Ana səhifə

Rəsmi

Heydər Əliyev Fondu

Əmrlər, sərəncamlar

Təhsil Nazirliyində

Xəbərlər

Pedaqoji yazılar

Məktəblərimiz


Bizimlə əlaqə

 

 

Xarici ölkələrin nüfuzlu ali məktəblərində

təhsil alan tələbələrlə görüş keçirildi

 

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan gəncləri Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söylədi.

Nazir qeyd etdi ki, son illər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq arzusunda olanların sayı artmaqdadır. ölkə başçısı cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bizim yüksək biliyə, bacarığa malik neçə-neçə gəncimizin öz təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirməsinə geniş imkanlar yaradır. 2007-ci ildən adıçəkilən Dövlət Proqramı Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir.  Proqramın əsas məqsədindən və əhəmiyyətindən söz açan nazir məlumat üçün bildirdi ki, 2007-ci ildə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün 74 tələbə, 2008-ci ildə 120 tələbə göndərilmişdisə, 2009-2010-cu dərs ilində bu göstəricinin 250 nəfərə çatacağı gözlənilir. Bizim gənclərimiz dünyanın 21-ə yaxın ölkəsinin nüfuzlu ali məktəblərində təhsil alırlar. İndiyə qədər Dövlət Proqramı  çərçivəsində xaricdə təhsil almaq məqsədilə göndərilən tələbələrin ümumi sayı 450-ə yaxındar. Bunun üçün Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görülüb.

Təhsil naziri Misir Mərdanov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq xarici ölkələrə göndərilən azərbaycanlı gənclərin seçdikləri ixtisaslar barədə statistik məlumatları görüş iştirakçılarının diqqətinə çatdırdı. Verilən məlumatdan aydın oldu ki, gənclər əsasən tibb (93 nəfər), iqtisadiyyat (81 nəfər), siyasi elmlər (57 nəfər), idarəetmə (53 nəfər), incəsənət (10 nəfər), hüquqşünaslıq (25 nəfər), texniki ixtisaslar (54 nəfər) və digər elmlər (27 nəfər) sahəsində təhsil alırlar. Qeyd olundu ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və idarəolunan xaricdə təhsil proqramları ilə 2008-ci ilin sonuna olan məlumata görə 1000-dən çox azərbaycanlı gənc xaricdə təhsil alır. Onlardan 832 nəfəri Təhsil Nazirliyinin bir sıra ölkələrlə imzaladığı ikitərəfli müqavilə və sazişlər çərçivəsində  təhsillərini davam etdirirlər. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Proqramın şərtlərinə əsasən həmin tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Nazir onu da qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində təhsil alanların seçim qaydaları, təhsil alanlar barədə ictimaiyyəti məlumatlandırmaq, xarici ölkələrin ali məktəblərindən məzun  olanların  işlə  təmin  olunmaları məqsədi ilə Təhsil Nazirliyi tərəfindən  xüsusi  İnternet  saytı (www.xaricdetehsil.edu.gov.az) yaradılıb. Bu veb-səhifədə əksini tapan məsələlərdən danışan nazir, eyni zamanda saytda Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlər üçün xüsusi yer ayrıldığını söylədi.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bütün gənclərə təhsillərində uğurlar arzulayaraq, respublikamızı təhsil aldıqları ölkələrdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması işində fəal olmalarını tövsiyə etdi.

Görüşdə iştirak edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı çingiz Abdullayev, Almaniyanın Helmholts adına Münhen Elmi Tədqiqatlar Mərkəzinin şöbə müdiri, professor Məsud Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov xaricdə təhsil alan bütün gənclərə müvəffəqiyyətlər diləyərək, onlara ən xoş arzularını çatdırdılar.

Berlin Humbuldt Universitetinin nəzdində fəaliyyət göstərən Şarite Klinikasında ümumi cərrahiyyə ixtisası üzrə doktorantura pilləsində təhsil alan Pərvin Məhərrəmov, Nyu-York Universitetinin riyaziyyat fakültəsində təhsilini magistratura pilləsi üzrə davam etdirən İsmayıl Cəfərov, Almaniyanın Haydelberq Universitetinin doktoranturasını bitirərək, həmin ölkənin Hannover Universitetinin klinikasında neyrocərrahiyyə ixtisası üzrə rezidentura pilləsində təhsilini davam etdirəcək Natavan Babayeva, Böyük Britaniyanın Mançester Universitetinin beynəlxalq biznes və menecment fakültəsinin magistratura pilləsində təhsil alacaq Səməd Səfərov çıxış üçün söz alaraq onların yüksək təhsil almaları üçün yaradılan imkan və şəraitə görə respublika Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Gənclər onlara etimad, qayğı göstərdiyinə görə təhsil naziri Misir Mərdanova və bu xeyirxah işin həyata keçirilməsində əməyi olan bütün şəxslərə minnətdarlıq etdilər.

Görüşün sonunda tələbələri maraqlandıran suallara cavab verildi, bir sıra məsələlərə aydınlıq gətirildi.

 

Samirə KƏRİMOVA