən ən yaxşı universitetlərə qəbul olmaq da çətindir.

Bəzi universitetlərdə seçim başlanğıc səviyyədə kifayət qədər ciddidir. Məsələn, 2005-ci ildə Kaliforniyanın cənubunda yerləşən xüsusi Stenford Universitetinə daxil olmaq üçün 15600 adam ərizə vermişdi. Abituriyentlər elə ərizə verərkən ilkin ödəniş etməli olduqlarından onların həmin universitetə daxil olmaq istəklərini ciddi hesab etmək olar. Onlardan yalnız 2500 nəfəri (16%-ə yaxın) birinci kursa qəbul olunmuşdur. Harvard Universiteti üçün həmin ildə bu rəqəm 17% olmuşdur.

Yaxşı universitetlərə qəbul olmağı qarşısına məqsəd qoyan şagirdlər bu məqsəd uğrunda ibtidai məktəbdən çalışmalarının vacib olduğu fikri həqiqətdir.

ABŞ-da repetitorluq xidməti bahadır və çoxları üçün əlçatmaz olub, hər saat üçün 25-100 dollardır. İnternet xidməti yarandıqdan sonra repetitorluğun belə xidməti kifayət qədər ucuzlaşmışdır. Yuxarı sinif şagirdlərinə göstərilən onlayn köməyinin hər saatının haqqı 2,5 dollardır.

Educomp Solutions şirkətinin məlumatlarına əsasən, ABŞ-da repetitorluq bazarının dəyəri 8 milyard dollardır və daha da artacaqdır.

Amerika Müəllimlər Federasiyasının direktoru Nensi Van Meter təsdiq edir ki, repetitorlar valideynlərdən və müəllimlərdən təcrid olunmamalıdırlar və şagirdləri yaxşı hazırlaşdırmaq üçün onlarla məsləhətləşməlidirlər. 

Onu da qeyd edək ki, ölkəmizdə TQDK bir neçə ildir ki, abituriyentlər və yuxarı sinif şagidləri üçün rəsmi olaraq ödənişli əsaslarla kurslar təşkil etmişdir ki, bu da abituriyentlərin bilik səviyyəsinin yüksəlməsinə kömək edir.

Göründüyü kimi, repetitorluqla mübarizə yox, onun leqallaşması, rəsmiləşdirilməsi və işinin təşkili vacibdir.

ölkəmizdə repetitorluq haqqında təsəvvürlərin yanlış olması və ona qarşı etirazların kütləvi hal alması nə ilə bağlıdır? Əsas səbəb ondan ibarətdir ki, biz körpələrə 3 yaşından yox, 15 yaşından sonra repetitor tuturuq. 3-15 yaşlarında uşaqlarımız ya zəif, ya da ortabab biliklər alırlar (bəzi istedadlar müstəsna olmaqla). Belə olan halda X-XI siniflərin şagirdləri əsas dərslərdən yayınaraq (müxtəlif neqativ yollarla) repetitor yanına gedirlər. Əslində 3-15 yaş dövründə itirilmiş qiymətli öyrənmə zamanını 2 ildə əvəz etmək mümkün deyil. Digər tərəfdən, 3-9 yaşlı uşaqların hafizəsi 9-15 yaşlı uşaqların hafizəsindən daha güclüdür (bu, artıq sübut olunmuşdur).

Və yaxud, valideynlərimizin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələri də öz mənfi təsirini göstərməkdədir.

Başqa bir tərəfdən, repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edir. Əslində təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığın maddiyyətə bağlı gərginliyini yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib.

Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimlərimiz (xüsusən də kənd rayonlarında) əsasən təmənnasız olaraq şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar.

Rəsmi repetitor məktəbləri yalnız "çağ" öyrətim İşlətmələri şirkəti nəzdində fəaliyyət göstərən "Araz" kurslarıdır ki, onların müsbət iş təcrübəsi yayılmalıdır.

Hələ 1872-ci ildə yapon hökumətinin Təhsil Qanununun əlavəsi olan izahat materialında təhsilin məqsədi və funksiyaları haqqında aşağıdakılar qeyd olunmuşdur:

- təhsil insanın sosial pilləkənlərlə uğurlu yüksəlişini təmin etməlidir;

- məktəbin funksiyası ondan ibarətdir ki, hər bir insanda vətənpərvərlik hissləri yaratsın;

- yaponların hamısı praktiki elmləri öyrənməlidirlər ki, son nəticədə cəmiyyətə fayda verə bilsin və müasir dövlət quruculuğuna kömək edə bilsin.

Burada bir məqamı da qeyd etmək istərdim. Faktiki olaraq Yaponiyada şagirdlərin əsas repetitorlarından biri də hər birinin öz anasıdır (mübaliğəsiz).

Yapon analarını "başa salmağa" çalışmaq faydasız əmək sərf etmək deməkdir. Onlar şagirdin özündən pis bilmirlər ki, nə qədər ev tapşırığı verilib və heç də müəllimdən pis bilmirlər ki, şagird tapşırığı tam və düzgün yerinə yetirib, ya yox.

O da maraqlıdır ki, Yaponiyada birinci sinifdən sonuncu sinfə qədər heç bir imtahan verilməyən xüsusi məktəblər də var ki, uşaqlarını stresdən, əlavə yüklənmədən qorumaq istəyən valideynlər onları həmin məktəblərə verə bilərlər. Amma olduqca az adam bu xidmətdən istifadə edir. Əksər yaponlar hələ kiçik yaşlarından uşaqlarını rəqabət mübarizəsi burulğanına atırlar. Axı yapon cəmiyyətində əmək ilə tərbiyə olunmuş işgüzar keyfiyyətlər qiymətləndirilir.

Dünyanın bir neçə ölkəsindən gətirdiyimiz misallara bunu da əlavə edək: müdrik siyasətçi U.çerçill yazmışdı ki, əgər şagird öz seçdiyi ixtisas üzrə fənni yalnız məktəbdə öyrənirsə, fakültativ məşğələlərə getmirsə və evdə fərdi məşğul olmursa, o, gələcəkdə öz peşəsi üzrə layiqli mütəxəssis ola bilməz.

Bütün yuxarıda deyilənlərə ölkəmizdə müəllim hazırlığı sahəsində mövcud olan problemləri də əlavə etsək, bizim şagirdlərimizin yapon şagirdlərinə nəzərən repetitor kurslarından daha çox istifadə etmək ehtiyaclarının olduğu aydınlaşır. Onu da qeyd edək ki, ibtidai sinif müəllimi olmaq istəyənlərə daha ciddi tələblər qoyulmalıdır. Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar. Bu, yolverilməzdir. Müəllimin səviyyəsinin təhsilin uğurlarında nə qədər önəmli olduğunu göstərmək üçün ABŞ-ın yeni prezidenti Barak Obamanın 2009-cu il aprelin 27-də Amerika Milli Elmlər Akademiyasının illik yığıncağındakı çıxışının təhsilə aid hissəsini oxucuların nəzərinə çatdırmağı vacib saydım.

"... gələcək nəsillərin inkişafı və çiçəklənməsi indiki nəsli necə maarifləndirməyimizdən asılı olduğu bizə məlum olduğu üçün mən texniki və təbiət elmlərinin dəstəklənməsinə dair yeni qərarı elan edirəm (alqışlar).

Bu, mənim üçün çox əhəmiyyətlidir. Bu qərar sayəsində amerikalı məktəblilər növbəti on il müddətində texniki və təbiət elmlərində orta səviyyədən yüksək səviyyəyə yüksələcəklər. Axı biz bilirik ki, bu gün bizi təhsil sahəsində qabaqlayan ölkə sabah digər sahələrdə də bizi geridə qoyacaq. Və mən təhsil səviyyəsində bizim digərlərinə güzəştə getməyimizlə razılaşa bilmərəm.

Bu proqramın başlanmasında ləngimək olmaz. Biz bilirik ki, texniki və təbiət elmləri üzrə şagirdlərin uğurları və uğursuzluqlarını müəyyən edən ən vacib faktorlardan biri də bu elmlər üzrə müəllimlərin hazırlıq səviyyəsidir.

Bununla yanaşı, indi yuxarı siniflərdə riyaziyyat müəllimlərinin 20%-dən çoxu, kimya və fizika müəllimlərinin 60%-dən çoxu öz fənləri üzrə xüsusi hazırlığa malik deyillər. Və problem getdikcə daha da dərinləşir. 2015-ci ildə bütün ölkədə texniki və təbiət elmləri üzrə müəllimlərin sayı 280 min nəfərdən az olacaqdır.

Məhz buna görə də mən elan edirəm ki, texniki və təbiət elmlərinin tədrisində əsaslı dəstəyi təmin edən və inkişafa nail olan ştatlar bu ilin payızında Təhsil Nazirliyinin həcmi 5 milyard dollar olan "Zirvə yarışı" proqramını əldə etmək üçün müsabiqədə iştirak edə bilərlər.

Və mən ştatları standartları yüksəldərək, tədris laboratoriyalarını müasirləşdirərək, tədris planlarını yeniləşdirərək, bizim siniflərdə elmi və texnologiyaları tətbiq etmək üçün əməkdaşlıq yaradaraq texniki və təbiət elmlərinin tədrisini qəti şəkildə yüksəltməyə çağırıram (alqışlar).

Ştatları, həmçinin, müəllimlərin hazırlığını yüksəltməyə və şagirdləri cəlb edə biləcək, bizim məktəblərdə bu fənlərin tədrisini canlandıra biləcək texniki və təbiət elmləri üzrə ixtisaslı müəllimləri işə cəlb etməyə çağırıram.

Və bu başlanğıcda biz yaradıcı yanaş

malarımızın müdafiəsi üçün bütün var qüvvələrimizlə işləyəcəyik. Gəlin, məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistem yaradaq və gəlin, onları məktəbə aparan təcrübəli peşəkarlara yeni cığırlar açaq. Elə hazırda məktəblərdə kimyadan dərs verə biləcək kimyaçılar, riyaziyyatdan dərs verə bilən statistiklər mövcuddurlar. Lakin biz elə bir yol açmalıyıq ki, onunla sizin kimi insanların bilik, təcrübə və entuziazmı məktəbə gələ bilsin".

Fikrimcə, övladının gələcəyini fikirləşən hər bir valideyn aşağıdakıları nəzərə alsa, yaxşı olar:

1. Uşaqlar üç yaşından məktəbəqədər tədrisə və repetitor məktəbinə cəlb olunmalıdırlar (bu, hər bir kəsin imkanı daxilində ola bilər).

2. Valideynlər məktəb ilə əlaqəni gücləndirməli, övladlarının ev tapşırıqlarını yerinə yetirməsinə nəzarət etməli və lazım gəldikdə müəyyən məsləhətlər verməlidirlər.

3. Şagird üçün ciddi tədris və istirahət rejimi müəyyən olunmalıdır.

Məktəb şagirdlərə aşağıdakıları öyrətməlidir:

1. Nəyi, necə öyrənməyi.

2. öyrəndiklərini ifadə etməyi.

3. Tərbiyəli olmağı.

4. Əməkdaşlıq prinsiplərini.

5. İntizamlı olmağı.

6. Biliklərin, ilk növbədə, öz yaşamı üçün vacib olduğunu.

7. Təbiət və cəmiyyətin bir vəhdət halında olduğunu və biri-birinə güclü qarşılıqlı təsir etdiyini.

8. Təbiəti sevməyin vacibliyini.

9. Güclü vətənpərvərlik hisslərini, dövlətin atributlarına hörmət və ehtiramın vacibliyini.

10. Müəllimin müqəddəsliyini.

Bir problem də nəzərə alınmalıdır. Məktəbdə müəllim təkcə öyrədən yox, həm də hami rolunu oynayır. Bu halda kişi müəllimlərin təsir gücü daha böyükdür. Təəssüf ki, son 20 ildə müəllim peşəsinin əsasən "qadın" peşəsinə çevrilməsi prosesi intensivləşib. Azərbaycanın ümumtəhsil məktəblərində 173124 müəllim çalışır ki, onlardan 138280 nəfəri ali təhsilli (79,9%-i), natamam ali təhsilli 1270 nəfər (0,7%), orta ixtisas təhsillilər 33303 nəfər (19,2%), orta təhsilli 271 nəfər (0,2%)-dir və Təhsil Nazirliyi sistemində işləyən müəllimlərdən 126314 nəfəri qadındır ki, bu da 72,96%-dir. Müqayisə üçün qeyd edək ki, Yaponiyada ibtidai sinif müəllimlərinin 40%-ə qədəri, yuxarı sinifdə dərs deyən müəllimlərin 85%-ə qədəri kişilərdir.

Bu faktor çox ciddidir və gələcəkdə müəllim hazırlığı sahəsində islahatlar zamanı nəzərə alınması vacibdir və oğlanların müəllimlik ixtisaslarına həvəsləndirilməsi sahəsində əsaslı dönüş yaradılmalıdır.

Göründüyü kimi, həm valideynlərin, həm də məktəbin üzərinə böyük vəzifələr düşür. Odur ki, həm valideynlər savadlı və geniş dünya görüşlü, həm də müəllimlər yüksək səviyyəli olmalıdırlar. Bu isə bir gündə əldə olunmur, uzun müddət tələb edir. Lakin həm dövlət, həm də cəmiyyət tərəfindən ciddi addımların atılması vacibdir.

 

Vaqif ABBASOV,

AMEA-nın müxbir

üzvü, professor