Braziliyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Paulo Antonio Pereira Pinto
Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri
çərçivəsində Naxçıvan Dövlət Universitetində də
olmuşdur. Universitetin rektoru, akademik İsa
Həbibbəylinin qəbulunda olan səfir Azərbaycan və
Naxçıvan haqqında xoş təəssüratlarını
bölüşmüşdür.
Görüş zamanı 1993-cü ildə qurulan Azərbaycan və
Braziliya arasındakı diplomatik münasibətlərin
inkişafından, 2009-cu ildə açılan Braziliya
səfirliyinin bu istiqamətdə atdığı addımlardan
danışılmışdır. Millət vəkili, akademik İsa
Həbibbəyli Braziliyanın neytral siyasət yürüdən,
çoxmədəniyyətli və zəngin tarixə malik ölkə
olduğunu vurğulamış, Naxçıvanın qədim
tarixindən, mədəniyyətindən, ermənilər
tərəfindən uzun illər mühasirədə olmasına
baxmayaraq, misligörünməmiş inkişafından söz
açmışdır. Rektor universitetin strukturu,
maddi-texniki bazası, professor-müəllim heyəti
və tələbə kontingenti, elm və tədrisin
inkişafında qazandığı uğurlar haqqında da
ətraflı məlumat vermişdir.
Braziliyalı diplomat öz ölkəsinin Azərbaycanın
ərazi bütövlüyünə, müstəqilliyinə, milli mənəvi
dəyərlərinə hörmətlə yanaşdığını diqqətə
çatdırmışdır.
Görüş zamanı elmin, təhsilin inteqrasiyası
məqsədi ilə tərəfdaşlığın əhəmiyyəti
vurğulanmış, universitetlərarası əməkdaşlığın
yaradılması haqqında razılıq əldə olunmuşdur.
Səfir Paulo Antonio universitetin struktur
bölmələri, tədris korpusları ilə tanış olmuş,
Beynəlxalq münasibətlər və xarici dillər
fakültəsində, Olimpiya idman mərkəzində, İdman
muzeyində olmuş, konservatoriyada mini konsert
proqramını izləmişdir.
Mehriban SULTAN |