Koreya Yüksək Elm və Texnologiyalar
Universitetində (KAİST) Azərbaycana həsr olunmuş
tədbir keçirilmişdir.
Tədbir universitetdə təhsil alan xarici
tələbələrin dünya ölkələrinin mədəniyyət və
tarixlərinin öyrənilməsi üzrə xüsusi proqramı
çərçivəsində təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, 200-ə yaxın iştirakçının
qatıldığı yığıncaqda Azərbaycanın qədim tarixi,
son illər sürətlə inkişaf edən iqtisadiyyatı,
mədəniyyəti, sosial, idman və digər sahələrini
əks etdirən təqdimat olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə də ətraflı məlumat verilmişdir.
Təcavüzkar qonşunun Azərbaycanın ərazisinin 20
faizini zəbt etməsi, keçmiş sovet ordusunun
1990-cı il yanvarın 20-də Bakıda günahsız
əhalini vəhşicəsinə qətlə yetirməsi, Xocalı
soyqırımı haqqında geniş və dolğun məlumat
iştirakçılar tərəfindən böyük təəssüf hissi ilə
qarşılanmışdır.
KAİST-in beynəlxalq mərkəzində Azərbaycana həsr
edilmiş guşədə ölkə haqqında kitablar, broşürlər,
markalar və s. öz əksini tapmışdır.
Bədii hissə ilə davam etdirilmiş tədbirdə
qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri
də təklif olunmuşdur.
|