Bu günlərdə Qəbələ rayonunun Yenikənd kənd orta
məktəbinin yeni binası istifadəyə verilib.
2009-cu ildə dövlət vəsaiti hesabına inşasına
başlanılmış yeni məktəb binası bir korpusdan və
iki mərtəbədən ibarət olmaqla, 480 şagird üçün
nəzərdə tutulub.
Təhsil ocağı dünya standartlarına cavab verən
müasir avadanlıqlarla təmin olunub. Məktəbdə 20
sinif otağı, 6 fənn kabineti, 2 laboratoriya,
idman və akt zalları, kitabxana və bufet
fəaliyyət göstərir.
Həmçinin rayonun Kiçik Əmilli kənd əsas məktəbi
üçün 2009-cu ildə inşasına başlanmış yeni məktəb
binası da tamamlanaraq müəllim və şagirdlərin
ixtiyarına verilib. Heydər Əliyev Fondu hesabına
inşa edilmiş bu bina 3 korpusdan, 1 mərtəbədən
ibarət olmaqla, 240 şagird üçün nəzərdə tutulub.
Binanın həyətində içməli və çirkab su anbarları,
duru yanacaqla işləyən qazanxana inşa edilib.
Təhsil ocağı istilik xətləri ilə təchiz olunub.
Məktəbin kitabxanası, idman zalı, kompüter otağı
və bütün sinif otaqları müasir avadanlıqlarla
təmin edilib.
Yeri gəlmişkən qeyd edək ki, 2009-cu ildə Qəbələ
rayonunda Heydər Əliyev Fondu hesabına 4, Təhsil
Nazirliyinin xətti ilə 1 və Dövlət Proqramı
çərçivəsində 1 yeni məktəb binaları inşa
edilməklə, 6 məktəb binası istifadəyə verilib.
Ümumiyyətlə, son 5 ildə Qəbələdə Heydər Əliyev
Fondu hesabına 8 məktəb binası inşa edilərək
istifadəyə verilib.
Nizami MİRZƏ |