Ölkəmizdə xalq təsərrüfatının əsas sahəsi olan
neft sənayesinin inkişafında, bu sahə üçün
yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasında, neft-kimya sənayesinin daha da
modernləşdirilməsinə və yeni texnologiyaların
tətbiqinə yol açan elmi-tədqiqat işlərinin
aparılmasında bu gün məzunlarına dünyanın hər
yerində rast gəlinən Azərbaycan Dövlət Neft
Akademiyasının böyük rolu vardır.
Neft-kimya sənayesinin sürətli inkişafı,
Azərbaycanın dünyanın əhəmiyyətli enerji
layihələrinin əsas iştirakçısına çevrilməsi
neftin hasilatı və nəqlində, texnika və kimya
elmləri sahəsində, ətraf mühitin mühafizəsində
ən müasir texnologiyaların tətbiqini, bu
məqsədlə elmi-tədqiqat işlərinin daha da
genişləndirilməsini zərurətə çevirmişdir. Məhz
bu zərurət nəzərə alınaraq 1992-ci ildə Nazirlər
Kabinetinin 16 mart tarixli, 129 saylı qərarı
ilə Azərbaycan Dövlət Neft Akademiyasının
nəzdində yeni bir elmi qurum - Neftin, Qazın
Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat
İnstitutu yaradılmışdır.
Əsas məqsədi texnika və kimya elmləri sahəsində
fundamental, aktual elmi-tədqiqatların
aparılması; onların nəticələrinin sənayedə və
tədrisdə tətbiqi; ali məktəbin elmi,
elmi-pedaqoji kadrlarının ixtisasının
magistratura, doktorantura yolu ilə artırılması;
tələbələrin, professor-müəllim heyətinin elmi
işlərin yerinə yetirilməsinə cəlb edilməsi;
ayrı-ayrı problemlər və texnikanın ən yeni
nailiyyətlərinə əsaslanan təcrübi-konstruktor
işləri aparmaq və texniki layihələr hazırlamaq;
rəqabətə cavab verə bilən elmi-tədqiqat və
tədris müəssisələri, firma və kampaniyalar ilə
birlikdə beynəlxalq elmi-texniki əməkdaşlığı
genişləndirmək olan ETİ yarandığı dövrdən bəri
bu məqsədlərin əldə olunması istiqamətində
səmərəli fəaliyyət göstərir.
İnstitutda aparılan elmi işlər neftçıxarma
proseslərinin termodinamikası; quruda və
kontinental şelfdə dərin quyuların qazılmasının
texnika və texnologiyasının işlənməsi; anomal
neft yataqlarının işlənməsi və istismarı;
neftçıxarmada qeyri-Nyuton sistemlərin tətbiqi;
neft məhsullarının nəqli və saxlanması,
boruötürücü nəqliyyatlar üçün
ekspert-sistemlərinin yaradılması; neft
sənayesinin elektrik avadanlığı; kimya,
neftkimya və neft emalında kataliz; neftçıxarma
və neft emalında üzvi reagentlərin istifadəsi;
neft-qaz çıxarmada, neft emalında və
neft-kimyada ekoloji aspektlər; zərərli
tullantıların təyini üçün kiçikhəcmli analitik
cihazların tətbiqi; ağır neft və neft
qalıqlarından nadir və əlvan metalların
ayrılması texnologiyasının işlənməsi;
neft-qaz-mədən avadanlıqlarının tribiotexniki
problemləri və s. kimi istiqamətləri əhatə edir.
Hazırda ETİ-də 11 problem laboratoriya fəaliyyət
göstərir. Bunlar neft hasilatının texnika və
texnologiyası; dəniz neft yataqlarının
işlənməsi; maili və horizontal quyuların
qazılmasının texnika və texnologiyası; neft
hidravlikası; lay-karbohidrogen sistemlərinin
qaz termodinamiki tədqiqatı; quruda və dənizdə
neft avadanlıqlarının işinin etibarlılığı və
səmərəliliyi; neft emalında kataliz; kimyəvi
sensorlar və reagentlər; neft fizikası və kritik
hadisələrin termodinamikası; yeni
texnologiyaların yaradılması, yağlar və yağlı
örtüklər laboratoriyalarıdır.
Bunlardan əlavə, b/p-statoyl şirkətinin
yaratdığı "Yeni texnologiyalar" laboratoriyası
da fəaliyyət göstərir. Sonralar onun adı
dəyişdirilərək "Yeni texnologiyalar mərkəzi"
adlandırılmışdır.
ETİ-də 200 əməkdaş işləyir. Onların arasında 5
akademik, 25 elmlər doktoru, 61 texnika elmləri
namizədi vardır.
Görkəmli alim, mərhum akademik Azad
Mirzəcanzadənin rəhbərliyi altında fəaliyyətə
başlayan instituta 1992-ci ildə onun Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri təyin olunmasından sonra
tanınmış alim, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor Elmira Ramazanova başçılıq
edir.
E.Ramazanova 1952-ci ildə Bakıdakı 134 nömrəli
məktəbi qızıl medalla, 1957-ci ildə isə
Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə
bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR-in
Energetika İdarəsində mühəndis işləməklə
başlayan E.Ramazanova 1960-cı ildən ADNA-nın
aspiranturasında oxuyaraq neft-qaz və qaz
kondensat sistemləri karbohidrogenlərin
termodinamikası üzrə ixtisaslaşmışdır. 1965-ci
ildə namizədlik, 1975-ci ildə isə doktorluq
dissertasiyaları müdafiə etmişdir. 1967-1977-ci
illərdə Neft və qaz yataqlarının işlənməsi
kafedrasında dosent, 1978-1981-ci illərdə
professor, 1981-1992-ci illərdə isə axşam və
qiyabi təhsil üzrə prorektor vəzifələrində
işləmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü
seçilmişdir.
50 ildən artıq elmi-pedaqoji staja malik
E.Ramazanova 300-dən çox elmi əsərin, o cümlədən
3 monoqrafiya, 11 tədris metodik vəsait, 16
elmi-metodik rəhbərlik, 25 patent və ixtiranın
müəllifidir. O, eyni zamanda Azərbaycan Milli
Neft Komitəsinin vitse-prezidenti "Azərbaycan
neft təsərrüfatı" jurnalı və "Vışka" qəzeti
redaksiya heyətlərinin üzvüdür.
Elmin inkişafında və yüksək ixtisaslı kadrların
hazırlanmasında göstərdiyi böyük xidmətlərə görə
professor E.Ramazanova "Şərəf nişanı" ordeni
(1986), "SSRİ neft sənayesi əlaçısı" nişanı
(1981), "SSRİ-nin fəxri neftçisi" (1990),
"Əməkdar elm xadimi" (1990) fəxri adları ilə
təltif olunmuşdur.
ETİ nəzdində hələ keçmiş SSRİ Ali Attestasiya
Komissiyasının, hazırda isə Azərbaycan
Respublikası Prezidenti Yanında Ali Attestasiya
Komissiyasının təsdiq etdiyi Neft yataqlarının
işlənməsi və istismarı; Quyuların qazılması;
Maşınlar, aqreqatlar və proseslər kimi üç
ixtisas üzrə doktorluq və namizədlik
dissertasiyalarının müdafiəsi üzrə Şura
fəaliyyət göstərir.
ETİ-nin apardığı elmi-tədqiqatların nəticələri
dünyanın müxtəlif ölkələrindən gəlmiş
ixtisasartırma kurslarında təhsil alanların
tədris prosesində geniş tətbiq edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
əmri ilə ETİ-də neft-qaz sahəsinin ehtiyaclarını
ödəmək üçün mühəndis kadrları hazırlayan kurslar
fəaliyyət göstərir.
Görkəmli Azərbaycan alimi, neft və qaz
yataqlarının mexanikası, texnikası,
texnologiyası və işlənməsi sahəsində fundamental
elmin və bu sahədə institutda mütəxəssislər
hazırlanmasının banisi, akademik
A.X.Mirzəcanzadənin elmi rəhbərliyi altında
institutda ilk dəfə olaraq böyük meyilliklə
dərin mailli qazma quyularının axtarışı,
kəşfiyyatı və qazılmasının əsasları yaradılmış,
dənizdə və qurudakı neft yataqlarından mürəkkəb
dağ-geoloji və geofiziki şəraitdə neft və qaz
çıxarılmasının və nəql edilməsinin metodları,
sinergetik prinsiplər əsasında neft yataqlarının
işlənməsi və boru kəməri nəqlinin sistemli
təhlili işlənib hazırlanmış və onun nəticələri
həm Azərbaycanda, həm də keçmiş İttifaqın bir
sıra neft rayonlarında (Tümen vilayətində,
Tatarıstan, Başqırdıstan, Qazaxıstan və b.)
tətbiq edilmiş, qeyri-Nyuton sistemlərinin
hidrodinamikasının nəzəri əsasları işlənmişdir.
Bunlardan əlavə, institutda neft yataqlarının
işlənməsində fiziki sahələrin tətbiqinin nəzəri
əsasları və praktik həlli işlənib hazırlanmış,
qazma və neft-mədən avadanlığının etibarlılığı
nəzəriyyəsi üzrə elmi istiqamət yaradılmışdır.
Bu sahədə yeni nəzəri müddəalar alınmış,
orijinal tədqiqatlar aparılmış, rəhbər sənədlər,
standartlar, monoqrafiyalar hazırlanmışdır;
ETİ-də habelə çoxfunksiyalı və xüsusi təyinatlı
kompozisiya materiallarının yeni növlərinin
yaradılması və tətbiq edilməsi, maşınqayırma
texnologiyası və etibarlılığı sahəsində
fundamental tədqiqatlar aparılır.
ETİ-nin bütün fəaliyyəti neft və neft-kimya
sənayesinin müxtəlif sahələrində perspektiv və
mütərəqqi texnologiyalar yaradılmasına
yönəlmişdir. Həmin məsələlərin həlli dünya
elminin nailiyyətləri ilə sıx əlaqədardır. Bu
isə ETİ-nin xarici ölkələrin qabaqcıl elmi və
sənaye strukturları arasında sıx əməkdaşlığı
işində prinsipial üsullardan biridir.
ETİ dünyanın bir çox elmi-tədqiqat institutları
və mərkəzləri ilə, tanınmış neft şirkətləri -
"Amoko", "b/p", "Statoyl", "Ekson", "Penzoyl",
"Yunikal", "Shell"lə sıx əməkdaşlıq edir.
İnstitutda b/p şirkəti tərəfindən təsis olunan
Qabaqcıl Texnologiya Mərkəzi, kompüter mərkəzi
və İnternet şəbəkəsi mövcuddur.
ETİ-də habelə Neft-Qaz Kəşfiyyatı və Hasilatının
Qabaqcıl Texnologiyası Mərkəzi nəzdində "Gənc
alimlər məktəbi" də fəaliyyət göstərir. Məktəbin
başlıca məqsədi yeniyetmələrin dəqiq elmlərə,
xüsusilə neft sənayesi ixtisaslarına marağını
artırmaqdır.
ETİ beynəlxalq təşkilatların və neft
kompaniyalarının elan etdikləri tenderlərdə də
iştirak edir. "Vyetsovpetrol" (Vyetnam) neft
kompaniyası ilə əməkdaşlıq çərçivəsində geniş
işlər aparılır. Belə ki, kompaniyanın sifarişi
ilə vyetnamlı mütəxəssislərin elmi-texniki
səviyyələrini yüksəltmək üçün ETİ hər il
müxtəlif mövzularda kurslar təşkil edir.
İxtisasartırma kursları və elmi seminarlar
neftçilərə müxtəlif elmi-praktik məsələlərin
həllinə yeni yanaşma üsulları ilə tanış olmağa
imkan verir. Bu isə neft çıxarılmasının ən
aktual məsələlərinin vaxtında həll edilməsinə və
mədən şəraitində həyata keçirilməsinə, eləcə də
mütəxəssislərin elmi-praktiki fəaliyyətə cəlb
olunmasına kömək göstərir.
Belə əməkdaşlığın məqsədi birgə elmi-tədqiqat
işləri aparmaq, bir çox xarici neft
şirkətlərinin layihələrində iştirak etməkdir.
İnstitutda elmi işlərə maraq böyükdür. Belə ki,
yataqların sistemli analizinin işlənib
hazırlanmış metodlar əsasında ilk dəfə olaraq
Şimal dəniz yataqlarının işlənməsi prosesinin
tədqiqi üzrə iş yerinə yetirilmişdir.
Belə bir fakt da diqqəti xüsusilə cəlb edir ki,
Azərbaycanın dəniz yataqlarının işlənməsinin
dinamik analizinin yeni üsulları sınaqdan
çıxandan sonra "Fortis" və "Maqnus" (Böyük
Britaniya) neft-qaz yataqlarında müvəffəqiyyətlə
tətbiq edilmişdir.
Amerikanın "Yunikal" şirkətilə birlikdə yerinə
yetirilmiş elmi-tədqiqat işləri də az əhəmiyyət
kəsb etmir. Bu elmi-tədqiqat işləri sinergetik
modellərdən istifadə etməklə geofiziki tədqiqat
məlumatlarının interpretasiyası məsələlərinə
həsr olunmuşdur.
ETİ-nin dinamik analiz əsasında işləyib
hazırladığı texnologiyalar müxtəlif texnoloji
məsələlərin həllində və operativ qərarlar qəbul
etmək üçün yeni üsullar Vyetnamın "Ağ pələng"
və "Əjdaha" şelflərinin neft yataqlarında
müvəffəqiyyətlə tətbiq edilmişdir.
Bir neçə ildir ki, ETİ "Russlik Energiy
Company" Amerika şirkəti ilə sıx əlaqə saxlayır
ki, bu da müxtəlif elmi-tədqiqat universitet
mərkəzləri və neft profilli firmalarla sıx
əlaqələr yaratmağa kömək edir. Belə əməkdaşlıq
nəticəsində şirkət ETİ-nin Kanzas şəhərində
(ABŞ) keçirilən beynəlxalq konfransda iştirak
etməsinə, həmçinin ayrı-ayrı şirkətlərlə, Texas
və Hyuston universitetləri ilə sıx əlaqə
yaratmışdır.
ETİ-nin b/p şirkətinin sifarişi ilə neft
tullantılarının ağır metallardan və civədən
təmizlənməsi ilə əlaqədar olaraq gördüyü işlər
də böyük maraq doğurur. ETİ Türkiyədə və İranda
böyük əhəmiyyətə malik elmi-tədqiqat işləri
aparır.
Regional layihələrin yerinə yetirilməsi region
üçün əhəmiyyətli olan problemlərin birgə həll
edilməsinə və uzunmüddətli regional əməkdaşlığa
imkan yaradır.
Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya
ETİ Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə
Azərbaycan-Britaniya "Azərbaycan Con Braun"
şirkətinin səhmdarlarından biridir. Bu şirkət
dəniz platformalarının sualtı
kommunikasiyalarının boru kəmərlərinin SPBU üzən
gəmilərin layihələndirilməsi, yenidən qurulması,
genişləndirilməsi sahəsində ixtisaslaşır və
neft-qaz sənayesinə geniş mühəndis xidmətləri
göstərir. ETİ "Endak" (Böyük Britaniya) və
"Kverner" (Norveç) kimi dünya miqyaslı aparıcı
xarici şirkətlərlə ittifaqa girərək, ən müasir
Qərb texnologiyalarını və layihələrini özünə
cəlb etmək imkanı əldə etmişdir. Birgə səylər
nəticəsində "Kverner", "Con Braun",
"Bakı-Kverner-Kenni" qruplarının yerinə
yetirdiyi və praktik həyata keçirdiyi Bakı-Supsa
ixrac boru kəmərinin ən böyük "qərb" marşrutunun
layihəsində iştirak etmək mümkün olmuşdur.
2005-ci ilin əvvəlində Dünya Neft Şurasının
(DNŞ) rəhbərliyindən Azərbaycanın neft elminin,
texnologiyasının və menecmentinin inkişafında
böyük nailiyyətləri olan ölkə kimi bu nüfuzlu
beynəlxalq təşkilata yeni üzv qəbul edilməsi
haqqında təklif gəlmişdir. DNŞ-nın təklifi bir
daha göstərir ki, ölkəmizin neft elmi və
neft-qaz hasilatı sahəsindəki təcrübəsi və
nailiyyətləri bütün dünya tərəfindən
tanınmışdır, Azərbaycan Respublikası isə bu gün
planetimizin aparıcı neft hasilatına malik olan
dövlətləri ilə bir sırada durur.
Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulmuş yeni neft strategiyasının
son on ildə müvəffəqiyyətlə həyata keçirilməsi,
ölkəmizin zəngin elmi potensialı elə bir bünövrə
yaratmışdır ki, Azərbaycan bu gün ona
əsaslanaraq dünya neft sahəsinə müvəffəqiyyətlə
inteqrasiya olunur, dünya alimlərinin ən yeni
elmi emallarına yiyələnməkdən ötrü əla imkanlar
əldə edir.
Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya
ETİ Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti ilə birgə Azərbaycan Milli Neft
Komitəsinin təsisçisidir.
Həmin ildən etibarən institut Azərbaycan neft
sahəsinin bütün beynəlxalq forumlarında təmsil
olunur ki, bu da xarici həmkarlarla qabaqcıl
təcrübə mübadiləsi aparmağa, dünya elmi fikri və
praktikasının müvəffəqiyyətli emallarını
mənimsəməyə, alimlərimizin nailiyyətlərini dünya
birliyinin nəzərinə çatdırmağa və respublikanın
neft sahəsində fəaliyyət göstərən müxtəlif
təşkilatların və idarələrin işini
əlaqələndirməyə imkan verir.
ETİ-nin fəaliyyət istiqamətlərindən biri də
beynəlxalq konfranslarda iştirak, beynəlxalq
konfransların, xüsusi seminarların təşkili və
keçirilməsidir. Artıq neft sahəsində belə
beynəlxalq konfransların keçirilməsi ənənə
halını almışdır.
ETİ 1994-cü ildən başlayaraq hər iki ildən bir
keçirilən beynəlxalq "Xəzərneft qazyataq" sərgi
və konfranslarında fəal iştirak edir. Bütün
beynəlxalq sərgilərdə özünün daimi stendi olan
ETİ neft-qazçıxarma və neft-kimya sahəsində
işləyib hazırladığı yeni texnologiyaları xarici
partnyorlara müvəffəqiyyətlə nümayiş etdirir və
təklif edir.
Beynəlxalq "Xəzərneftqazyataq" elmi-təcrübi
konfranslarını bu baxımdan xüsusi qeyd etmək
lazımdır. Məqsədi beynəlxalq elmi, sənaye və
elmi təşkilatlarda alim və mütəxəssislərin
geotexnologiya, dəniz neft və qaz kəşfiyyatı və
çıxarılmasının riyazi modelləşdirilməsi
sahəsində mövcud işlərin vəziyyətinin
müzakirəsinə cəlb olunması, həmçinin neft
sahələrinin inkişafının təkmilləşdirilməsi üzrə
təcrübə mübadiləsi olan həmin konfranslarda
enerji təchizatı bölməsinin inkişafında neft,
qaz kondensatları və qaz ehtiyatlarının rolu və
istifadəsi; yanacaq-enerji kompleksinin
inkişafında ətraf mühitin mühafizəsi
problemləri; daha əlverişli istehsalat
şəraitinin seçilməsi, texniki-iqtisadi
məqsədəuyğunluq əsasında neft sahələrinin
inkişafının qiymətləndirilməsi; Azərbaycan
neft-qaz sənayesində elmi tədqiqatların
konsepsiyasının reallaşdırma yolları; kəşfiyyat,
işlənmə, neftçıxarma və nəqldə istifadə edilən
yeni texnologiyaların tədqiqi istiqamətləri üzrə
müzakirələr aparılmışdır.
ETİ Yaponiyada nümayiş etdirilən Beynəlxalq
"EXPO-2005" sərgisinin və 2008-ci ildə
İspaniyada keçirilən 19-cu Dünya Neft
Konqresinin və sərgisinin iştirakçısı olub.
19-cu Dünya Neft Konqresi və sərgisində
institutun lay sularının radioaktiv izotoplardan
təmizlənməsinin ion-nəqliyyat prosesi;
neft-kimya istehsalatının və istilik-elektrik
stansiyalarının NOx, SO2 kimyəvi
reaksiyaların elektrodda elektrokimyəvi
proseslərlə birləşmələrindən təmizlənməsi;
neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün
qurğu kimi qurğu və texnologiyaları nümayiş
etdirilmişdir.
Neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün
layihə və qurğunun hazırlanması Dünya Bankının
dəstəyi ilə yerinə yetirilmişdir.
ETİ əməkdaşlarının karbon qazı tətbiq etməklə
hazırladıqları texnologiya çox mühüm bir ekoloji
problemi - neftlə çirklənmiş torpağı
təmizləməyə, bununla da torpaqdan öz təyinatı
üzrə istifadə etməyə imkan verir.
Regional proyektlərin yerinə yetirilməsi
uzunmüddətli regional əməkdaşlığa və region üçün
vacib olan problemlərin birgə həllinə gətirib
çıxarır.
2004-cü il oktyabrın 2-dən başlayaraq ETİ
icraçıları Yunanıstan, Bolqarıstan, Moldova,
Ukrayna, Rumıniya və Azərbaycan olan "Xəzər Qara
dəniz regionunun, tədqiqatlar və energetika
siyasəti" regional layihənin aparıcı
iştirakçısıdır. İnstitut bu layihə çərçivəsində
"Kəmərlərin enerji və geosiyasəti, Xəzər və Qara
dənizi Avropa Birliyi ilə birləşdirən enerji
boru xətləri", "Ətraf mühitin
modelləşdirilməsi", "Neft və qazötürmə
prosesinin təhlükəsizliyi" mövzularının
rəhbəridir. Bu işlərin əsasında Qara Dəniz
İqtisadi Birliyi ölkələrinin Enerji və İqlim
Siyasətinin Şəbəkəsi yaradılmışdı.
Ötən ilin iyun ayında Bakıda Azərbaycan Dövlət
Neft Akademiyası Neftin, Qazın Geotexnoloji
Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun
DRİLMEC PA və EPKE LTD-nin birgə təşkilatçılığı
ilə "Neftçıxarmada yeni texnologiyalar"
mövzusunda elmi seminar keçirilmişdir. Mövcud
olan yataqlarda elmi-tədqiqat işlərinin
aparılması və qazma ilə bağlı müasir texnika və
texnologiyaların işlənməsi və tətbiq edilməsini
öyrənmək məqsədi ilə keçirilən seminarda
institutun direktoru, professor E.Ramazanova
geniş məruzə etmiş, maraqlı çıxışlar
dinlənilmişdir.
İnstitutun nümayəndə heyəti ötən ilin sonlarında
YUNESKO-da Azərbaycan diplomatiyasının 90
illiyinə həsr olunmuş elmi məclisdə iştirak
etmişdir. Həmin tədbirdə institutun direktoru,
professor E.Ramazanova "Azərbaycan qadınının
neft sənayesində iştirakı və rolu" mövzusunda
geniş çıxış etmişdir.
Hazırda institutun kollektivi bu ilin sentyabr
ayında ölkəmizdə "Ekologiya ili" çərçivəsində
keçirilməsi nəzərdə tutulan suyun, havanın,
torpağın təmizlənməsi problemlərinə həsr olunmuş
konfransa hazırlaşır. Konfransda mövzu ilə bağlı
ətraflı müzakirələrin aparılacağı gözlənilir.
Eyni zamanda institutda 2011-ci ildə Qətərdə
keçiriləcək XX Dünya Neft Konqresinə ciddi
hazırlıq işləri görülür.
İnstitut neft və enerji məsələləri ilə bağlı bir
sıra beynəlxalq nəşrlərin hazırlanmasında da
yaxından iştirak edir, əməkdaşlarının elmi
məqalələri nüfuzlu elmi jurnallarda nəşr olunur.
Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı ölkələrinin enerji xülasəsi adlı
toplunu xüsusi qeyd etmək lazımdır.
Yunanıstanın paytaxtı Afinanın Milli
Kapodistrian Universitetinin Energetika və
İnkişaf Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq
əsasında artıq üç nəşri hazırlanmış xülasənin
sonuncu nəşri - "Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı ölkələrinin enerji xülasəsi - 2008"
toplusunun təqdimatı həmin təşkilatın maliyyə
dəstəyi, Azərbaycan Respublikası Sənaye və
Energetika, Xarici İşlər nazirlikləri və
ARDNŞ-ın təşəbbüsü, Afinanın sözügedən
institutunun Energetika və İnkişaf Mərkəzinin və
ADNA Neftin, Qazın Geotexnoloji Problemləri və
Kimya ETİ-nin təşkilatçılığı ilə ötən il Bakıda
olmuşdur. İlk nəşrdə cəmi 6 ölkənin iştirak
etdiyi toplunun üçüncü buraxılışında artıq 12
ölkə təmsil olunmuşdur. Bu da əməkdaşlığın
getdikcə genişlənməsinin əyani sübutudur.
Bundan əlavə, institut QDİƏT ölkələrinin birgə
buraxdığı "Dayanıqlı energetika siyasətinin
inkişafı üzrə Avro-Asiya jurnalı"nın nəşrində də
fəal iştirak edir. Artıq iki nömrəsi işıq üzü
görmüş bu nüfuzlu elmi jurnalın 3-cü nömrəsi
hazırda çap olunur. İnstitutun direktoru,
professor E.Ramazanova yeni texnologiyaların
bütün dünyaya yayılmasında böyük rol oynayan bu
sanballı elmi jurnalın redaksiya heyətinin
üzvüdür. 2004-cü ildən başlayaraq institutun
özünün elmi əsərləri buraxılır. Həmin toplu
digər ölkələrə də göndərilir.
Hazırda Neftin, Qazın Geotexnoloji Problemləri
və Kimya ETİ-nin elmi fəaliyyətinin əsas
istiqamətlərini neftçıxarmada
nanotexnologiyaların işlənməsi və geniş surətdə
tətdiqi, yeni texnologiyaların hazırlanması,
enerji ehtiyatlarının qorunması,
texnologiyalarının hazırlanması, ətraf mühitin
mühafizəsi və alternativ enerji mənbələrinin
müəyyən edilməsi təşkil edir.
İnstitutun mövcud elmi potensialı və bazası
bütün bu işlərin, elmi layihələrin
müvəffəqiyyətlə həyata keçirilməsinə imkan versə
də, bu gün bu elmi-tədqiqat müəssisəsi üçün yeni
binanın ayrılmasına ehtiyac duyulur.
Müəssisələrinin Təhsil Nazirliyinin daim diqqət
mərkəzində durduğunu deyən və buna görə cənab
nazirə təşəkkürünü bildirən direktor
E.Ramazanova institutun yeni bina ilə yaxın
vaxtlarda təmin olunacağına, möhtərəm
Prezidentimiz İlham Əliyevin 4 may 2009-cu il
tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın
ölkəmizdə elmin daha da inkişaf etdirilməsinə və
onun nəticələrinin tədrisdə tətbiqinə böyük
imkan yaradacağına əmin olduğunu bildirdi.
Yusif ƏLİYEV |