Respublikanın ümumtəhsil müəssisələrində
elektron dərslərin geniş tətbiqinə
başlanılacaqdır. Layihə Prezident İlham Əliyevin
Sərəncamı ilə təsdiq edilən "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na əsasən həyata keçirilir.
Təhsil Nazirliyindən bildirmişlər ki, dərslər
Azərbaycan Respublikasının təhsil portalında öz
əksini tapacaqdır. İndiyədək portalda 4 fənn
üzrə 30-a yaxın dərslik yerləşdirilmişdir.
Hazırda daha 8 fənn üzrə dərslər hazırlanır.
Bunlar əsasən texniki fənləri əhatə edəcəkdir.
Peşəkar müəllim heyətinin iştirakı ilə böyük bir
komandanın hazırladığı dərslər Milli Kurikulum
standartlarına tam cavab verir. Onların
hazırlanması zamanı müxtəlif mənbələrdən
istifadə olunur. Bu da yeni tədris metodunun
üstünlüklərini artırır.
Elektron dərslər vasitəsilə çətin təcrübələri
heç bir avadanlığa ehtiyac olmadan aparmaq
mümkündür. Üstəlik, təcrübələr əlavə xərc tələb
etmir və təhlükəsiz şəraitdə həyata keçirilir.
İbtidai siniflər üçün də hazırlanan elektron
dərslər maraq doğurur. Belə dərslərdə
nağıllarımızın qəhrəmanları canlandırılır. Bu da
azyaşlı uşaqlara həm milli irsimizi unutmamağa
kömək edir, həm də təqdim olunan mövzulara, dərs
prosesinə maraq yaradır. Aparılan müşahidələr
təsdiq edir ki, elektron dərslər tədrisin
effektliyini artırır. Hazırda bir sıra Avropa
ölkələrində, o cümlədən Rusiya, Estoniya və
Böyük Britaniyada bu metoddan geniş istifadə
olunur. Elektron dərslərin hazırlanmasında həmin
ölkələrin təcrübəsi öyrənilmişdir.
Qeyd edək ki, elektron dərs vasitələrini
müəllimlər də yarada bilərlər. Onların təqdim
etdiyi hər bir dərslik Təhsil Nazirliyinin
elektron tədris resurslarının qiymətləndirilməsi
üzrə şura tərəfindən təhlil olunaraq, təhsil
portalında yerləşdiriləcəkdir.
AzərTAc |