Paytaxtın bütün ümumtəhsil məktəblərində olduğu
kimi, Yasamal rayonundakı 158 nömrəli orta
məktəbdə də mayın 31-də həyəcanlı anlar
yaşanırdı. Baxışlarda sevinclə bərabər bir
kədər də duyulurdu. Axı gənclər üçün bu zəng 11
il təhsil aldıqları məktəblə vida rəmzi idi.
Nəhayət, Azərbaycanın Dövlət himni səsləndi.
Aparıcılar Xəyalə Kərimova və Tural Əliyev
onbirinciləri təbrik etmək üçün sözü məktəbin
direktoru Zemfira Səmədovaya verdilər. Zemfira
müəllim qonaqları, müəllimləri və məzunları
salamlayıb, onlara xoş arzularını bildirdi, qeyd
etdi ki, bu il məktəbi 208 nəfər bitirir.
Onların hər birini yeni həyat gözləyir.
Ölkəmizin gələcək taleyinin sahibləri olacaq bu
gənclər təhsildə qazandıqları bilikləri test
imtahanlarında təsdiq edəcək, seçdikləri
ixtisasa yiyələnəcəklər. Təhsildə əldə etdiyimiz
nailiyyətlər, müxtəlif olimpiadalarda,
müsabiqələrdə qazanılan uğurlar bunları deməyə
əsas verir.
Direktor qürurla vurğuladı ki, ulu öndər Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə keçirilən tədbirlərdə məktəb
xüsusilə fərqlənib. XI "B" sinfinin məzunu Maya
Namazova ümummilli lider Heydər Əliyevə həsr
edilmiş inşa müsabiqəsinin respublika üzrə
qalibi olub.
Mərasimdə məktəbin müəllimləri, şagirdlər və
məzunların valideynləri çıxış edərək xoş
arzularını bildirdilər.
Kövrək notlu "son zəng" çalındı. "Məktəb illəri"
mahnısının sədaları ətrafa yayıldı, birincilər
onbirinciləri şeirlə, mahnı ilə, rəqslə təbrik
etdilər. Onbirincilər isə məktəbin rəmzi açarını
birincilərə təqdim etdilər.
Sifai SƏFƏROVA |