İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil
məktəblərinin fənn proqramları müəllifləri ilə
görüş keçirilib. Görüş iştirakçılarını
salamlayan təhsil naziri Misir Mərdanov
2011-2012-ci tədris ilinə ümumtəhsil
məktəblərinin VII-XI sinifləri üçün 27 adda
dərsliyin hazırlanmasının və tender yolu ilə
çapının nəzərdə tutulduğunu bildirib.
Bu
fənlər üzrə əsasən 2000-2006-cı illərdə
hazırlanmış tədris proqramlarının orta məktəb
müəllimlərindən ibarət ekspert qrupları
tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən
dövrdə həmin fənn proqramları əsasında
hazırlanan və çap edilən dərsliklərin məzmununda
daha çox proqramdan irəli gələn qüsurlara
təsadüf edildiyini nəzərə çatdırıb. Bəzən
dərsliklərdə tədris olunan mövzuların müvafiq
ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran
məsələlərin yer alması, elmin yeni
nailiyyətlərinin əksini tapmaması, iqtisadi
həyatda baş verən dəyişikliklərin nəzərə
alınmaması və mövzuların öyrənilməsinə ayrılmış
saatların düzgün bölünməməsindən söz açan Misir
Mərdanov bu kimi halların pedaqoji
kollektivlərin haqlı narazılığına səbəb olduğunu
qeyd edib.
Təhsil naziri bütün bunları nəzərə alaraq
2011-2012-ci tədris ilinə hazırlanması və tender
yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin
fənn proqramlarında orta məktəb müəllimlərinin
rəyləri nəzərə alınmaqla dəyişikliklərin
aparılmasının zəruriliyini bildirib. Bu
istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün
bir sıra təklif və tövsiyələrini səsləndirən
nazir yeni fənn proqramları hazırlandıqdan sonra
onların müvafıq mütəxəssis və müəllimlərin
iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli
olacağını vurğulayıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb,
ümumtəhsil məktəblərinin fənn proqramları
müəlliflərinin məsələ ilə bağlı fikirləri
dinlənilib. |