Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamına uyğun olaraq "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək 512
nəfər gənc təhsilin müxtəlif pillələri üzrə
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya,
Almaniya, Fransa, Yaponiya, Türkiyə, Rusiya və
digər ölkələrə təhsil almaq üçün göndərilmişdir.
Onlar əsasən iqtisadiyyat və idarəetmə,
informasiya-telekommunikasiya texnologiyaları,
sosial elmlər, mühəndislik, hüquqşünaslıq və
tibb sahələrində təhsil almaqdadırlar.
2010-2011-ci tədris ilində də Dövlət Proqramı
çərçivəsində 200 nəfərə yaxın gəncin xarici
ölkələrə təhsil almaq üçün göndərilməsi nəzərdə
tutulur.
Respublikanın kadrlara olan tələbatı nəzərə
alınaraq builki tədris ilindən etibarən gənclər
xarici ölkələrə göndərilərkən informasiya
texnologiyaları, mühəndislik, neft sənayesi,
tibb, riyaziyyat, fizika, biologiya və kimya
ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına
üstünlük veriləcəkdir. |