Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və
fenomen şəxsiyyətlərinin adları ilə yanaşı
çəkilir.
O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə
fərqlənən şəxs olmuşdur. Bu, Dünya
azərbaycanlılarını birliyə və vəhdətə səsləyən,
bütün türk xalqlarının yenilməz və vüqarlı
şəxsiyyəti olan, müdrik rəhbərliyi,
uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə
zəmanəmizin görkəmli siyasi xadimi kimi
tanınmış, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevdir. O, nəinki Azərbaycan xalqının
ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi
görkəmli liderdir.
Azərbaycan
xalqının taleyüklü hadisələrlə dolu olan
otuzillik bir dövrü çoxəsrlik dövlətçiliyimiz
tarixində əvəzsiz yeri olan ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev
Azərbaycan dövlətini və millətini zamanın çətin
sınaqlarından çıxararaq ölkənin bütün sahədə
tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri
layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm
qoymuşdur.
1969-cu ildə Azərbaycan rəhbərliyinə irəli
çəkilən Heydər Əliyev milli mənafelərə xidmət
göstərmək məqsədilə totalitar rejimin qanunları
altında Azərbaycanda milli mənəvi dəyərləri
qorumaqla, tərəqqiyə, elm və təhsilin
yüksəldilməsinə nali olmaq üçün düşünülmüş elmi
siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə
olduğu 1969-1982-ci illərdə Azərbaycan
dövlətinin diqqət mərkəzində duran ən ümdə
məsələlərdən biri elmin və təhsilin inkişafına
qayğının artırılması olmuşdur. Lakin illərlə və
böyük zəhmət hesabına qazanılmış nailiyyətlər
1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə
üz-üzə gəldi. Bu dağılma və tənəzzül xüsusən
90-cı illərin əvvəlində, müstəqillik əldə
edildikdən sonra daha geniş miqyas aldı,
təhlükəli meyillər özünü göstərməyə başladı.
Lakin ikinci dəfə hakimiyyətə qayıdan Heydər
Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası
hazırlandı ki, milli dövlətçilik prinsipləri
içərisində milli təhsil sistemi əsas yerlərdən
birini tutmalıdır. Heydər Əliyevin milli
müstəqillik, milli dövlət quruculuğu ideyasının
əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi,
demokratiyanın inkişaf yolu məhz təhsildən
keçir. Odur ki, Heydər Əliyevin işləyib
hazırladığı strategiyanın əsas xətti milli
dövlətçilik və hakimiyyət strukturlarının
yaradılması və möhkəmləndirilməsi ilə yanaşı,
milli təhsil sisteminin yenidən qurulması idi.
Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali
Sovetin sədri, iyunun 24-də isə Azərbaycan
Respublikasının Prezidentinin səlahiyyətlərini
icra etməyə başladı. Artıq həmin ilin
sentyabrın 21-də Elmlər Akademiyasında
ziyalılarla ilk görüşünü keçirdi. O, bu görüşdə
söyləmişdir: "Mənə sədalar gəlir ki, Elmlər
Akademiyasını, institutları dağıtmaq istəyirlər,
elm ocaqlarına biganə münasibət var. Biz
bunların hamısına son qoyacağıq. Nəyin bahasına
olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat
olursa-olsun, elm inkişaf etməlidir...".
1993-cü il oktyabr ayının 3-də Heydər Əliyev
ümumxalq səsverməsi yolu ilə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Qarşıda
həlli çətin olan məsələlər dururdu: atəşkəsə və
sabitliyə nail olmaq, Qarabağ probleminin
həllinə çalışmaq, Azərbaycanı dünyaya tanıtmaq
və informasiya blokadasını yarmaq... Həmin il
məktəbəqədər təhsilin bazis proqramı işlənib
hazırlandı.
1994-cü ilin ilk yarısında atəşkəs haqqında
saziş imzalandı. Paralel olaraq "Ümumtəhsil
məktəblərinin nümunəvi Əsasnaməsi"nin
yaradılması məsələsi qoyuldu. Hökumətin böhran
halını yaşamasına baxmayaraq, heç olmasa,
ibtidai siniflər üçün dərsliklərin pulsuz
verilməsi barədə qərar qəbul edildi.
1999-cu ilədək təhsil sahəsində müxtəlif
qərarlar qəbul edilsə də, təhsilin milli
tərəqqimizin güclü amilinə çevrilməsi üçün
dövlət təminatı olmalı idi. Odur ki, 1998-ci
ilin martında "Təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyasının yaradılması haqqında"
sərəncam imzalandı və bunun ardınca "Təhsil
sahəsində islahatlar Proqramı" qəbul edildi.
Komissiyanın yekun iclasında çıxış edən Heydər
Əliyev demişdir: "Təhsil sistemi elə bir
sistemdir ki, burada heç bir inqilabi dəyişiklik
ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün
sahələrində dəyişikliklər təkamül xarakteri
daşıyır".
Azərbaycan təhsil tarixində böyük dönüş yaratmış
1999-cu il təhsil islahatına aparan yol heç də
hamar olmamışdır. Müstəqilliyimizi bərpa
etdiyimiz ilk illərdə mənəvi institutlarda
sürətlə dağılma prosesi gedirdi. Sosial xaos və
anarxiya, hər şeydən əvvəl, mənəvi ehtiyatlara
zərbə vursa da, onun közərtisi qalmaqda idi.
Həmin közərtini alovlandırmaq,xalqı mənəvi
böhrandan qorumaq üçün mümkün yollar aramaq
vəzifəsi isə məhz Heydər Əliyevin üzərinə
düşdü. İkinci dəfə hakimiyyətə qayıdışından
sonra milli büdcəmizin mizer olduğu, dövlətin
iqtisadi tənəzzül keçirdiyi bir dövrdə
"Bibi-Heybət" məscidinin tikilməsi, dahi
Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi
münasibətilə "Füzuli ensiklopediyası"nın
hazırlanması və nəşr edilməsi, "Kitabi-Dədə
Qorqud"-un 1300 illik yubileyinin keçirilməsi
barədə sərəncamlar imzalandı. Böyük mütəfəkkir
Hüseyn Cavidin nəşinin doğma yurdda torpağa
tapşırılıb üzərində məqbərənin ucaldılması onun
adı ilə bağlıdır. Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsi yarandı. İlk dəfə olaraq Heydər Əliyev
tərəfindən "31 dekabr Dünya Azərbaycanlılarının
həmrəylik günü", "31 mart Azərbaycanlıların
soyqırımı günü" təsis edildi.
Azərbaycan Respublikasının orta təhsil
sistemində ən ciddi problemlərdən biri, təbii
ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin
təmiri və avadanlıqlarla təchizatı idi. Heydər
Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan
Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" yeni fərman
imzaladı. Fərman təhsil sisteminin əsaslı
şəkildə təkmilləşdirilməsinə, idarəetmənin
müasir prinsiplər üzrə təşkilinə, təhsil
sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılmasına və dünya təhsil sisteminə
inteqrasiyasına zəmin yaratdı.
2002-ci ilin sentyabrında Suraxanı rayonundakı
275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu
barədə demişdir : "Mən bu gün bəyan edirəm ki,
yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi,
məktəblərin müasir avadanlıqlarla təmin
olunması, təmir edilməsi ilə əlaqədar ciddi
tədbirlər haqqında öz təkliflərimi irəli
sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin
oktyabr ayında "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı.
Bu sərəncam məktəblərdə təlim şəraitinin və
təlim mühitinin yaradılmasında ciddi dönüşə
səbəb oldu.
Ulu öndərin layiqli davamçısı olmaqla,
özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik
konsepsiyası olan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev qısa bir zamanda
qazanılmış nailiyyətlərə toxunaraq "Bakı -
İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət
ilinin təntənəli açılışında demişdir:
"Azərbaycan son beş il ərzində dünyada analoqu
olmayan sürətlə inkişaf edibdir. Bizim
iqtisadiyyatımız son beş il ərzində dünyada ən
sürətlə artan iqtisadiyyat olubdur. Köklü
iqtisadi və siyasi islahatlar Azərbaycanı daha
da gücləndiribdir. Ölkəmiz gələcəyə çox
nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə
baxırıq. Buna imkan verən bu vaxta qədər
görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla
nəticələndi, verilən bütün sözlər yerinə
yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir".
Bəli, bu gün əminliklə və qətiyyətlə bildiririk
ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev milli quruculuq sahəsində böyük
şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı
strateji xətti uğurla davam etdirir,
Azərbaycanın davamlı inkişafına yönəlmiş
proqram və layihələrin həyata keçirilməsini
təmin etmişdir.
Azərbaycanın inkişaf strategiyasının dövlət
başçısının daim himayəsi altında olduğunun bir
daha şahidi olduq və cənab Prezidenti əmin
edirik ki, müstəqil Azərbaycanımızın
çiçəklənməsi, möhkəmlənməsi naminə bundan sonra
da var qüvvəmizi səfərbər edəcəyik.
Elçin HƏSƏNOV,
Şirvan Şəhər Təhsil Şöbəsi
metodkabinetinin müdiri |