· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yeni dərs ili qarşısında

Nailiyyətlərimiz, qarşıda duran vəzifələr

 

Məlumdur ki, cəmiyyətin inkişaf yolu təhsildən keçir. Təhsilin fenomenal gücü cəmiyyətin bütün sahələrinin inkişafına təsir göstərir, onu uğurlu bir istiqamətə yönəldir və mütərəqqi ənənələrə söykənməklə nailiyyətlərə doğru aparır.  Bu gün Azərbaycan cəmiyyətində bütün sahələrdə olduğu kimi, təhsildə də dəyişikliklər baş verir. Bu dəyişikliklər özünün ictimai, iqtisadi, mədəni xarakteri ilə daha dərin köklərə malik olduğunu göstərir. Azərbaycanın əvəzolunmaz tarixi ənənələri, xüsusən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-80-ci illərindən Azərbaycan üçün qoyub getdiyi zəngin tarixi irs müasirliyimizin, bugünkü təhsil həyatımızın özülünü təşkil edir. Təhsil sahəsində fəaliyyət göstərən hər bir kəs üçün ulu öndərin "Təhsil millətin gələcəyidir" fikri bir deviz kimi səslənir.

Təhsil alan hər kəsin həyat yolu məktəb mərhələsindən keçir. O, bu mərhələni keçərkən məktəbin ab-havası, özünəməxsus aurası onun əqlinin, əxlaqi-mənəvi keyfiyyətlərinin, fiziki kamilliyinin formalaşmasına təsir göstərir. Onu yaşadığı zamanın insanı kimi yetişdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, "Məktəb bilik deməkdir, maarif deməkdir, savad deməkdir. Biz çalışmalıyıq ki, gənclərimiz bilikli, savadlı, tərbiyəli olsunlar. Buna nail olmaq üçün həm ailədə, həm də məktəbdə uşaqlarımız çox yaxşı vətənpərvərlik ruhunda tərbiyə edilməli və əlbəttə ki, yüksək biliklərə malik olmalıdırlar. çünki bilik tərəqqinin əsasıdır".

Təbii ki məktəb özünün cəmiyyət qarşısında olan bu məsul və şərəfli vəzifəsini daha ləyaqətlə yerinə yetirmək üçün bütün potensial imkanlardan istifadə etməli, ən başlıcası cəmiyyət qarşısında fəaliyyəti barədə hesabat verməli, qiymətini almalıdır. Bu fəaliyyətin ardıcıl olaraq davam etdirilməsi çox vacibdir. İllərdən bəri yeni dərs ili qabağı təşkil olunan sentyabr konfranslarının keçirilməsi məhz həmin məntiqin davamı kimi qiymətləndirilməlidir. Bu il də belə bir konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Təhsil nazirinin "Təhsil işçilərinin 2009-cu il sentyabr konfranslarının keçirilməsi haqqında" 993 nömrəli, 10.08.2009-cu il tarixli əmrinə əsasən keçirilməsi nəzərdə tutulan həmin tədbirdə "2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşısında duran vəzifələr" mövzusunda məsələ ətrafında müzakirələrin təşkil olunması planlaşdırılmışdır. Adından da göründüyü kimi, bu müzakirələr daha çox 2008-ci ildə görülmüş işlərin hesabatı ətrafında məhsuldar təhlillərin aparılması, nailiyyətlərin qiymətləndirilməsi istiqamətində, eyni zamanda XIII qurultayda irəli sürülmüş müddəalar əsasında disskussiyaların təşkil edilməsi ilə daha əlamətdar olacaqdır.

Təhsil işçilərinin 2009-cu il sentyabr konfranslarının keçirilməsi barədə yuxarıda göstərilmiş əmrdə başa vurduğumuz 2008-2009-cu dərs ilində 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının real nəticələrinin, Dünya Bankının maliyyə yardımı ilə Təhsil sektorunun inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin, 2008-ci il sentyabrın 22-də keçirilmiş Azərbaycan müəllimlərinin XIII qurultayında ölkəmizdəki yüksək iqtisadi tərəqqinin təsiri ilə davamlı inkişaf yolunda gələcək fəaliyyət istiqamətlərinin, ümumi orta təhsil məktəblərində ilk dəfə bütün ölkə üzrə mərkəzləşmiş qaydada keçirilmiş buraxılış imtahanlarının ilkin nəticələrinin, birinci dəfə geniş analitik təhlili verilmiş və bölmə iclaslarında ümumtəhsil məktəblərinin direktorlarının, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin, məktəbdənkənar təhsil müəssisələrinin direktorlarının, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıların, fənlər üzrə metodbirləşmə sədrlərinin, metodist və tərbiyəçilərin, praktik məktəb psixoloqlarının, kitabxana işçilərinin, uşaq birliyi rəhbərlərinin fəaliyyətlərinin müzakirə edilməsinə dair konkret metodiki tövsiyələr verilmişdir. Əminik ki, bölmə iclaslarında bunlar rəhbər metodik tövsiyələr kimi nəzərə alınacaq, onlara əsaslanmaqla müzakirələr aparılacaq, müvafiq təkliflər veriləcəkdir.

Bəzi ölkələrdə "Böyük pedaqoji şura" kimi adlandırılan və ildə bir dəfə təşkil olunan belə tədbir özünün bir cəhəti ilə müəllimlərin digər tədbirlərindən fərqlənir. Bu da onların daha geniş miqyasda toplaşması,səmərəli fikir mübadiləsi aparılması ilə izah edilir. Bundan əlavə, ümumtəhsil məktəblərindəki müəllim təcrübələri ilə yaxından tanış olmaq imkanı yarandığından, konfrans boyu onun imkanlarından mütəşəkkil qaydada daha səmərəli istifadə etmək tövsiyə olunur.

Yeni dərs ilinin başlanğıcı ərəfəsində keçirilən bu konfrans, ilk növbədə, əldə olunmuş nailiyyətlərə yekun vurmalı, onların əhəmiyyəti, perspektivləri ilə bağlı müzakirələrə geniş yer ayırmalıdır. Bu zaman başlıca olaraq Azərbaycan təhsil tarixində ilk dəfə tətbiq olunmağa başlayan şəxsiyyətyönümlü  kurikulumların birinci siniflərdə tətbiqi vəziyyəti barədə danışılmalı, onların bir sıra məziyyətləri açıqlanmalıdır. ötən il fənn kurikulumlarının tətbiqi üçün ciddi hazırlıq işləri aparılmış, 9000-ə qədər müəllim, təhsil işçisi təlim kurslarından keçmiş, yeni dərs ilində işləmək üçün hazırlanmışdır. Bu iş eynən bu il də təkrar yerinə yetirilmişdir. Artıq 2009-2010-cu tədris ilində 9 mindən çox müəllim, təhsil işçisi ölkənin ümumtəhsil məktəblərinin 1-ci siniflərində dərs deməyə yenidən hazırlanmışdır. Bundan başqa, respublikada V-XI siniflər üçün fənn kurikulumları ilkin variantda başa çatdırılaraq geniş müzakirələrə təqdim olunmuşdur.

ölkə miqyasında yeni təhsil sisteminin tətbiqi işini daha səmərəli qurmaq üçün resursların hazırlanmasına başlanılmışdır. 2008-ci ilin əvvəllərindən nəşrə başlayan "Kurikulum" jurnalının bu vaxta qədər 6 nömrəsi çap olunmuş, orada müəllimlərin elmi-nəzəri səviyyəsini yüksəltmək, bacarıqlarını inkişaf etdirmək üçün xeyli sayda materiallar verilmişdir. ümumtəhsil məktəbinin I-IV sinifləri üçün fənn kurikulumları kitab şəklində (Azərbaycan və rus dillərində) çap olunaraq respublikanın bütün ümumtəhsil məktəblərinə göndərilmişdir. "Kurikulumların hazırlanması və tətbiqi məsələləri" (Bakı - 2008) kitabı hazırlanaraq nəşr olunmuşdur.

2009-2010-cu tədris ilinə respublikanın ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılmışdır. Bu II siniflər üçün kurikulum əsasında 40 adda 1.122.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün 47 adda 3.114.100 nüsxə dərslik deməkdir.

II siniflər üçün yeni kurikulumlara uyğun hazırlanmış dərslik komplektləri çapa təsdiq edilərək nəşriyyatlara təhvil verilmişdir. Hazırda həmin dərslik komplektlərinin çap prosesi davam edir və yeni dərs ilinə qədər onlar ümumtəhsil məktəblərinə çatdırılacaqdır.

ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün 47 adda dərsliyin çapı üzrə də mövcud qanunvericiliyə uyğun olaraq 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə satınalma müqavilələri bağlanmış, dərsliklərin çapı başa çatdırılaraq artıq ümumtəhsil məktəblərinə göndərilmişdir.

İlkin müşahidələr göstərir ki, yeni dərsliklərlə işləyən müəllimlərimizin bir sıra çətinlikləri vardır. Onlar daha çox dərslikdə və iş dəftərindəki təlim materiallarının öyrədici sistemi, eləcə də müəllim üçün vəsaitin özünəməxsus spesifik cəhətləri və ondan istifadə qaydaları ilə əlaqədardır. Müəllimlər, birinci növbədə, bu məsələlərə diqqət yetirməli, yeni dərslik komplektinə xas keyfiyyətləri öyrənməli, onları bütün xırdalıqlarına qədər mənimsəməlidirlər.

Müəllimlər özlərinin fəaliyyətlərini müəyyən olunmuş minimum standartların reallaşdırılmasına yönəltməli, əvvəlcədən onun layihəsini aydın təsəvvür etməlidirlər. Hər dərs saatında təlim nailiyyətlərinin əldə olunması üçün zəruri hesab edilən resursların tərkibi müəyyənləşdirilməli, onların seçilməsi üçün hazırlıq aparılmalıdır. İlkin təqvim-tematik plan hazırlanmalıdır. Onlar həm də gündəlik dərslərin planını hazırlamağa, işini ardıcıl və sistemli qurmağa borcludur. çünki o, özünün hazırlamış olduğu planı və bu plan əsasında həyata keçirdiyi fəaliyyəti ilə daim tabe olduğu bütün idarəedənlərin qarşısında hesabat verməlidir. İşinin inkişaf dinamikasını müəyyənləşdirmək üçün özünü təhlil etməyi, özünü qiymətləndirməyi bacarmalıdır.

Azərbaycanda dərsliklərin hazırlanması və tətbiqi hökumət tərəfindən müəyyən olunmuş dərslik siyasətinə uyğun olaraq həyata keçirilir. İslahat Proqramından irəli gələn mühüm vəzifə kimi bu vaxta qədər dərsliklərin yaradılması sahəsində qazanılmış nailiyyətlər öyrənilərək davam etdirilir. Dərsliklər hazırlanarkən cəmiyyətin ehtiyac və tələbatını nəzərə almaq, onları obyektiv və düzgün qiymətləndirmək zəruri tələblər kimi gözlənilir. Artıq ikinci ildir ki, yeni nəsl dərsliklər yaranır. İlk növbədə, onlar komplekt şəkildə olması ilə fərqlənirlər. Dərslik, müəllim üçün metodik vəsait və şagird dəftəri onun tərkib hissələrini təşkil edir.

Yeni kurikulumlar əsasında hazırlanan bu dərsliklərin əslində mahiyyət etibarı ilə yeni təhsil siyasətini təmsil etməsi, təhsildə humanist və demokratik şəraitin yaranmasına dəstək verməsi baxımından da əhəmiyyət daşıyır. Hələ də dərsliklərə prinsipial dəyişiklikləri olmayan və sadəcə məlumatları təsvir edən vəsait kimi yanaşanlar vardır. Onlar dərsliklərin dəyişməsinə deklorativ xarakterli bilikləri əks etdirən məlumatların dəyişdirilməsi kimi baxırlar. Əslində dərsliklər ən zəruri resurslardan biri kimi, müəyyən bilik, informasiya daşıyıcısı rolunda çıxış edir. Bununla yanaşı, dərsliklər şagirdləri araşdırmağa, öyrənməyə, ümumiləşdirmələr aparmağa, təkliflər hazırlamağa, qərarlar qəbul etməyə istiqamətləndirir. Bu xüsusiyyət onun metodik sistemində ifadə olunur. Yeni dərsliklərin ümumi sistemində təlim prosesinin iştirakçılarının fəaliyyətləri aydın görünür. Müəllimin, şagirdin, hətta valideynin hərəkət trayektoriyası dərslik komplektinin səhifələrində ilk baxışdan nəzərə çarpır.

Bölmələrdə yeni dərsliklərin yuxarıda göstərilən xüsusiyyətlərindən danışmaqla yanaşı, həm də onların şagirdləri düşünməyə, axtarış aparmağa sövq edən xüsusiyyəti barədə də söz açmaq faydalı hesab edilir. Bunun üçün dərslikdə müxtəlif növ tapşırıq və çalışma, eləcə də şəkil materiallarına müraciət olunmalı, həmin materiallar nəzərdə tutulmuş konkret təlim standartının reallaşdırılması istiqamətində, müəllifin məntiqinə uyğun bir variantda təqdim edilməlidir. Müəllimlər bu variantı özlərinin təlim şəraitinə uyğun olan bir formada zənginləşdirməklə müvafiq yanaşma tərzi seçməlidirlər.

Dərsliklərin məzmun və strukturundakı yeniliklər də müzakirə obyektinə çevrilərək daha çox dəyərləndirilməlidir. Bölmə iclaslarında, ilk növbədə, yeni dərsliklərin əvvəlki dərsliklərdən fərqini izah etmək, yeni dərsliklərin üstün cəhətlərini inandırıcı şəkildə açıqlamaq tövsiyə olunur. Yaxşı olardı ki, belə məqamları daha əsaslı nümayiş etdirmək, pedaqoji işçilərin diqqətinə çatdırmaq üçün əyanilikdən, kompüter texnologiyalarından istifadə edilsin. Yaxud, müəllimlərin izahlı-illüstrativ çıxışları təşkil olunsun. Bununla yanaşı, dərsliklərin tətbiqi üzrə müəllim təcrübəsinə müraciət də faydalı nümunə kimi nümayiş etdirilə bilər. Bu zaman müasir təhsil siyasətinə, yeni təlim strategiyasına və qiymətləndirmə mexanizmlərinə yaxından bələd olanlara üstünlük verilməlidir.

ötən dərs ilinin yekunları göstərmişdir ki, birinci siniflərdə yeni kurikulumlarla işin təşkili və onlara uyğun dərsliklərin tətbiqi təlim prosesində şagirdlərin yüksək fəallığının təmin olunması ilə nəticələnmiş, onların məntiqi, tənqidi və yaradıcı təfəkkürlərinin inkişafı sahəsində irəliləyişlərin olduğu müşahidə edilmişdir. Eyni zamanda müəllimlərin tədqiqatçılıq fəaliyyətinə imkan yaranmışdır. Onların pedaqoji fəaliyyəti istiqamətverici xarakterdə olmaqla stimullaşdırıcı mahiyyət daşımış, müəllim və şagird münasibətlərində əməkdaşlığın yaranmasına geniş imkanlar açılmışdır.

Konfransda bölgələr üzrə yeni kurikulumların tətbiqinə aid nailiyyətlərin təhlili ilə yanaşı, təhsil sisteminin müasir problemləri ətrafında da müzakirələrin aparılması tövsiyə olunur.

Kurikulumların hazırlanması, tətbiq olunması Azərbaycan təhsilinin ən aktual problemlərindən biri hesab edilir. Onun daha əsaslı öyrənilməsi, lazımi qaydada tətbiq olunması hər bir təhsil işçisinin təxirəsalınmaz vəzifəsi kimi qiymətləndirilməlidir. Müəllimlər bu problemi  ardıcıl olaraq izləməli,  müasir təhsil mexanizmi kimi onun mahiyyətinə bələd olmalı, tədris-təlim prosesində tətbiq etməlidirlər. Birillik təcrübə onu göstərir ki, kurikulumların tətbiqi sahəsində xeyli təcrübə əldə olunsa da, bəzi hallarda onu yalnız ibtidai sinif müəllimlərinə məxsus bir məsələ kimi təsəvvür edənlər də vardır. Bunu düzgün yanaşma hesab etmək olmaz. Kurikulum islahatı mahiyyət etibarı ilə Azərbaycan təhsilinin, demək olar ki, ən əsas sahələrini əhatə etməklə hamını narahat etməlidir. Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun qeyd etdiyi kimi, "...yeni kurikulumların tətbiqində hər hansı müəllimin uğursuzluğu bilavasitə yerli təhsil orqanlarının, metodkabinetlərin və məktəb rəhbərlərinin məsuliyyətsizliyinin nəticəsi kimi qiymətləndirilməlidir". Ona görə də təkcə müəllimlərin deyil, eyni zamanda təhsillə bağlı hər kəsin, o cümlədən məktəbə rəhbərlik edən insanların keçirdiyi bütün yığıncaqlarda kurikulum ən aparıcı məsələ kimi gündəmdə olmalı, müzakirə obyektinə çevrilməlidir.

Müşahidələr göstərir ki, kurikulum mövzusunda danışanlar onu daha çox məzmun problemi kimi təqdim etməyə çalışırlar.  Onun əvvəlki tətbiq olunan məzmundan fərqini, xarakterik cəhətlərini izah etməyə təşəbbüs göstərmirlər. Fikrimizcə, belə bir halın yaranması konseptual sənəd kimi kurikulumun tərkib hissələrindən biri kimi məzmun standartlarının aparıcı rolu ilə əlaqədardır. Lakin məzmun standartlarının aparıcı olması heç də onu kurikulum anlayışı ilə eyniləşdirməyə əsas vermir. Əksinə, konseptual sənəd kimi onun mahiyyət və məzmununu daha aydın, təfərrüatlı açıqlamağı tələb edir. Azərbaycanda həyata keçirilən təhsil islahatları dünya məkanında müşahidə olunan qloballaşmanın prinsiplərinə uyğun aparılır. Xüsusi olaraq təhsilin müxtəlif mərhələ və pillələrində standartlaşmanın reallaşmasına üstün yer ayrılır. Azərbaycan Respublikasının Konstitusiyasında standartların müəyyənləşdirilməsi, hazırlanması dövlətin təhsil siyasətində mühim istiqamət kimi göstərilir: "Dövlət minimum təhsil standartlarını müəyyən edir". 1999-cu ildə "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları" hazırlanaraq təsdiq olunur. İlk sənəd kimi meydana çıxan bu normativ aktda hər şeydən öncə, təhsil standartı haqqında təsəvvür yaranır: "ümumi orta təhsilin dövlət standartları ümumi orta təhsilin mütləq minimumunu, tədris yükünün maksimum həcmini, şagirdlərin və məzunların (buraxılış sinif şagirdlərinin) hazırlıq səviyyəsinə verilən tələbləri müəyyən etməklə ibtidai, əsas və orta ümumi təhsilə şamil edilir". Sonralar ümumpedaqoji araşdırmalarda da bu məsələyə bir az aydınlıq gətirilir: "Təhsil standartları dedikdə, ictimai idealı əks etdirən, bu ideala nail olmaq üçün şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil normaları kimi qəbul edilən əsas parametrlər sistemi başa düşülür". Daha sonralar Azərbaycan pedaqoji fikrində məzmun standartları anlayışına müasir elmi yanaşmalar əsasında  müraciət olundu, onlar haqqında ilkin mülahizələr formalaşmağa başladı.

Dünya pedaqoji fikrində təhsil standartları birmənalı şəkildə müəyyən səviyyədə qəbul olunmuş tələblər, normalar kimi izah edilir. Xüsusən, tətbiq sahələrinə görə üç qrupa ayrıldığı qeyd olunur: fənn standartları, inkişaf standartları və pedaqoji standartlar. Fənn standartları bəzi ölkələrdə "akademik standartlar" da adlandırılır.Onlar ümumtəhsil məktəblərində tədris olunan hər bir məzmunu ümumiləşdirir, tədris-təlim fəaliyyətinin qarşısında qoyulan məqsəd və vəzifələri müəyyənləşdirir, ən əsası, gözlənilən nəticələri təyin edir. Mütəxəssislərin fikrinə görə, məzmun standartlarında fənnə daxil edilən mövzuların ardıcıllığından çox, fənnin daxili məntiqinə, mərhələdən mərhələyə keçid prinsiplərinə və şagirdlərdə sistemli biliklərə əsaslanan bacarıq və qabiliyyətlərin formalaşmasına üstün yer verilir.

İnkişaf standartları təhsilə cəlb olunanların inkişaf mərhələləri üzrə səviyyələrinə aid olmaqla onları izah edir. Hər bir təhsil pilləsində (mərhələsində) şagirdin arzu olunan inkişaf səviyyəsini ifadə edir, onun bir şəxsiyyət kimi formalaşmasına aid keyfiyyət indikatoru kimi təsvir olunur. Bu standartlar təhsilin digər pillələri üçün də müəyyənləşdirilir. Bu zaman təhsil alanların hər hansı mərhələdə əldə edəcəkləri nəticələr konkretləşdirilir.

Pedaqoji standartlar müəllimlərin peşəkar fəaliyyət standartlarıdır. Onlar müəllimlərin peşəkarlığının səviyyəsi və keyfiyyətini müəyyənləşdirməyə, onu inkişaf etdirməyə imkan verir. Mahiyyət etibarı ilə keyfiyyət və ya kəmiyyət indikatorlarından ibarət olan bu standartlar müəllimin peşəkarlıq səviyyəsinin ölçü vahidinə çevrilir. Onlar müəllimlərin hazırkı professional səviyyəsini izləməyə, problemləri müəyyən etməyə və inkişafın təmin olunması üçün müvafiq qərarların qəbul olunmasına imkan yaradan  mexanizmlər kimi çıxış edir. Beləliklə, bu standartlar həm yeni sənətə gələn gənc müəllimlərin, həm də təcrübəli müəllimlərin peşəkarlığı barədə əsaslandırılmış rəy söyləməyə imkan verir.

Tətbiq olunmağa başlamış kurikulumların ağırlıq mərkəzi təhsilin məzmununu əhatə edən hissədir. Bu hissə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində "Təhsilin məzmunu", fənn kurikulumlarında isə "Fənnin məzmunu" adlanır. Nəticələrdən ibarət olan həmin hissələr nəzərdə tutulmuş bilikləri və eləcə də şagirdlərin mənimsəyəcəkləri bacarıqları əhatə edir. Minimum hazırlıq səviyyə kimi onların təhsil prosesində reallaşdırılması nəzərdə tutulur. Ona görə də istər resursların hazırlanmasında, istərsə də təlimin təşkilində həmin nəticələr əsas götürülür, idarəetmə işində onların reallaşdırılması səviyyəsinə diqqət yetirilir.

Yeri gəlmişkən nəzərə alınmalıdır ki, "təhsilin məzmunu", yaxud "təlimin məzmunu" anlayışları barədə ənənəvi və müasir yanaşmalar ziddiyyət təşkil edir. Belə ki, əvvəllər ənənəvi pedaqogikada "təhsilin məzmununun bilik, bacarıq və vərdişlərin sistemi", "təlimin məzmunu bilik, bacarıq və vərdişlərdir" formalarında izah edilirdi. Göründüyü kimi, müasir kurikulumlarda bu anlayışlara təhsil standartlarından ibarət olan nəticələr, dəyərlər kimi yanaşılır. Müəllimlərin bu məsələlərin ətrafında fikir mübadiləsi aparması faydalı bilinir.

Məlum olduğu kimi, inteqrasiya müasir dünya təhsilinin vacib problemlərindən biri hesab edilir. Təhsil məkanında ümumiləşdirmələr aparmaq, artıq olanı ixtisar etmək, şagirdləri izafi təlim əməyindən uzaqlaşdırmaq inteqrasiya ilə mümkündür. Bu həm də təhsilin humanistləşdirilməsini təmin edən ən vacib amillərdən biridir. Ona görə də bölmə  iclaslarında yeni kurikulumların mühüm xarakterik xüsusiyyəti olan inteqrativlik barədə, eyni zamanda onun təlim prosesində nəzərə alınması haqqında müzakirələrin açılması təhsil işçilərinin ümumi pedaqoji təfəkkürünün formalaşdırılmasına təkan verəcək, onların ümumi inkişafını təmin edəcək yanaşma tərzi kimi faydalı hesab edilir.

Bölmə iclaslarında təhsil anlayışına yeni baxışın mahiyyəti və məzmunu ətrafında müzakirələrə də xüsusi diqqət yetirilməlidir. Bu, bilavasitə "hafizə məktəbi"nin  "təfəkkür məktəbi"  ilə əvəz olunduğu, şəxsiyyətyönümlü təhsil sisteminin formalaşdığı bir mərhələdə daha əhəmiyyətli hesab edilir və təhsil sahəsində müxtəlif yanaşmaların mahiyyətini aydınlaşdırmağı vacib tələb kimi meydana çıxarır. Eyni zamanda təlim prosesinin yeni təhsil müstəvisində aydın dərk olunmasını asanlaşdırır. Yeni kurikulumlarda  təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli istifadə olunması, ilk növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələbləri baxımından izahını tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə proses kimi deyil, daha geniş məna çalarına malik ifadə tərzi kimi yanaşılmır. Xüsusən təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə mövqedən yanaşmağı tələb edir: təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir.

 

(Ardı var)

 

Abdulla MEHRABOV,

Təhsil Problemləri İnstitutunun

direktoru, professor,

 

Ənvər ABBASOV,

Kurikulum Mərkəzinin direktoru,

institut direktorunun müavini, dosent