· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

 

Hörmətli oxucular, bu məqalədə dünyada prioritet təşkil edən və son dövrlərdə xüsusi diqqət yetirilən bir məsələ - yaşlıların təhsili ilə bağlı ölkəmizdə atılan addımlar, bu sahədə qarşıda duran vəzifələr barədə düşüncələrimi sizinlə bölüşmək istərdim.

Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişdiyindən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktuallığını itirir. Müasir dövrdə elm və texnologiya elə sürətlə inkişaf edir ki, biliklərin hər il orta hesabla 20 faizi "köhnəlir" və beləliklə, 5-8 il ərzində peşə və ixtisasların məzmunu inkişafla uzlaşmır, onun yeniləşməsinə ehtiyac duyulur. Başqa sözlə, cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsi, zənginləşdirməsi və zamanın tələblərinə uyğunlaşdırması zəruri tələbata çevrilir.

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf etdikcə təhsilə tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tərəfdən məqsədə, digər tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiyyətin inkişafı təhsil sistemi qarşısında yeni prioritetlər müəyyənləşdirir və hazırda dünyada həmin prioritetlərdən biri məhz yaşlıların təhsilidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye cəmiyyəti kimi xarakterizə olunurdusa, XXI əsr bilik, informasiya cəmiyyətinə çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların təhsilini "XXI əsrin qapılarını açan açarlardan biri" adlandırmışdır.

Dünya təcrübəsi göstərir ki, yaşlıların təhsili əlavə təhsilin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir.

Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və bacarıqları ilə yanaşı, digər "əsas kompetensiyaların" müəyyən edilməsi Avropada yaşlıların təhsilinə olan ciddi yanaşmanın göstəricisidir. Müəyyən edilmiş həmin kompetensiyalardan bəzilərini diqqətinizə təqdim edirəm:

* ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;

* xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;

* riyazi və texniki kompetensiyalar;

* İKT ilə bağlı kompetensiyalar;

* öyrənməyi öyrənmək, ömürboyu öyrənməklə bağlı kompetensiyalar;

* siyasi və sosial (ictimai) kompetensiyalar;

* təşəbbüskarlıq və sahibkarlıq səriştəsi;

* çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə bağlı kompetensiyalar.

Bir sıra ölkələrdə yaşlıların təhsili sistemi barədə məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Almaniyada yaşlıların təhsili təhsil sisteminin tərkib hissəsi kimi qanunvericilik bazasına malik olan bir sahədir. Bu da təsadüfi deyildir. Belə ki, həmin ölkənin yaşlıların təhsili sahəsində iki əsrlik təcrübəsi vardır. Almaniyada və bir sıra digər Avropa ölkələrində yaşlıların təhsili ilə məşğul olan qurumlar əsasən xalq universitetləridir. Almaniyada onların sayı minə yaxındır. Əgər bu ölkədə hər il 20 milyon insan əlavə təhsil alırsa, onların yarısı xalq universitetlərinin payına düşür. Bu gün həmin təhsil müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kursları, məktəb təhsilini tam başa vurmayan şəxslər üçün müvafiq kurslar fəaliyyət göstərir. Eyni zamanda bu təhsil müəssisələri beynəlxalq səviyyədə tanınan sertifikatlar verən, cəmiyyətin hər bir üzvünün tələbatına uyğun təhsil xidmətləri təşkil edən mərkəzlərdir. Xalq universitetləri dövlətin ümumi nəzarətində olmaqla tədris plan və proqramlarının müstəqil müəyyən edilməsi kimi bir sıra özünüidarəetmə hüquqlarına da malikdir.

Bu müəssisələrin büdcəsi əsasən üç mənbədən formalaşır:

- federal dövlət büdcəsindən;

- federal əyalət büdcəsindən;

- təhsilalanların təhsil haqqından.

Qeyd etmək lazımdır ki, xalq universitetlərinin büdcəsinin formalaşmasında əsas pay dövlətə məxsusdur. Xalq universitetlərində əlavə təhsilə cəlb edilən dinləyicilərin bir qisminə təhsil haqqının ödənilməsində müəyyən imtiyazlar tətbiq edilir. Belə ki, emiqrantlar, maddi və sağlamlıq imkanları məhdud və digər kateqoriyadan olan şəxslərin təhsil haqqından qismən və yaxud tam azad edilməsi imkanları mövcuddur. Bu faktlar onu sübut edir ki, Almaniya dövləti yaşlıların təhsilinin ölkənin inkişafında böyük əhəmiyyət kəsb etdiyini qəbul edir və bu sahəyə xüsusi diqqət yetirir.

Avropa Birliyinin yeni üzvlərindən olan Litvanın bu istiqamətdə həyata keçirdiyi siyasət diqqəti cəlb edir. Litvada yaşlıların təhsili Maarif və Elm Nazirliyi, Sosial Müdafiə və Əmək Nazirliyi, müxtəlif nazirliklərin ixtisasartırma mərkəzləri, dövlət təhsil müəssisələri, özəl qurumlar və kommersiya təşkilatları tərəfindən həyata keçirilir. Bu istiqamətdə siyasətin formalaşdırılması, normativ-hüquqi bazanın yaradılması, milli və regional səviyyədə infrastrukturun inkişaf etdirilməsi, maliyyələşdirilməsi, təhsil fəaliyyətinin monitorinqi və dinləyicilərə müvafiq sertifikatların verilməsi həmin qurumların birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bununla əlaqədar Litva hökuməti tərəfindən müvafiq dövlət proqramı və ömürboyu təhsil strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədi 25-64 yaşlı vətəndaşların maksimum səviyyədə (ildə 12-15 %) təhsil prosesinə cəlb edilməsidir. Dövlət proqramı çərçivəsində isə yaşlıların təhsilinin inkişafı, onların təhsil imkanlarının genişləndirilməsi, yeni təhsil mərkəzlərinin yaradılması və lazımi avadanlıqlarla təchizatı həyata keçirilir.

Həmin ölkədə yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri-hökumət qurumlarının maliyyələşdirilməsi həm birbaşa, həm də müsabiqə yolu ilə aparılır. Yəni müxtəlif təşkilatlar yaşlıların təhsili istiqamətində hazırladıqları layihələri və proqramları hökumətə təqdim edərək onun həyata keçirilməsi üçün maliyyə vəsaiti əldə edə bilirlər. Bu isə rəqabətə əsaslanan yüksək keyfiyyətə və daha çox sayda yaşlıların təhsilə cəlbinə imkan yaradır.

Avropa İttifaqında yaşlıların təhsilə cəlbi orta hesabla 9,7 faiz təşkil edir. Litvada qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 6 faiz olmuşdur. Eyni zamanda Avropa İttifaqı bu göstəricini 2010-ci ilədək 12,5 faizə çatdırmağı planlaşdırdığı halda, Litva 2012-ci ilə həmin nəticəni 15 faizə yüksəltməyi əsas hədəf kimi müəyyənləşdirmişdir.

Qeyd olunanlar bir daha sübut edir ki, Avropa ölkələrində yaşlıların təhsili insanların davamlı məşğulluğuna və fəal vətəndaş mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərən sistemə çevrilmişdir.

Etiraf edim ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə kifayət qədər məlumat yoxdur. Belə ki, bəzən yaşlıların təhsili ilə ahılların təhsili anlayışları eyniləşdirilir. Halbuki yaşlıların təhsili ahılların təhsilini də özündə ehtiva etməklə daha geniş əhatə dairəsinə malikdir. Yaşlıların təhsili dedikdə, şərti olaraq 18 yaşdan yuxarı, müstəqil fəaliyyət təcrübəsi və bir çox hallarda peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanların təhsilə cəlbi nəzərdə tutulur.

Bəs yaşlıların təhsili ilə ənənəvi təhsil arasında fərq nədən ibarətdir? Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş və iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa, yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemini keçmiş insanların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etməkdir. Qeyd olunduğu kimi, yaşlıların təhsili kontingentinə daxil olan insanlar artıq müəyyən bilik və bacarıqlara malik olduqlarından, onların ənənəvi metodlarla təlimi səmərəli nəticə verə bilməz. Bu səbəbdən yaşlıların təhsili sistemində yeni prinsip və metodların tətbiqi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda bu təhsil formasının təşkili zamanı təhsilalanların tələbatları və onların əvvəllər qazandıqları bilik və bacarıqlar maksimum dərəcədə nəzərə alınmalıdır. Təlim prosesi zamanı dinləyicilərin ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi, onlarda yeni bilik və bacarıqlar əldə etməyə motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili ilə məşğul olan mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almağa çalışırlar. Təlim zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl məlumat verilir. Belə ki, bəzən ənənəvi təhsil mühitində dinləyiciyə seçilən peşənin gələcək perspektivi haqqında geniş məlumat verilmir və bu da dinləyicidə gələcəyə ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.

Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial-demoqrafik qruplar aid edilir:

-Əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar əmək sahəsi işçiləri.

-Məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər.

-Uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar.

-Peşəsi olmayanlar.

-Yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər.

-Hərbi xidmətdən tərxis olunanlar.

-Məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar.

-Şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər və s.

Qloballaşma prosesi və Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası, eləcə də Boloniya prosesi təhsilin idarəolunmasının təkmilləşdirilməsini, keyfiyyətin yüksəldilməsini aktual vəzifə kimi qarşıya qoymuşdur. Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, yoxsulluğun azaldılması və aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini prioritet səviyyəyə qaldırmış, insan resurslarının inkişaf aləti olan yaşlıların təhsilini dövlət siyasətində strateji istiqamətə çevirmişdir.

Azərbaycanda, o cümlədən keçmiş Sovetlər Birliyində planlı iqtisadiyyat şəraitində bir dəfə əldə edilmiş ixtisas insanın ömrü boyu işlə təmin olunmasına imkan verirdi, lakin bazar iqtisadiyyatı şəraitində texnologiyaların sürətlə dəyişməsi çevik və dinamik şəkildə peşə və ixtisasların artırılmasını, yeni ixtisaslara, əlavə bilik və bacarıqlara yiyələnməni tələb edir.

Aparılan tədqiqatlar sübut edir ki, hazırda ölkəmizdə mövcud olan işsizlik problemi yalnız iş yerlərinin olmaması səbəbindən deyil, eyni zamanda işsiz və işaxtaran vətəndaşların ixtisas təhsilinin və bacarıqlarının müasir əmək bazarının tələblərinə cavab verməməsi ilə bağlıdır. Buna görə də ölkədə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların əmək bazarında rəqabətədavamlı və müasir tələblərə cavab verən müvafiq peşə və ixtisaslara yiyələnməsini zəruri edir. Digər bir fakt: hər il ölkədə 120 minədək gənc orta məktəbi bitirir. Onların təqribən 28 mini ali, 7 mini orta ixtisas və 14 mini texniki peşə təhsili müəssisələrinə qəbul olunur, qalan 70 min gənc peşəsiz-sənətsiz əmək bazarında və cəmiyyətdə özünə yer axtarmağa məcburdur. ölkədə əmək bazarında yaranmış güclü rəqabət şəraitində bu kimi ixtisassız insanların öz məşğulluğunu təmin edə bilməsi üçün peşə təhsilinin, o cümlədən yaşlıların peşə təhsili sisteminin inkişaf etdirilməsi son dərəcə zəruridir.

Təhlil göstərir ki, Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların (xüsusilə kənd regionlarında fəaliyyət göstərənlərin) əksəriyyətinin bu sahədə təhsilə ciddi ehtiyacı vardır. ölkəmizdə sahibkarlıqla məşğul olanların 60 faizi 40 yaşından yuxarı olanlardır və onların böyük əksəriyyəti sahibkarlıq üzrə əsaslı biliklərə malik deyillər. Bu baxımdan yaşlıların təhsili sahibkarlıq fəaliyyətinin inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir;

Azərbaycan höküməti ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığını aradan qaldırmaq məqsədilə qeyri-neft sektorunun inkişafı siyasətini bəyan etmişdir. Qeyd etmək vacibdir ki, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan insan resurslarının inkişafı yaşlıların təhsili sistemi hesabına mümkün ola bilər. Maraqlıdır ki, Dünya Bankının 192 ölkədə apardığı tədqiqatın nəticələri göstərir ki, dünya iqtisadiyyatında baş verən artımın 16 faizi fiziki kapital, 20 faizi təbii resurslar, 64 faizi isə insan kapitalı hesabına təmin olunur. Tədqiqatdan o da məlum olmuşdur ki, insan kapitalının inkişafında yaşlıların təhsili sistemi mühüm rol oynayır.

Yaşlıların təhsilinin daha bir əhəmiyyətli cəhəti barədə. ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra sahələr müəyyən dövrdən sonra öz prioritetliyini digər sahələrə verməyə məcbur olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin yeni peşə və ixtisaslar üzrə təhsil almasına ehtiyac yaranır. Bu vəzifənin yerinə yetirilməsi məhz yaşlıların təhsili sisteminin üzərinə düşür. Problem isə ondan ibarətdir ki, respublikamızda əlavə təhsil imkanları məhdud olduğundan yeni peşə və ixtisaslara yiyələnmə heç də həmişə əlçatan olmur. Etiraf etmək lazımdır ki, Azərbaycanda əlavə təhsil müəssisələrində mövcud olan tədris kursları bir sıra problemlər səbəbindən keyfiyyətli və əmək bazarının-iqtisadiyyatın tələblərinə cavab verən ixtisaslar üzrə tədris xidmətləri göstərə bilmir. Təhlil göstərir ki, bu problemlər əsasən aşağıdakılardır:

-işəgötürənlərin kadrlara olan ehtiyacları barədə real vəziyyəti əks etdirən informasiya sistemi qurulmamışdır;

-kadr hazırlığı müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmamışdır;

-müəssisə, idarə və təşkilatlarda peşə hazırlığı və ixtisasartırma üçün şərait çox aşağı səviyyədədir;

-işəgötürənlərin kadr hazırlığı prosesində iştirakı təcrübəsi demək olar ki, yoxdur;

-yaşlıların təhsili problemi baxımından mühüm əhəmiyyət kəsb edən sosial tərəfdaşlıq (sahibkar+təhsil müəssisəsi) mexanizmi hələ də formalaşmamışdır;

-insan resurslarının inkişafına xidmət etmələrinə baxmayaraq, yaşlıların təhsili ilə məşğul olan təhsil müəssisələrinin işi biznes fəaliyyət kimi qəbul edilir və onların fəaliyyətinin stimullaşdırılması üçün heç bir güzəştlər və ya digər tədbirlər nəzərdə tutulmur. Əlbəttə, yeni qəbul edilən Təhsil Qanununda bu problemin həlli nəzərdə tutulmuşdur və ümid etmək olar ki, gələcəkdə öz səmərəsini verəcəkdir;

-yaşlıların təhsili sahəsi üzrə ixtisaslı kadrların (müəllim heyəti və ixtisaslaşmış inzibati işçilər) sayı tələb olunandan xeyli azdır.

Azərbaycanda yaşlıların təhsili sisteminin yaradılmasını aktual edən digər səbəblərlə bağlı fikirlərimi bildirmək istərdim. Belə ki, ölkəmizdə əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşmasına ehtiyac vardır, bir milyona qədər qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarını itirməklə yanaşı, mövcud iş yerlərini də itirdiklərinə görə onların müvəqqəti də olsa yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurəti meydana çıxmışdır.

ölkəmizdə yaşlıların təhsilini aktuallaşdıran məsələlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının tətbiq sahələrinin genişləndirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və təşkilatların əməkdaşlarının, ümumilikdə əhalinin bu sahədə bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir. Maraqlı bir məqama diqqətinizi cəlb etmək istəyirəm. 2005-ci ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin İKT ilə təminatı və təhsilin informasiyalaşdırılması siyasəti həyata keçirilir. Bu siyasətin səmərəliliyi isə bilavasitə təhsilverənlərin İKT bacarıqlarına yiyələnməsindən birbaşa asılıdır. Onu da qeyd etmək lazımdır ki, ötən 5 ildə 200 min müəllimdən yalnız 20 mininin müvafiq treninqlərə cəlb edilməsi mümkün olmuşdur. Düşünürəm ki, bu sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün dünya təcrübəsində yaşlıların təhsili sistemində tətbiq olunan metodlardan istifadə edilməsi faydalı olardı.

Müasir dövrdə dinamik sosial-iqtisadi inkişafla bağlı peşə və ixtisaslar sahəsində sürətli dəyişikliklər baş verir. Məhz bu amil hətta yenicə hazırlanmış kadrlarda çevik və qısamüddətli əlavə təhsilə ehtiyac yaradır. Bununla əlaqədar baş verən dəyişikliklərə çevik uyğunlaşmanı təmin etmək məqsədilə müvafiq təhsil proqramlarının işlənməsi və tətbiqi son dərəcə aktuallıq kəsb edən məsələlərdəndir.

Təhlil göstərir ki, Azərbaycanın əhalisi Avropanın və dünyanın əksər ölkələrinin əhalisi kimi yaşlanmağa başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son 10 il ərzində doğum indeksi 2 dəfə azalmış, insanların orta ömür uzunluğu 2 il artmışdır. Bu o deməkdir ki, gələcəkdə ölkəmizdə yaşlı əhalinin çəkisi artacaq, bu isə onların davamlı məşğulluğunun təmin olunması üçün yaşlıların təhsili sisteminə ehtiyacı daha da artıracaqdır.

Düşünürəm ki, davamlı inkişaf istiqamətində fəal vətəndaş mövqeyinə malik, rəqabətqabiliyyətli, çevik düşüncəli peşə sahiblərinin yetişdirilməsi üçün insan resurslarına investisiyaların qoyulması həlledici amillərdən biridir. ötən məqalələrdə göstərildiyi kimi, son illərdə ölkəmizdə təhsil sahəsinə yönəldilən investisiyaların həcminin hissolunacaq dərəcədə artması bir sıra əhəmiyyətli nailiyyətlərin əldə olunmasına zəmin yaratmışdır. Bununla yanaşı, beynəlxalq təşkilatların hesabatları göstərir ki, ölkəmizdə insan inkişafı indeksi hələ də aşağıdır. Məlumdur ki, insan inkişafı indeksinin formalaşmasına təsir edən amillər həm iqtisadi, həm də təhsil göstəricilərinə əsaslanır. Davamlı inkişafı yalnız infrastrukturun yaradılması ilə təmin etmək mümkün deyildir. çünki insan faktoru hər bir inkişafın həlledici elementidir və insan yalnız təhsil vasitəsilə bu inkişafda katalizator rolunu oynaya bilir. Əks halda, o, bu proseslərdən kənarda qaldıqda inkişaf davamlılıq xarakterini itirir və qısamüddətli olur. Heç bir mükəmməl infrastruktur, yeni istehsal və ya xidmət sahəsi insan faktoru olmadan inkişafa öz töhfəsini verə bilmir. Qeyd etmək lazımdır ki, Avropada artıq "insan resurslarına daha böyük investisiyalar" proqramları dedikdə yaşlıların təhsili və ömürboyu təhsil sisteminə yardım başa düşülür. Təhsil göstəriciləri içərisində isə əhalinin sayına nisbətən təhsillilərin sayı xüsusi çəkiyə malikdir. Hesab edirəm ki, Azərbaycanda insan inkişafı indeksinin yüksəldilməsi üçün yaşlıların təhsili sisteminin inkişafı və hər bir vətəndaş üçün əlavə təhsilin əlçatan olması imkanlarının yaradılması barədə düşünməliyik.

Son 10 il ərzində Azərbaycanda yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzində olmuş, "ömürboyu təhsil", "təhsil hamı üçün" devizi altında bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin keçirilməsində məqsəd yaşlıların təhsilinin vacibliyini və aktuallığını ictimaiyyət arasında təbliğ etmək, ölkənin və cəmiyyətin inkişafında onun aktuallığını və vacibliyini vurğulamaq, təcrübə mübadiləsi aparmaqdır.

Beynəlxalq miqyasda yaşlıların təhsili ideyasının geniş təbliğ edilməsi ilə əlaqədar konfrans və seminarlar təşkil edilmiş, bu istiqamətdə bir sıra mühüm sənədlər qəbul olunmuşdur. Belə ki, yaşlıların təhsili haqqında Hamburq Bəyannaməsi (iyul 1997-ci il), Avropa Birliyinin fasiləsiz təhsil haqqında Memorandumu (mart 2000-ci il), Sofiya Bəyannaməsi (9 noyabr 2002-ci il), Moskva şəhərində MDB-yə üzv olan dövlətlərin təhsil nazirlərinin VIII konfransında qəbul edilmiş Yaşlıların Təhsilinin İnkişaf Konsepsiyası (13 may 2003-cü il) bu ideyaya xidmət edən sənədlərdir. Təsadüfi deyildir ki, 1997-ci ildə Hamburq şəhərində beynəlxalq konfrans "Yaşlıların təhsili XXI əsrin açarıdır" devizi altında keçirilmişdir. Bundan sonra 2002-ci ildə Sankt-Peterburqda MDB ölkələrinin Parlamentlərarası Assambleyasının keçirildiyi konfransda yaşlıların təhsili qanununun modeli də qəbul olunmuşdur. 2000-cü ilin aprelində Dakarda "Hamı üçün təhsilə dair" ümumdünya Forumu keçirilmiş və Dakar Fəaliyyət Planı qəbul olunmuşdur.

Bununla yanaşı, qeyd etmək istərdim ki, ölkəmizdə də yaşlıların təhsili ilə əlaqədar müəyyən nailiyyətlər əldə edilmişdir. Yaşlıların təhsilinin elmi, pedaqoji, psixoloji aspektləri ilə bağlı tədqiqatlara başlanılmış, elmi-praktik konfranslar keçirilmiş, yaşlıların təhsil konsepsiyası hazırlanmışdır. Milli Məclisdə "Yaşlıların təhsili" haqqında qanun hazırlanmış, ilk oxunuşdan keçmişdir. Yaşlıların təhsili məsələlərinə dair iki milli konfrans keçirilmiş, Azərbaycan Müəllimlər İnstitutu nəzdində Yaşlıların təhsili metodiki kabineti yaradılmışdır.

Amma qeyd etməliyəm ki, bunlar hələ ilk addımlardır. Mütəxəssislərin fikrincə, beynəlxalq təcrübədən istifadə edərək yaşlıların təhsilinin əlaqələndirilməsi məqsədilə bu problemlə məşğul olan bütün qurumların nümayəndələri cəlb edilməklə Koordinasiya Şurasının yaradılmasının vaxtı çatmışdır.

Yaşlıların təhsilini təşkil etmək üçün öyrədənlərin - andraqoqların hazırlanması bu gün ən aktual problemlərdən biridir. Azərbaycan Müəllimlər İnstitutunda "Təhsilin idarəedilməsi" kafedrasının və müvafiq mütəxəssislərin olmasını nəzərə alaraq, mütəxəssis hazırlığı həmin təhsil müəssisəsində həyata keçirilə bilər.

Yaşlıların təhsili struktur etibarı ilə necə qurulmalıdır? ümumi təhsil və yaxud peşə təhsili pillələri arasında onun yerini necə müəyyənləşdirmək olar?

Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xüsusiyyətlərinə uyğun olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq müvafiq proqram və tədris materialları hazırlanır. Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən, həmçinin cinsindən asılı olmayaraq, bütün yaş qrupları əhatə edilsin. Eyni zamanda yaşlıların təhsilinin təşkili zamanı bir sıra amillər də nəzərə alınmalıdır:

* Yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə, onun əsasında həyata keçirilməlidir;

* Yaşlıların təhsili əsasən kişilərə aid olan istehsalat sahələrində işləmək üçün qadınlara müvafiq kvalifikasiyalar verməlidir;

* Yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin müvafiq peşə almalarına şərait yaratmalıdır;

* Yaşlıların təhsilinə mane ola biləcək bütün amillər, o cümlədən qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır;

* İş ilə təhsil arasında vaxt bölgüsü düzgün müəyyənləşdirilməli, yaşlıların təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik təlim metodları və texnologiyaları işlənməlidir;

* Yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alınmalı və ondan istifadə olunmalıdır;

* Bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır;

* Təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mühitə uyğunlaşdırılmalıdır;

* Təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən xərclərdən daha çox effekt verməsi nəzərə alınmalıdır;

* İnkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nəzərdə tutulmalı, yaşlıların təhsili milli, regional sosial-iqtisadi inkişaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə müvafiq olaraq istiqamətləndirilməli və koordinasiya edilməlidir;

* Yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri-dövlət təhsil müəssisələrinə, təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq edilməlidir.

Yaşlıların təhsilinin təşkilində əhəmiyyətli məsələlərdən biri də məzmunun müəyyənləşdirilməsidir. Belə ki, yaşlıların təhsili prosesində məzmun konkret vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilməli, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xidmət etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olmayaraq hər bir insanın ömürboyu təhsilinin (biliyinin) artırılmasına yönəlməli, əmək fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləşdirməli, onları daha vacib və çevik qərarlar qəbul etməyə stimullaşdırmalıdır. Yaşlıların təhsili iqtisadi inkişafla əlaqələndirilməli, fərdi həyatdakı dəyişikliklərə uyğun hazırlanmalı, inkişaf proseslərini sürətləndirməlidir.

Fərdin hər hansı təhsil pilləsində, həmçinin fərdi və praktik yolla təhsil almasından asılı olmayaraq onun bilikləri daim artırılmalı, texniki və peşəkar kvalifikasiya səviyyəsi yüksəldilməli, yeni bacarıqlar formalaşdırılmalıdır ki, o, müstəqil fəaliyyətini təmin edə bilsin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil prosesi ilə məhdudlaşmamalı, ömürboyu həyata keçirilməli, əldə edilmiş yeni bilik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli inkişafına və fəaliyyətinə imkan yaradılmalıdır. Odur ki, yaşlıların təhsili fasiləsiz təhsil sisteminin mühüm tərkib hissəsi kimi gənclərin və bütün yaşlı insanların iştirak etdiyi təhsil prosesi kimi baxılmalıdır.

ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşdirilməsi üçün bir sıra təklifləri də hörmətli oxucuların diqqətinə çatdırmaq istərdim:

1.Yaşlıların təhsili sistemini tənzimləyəcək və onun inkişafına xidmət edəcək qanunvericilik bazasının yaradılması.

2.Yaşlıların təhsili sisteminin institusional inkişafını tənzimləyəcək nazirliklərarası dövlət-ictimai qurumunun və digər müvafiq strukturların yaradılması.

3.Yaşlıların təhsilinə dair tədbirlərin inkişaf proqramlarına daxil edilməsi.

4.Yaşlıların təhsili sahəsində sosial tərəfdaşlığın qurulmasına yardım göstərilməsi.

5.Yaşlıların təhsili üzrə mövcud vəziyyəti qiymətləndirmək üçün informasiya bazasının yaradılması və statistikanın təkmilləşdirilməsi.

6.Kadr hazırlığı prosesində işəgötürənlərin, əmək bazarı nümayəndələrinin iştirakı mexanizmlərinin müəyyənləşdirilməsi, bu sahədə informasiya-maarifləndirmə kampaniyasının aparılması.

7.Müəssisə və təşkilatların işçi heyətinin fasiləsiz təkmilləşdirilməsini stimullaşdıran mexaznizmlərin işlənməsi və həyata keçirilməsi.

8.Təhsil xidmətlərinin, kadr hazırlığı üzrə xidmətlərin sosial xidmətlər kateqoriyasına daxil edilməsi, bu xidmətlərin kommersiya işindən fərqləndirilməsi, vergi və digər imtiyazların tətbiq edilməsi.

9.Təhsil müəssisələri səviyyəsində əmək bazarının tələbatının öyrənilməsi üçün marketinq xidmətinin yaradılması və inkişaf etdirilməsi.

10.Yaşlıların təhsili üzrə elmi-metodiki bazanın yaradılması (metodiki kabinetlər, ixtisasartırma kursları, tədqiqatlar və s).

11.Yaşlıların təhsili üzrə resurs mərkəzlərinin yaradılması (məlumat, peşəyönümlü, tədris, maarifləndirmə, təbliğat və s.).

12.Mövcud ixtisasartırma və yenidənhazırlanma təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, şəbəkənin optimallaşdırılması.

13.Yoxsul və aztəminatlı insanların yaşlıların təhsilində iştirakının təmin edilməsi.

14.Peşə fəaliyyətləri ilə məşğul olanların ixtisaslarının artırılmasının stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi (maaşlara əlavələr, imtiyazlar, təhsil məzuniyyətləri və s.).

15.İctimai təşkilatların, icmaların yaşlıların təhsilinin inkişaf prosesinə cəlb olunması (birgə layihələr, sifarişlər, digər tədbirlər).

16.Yaşlıların təhsilinin inkişafı prosesində İKT-nin imkanlarından geniş istifadə edilməsi (distant təhsil, elektron kitabxanalar, laboratoriyalar, məlumat bazaları, veb-portallar və s.).

17.Qeyri-formal təhsil yolu ilə əldə olunmuş bilik və bacarıqların akkreditasiyası mexanizminin yaradılması.

18.Yaşlıların təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

19.Kadr hazırlığı siyasəti baxımından iqtisadiyyatın prioritet istiqamətlərinin müəyyən edilməsi.

Beləliklə qeyd etməliyəm ki, yaşlıların təhsili dövlət və qeyri-dövlət, formal və qeyri - formal, informal təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir. Düşünürəm ki, ölkəmizdə yaşlıların təhsili sisteminin yaradılması cəmiyyətin sosial-iqtisadi inkişafını şərtləndirməklə yanaşı, hər bir şəxsin maraq və qabiliyyətinə uyğun əmək fəaliyyətinin təşkilinə imkan yaradardı. Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi zəruri məsələlərdəndir.

 

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor