Aprelin 21-də Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq-gənclər şahmat
məktəblərinin fəaliyyətinə həsr olunmuş müşavirə
keçirildi.
Təhsil Nazirliyində keçirilən tədbirdə müvafiq
struktur bölmələrinin rəhbərləri, respublikanın
ayrı-ayrı bölgələrində fəaliyyət göstərən şahmat
məktəblərinin direktorları, son beynəlxalq
yarışlarda böyük ustalıq nümayiş etdirən
məktəblilər və onların məşqçi-müəllimləri
iştirak edirdilər.
Tədbiri açaraq iştirakçıları salamlayan təhsil
nazirinin müavini Elmar Qasımov ölkəmizdə bədən
tərbiyəsi və idmanın inkişafının həmişə dövlət
üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri
olduğunu dedi.
Nazir müavini qeyd etdi ki, ümummilli liderimiz
Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə bu
sahənin inkişafına daim xüsusi diqqət və qayğı
göstərilib və hazırda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən həmin
siyasət uğurla davam etdirilir. Artıq Azərbaycan
dünyada idman ölkəsi kimi tanınır. Hər il
müxtəlif idman növləri üzrə Bakıda təşkil edilən
beynəlxalq tədbirlər və idmançılarımızın
yarışlarda əldə etdikləri yüksək nəticələr buna
əyani sübutdur.
Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş
Dövlət Proqramının bu sahədə yeni-yeni
nailiyyətlərin qazanılmasına zəmin yaratdığını
deyən Elmar Qasımov bildirdi ki, sənəd qəbul
edildikdən sonra ölkədə şahmat hərəkatı yeni
vüsət almış, şahmat məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, müasir
avadanlıqlarla təmin olunması və s.
istiqamətlərdə mühüm tədbirlər həyata
keçirilməyə başlanmışdır.
Sevindirici haldır ki, ölkə Prezidenti cənab
İlham Əliyev Naxçıvan, Samux, Xızı, Yevlax,
Xaçmaz, Neftçala və Şamaxı şahmat məktəblərinin
açılış mərasimlərində iştirak etmişdir.
Nazir müavini tədbirdəki çıxışında daha sonra
yetirmələrinin uğurlu göstəriciləri ilə
fərqlənən, habelə zəif nəticələr göstərmiş
məktəblər haqqında məlumatı diqqətə çatdırdı, bu
sahədəki problemlərdən danışdı.
Şahmat məktəblərinin direktorlarına ölkəmizdə bu
sahənin inkişafına dair Dövlət Proqramının
icrası istiqamətində müvafiq tapşırıqlar
verildi, görüləcək işlər və qarşıda duran
vəzifələrdən söz açıldı. Elmar Qasımov bu
yaxınlarda Yunanıstanın Saloniki şəhərində
keçirilən məktəblilər arasında şahmat üzrə
Avropa çempionatında həmyerlilərimizin 24
komanda arasında birinci yeri tutmasını böyük
uğur adlandırdı.
Nazir müavini beynəlxalq yarışda Azərbaycanın
adını ləyaqətlə təmsil etmiş məktəblilərə
minnətdarlığını bildirərək gələcəkdə yeni-yeni
nailiyyətlər qazanmağı arzuladı və onlara Təhsil
Nazirliyinin diplomunu təqdim etdi.
Tədbirdə, eyni zamanda son dövrlərdə keçirilmiş
digər beynəlxalq yarışlarda qalib gələn
şahmatçılara, eləcə də yüksək göstəriciləri ilə
fərqlənən bir qrup uşaq-gənclər şahmat
məktəbinin direktoruna Təhsil Nazirliyinin
diplomları təqdim olundu.
Hicran ƏKBƏROVA |