· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil naziri yay təlim-istirahət düşərgəsində

dincələn istedadlı şagirdlərlə görüşüb

 

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin 7 avqust 2009-cu il tarixli, 975 nömrəli əmrinə əsasən avqustun 10-da Şüvəlandakı 16 nömrəli internat məktəbin bazasında istedadlı şagirdlər üçün yay təlim-istirahət düşərgəsi açılıb. Düşərgəyə riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə yerlərdə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlıları müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində keçirilmiş təkrar seçim zamanı I, II və III yerləri tutan 50 şagird cəlb edilib.

Avqustun 21-də təhsil naziri Misir Mərdanov 16 nömrəli internat məktəbdə olub, buradakı yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb.

Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya fənləri üzrə münsiflər heyətlərinin sədrləri, tanınmış alimlər, professorlar Vaqif Abbasov, Ədalət Fərəcov, Təhsil Nazirliyinin tabeliyindəki bəzi liseylərin direktorları və KİV nümayəndələri iştirak edirdilər.

Nazir Misir Mərdanov şagirdləri salamlayaraq bildirdi ki, hazırda onların dincəldikləri yay təlim-istirahət düşərgəsi təhsilə, istedadlı uşaq və gənclərə daim xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən təşkil olunub. Həmin plana uyğun olaraq xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması üçün artıq ikinci ildir ki, bölgələrdə və paytaxtda bir neçə mərhələdə seçim aparılır.Builki seçimin son mərhələsində 600-dən çox şagird iştirak edib. Seçilmiş ən istedadlı 50 şagirdin adı "İstedad bankı"na daxil ediləcək.

Aparılan seçimlərdə Təhsil Nazirliyinin əməkdaşlarının, tanınmış ziyalıların böyük zəhməti olduğunu qeyd edən nazir bu çox mühüm işə heç də hər yerdə məsuliyyətlə yanaşılmadığını, seçimdə respublikanın bütün rayonlarının geniş təmsil olunmadığını təəssüf hissi ilə bildirdi.

Nazir diqqətə çatdırdı ki, istedadlı şagirdlərin gələcək uğurları izlənilməli, onların inkişafı üçün hər cür şərait yaradılmalıdır. Elə etmək lazımdır ki, Azərbaycan xalqı istedadlı uşaqların potensialından lazımınca istifadə edə bilsin. Bu istiqamətdə proqram çərçivəsində 2006-cı ildən bəri görülmüş işlər haqqında məlumat verən Misir Mərdanov bildirdi ki, ölkənin əksər rayonlarında 50 məktəbdə liseylər, lisey sinifləri yaradılmış, həmin məktəblər dövlət vəsaiti hesabına təmir olunaraq avadanlıqlarla təchiz edilmişdir. Kimya, fizika, riyaziyyat fənləri üzrə bir neçə kitab çap olunmuşdur.

Sonra bu il nəfis şəkildə çap edilmiş "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar", "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Kimyadan olimpiada məsələləri" adlı kitablar şagirdlərə paylandı.

Görüşdə nazir istedadlı şagirdlərlə səmimi dialoq apardı. Misir Mərdanov öncə onların istirahətinin necə keçməsi ilə maraqlandı. Günlərinin xoş, istirahətlərinin mənalı keçdiyini, gündəlik idmanla, kompüterlərlə məşğul olduqlarını, kitabxanada mütaliə etdiklərini, gəzintilərə çıxdıqlarını bildirən şagirdlər onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını söylədilər. Sonra nazir onlardan nə kimi problemləri, arzu və istəkləri olduğunu, kimin öz məktəbini dəyişmək istədiyini soruşdu. ötən il bu istəkdə olanlara imkan daxilində kömək göstərildiyini, indi də bu məqsədlə görüşə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən bəzi liseylərin direktorlarının dəvət olunduğunu deyən nazir həmin liseylərdəki şərait haqqında şagirdlərə məlumat verdi.

Görüş zamanı nazir istedadlı şagirdlərin xaricdə təhsil almağın şərtləri, orta məktəbi qızıl (gümüş) medallarla bitirənlərə ali məktəblərə qəbulda nə kimi güzəştlərin nəzərdə tutulması, təhsil müəssisələrinin mühafizəsi, "Kiçik akademiya"ların yaradılması, təhsil sistemimizdə yaxın perspektivdə görüləcək işlər və s. bağlı suallarını ətraflı cavablandırdı.

Görüşün sonunda nazir düşərgədə istedadlı şagirdlər üçün yaradılmış nümunəvi şəraitə görə 16 nömrəli internat məktəbin rəhbərliyinə, bu işdə əməyi olanların hamısına təşəkkür etdi.

İstedadlı şagirdlər nazirlə xatirə şəkli çəkdirdilər.

 

Y.ƏLİYEV