Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Hüseyn Cavidin "İblis" faciəsinin tədrisində yeni təlim texnologiyalarının tətbiqi

Bookmark and Share

Azərbaycan bədii ədəbiyyatında və fəlsəfi fikir tarixində özünə əbədiyyəti təmin etmiş ulu söz sənətkarımız Hüseyn Cavidin yaradıcılığı elə ədəbi qaynaqlarımızdandır ki, buraya hər dəfə müraciət edəndə sənətkar dühasının yeni-yeni möcüzələri qarşısında heyrətlənməli olur, özümüzü bu qüdrətli sənətkarın romantik ecazkar aləmində hiss edirik. Mənzum dramaturgiyamızın dünya ədəbiyyatınin şedevrləri sırasında  vüqarla dayanmağa layiq əsərlərindən olan "İblis" faciəsi ədibin yuxarıdakı fikirlərimizi təsdiq edən  əsərlərindən biridir. Əsərin qələmə alındığı 1918-ci ildən bəri bədii məziyyətləri, tədris və metodik əhəmiyyəti haqqında yazılanlar bir yerə toplansa, cildlərlə kitaba bərabər olar. Bununla belə, bu günün təhsil standartları baxımından "İblis" faciəsinin yeni üsullarla təhlili günün tələbidir və bu yazıda əsərin təhlili ilə bağlı bəzi fraqmentləri pedaqoji ictimaiyyətimizin nəzərinə təqdim edirik.

"İblis" faciəsinin Birinci Dünya müharibəsi illərində yazıya alınması, H.Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyaları ətrafında mövzunun tədrisinə ayrılmış bir neçə saat vaxt ərzində müəllim son dərəcə məsuliyyətli  olmalı, intensiv metodlardan istifadə etməlidir. Mövzunun tədrisi ərəfəsində çalışmaq lazımdır ki, şagirdlər əsəri müstəqil oxusunlar. Əsərin dilində  çətin anlaşılan ərəb və fars sözləri, osmanlı-türk şivəsi tələb edir ki, şagirdlərin oxusuna müəllim rəhbərlik etsin, əsərdəki əsas fikri və müəllif qayəsini şagirdlərə çatdırmaqda yardımçı olsun. Yeni təlim vəzifələrinin tələbinə uyğun olaraq, hər bir şagirdin subyektiv rolunun artırılması üçün müəllim öz "drijorluq" məharətindən istifadə etməlidir. Problemin qoyuluşu, mövzunun dərki ətrafında sinif kollektivini səfərbər etməli, maraq doğuran üsul və vasitələrdən istifadə olunmalıdır. Burada haqqında bəhs olunan üsul və vasitələr kompüter imkanlarına malik olan məktəb və müəllimlər üçün əlverişlidir. Təqdim edəcəyimiz fraqmentlər elektron tədris imkanları olan məktəblərdə istifadə olunmaq üçün nəzərdə tutulsa da, ondan adi texniki təlim vasitələri şəraitində də faydalanmaq olar.

XI sinifdə H.Cavidin "İblis" faciəsinin təhlili üçün nəzərdə tutulmuş dərs saatları və ya dərsdənkənar məşğələlərdə tədris məqsədilə on-on iki fraqmentdən ibarət təqdimat nəzərdə tutulur. İlk qeydlər şagirdlərin tanışlığı və  problemə cəlb olunması məqsədi daşıyır. Bu, ənənəvi təlimdə, təxminən, "müəllimin şərhi"nə  uyğun gəlir. Biz hər bir elektron səhifəyə yerləşdirdiyimiz materialı ayrı-ayrı təqdimat şəklində əks etdirməyə çalışacağıq. Başqa sözlə, hər bir təqdimat kompüterdə bir elektron səhifə sayılır. İntensivlik məqsədilə sinif əvvəlcə müxtəlif qruplara bölünür (bölünməyə də bilər).

1-ci təqdimat məzmunca əsərin təhlili üçün giriş məqsədi daşıyır. Odur ki, həmin fraqmenti, təxminən, aşağıdakı kimi verirəm:  H.Cavid bütün yaradıcılığı boyu bəşəri və milli səadət, sülh və əmin-amanlıq tərəfdarı olmuş, humanist və romantik bir şair kimi müharibələri və onu törədənləri insansevərliyə, bəşəriyyətin tərəqqisinə, yüksək ideallara səsləmişdir. "İblis" ədibin həmin düşüncələrini əks etdirən və dünya ədəbiyyatının şah əsərləri ilə bir sırada duran romantik faciədir. İnteqrativ məqsədlə dramaturqun "Peyğəmbər" dramından götürdüyümüz aforizmlə fikrimizi qüvvətləndiririk:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Bu epizodun nümayişi şagirdləri əsərdə qoyulmuş problemin tədqiqinə yönəldir. Əlavə təsir effekti yaratmaq üçün şagirdlərin diqqətini əsərdə ideya daşıyıcısı olan Vasifin  dilindən götürülmüş, xalqımızın bugünkü durumu ilə yaxından səsləşən 2-ci fraqmentə cəlb edirəm. Həmin fraqment 2-ci təqdimat sayılır və şagirdlərin fikri fəallığını gücləndirmək məqsədi daşıyan sualdan ibarətdir:   H.Cavidin vətəndaş və milli qayəsini əks etdirən aşağıdakı sözlər "İblis" faciəsində hansı qəhrəmanın dilindəndir?

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

Şübhə yoxdur ki, əsəri diqqətlə oxumuş şagird üçün bu suala cavab vermək o qədər də çətin deyil. Müəllim problemin açılışına cəlb olunmuş şagirdlərə Vasifin və Arifin taleyi,  müharibənin yaratdığı vəhşətlər və s. haqqında düşündüklərini deməyə, onu Azərbaycanın müasir durumu ilə - torpaqlarımızın xain və nankor ermənilər tərəfindən işğalı ilə əlaqələndirməyə şərait yaradır. Müharibənin dəhşətlərini və ağrılarını daşıyan üç gəncin - Arifin, Vasifin və kiçik zabitin Vətən, onun tarixi və taleyi haqqındakı düşünçələri ilə şagirdlər H.Cavidin Osmanlı dövlətinin tarixi, Birinci Dünya müharibəsi, Türkiyə Respublikası və türk xalqı barədə düşündüklərinin yeni bir qatı ilə tanış olur, yuxarıdakı sözlərin isə Vasifə məxsus olduğunu xatırlayırlar. Müəllim həmin debatın yekunu kimi şagirdlərə Türkiyə-Azərbaycan tarixi ilişkiləri ilə bağlı müstəqil tapşırıqlar da verə bilər.

Bunun ardınca şagird-müəllim qənaətlərini möhkəmləndirən 3-cü təqdimata keçilir. Bu, sadə bir quruluşdur və kompüterin Power Point proqramının imkanları sayəsində müxtəlif  şəkildə nümayiş etdirilə bilər. Slaydın bir tərəfində qlobus üzərində "ürmhəbia" şəklində hərflər dağıdılaraq anaqram tərtib edir, ondan aşağıda - sağda isə əsərdəki obrazların - Arif, Vasif, Rəna, Elxan, Yaralı zabit, Ərəb zabiti, İbn Yəminin adlarını alt-alta nümayiş etdirilir. Qlobusun üzərindəki sözlə burada adları çəkilən obrazlar arasında əlaqələri müəyyənləşdirmək üçün səhifənin əvvəlində belə bir sual qoyulmuşdur: "Aşağıdakı anaqramda verilmiş söz "İblis" faciəsindəki obrazların hər birinin taleyində özünəməxsus izlər qoymuşdur. Həmin sözü tapın".  Yenidən  şagirdlərin fəallığı artır, hər qrup özünəməxsus fikirlərlə əsərdə qoyulmuş ideyanı dərk etməyə çalışır.  Sonda müəllim kompüterin köməyilə qlobusun üzərindəki hərflərə bir-bir toxunur, nəticədə lövhəciyin sağ tərəfində "müharibə" sözü alınır.

Sonrakı təhlil elementi - 4-cü təqdimat klaster (şaxələndirmə) şəklindədir. Səhifənin əvvəlində belə bir tapşırıq verilmişdir: "Əsərdəki ideyanın açılmasında surətlərin rolunu şaxələr üzrə müəyyənləşdirin". Klaster mərkəzdə "İblis" sözü yazılmış səkkiz şaxədən ibarətdir. Onun qütbləri aşağıdakı kimidir: 1. Arif-İblis-Mələk; 2.Rəna-İblis-Xavər; 3. Papas, xaxam, şeyx-İblis-İbn Yəmin; 4.  Elxan-İblis-Mələk. Obrazlar arasında bağlılığı müəyyənləşdirmək şagirdlərdən  tələb olunur. Ola bilsin ki, şagirdlər bu cür qütbləşməyə əks arqumentlər irəli sürsünlər. Müəllimin rəhbərliyi altında polemikaya belə meydan açılması əsərin təhlili üçün rəngarəng fikirlərin üzə çıxarılması deməkdir. Bu isə dövrümüzdə şəxsiyyətyönümlü təhsilin tələblərindən biridir. Elektron imkanları olmayan məktəblərdə həmin sxemləri sadə əyaniliklə də nümayiş etdirmək olar.

Bu sxem şagirdlərin İblis obrazı, iblislik və insan təbiətinin xeyirlə şərin daim mübarizə meydanı olması, müharibələr, onları doğuran səbəblər, varlanmaq ehtirasları və s. haqqında mühakimələrinə geniş imkan yaradır. Şagirdlər müəllimin köməyi olmadan, lakin onun rəhbərliyi altında şaxələr üzrə müəllif qayəsinin dərk olunmasında və onun açılışında fəal iştirak edirlər. Müəllim kompüterin Power Point proqramının imkanlarından istifadə etməklə şaxələr üzrə obrazları fərqləndirərkən müxtəlif rəng çalarlarından istifadə edə bilər. Məsələn, İblisi qara, Arifi qırmızı, Elxan və Vasifi yaşıl, Rəna, Xavər və Mələyi palıdı, din xadimləri və İbn Yəmin olan dairələri isə sarı rəngdə verməklə  şagirdləri obrazların rəng simvolikası ilə qruplaşdırılması üzərində də düşündürür. Bundan əlavə, digər elektron səhifədə klaster üzrə şagirdlərin işini asanlaşdırmaq üçün növbəti -5-ci təqdimatı da nümayiş etdirə bilər. Həmin tapşırığı aşağıdakı kimi vermək mümkündür:

Klaster (şaxələndirmə) üsulu əsasında  obrazların aşağıdakı kimi əlaqələndirilməsi səbəblərini izah edin:

İblis - Arif- Mələk - müharibə, onun dəhşətlərinə münasibət;

Arif - İblis - Xavər - ailədaxili münasibətlər, məhəbbətə ikili yanaşma;

Rəna - Arif - Vasif - İblis - insanı filosofdan qatilə çevirən məhdudluq;

Rəna - Xavər - Mələk - humanizm, zəriflikdən doğan həssaslıq;

Vasif - Elxan - Vətən, onun taleyi ilə bağlılıq;

İbn Yəmin - papas, xaxam - İblis - klasterin və əsərin qara və tutqun rəngləri və s.

6-cı təqdimat məktəblərimizdə geniş tətbiq edilən oyun-dərs modelinə uyğun olaraq düşünülmüşdür. "Kim kimdir?" əyləncəli teleoyununa bənzəyən həmin səhifəni bütövlükdə aşağıdakı kimi tərtib etməyi məqsədəuyğun hesab edirik:

"Kim kimdir?"

1. Müharibələrin dəhşətlərindən bəşəriyyətə acıyan mövhumi obraz.

2.  Filosof - qatil.

3. Qardaşlar.

4. Müharibə, qisas, qənimət.

5. Missionerlər. Təxribatçılıq. Düşmənlərimizin kəmfürsətliyi.

6. Məhəbbət. Qadınlar.

7. Üç zabit. Tale oxşarlıqları və fərqlər.

8. Nəfs. İnsan iblisləşir.

Burada səkkiz məqama diqqət cəlb olunmuşdur, lakin bu, nisbidir və çoxaldıla bilər. Başlıcası, hər bənd üzrə dərindən düşünməyə və fəal təlimə cəlb olunan şagirdlər müstəqil şəkildə öz fikirlərini əsərdən gətirdikləri faktlarla əsaslandıra bilərlər.

7-ci elektron səhifə də oyun - dərs modelinə uyğundur. İblis obrazı əsərin müxtəlif yerlərində üzə çıxan mənfur təbiətini faciənin 4-cü pərdəsində açıq etiraf edir. İnteraktiv üsullar içərisində artıq özünü doğrultmuş "Spiral"da onun öz dili ilə açılmış sifətlərini şagirdlərin vasitəsilə yaratmağa çalışırıq. Bu zaman şagirdlər İblisin görüntülərini söylədikcə spiralın dolaylarına qeyd edirlər. Təxminən, aşağıdakı alınır: doqquzdolaqlı bir spiral və onun hər dolağında  İblisin müvafiq görüntüsü - Abid, Rahib, Mürşid, Sultan, Cavan, Çoban, Papa, Qazi, Qoca. Solda icə böyük hərflərlə İblis sözü yazılır. Beləliklə, şagirdlər İblisin gəlişlərinin müvafiq yeri üzərində düşünməli olurlar. Bu da məzmunun yadda saxlanılmasına kömək edir.

Məlumdur ki, ədəbiyyatın əsas tədris məqsədlərindən biri hərtərəfli inkişaf etmiş insanın tərbiyə olunmasıdır. Müasir dövrdə şəxsiyyətyönümlü təhsil siyasəti bu amili bir qədər də önə şəkir. Biz "İblis" faciəsinin tədrisində məhz həmin tələbləri  rəhbər tutaraq, 8-ci elektron səhifəni əsərdə işlənmiş aforizmlər üzərində qurmuşuq. Şagirdlər səhifə ilə tanışlıqdan sonra kəlamların işləndiyi yer və hansı obrazların dilindən olması barədə tapşırıqlar alırlar. Nəticədə fəal təlim meydanı daha da genişlənir. Gəlin, tanış olaq:

* "Satmaz, satamaz milləti şəxsiyyətə aqil".

* "İdrakı sönük başçıların qəfləti ancaq

  Etmiş, edəcək milləti həp əldə oyuncaq".

* "Yaşamaq istiyormusun, çarpış,

  Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!"

* "Bir fəzilətsə ölüb-öldürmək,

Canavar bizdən əşrəf olsa gərək".

* "Daha xoşdur yara bağlarsa qadın".

* "Dərdə baq, millətə baq, niyyətə baq,

Ölülərdən ölülər feyz alacaq".

* "Olduqca müsəllət sana, bil, nəfsi-ləimin...

...Daim ayaq altında sönüb məhv olacaqsan".

Məktəb təcrübəsi göstərir ki, düzgün tərtib olunmuş krossvordlar ədiblərin həyat və yaradıcılıqlarının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. H.Cavidin yaradıcılığı üzərində qurulmuş krossvordu  ədibin irsini dərindən öyrənməyə can atan şagirdləri çalışdırmaq məqsədi ilə tərtib etmişik. Yeri gəlmişkən, biz bu səhifəni şagirdlərə təqdim edərkən onların müstəqil işi üçün nəzərdə tutduğumuzu bildiririk. Bununla belə, şagirdlər tərəfindən tamamlanıb başa çatdırılmaqda çətinlik törədən xanaların doldurulmasında, daha dəqiq desək, krossvordun tam tərtibində onlara müəyyən qədər kömək də edirik.

Təqdimatımızın 10-12-ci səhifələri "İblis" faciəsi üzrə qazanılmış biliklərin test tapşırıqları əsasında yoxlanılması məqsədilə tərtib olunmuşdur. Burada standart test nümunələri ilə yanaşı, ilk dəfə şagirdlərə təqdim olunmuş testlər də olmalıdır.

Təqdimatımızın sonu H.Cavid haqqında düşüncələrimizi əks etdirən aşağıdakı səhifədən ibarətdir. Buradakı fikirlərin əsasında ölməz dramaturqun irsinə sonsuz məhəbbətimiz və bu irsin təbliğinə həsr olunmuş 30 illik müəllim ömrümüz durur: H.Cavidə birinci ömrü Tanrı bəxş etmişdi. Ölməz sənətkar öz yaradıcılıq dühası ilə özünün ikinci ömrünü xalqımızın yaddaşına əbədi həkk etdi. Cavidin üçüncü ömür bəxşişini isə ona xalqımızın ümummilli lideri Heydər Əliyev vermişdir. Xalqımızın bu böyük oğlunun sayəsində ədibin məzarı uzaq Sibirdən Azərbaycana gətirilmiş, böyük ehtiramla Naxçıvanda dəfn olunmuşdur...

Həmin səhifənin görüntüsü fonunda xalqımızın böyük oğlu, ümummilli liderimiz, H.Cavid irsinin vurğunu, mərhum Heydər Əliyevin səsi yazılmış çarx gəlir: "H.Cavidin cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsi asan bir iş deyildi. Bu, böyük iradə, böyük cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza sədaqət belə bir cəsarət göstərməyə mənə imkan verdi. Və mən bunu etdim. Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa verilməsi Azərbaycanın bu qədim, ayrılmaz hissəsi olan, müqəddəs bir guşəsi olan Naxçıvana hörmət və ehtiramın ifadəsi idi".

Ümummilli liderimizin çıxışından yaranmış əzəmətin sinifdə yaratdığı mənəvi-psixoloji ovqatı sözlə təsvir etməkdə özümüzü aciz bilirik... Həmin epizoddan sonra şagirdlərimizdə xalqımızın bu qüdrətli sənətkarının bədii irsinə yenidən müraciət etməyə ciddi ehtiyac duyulduğu aşkar hiss olunur. 

Hüseyn ŞAHBƏNDƏYEV,
Xırdalan şəhər 6 nömrəli orta məktəbin

 Azərbaycan dili və ədəbiyyat müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov