Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 

Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.

Bookmark and Share

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb məzarı önünə tər güllər qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı üstünə gül dəstəsi düzüldü.

Sonra təhsil işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər.

Konfransda Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, deputatlar, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmələrinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, şəhər və rayon təhsil idarəsi və şöbələrinin müdirləri, Təhsil Nazirliyinə birbaşa tabe olan lisey və gimnaziyaların, paytaxtın bir sıra qabaqcıl orta məktəblərinin direktorları, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri, 2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri, KİV əməkdaşları iştirak edirdilər.

Konfransı aparan Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri tədbiri açıq elan etdikdən sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirildi.

Sonra "2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə-təqdimat üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Çıxışına zala toplaşmış çoxsaylı qonaqları və təhsil işçilərini salamlamaqla başlayan təhsil naziri konfrans iştirakçılarına nümayiş etdirilmək üçün əhatəli təqdimat hazırlandığını, lakin çox geniş olduğundan onu bütövlükdə göstərməklə bəzi mühüm məqamları üzərində dayanacağını bildirdi.

Konfrans iştirakçılarının diqqətini öncə 2009-2010-cu dərs ilinin mühüm hadisələrinə cəlb edən təhsil naziri hər tədris ilində olduğu kimi, ötən tədris ilinin də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə diqqət və qayğısı, dövlət siyasətində təhsilin əsas prioritet təşkil etməsi ilə yadda qaldığını söylədi. Nazir ötən tədris ili ərzində ölkə Prezidenti tərəfindən təhsillə bağlı 45 sərəncam və 3 fərmanın imzalanmasını, 470 təhsil işçisinin müxtəlif fəxri adlara layiq görülməsini təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirib, bütün bunlara görə ölkə başçısına təhsil işçiləri adından minnətdarlığını bildirdi.

Təhsil naziri "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə Prezidentinin 5 sentyabr 2009-cu il tarixdə imzaladığı fərmanını, Bakı Dövlət Universitetinin 90, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileylərinin, Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsini, Azərbaycan Tibb Universitetinin, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, İqtisad Universitetinin 80 illik yubileylərinin keçirilməsi, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə, "Ən yaxşı müəllim" və  "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında Prezidentin fərman və sərəncamlarını ötən tədris ilinin mühüm hadisələri sırasında xüsusi qeyd etdi.

Artıq üçüncü ildir ki, keçirilən müsabiqələrin nəticələri barədə ətraflı məlumat verən nazir müsabiqə qaliblərinin, bu mötəbər yarışmada fəallıq göstərən və onda iştirak etməyən rayon və şəhərlərin adları ilə konfrans iştirakçılarını tanış etdi.

Nazir vurğuladı ki, təhsilin inkişafı Nazirlər Kabinetinin fəaliyyətində də əsas prioritetlərdən biri olmuş, 2009-2010-cu dərs ilində hökumət tərəfindən təhsillə bağlı 25 qərar imzalanmışdır. Həmin qərarların adları və qısa məzmunları konfrans iştirakçılarına təqdim olundu. Nazir hökumətin müvafiq qərarı ilə bir sıra ölkələrdə dövlət xətti ilə təhsil alan tələbə, aspirant və doktorantların təqaüdlərinin artırıldığını diqqətə çatdırdı.

Təhsil naziri məruzə-təqdimatında daha sonra ötən dərs ilinin mühüm göstəriciləri üzərində dayandı. Ölkə büdcəsində 2010-cu ildə təhsilə ayrılan xərclərin ötənilkinə nisbətən 10 faiz artırılaraq 1,276 milyard manat təşkil etməsini təhsilimizin inkişafına yönəlmiş ən ciddi addımlardan biri kimi dəyərləndirdi. Qeyd etdi ki, investisiyaların həcmi də artaraq 2009-cu ildəki 63,7 milyon manata qarşı 2010-cu ildə 71,4 milyon manat təşkil etmişdir. Təhsil işçilərinin orta aylıq əməkhaqqının artımını, bir ildə bir təhsilalana düşən xərclərin inkişaf dinamikasını əks etdirən qrafik və diaqramlar nümayiş olundu. Məlum oldu ki, dövlət məktəbəqədər təhsil müəssisələrində bir təhsilalana düşən xərc 2008-ci ildə 703, 2009-cu ildə 810 manat olmuşsa, 2010-cu ildə 816 manat təşkil etmişdir. Halbuki ayrı-ayrı özəl məktəbəqədər müəssisələr üzrə bu rəqəm 400-750 manat arasında dəyişir. Dövlət ümumi təhsil müəssisələrində həmin göstərici müqayisə olunan illər üzrə müvafiq şəkildə 420, 545 və 550 manat təşkil etmişdir. Özəl ümumi təhsil müəssisələrində isə bir təhsilalana düşən illik xərclər xeyli yüksək olub 4000-4800, (Qərb Universitetinin nəzdindəki ümumtəhsil məktəbi), 7000 ("Odlar Yurdu" Universitetinin nəzdindəki ümumtəhsil məktəbi), 8000 (Müasir Təhsil Kompleksi), 6000 (XXI əsr ÜTM), 9000 (Günar MMC-nin ümumtəhsil məktəbi) manatdır.

Texniki peşə təhsili müəssisələrində bir təhsilalana dövlət 2008-ci ildə əgər 943 manat xərc çəkmişdirsə, 2009-cu ildə həmin rəqəm 1108, 2010-cu ildə isə 1133 manat olmuşdur. Müqayisə olunan illərdə orta ixtisas təhsili müəssisələrində bir təhsilalana düşən xərclər 566, 741 və 750, dövlət ali təhsil müəssisələrində isə 986, 1358 və 1548 manat olmuşdur.

Misir Mərdanov məruzə-təqdimatında təhsilin hər pilləsi üzrə bəzi statistik rəqəmlər, görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. Öncə dövlət və özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı statistik rəqəmlər nümayiş olundu. Nazir qeyd etdi ki, hazırda ölkəmizdə dövlətə məxsus 1624 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən illə müqayisədə onların sayının 17 vahid artdığını bildirən təhsil naziri bu artımı son vaxtlar xeyli bağçanın tikilərək istifadəyə verilməsi ilə əlaqələndirdi. Özəl uşaq bağçalarının sayının da artdığı qeyd olundu. Belə ki, əgər 2009-cu ildə ölkədə cəmi 5 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmişdirsə, bu il onların sayı 16-ya çatmışdır.

Nazir daha sonra Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi haqqında məlumat verərək bildirdi ki, proqramın icrasına 2010-cu ildə 5,0 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş, il ərzində 3 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 6 müəssisə əsaslı təmir edilmiş, 32 müəssisədə cari təmir işləri aparılmışdır. Həyata  keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 8601 nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür.

Nazir Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərini xüsusi qeyd etdi, dövlət vəsaiti hesabına və Fondun dəstəyi ilə tikilmiş və təmir olunmuş uşaq bağçalarından fotogörüntülər nümayiş etdirildi.

Məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri ilə təminatına toxunan nazir bildirdi ki, 2010-cu ildə 14 adda 39900 ədəd masaüstü oyun və 300 ədəd yeni təlim vəsaiti hazırlanaraq məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır. Nazir habelə məktəbəqədər təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində yeni müəssisələrin inşası ilə bağlı investisiya Proqramının hazırlandığını, "Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram" və "Valideynlərin maarifləndirilməsi proqramı"nın həyata keçirilməsi ilə bağlı 6 pilot rayonunda müvafiq treninqlər keçirildiyini diqqətə çatdırdı.

Təhsil naziri məktəbəqədər təhsil sahəsindəki problemlərdən danışaraq dedi ki, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki  bazası zəifdir, 1173 müəssisənin əsaslı təmirə ehtiyacı var. 362 məktəbəqədər təhsil müəssisəsində 7998 nəfərdən ibarət 1768 məcburi köçkün ailəsi məskunlaşıb. Hazırda məktəbəqədər müəssisələrə uşaqların cəlb olunması sahəsindəki vəziyyətin onu daha çox narahat etdiyini söyləyən nazir bildirdi ki, bu sahədəki ən mühüm problem ölkədəki mövcud 3532 yaşayış məntəqəsindən 2667-də (75,5%) məktəbəqədər təhsil müəssisəsinin olmamasıdır. Problemin daha kəskin müşahidə edildiyi rayonların adlarını göstərən cədvəl konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Problemlər sırasında nazir məktəbəqədər təhsil müəssisəsində 1 gün ərzində 1 uşağın qidalanması üçün ayrılan vəsaitlərin normadan az, pedaqoji heyətin əməkhaqqının aşağı olmasını  qeyd edib qarşıda duran vəzifələrdən danışdı.

Təhsil nazirinin məruzə-təqdimatında təhsilin ən mühüm pillələrindən biri olan ümumi təhsilin inkişafı yönündə görülmüş işlər və bu sahədəki mövcud problemlər də ətraflı təhlil olundu. Nazir öncə sahə ilə bağlı statistikanı diqqətə çatdırdı. Qeyd etdi ki, 2010-2011-ci dərs ilində ölkə üzrə 4529 ümumtəhsil məktəbində 1352500 nəfər şagird oxuyacaq. Nazir bu il ümumtəhsil məktəblərinin I siniflərinə qəbul olunacaq şagirdlərin sayında 2 mindən çox artım gözlənildiyini diqqətə çatdırdı. Məktəb infrastrukturunun inkişafı yönündə görülmüş işlərə diqqəti yönəldən nazir bildirdi ki, 2010-cu ildə 17434 yerlik 49 yeni məktəb inşa edilib, 10 məktəb üçün 1418 yerlik əlavə korpuslar tikilib, 7 məktəb əsaslı təmir olunub. 356 məktəbdə təmir işləri aparılıb, 6980 yerlik 25 yeni məktəb binasının tikintisinə başlanıb.

Son illər məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu söyləyən təhsil naziri 2010-cu ildə Fondun təşəbbüsü ilə 1100 yerlik 2 yeni məktəb binasının, Gürcüstanda azərbaycanlı soydaşlarımızın  yaşadığı bölgələrdə 3 yeni məktəbin tikilib istifadəyə verildiyini diqqətə çatdırdı.

Nazir məktəblərin avadanlıqla təminatı sahəsində görülən işlərdən də danışıb, 2010-cu ildə bu məqsədlər üçün 3,2 milyon manat vəsait nəzərdə tutulduğunu, 64 rayon təhsil şöbəsinə ümumtəhsil məktəbləri üçün 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim masası, 7662 müəllim stolu verildiyini, laboratoriyalarla təminat üçün 1,9 milyon manat vəsait ayrıldığını, həmin vəsait hesabına 115 məktəbin müasir kimya və fizika laboratoriyaları ilə təmin edildiyini, ayrılmış 941 min manat vəsait hesabına 66 məktəbin kitabxanasının zəruri avadanlıqla təchiz olunduğunu diqqətə çatdırdı. Problemlərə toxunan nazir bildirdi ki, hazırda ölkə üzrə 262 məktəb qəza vəziyyətindədir, 872 məktəbin isə əsaslı təmirə ehtiyacı var. Ən ciddi problemlərdən birinin məktəb şəbəkəsinin rasionallaşdırılması ilə bağlı olduğunu söyləyən təhsil naziri konfrans iştirakçılarının diqqətini bu sahədəki vəziyyəti əks etdirən slayda cəlb etdi. Nümayiş olunan diaqramdan bəlli oldu ki, hazırda ölkədə şagirdlərin sayı 30-dək olan 315 ibtidai, 89 ümumi orta və 9 tam orta məktəb var. Şagirdlərin sayı 31-dən 50-dək olan məktəblərin sayı müvafiq olaraq 38, 154 və 74, 51-dən 100-dək olanlar isə 9, 325 və 323-dür. Nazir bu istiqamətdə artıq müəyyən işlərin aparıldığını diqqətə çatdırdı.

Daha sonra təhsil naziri kurikulum islahatının gedişi barədə məlumat verərək bildirdi ki, iki ildir yeni  kurikulumlar tətbiq olunur. Bü il islahat III sinifləri əhatə edəcək. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2010-2011-ci tədris ilində I siniflərdə işləyən 9 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişdir. Yeni kurikulumların tətbiqini son 100 ildə təhsil tariximizdə ən əhəmiyyətli hadisələrdən biri adlandıran nazir onun tətbiqi ilə bağlı yaranmış müsbət dəyişikliklərə diqqəti yönəldib, ötən dərs ilində V-XI siniflər üzrə 9 fəndən kurikulum layihələrinin hazırlandığını, Milli Kurikuluma müvafiq olaraq 3 pilot məktəbində həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlandığını söylədi, xarici dillərin intensiv tədrisi barədə məlumat verdi.

Məruzə-təqdimatında ümumtəhsil pilləsində tətbiq olunan yeni qiymətləndirmə sistemi haqqında da söz açan təhsil naziri Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"na uyğun olaraq məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sahələrində işlərin davam etdirildiyini, konsepsiyanın müddəaları əsas tutulmaqla ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında yeni qaydaların hazırlanaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığını, yeni məktəbdaxili qiymətləndirmə qaydalarının, qiymətləndirmə vasitələrinin hazırlandığını qeyd etdi. Bildirdi ki, 2009-2010-cu dərs ilində təhsil tariximizdə ilk dəfə olaraq ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Nazir həmin imtahanların bəzi ümumi nəticələri, habelə milli və beynəlxalq qiymətləndirmə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə konfrans iştirakçılarını tanış etdi.

Təhsil naziri 2010-cu ildə ali məktəblərə qəbulun ilkin nəticələri barədə təqdimatında söz açaraq bəzi göstəricilər üzrə aparılmış təhlilləri diqqətə çatdırdı. Qeyd etdi ki, ötən illə müqayisədə bu il qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlərin sayında hissolunacaq azalma baş verib. Əgər ötən il belələri imtahan verənlərin 31,48 faizini təşkil edirdisə, bu il həmin göstərici 28,12 faizə enib. 100-200 intervalında bal toplayanların da sayı təxminən 1 faiz azalıb. 300-500 və 500-700 arasında bal toplayanların sayı isə müvafiq olaraq 21,23 faizdən 23,03 faizə və 6,40 faizdən 8,58 faizədək artıb. Əgər ötən il 996 abituriyent 600-dən çox bal toplamışdırsa, bu il onların sayı artaraq 1365 olub.

Xüsusi qeyd olundu ki, qəbul imtahanlarında 300-dən çox bal toplayan abituriyentlərin sayı artaraq 2009-cu ildəki 20,70 faizə qarşı 2010-cu ildə 31,62 faiz olub. Orta bal göstəricilərini, əlaçı abituriyentlərin nəticələrini, Bakı şəhəri üzrə ali məktəblərə qəbul göstəricilərini əks etdirən diaqramlar, 700 bal toplamış abituriyentlər haqqında məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Nazir istedadlı şagirdlərlə aparılmış işlərlə də tədbir iştirakçılarını tanış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" üzrə işlər davam etdirilmiş, Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, Lənkəran rayonlarının seçilmiş 8 məktəbinin bazasında istedadlı şagirdlər üçün lisey sinfi təşkil edilmişdir. Qeyd olundu ki, 2010-cu il aprelin 27-dən mayın 3-dək Bakı şəhərində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilmiş, həmin yarışlarda Azərbaycan komandası 1 qızıl və 3 bürünc medal almışdır. 2009-cu ilin 3-10 dekabr tarixlərində Bakıda keçirilən Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasında iştirak etmiş 12 azərbaycanlı məktəblidən də 2-si gümüş, 7-si isə bürünc medal qazanmışdır. 2010-cu ildə dünya fənn olimpiadalarında Azərbaycan məktəbliləri 5 gümüş və 6 bürünc medal əldə etmişlər.

Təhsil sahəsində həyata keçirilən digər bir proqrama - De-institutlaşdırma proqramına da toxunan nazir 2010-cu ildə proqramın icrasına 645 min manat vəsait ayrıldığını, Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində Uşaqların Müdafiəsi İdarəsinin yaradıldığını, dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən bir sıra müəssisələrin nəzdində reabilitasiya-inkişaf və günərzi qayğı mərkəzlərinin, uşaq "qaynar xətt" xidmətinin yaradıldığını diqqətə çatdırdı, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verdi.

Məruzə-təqdimatın dərslik siyasəti bölümündə nazir 2010-2011-ci tədris ili üçün 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunduğunu dedi. Bildirdi ki, yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçünsə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait çap olunmuşdur.

Yeni çap olunmuş dərsliklərin və vəsaitlərin fotogörüntüləri konfrans iştirakçılarına nümayiş olundu.

Təhsil naziri təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində görülmüş işlərdən də bəhs edərək Nazirlər Kabinetinin qərarına əsasən 2010-2011-ci tədris ilinə ucqar kənd məktəblərindəki vakant yerlərə stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 800 nəfər gənc mütəxəssis göndərildiyini, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlandığını, cari dərs ilində ölkə üzrə müəllimlərin işə qəbulunun elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirildiyini, görülən tədbirlər nəticəsində müəllimlərin sayının ölkə üzrə 173 mindən 168 minə endiyini söylədi. Nazir onu da bildirdi ki, xüsusi proqram təminatı hazırlanmaqla Bakı şəhərinin ümumtəhsil məktəblərindəki 197, respublikanın digər şəhər və rayonlarının məktəblərində 89 vakant yerə hazırda müəllimlərin işə qəbulu aparılır. Nazir bu sahədə də bəzi problemlərin olduğunu, belə ki, bir stavkadan aşağı dərs saatı ilə işləyən müəllimlərin sayının 21,5 faiz təşkil etdiyini, müəllim-şagird nisbətinin ildən-ilə aşağı düşdüyünü, müəllimlərin müəyyən hissəsinin peşəkarlıq səviyyəsinin aşağı olduğunu söyləyib həmin problemlərin aradan qaldırılmasının qarşıda mühüm vəzifələr kimi durduğunu vurğuladı.

Sonra ekranda məktəbdənkənar təhsil müəssisələrinin mövcud durumunu əks etdirən statistik göstəricilər nümayiş olundu. Bu sahədə görülən işlərdən danışan nazir bir sıra bölgələrdə yeni şahmat və idman məktəblərinin tikildiyini və təmir olunduğunu, 2010-cu ilin I rübündə dünya və Avropa birinciliklərində şahmat üzrə 10 medal  (5 qızıl, 3 gümüş, 2 bürünc), idman məktəblərinin isə 112 medal qazandığını qeyd etdi. Fəxrlə bildirdi ki, dünyanın ən güclü 20 şahmatçısından 3-ü Azərbaycan şahmatçısıdır. Azərbaycan dünyanın ən güclü 10 şahmat ölkəsi siyahısına daxil olmuşdur.

Məruzə-təqdimatında ölkədə həyata keçirilən təhsil siyasətinin ən vacib istiqamətlərindən birinin təhsil sisteminin informasiyalaşdırılması olduğunu vurğulayan Misir Mərdanov bu sahədə həyata keçirilən proqramlar, əldə olunmuş uğurlar və görüləsi işlər barədə də geniş məlumat verdi. Nazir bildirdi ki, bu sahədə artıq ikinci proqram həyata keçirilir. 2010-cu ildə proqramın icrasına ümumilikdə 16414358 manat vəsait ayrılmışdır. "Elektron məktəb" layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə 300 yeni NEXSUS markalı fərdi kompüter, 336 ədəd (Dövlət Proqramı çərçivəsində 236, "İntel" Korporasiyası tərəfindən 100 ədəd) netbuk verilmiş, həmin məktəblər fiberoptik kabel vasitəsi ilə "Azərbaycan təhsil şəbəkəsi"nə qoşulmuş və onların yüksək sürətli İnternetə və Nazirliyin Məlumat və Resurs  Mərkəzinə çıxışı təmin olunmuş, ölkənin 73 məktəbinə 200 noutbuk+proyektor dəsti paylanmışdır. İKT üzrə savadlılığın artırılmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə ümumi təhsil sistemi üzrə 2009-2010-cu illərdə 40180 nəfər pedaqoji heyət, 4000 nəfər inzibati-idarəetmə heyəti, 600 nəfər texniki heyət treninqlərdən keçirilmişdir.

2009-cu ildə başlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində 7600 müəllim sadələşmiş şərtlərlə kompüter əldə etmişdir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 300 təhsil müəssisəsi, digər şəhər və rayonlar üzrə 200 təhsil müəssisəsi olmaqla ümumilikdə 500 müəssisə şəbəkə avadanlığı ilə təmin olunmuş, kompüter avadanlığı üçün 32000 lisenziya proqramı alınmışdır. Nazir habelə "Bir müəllim - bir  kompüter", "Bir şagird - 1 kompüter" layihələrinin həyata keçirilməyə başlandığını, təhsil portalında riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə 30 adda elektron tədris resurslarının yerləşdirildiyini bildirdi. Bu sahədə qarşıda duran vəzifələri sadalayan nazir ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə əlavə 500 təhsil müəssisəsinin qoşulmasının, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər "Elektron məktəb", 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Texniki peşə təhsilindən danışan təhsil naziri son illər təhsilin bu pilləsinə marağın yüksəldiyini, bunun nəticəsi olaraq 2010-2011-ci dərs ilində peşə məktəbləri və liseylərinə qəbulun artdığını bildirdi. Qeyd etdi ki, peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq 3 müəssisə - 4, 7 və 11 nömrəli Bakı Peşə Liseyləri əsaslı təmir olunmuş, 2009-2010-cu dərs ilində Qəbələ Turizm və Otelçilik üzrə Peşə-Tədris Mərkəzində 90 şagird qəbul edilməklə turizm və otelçilik peşələri üzrə kadr hazırlığına başlanmışdır. Belə bir mərkəzin İsmayıllı rayonunda tikintisi başa çatdırılmaqdadır.

Nazir texniki peşə təhsili sahəsində həyata keçirilən proqram və layihələr haqqında da qısa məlumat verib qarşıda duran vəzifələrdən danışdı.

Məruzə-təqdimatda ali və orta ixtisas təhsili sahəsində ötən və yeni dərs ilində görülmüş və görüləcək işlər barədə də məlumat verildi. Nazir öncə təhsilin bu pillələrində hazırkı durumu əks etdirən bəzi statistik rəqəmləri diqqətə çatdırdı. Sonra görülmüş işlər təhlil olundu. Qeyd edildi ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan "2010-2013-cü illərdə orta ixtisas təhsili sisteminin islahatları üzrə Tədbirlər Proqramı"nda sahənin inkişafı üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində işin gücləndirilməsi, kredit sisteminin tətbiqi ilə bağlı aparılan eksperimentin bütün orta ixtisas təhsili müəssisələrini əhatə etməsi və bir sıra digər məsələlər qarşıda mühüm vəzifələr kimi durur.

Təhsil naziri ali təhsil sahəsində son illər baş verən yenilikləri diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tətbiq olunmağa başlanmış ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi ali məktəblərin inkişafına, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına təkan verəcəkdir.

Nazir vurğuladı ki, islahat proqramına uyğun olaraq Boloniya bəyannaməsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı prosesində ali məktəblər haqqında etibarlı informasiyanın alınmasını təmin etmək məqsədi ilə respublika təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodika hazırlanmış və tətbiqinə başlanmışdır.

Azərbaycan Dillər Universitetinin TEMPUS proqramı üzrə Avropa Birliyinə təqdim etdiyi 1 milyon 76 min avro dəyərində layihə qalib gəlmişdir. Bunu Azərbaycan ali təhsilinin nailiyyəti hesab edən nazir bildirdi ki, təhsil tariximizdə ilk dəfə olaraq ADU bu layihədə partnyor-iştirakçı deyil, layihənin rəhbəri (koordinatoru) kimi çıxış edəcəkdir. 2009-2010-cu illərdə ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində də əhəmiyyətli işlər görüldüyünü deyən nazir Diplomatik Akademiyanın, Azərbaycan Milli Konservatoriyasının yeni binalarının tikintisinin davam etdiyini, bir sıra universitetlərdə (ADAU, AMİU, ADİU) əsaslı təmir işlərinin aparıldığını söylədi, ali təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı.

Təhsil sahəsində beynəlxalq əməkdaşlığa da məruzəsində toxunan nazir bildirdi ki, Avropa İttifaqı, Avropa Şurası, İSESKO, YUNESKO, YUNİSEF, British, Council, DAAD və BMT-nin digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq çərçivəsində layihə və proqramlar həyata keçirilmişdir. Türkiyə, Rusiya, Çin, Çexiya və s. ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibdə uzmanlıq və aspiranturasında təhsil almaq məqsədi ilə bu günədək 816 nəfər Azərbaycan Respublikası vətəndaşı göndərilmişdir.

Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə hazırda 10 mindən artıq azərbaycanlı gənc respublikamızdan kənarda təhsilini davam etdirir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağa göndərilənlərin sayı isə 512-yə çatmışdır. 2010-cu ildə 200 nəfərin xaricdə təhsilə göndərilməsi ilə əlaqədar tədbirlər görülür.

Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanın ali məktəblərində 6813 əcnəbi tələbə təhsil alır. Ölkənin ali məktəblərində oxuyan əcnəbi tələbələrin məlumat bazası yaradılmışdır.

Məruzə-təqdimatda təhsil sənədlərinin tanınması istiqamətində görülmüş işlərdən də söhbət getdi, 2009-2010-cu dərs ilində tanınma ilə əlaqədar nazirliyə 962 müraciət daxil olduğu, onlardan 753-nün tanındığı, 127 müraciətin baxılma mərhələsində olduğu, 82 sənədin isə tanınmadığı bildirildi.

Nazir əlavə təhsil sahəsində görülmüş işlərdən də danışaraq bildirdi ki, təhsil sistemində bu pillənin mühümlüyü nəzərə alınaraq Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin nəzdində əlavə təhsil sektoru yaradılmışdır. 2010-2011-ci tədris ilində I sinifdə dərs deyəcək ibtidai sinif müəllimlərinin yeni model əsasında ixtisasartırma təhsilinə cəlb olunması üzrə kurikulum çərçivəsi və proqramı hazırlanmış, ixtisasartırma təhsilində modul-kredit sisteminə keçidlə əlaqədar ayrı-ayrı kateqoriyadan olan rəhbər və pedaqoji işçilər üçün kurikulum çərçivələrinin işlənməsinə başlanmışdır. 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili məqsədi ilə keçirilmiş tenderin qalibləri olan 4 qeyri-hökumət təşkilatı ilə Təhsil Nazirliyi arasında müqavilələr bağlanmış, həmin müqavilələrə uyğun olaraq iyul-avqust aylarında 7559 müəllim müvafiq təlim kursundan keçmiş, ilk dəfə olaraq təlim kurslarını bitirmiş müəllimlərə göstəriciləri nəzərə alınaraq dərəcəli sertifikatlar verilmişdir.

Bu sahədə mövcud problemlər və qarşıda duran vəzifələr də diqqətə çatdırıldı. Qeyd olundu ki, 2011-2012-ci dərs ilində I siniflərdə işləyəcək 9000 ibtidai sinif müəlliminin, həmçinin 1500 məktəb direktoru və 500 kitabxanaçının yeni model üzrə təlim kurslarına cəlb edilməsi üçün müvafiq proqramların hazırlanması, kursların təşkili məqsədi ilə tender keçirilməsi nəzərdə tutulub.

Təhsil naziri məruzə-təqdimatının sonunda ali məktəb elmi sahəsində görülmüş işlərdən də söz açdı. Bildirdi ki, hazırda respublikamızda olan 1918 elmlər doktorunun 876-sı, 8976 elmlər namizədinin isə 4233-ü nazirlik sistemində çalışır.

Ali məktəblərin kafedralarında və elmi tədqiqat müəssisələrində çalışan alimlər tərəfindən müxtəlif elm sahələrində alınmış nəticələrdən 170-i mühüm elmi nəticə kimi ölkə üzrə hesabata daxil edilmək üçün AMEA-ya təqdim edilmişdir. Nazirlik sistemindəki ali məktəblərdə 68 elmi konfrans, o cümlədən 12 beynəlxalq və 56 respublika səviyyəli elmi konfrans keçirilmişdir. 2009-cu ildə ali məktəb alimləri ixtiralarına görə 67 patent almışlar. Ötən il 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Ali məktəblərdə çalışan alimlər tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 dərs vəsaiti, 1461 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir. İl ərzində xarici jurnallarda alimlərimizin 1733 məqaləsi, beynəlxalq konfransların materiallarında 1390 məruzə tezisi nəşr edilmişdir. Bunlarla yanaşı, nazir bu sahədə də problemlər olduğunu söyləyib diqqəti onların bəzisinə yönəltdi. Bildirdi ki, ali məktəblərdə elmi tədqiqatlara ayrılan vəsaitin həcmi qənaətbəxş deyil, aparılan bəzi elmi tədqiqat işləri müasir tələblərə cavab vermir, gənc kadrlar tədqiqat işlərinin yerinə yetirilməsinə kifayət qədər cəlb olunmur, istehsalat sahələri ilə əlaqələr zəifdir. Nazir bu sahədə də qarşıda xeyli vəzifələrin durduğunu qeyd edib onları konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Sonra çıxışlar oldu.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev öz çıxışında qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir.

Bu gün ulu öndərimizin əsasını qoyduğu ənənələr, bütövlükdə müasir təhsil konsepsiyası  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Bu siyasət Azərbaycanın milli təhsil sisteminin aydın strategiya və konsepsiyasını, təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar olmasını, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını və dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini tam olaraq özündə əks etdirir və hər bir təhsil işçisinin qarşısında mühüm vəzifələr qoyur.

Ölkə Prezidentinin təhsil sahəsində müəyyənləşdirdiyi vəzifə və yeni yanaşmalar Naxçıvan Muxtar Respublikasında da ən yüksək səviyyədə həyata keçirilməkdədir.

Piri Nağıyev daha sonra konfrans iştirakçılarına təhsil sahəsində həyata keçirilən tədbirlər və görülən işlər haqqında ətraflı məlumat verərək bildirdi ki, son illər Naxçıvan Muxtar Respublikasının şəhər, kənd və qəsəbələrində 157 yüksək keyfiyyətli, dünya standartlarına tam cavab verən, hər cür yeni avadanlıqlarla təchiz edilən məktəb tikilmiş və əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir.

Cari ildə 4872 şagird yerlik 9 ümumtəhsil məktəbində, 502 yerlik 2 uşaq bağçasında, 4 məktəbdənkənar tədris müəssisəsi üçün binada tikinti və yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Naxçıvanda da Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilmiş, onların maddi-texniki bazaları möhkəmləndirilmiş, həmin məktəblər ən yeni kompüter avadanlıqları ilə təmin olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq İKT-nin tətbiqinin daha da genişləndirilməsi, vahid ümummilli təhsil mühitinin formalaşdırılması, hər 20 şagirdin 1 kompüterlə təmin olunması nəzərdə tutulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 2674 kompüter dəsti verilmişdir ki, bunların da 78 faizi İnternetə qoşulmuşdur.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə 1 milyon 257 min 918 nüsxə dərslik pulsuz olaraq paylanmış və bu iş müvəffəqiyyətlə davam etdirilir.

Dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının nəticəsində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə 35 nəfər əməkdar müəllim adına, 32 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.

2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin XI sinfini 4131 nəfər bitirmiş, onlardan 1435 nəfəri tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 280 nəfəri 500-700 arası bal toplamışdır.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hərbi peşəyə maraq ildən-ilə artmaqdadır. Belə ki, 2010-cu ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyə 936 nəfər sənəd vermiş, onlardan 250 nəfəri kursantların sırasına daxil olmuşdur.

Muxtar respublikanın ümumtəhsil məktəblərinin müasir istilik sistemləri ilə təchiz olunması, qış mövsümünə hazırlıq daim diqqət mərkəzindədir. Ölkə Prezidentinin qayğısı nəticəsində bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır. Ümumtəhsil məktəblərində qurulan istilik sistemləri qaz xətlərinə birləşdirilir ki, bu da qış mövsümündə yarana biləcək problemlərin aradan qaldırılmasına mühüm stimul verir və təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Sonra çıxış üçün söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə verildi. Rəhbərlik etdiyi kollektiv və şəxsən öz adından yeni dərs ilinin başlanması münasibətilə konfrans iştirakçılarını təbrik edən M.Abbaszadə gənc nəslin tərbiyəsi və təhsili işində hamıya yeni-yeni uğurlar arzuladı. O, tələbə adını qazanan bütün abituriyentləri, onların valideynlərini və müəllimlərini təbrik etdi. Bu il öz arzusuna nail olmayan abituriyentləri ruhdan düşməməyə çağırdı və növbəti ildə onların da uğur qazanacaqlarına ümid etdiyini bildirdi.

Builki qəbul kampaniyasında "Təhsil haqqında" Qanunun qəbulu ilə əlaqədar yeni qaydaların tətbiq olunduğunu diqqətə çatdıran M.Abbaszadə həmin qaydalara əsasən beynəlxalq yarış və müsabiqələrin qalibi olan 108 abituriyentin müsabiqədənkənar ali məktəblərin müvafiq ixtisaslarına qəbul olunduğunu, ali və orta ixtisas təhsili müəssisələrinə aparılan müsabiqə zamanı ümumi imtahan balı eyni olduqda attestat qiymətlərinin ikinci göstərici kimi nəzərə alındığını və bunun təxminən 1500-dən artıq abituriyentin taleyinə həlledici təsir göstərdiyini söylədi. TQDK sədri qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanının icrası ilə əlaqədar TQDK tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi və ödənişli əsaslarla olan yerlərə yeni yerləşdirmə alqoritmi əsasında tələbə qəbulu aparılmışdır. Bu zaman istifadə olunan bütün proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən hazırlanıb tətbiq olunmuşdur. Nəticədə dövlət sifarişli yerlərə ən hazırlıqlı abituriyentlər qəbul edilmişdir.

"Tələbə-Məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli fərmanına uyğun olaraq komissiya tərəfindən 1992-ci ildən etibarən yaradılan və 2 milyon insan haqqında məlumatı özündə əks etdirən elektron bazanın dövlət elektron məlumat sisteminə çevrilməsi istiqamətində işlərə başlanılıb.

M.Abbaszadənin çıxışından məlum oldu ki, TQDK 2010-2011-ci tədris ilinin qəbul kampaniyası zamanı 170 mindən artıq abituriyentdən imtahan qəbul edib. Bunlar ali və orta ixtisas məktəblərinin magistratura pilləsinə, xüsusi təyinatlı və hərbi məktəblərə keçirilən qəbul imtahanlarıdır. İmtahanlar Bakı, Naxçıvan, Sumqayıt və Gəncə şəhərlərində, ümumi orta təhsil bazasından kolleclərə qəbul imtahanları isə ənənəvi olaraq ölkənin 11 regionunda keçirilib.

Qəbul sistemində sınaq imtahanlarının xüsusi yer tutduğunu deyən M.Abbaszadə onların abituriyentlərə imtahan texnologiyası ilə tanış olmağa şans verdiyini vurğuladı. Bildirdi ki, TQDK qəbul imtahanları prosesinin bütün mərhələlərində İKT-ni geniş tətbiq edir. Son 5 ildə İKT-nin tətbiqi nəticəsində TQDK "məmur-vətəndaş" tipli əlaqəni aradan qaldıraraq onu virtual rejimə keçirən "İnternet xidməti - vətəndaş" əlaqəsinə çevirib.

M.Abbaszadə təqdimat-çıxışında daha sonra bu il keçirilmiş qəbul imtahanlarının bəzi parametrlər üzrə təhlilləri üzərində ətraflı dayandı.

Təqdimatda ali təhsil müəssisələrinin bakalavriaturasına tələbə qəbulu, qəbul imtahanlarında iştirak edən, habelə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin topladıqları ballar, qəbulun nəticələrinə görə qəbul planının təhsil formaları üzrə bölgüsü, qəbul olan abituriyentlərin orta bal göstəriciləri, orta ixtisas təhsili müəssisələrinə tam və ümumi orta təhsil bazasından tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturasına qəbul və s. haqqında ətraflı məlumat verildi və bu məlumatların əks olunduğu slaydlar təhlil edildi.

Məleykə Abbaszadə çıxışını növbəti qəbul kampaniyasında tətbiq olunacaq yenilikləri diqqətə çatdırmaqla yekunlaşdırdı.

 Akademik Zərifə Əliyeva adına məktəbin direktoru Məhəbbət Vəliyeva çıxışında cəmi 2 ildir ki, fəaliyyət göstərən bu təhsil ocağından danışdı. O bildirdi ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-2009-cu tədris ilində tikilib istifadəyə verilmiş və fəaliyyətə başlamışdır. Məktəb müasir təhsil standartlarına cavab verən maddi-texniki bazaya malikdir və yeni texnologiyalarla təchiz edilmişdir.

2008-2009-cu tədris ilində məktəbdə 350, 2009-2010-cu tədris ilində isə 421 şagird təhsil almışdır. Cari dərs ilində məktəbin 493 şagird kontingenti var. Şagirdlərin təlim-tərbiyəsi ilə 36 müəllim məşğul olur. Onlardan 6 nəfəri elmlər namizədi, 1 nəfəri əməkdar müəllimdir, 1 nəfər "Tərəqqi" medalı ilə təltif edilmiş, 7 nəfər "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. 6 nəfər dərslik müəllifi və 5 nəfər TQDK-nın ekspertidir. Bu təhsil müəssisəsində qarşıya qoyulan əsas məqsəd cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaşın formalaşdırılması, dünyanın nüfuzlu ali məktəblərində təhsil ala biləcək şagirdlərin yetişdirilməsi, gənclərə milli mənəvi dəyərlər aşılamaq və yüksək təhsil verməklə onların dünyaya inteqrasiyasına nail olunmasıdır. Məktəb riyaziyyat-informatika, xarici dil və təbiət fənləri təmayülləri üzrə fəaliyyət göstərir. Siniflərin təmayüllər üzrə komplektləşdirilməsi şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsəməsinə xidmət edir.

Akademik Zərifə Əliyeva adına məktəbə qəbul müsabiqə yolu ilə keçirilir. Dərslər qoşa saatla 80 dəqiqə keçilir. Tətil müddətində şagirdlər üçün mühazirələr, seminarlar təşkil olunur.

Müəllimlər peşəkarlıq səviyyələrini artırmaq məqsədilə müxtəlif layihələr çərçivəsində təşkil edilən treninqlərdə iştirak edirlər. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsində mikrosummativ, makrosummativ qiymətləndirmə testləri, mövzu və bölmə üzrə şifahi sorğu və layihə işlərinin müdafiəsi üsullarından istifadə olunur. 

2009-2010-cu dərs ilində məktəbin ilk buraxılışı olmuşdur. 48 məzundan 47-si ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmışdır.

 Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev qeyd etdi ki, son illər ölkənin təhsil sahəsində aparılan islahatlar, baş verən dəyişikliklər canlı, dinamik həyatın bilavasitə göstəricisidir. Şagirdlərimizin dünyanın müxtəlif ölkələrində keçirilən fənn olimpiadalarında, bilik yarışlarında qazandığı nailiyyətlər, ali məktəblərə qəbul göstəricilərinin yüksəlməsi, 700 bal toplayan abituriyentlərin sayının ildən-ilə artması təhsilimizin uğurudur. Təqdirəlayiq haldır ki, təhsil sistemində gedən müsbət dəyişikliklər təkcə Bakıda deyil, rayonlarda da hiss olunur. BSU-nun tələbələri pedaqoji təcrübəni ən ucqar rayonlarda yerləşən qaçqın məktəblərində keçirlər və onlar həmin təhsil müəssisələrinin gündən-günə, ildən-ilə dəyişməsinin şahidi olurlar.

Daha sonra çıxışında  universitetlərarası elmi əməkdaşlıq əlaqələrindən bəhs edən Kamal Abdullayev bildirdi ki, hazırda Almaniya universitetləri ilə birlikdə "Kitabi-Dədə Qorqud dastanları" və qədim alman dastanlarının müştərək öyrənilməsi məqsəd kimi qarşıya qoyulub. Artıq layihənin birinci hissəsi başa çatıb. Bu vasitə ilə Almaniyada Azərbaycanın təhsil sisteminə, ümumiyyətlə, ölkənin özünə olan diqqət bir qədər də artır.

BSU-nun rektorunun sözlərinə görə, universitetdə ictimaiyyətlə əlaqələr yüksək səviyyədə qurulub və bu istiqamətdə müəyyən işlərin görülməsinə daim xüsusi diqqət yetirilir. Belə tədbirlərdən biri kimi imtahan prosesinin aparılmasını göstərmək olar. Valideynlər arzularına müvafiq olaraq istədikləri imtahan prosesində iştirak etmək və övladlarının cavablarına qulaq asmaq imkanına malikdirlər.

Göyçay şəhər 1 nömrəli məktəbin direktoru Tahirə Qurbanova çıxış edərək bildirdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında, o cümlədən rayonun digər məktəblərində bir neçə il əvvəl kompüter yox idi. İndi isə müasir kompüterlərlə təmin olunmuş informatika kabinetləri müəllimlərin və şagirdlərin ixtiyarına verilmişdir. Müəllimlər yaxşı başa düşürlər ki, müasir dövrdə savadlılıq dedikdə, həm də İKT bacarıqlarına malik olmaq nəzərdə tutulur. Bu səbəbdən hər bir müəllim Təhsil Nazirliyinin təşkil etdiyi İKT təlimlərindən keçmişdir və əldə etdiyi bacarıqları tədris prosesində uğurla tətbiq edir.

Təhsil nazirinin məruzəsində müəllimlərin ixtisasının artırılması ilə bağlı yeni mexanizm barədə məlumat verildi. Pedaqoqlar bu sahədə beynəlxalq təcrübədə sınaqdan çıxmış yeni qaydaların tətbiqini çoxdan gözləyirdilər. Yeni sistemdə ixtisasartırma təhsili sahəsində rəqabət mühitinin yaradılması, proqramların müəllimlərin ehtiyaclarına uyğun tərtib edilməsi nəticədə müəllimlərin fəaliyyətinin stimullaşdırılması və karyera inkişafı vasitəsinə çevrilir. Göyçay şəhər 1 nömrəli məktəbin ibtidai sinif müəllimləri yeni kurikulum üzrə təlimlərə məhz yeni mexanizm əsasında cəlb edilmişlər və onlar bu sistemin səmərəliliyini xüsusi vurğulayırlar.

Prezident İlham Əliyevin hərtərəfli qayğı və diqqəti ilə müstəqil Azərbaycanın təhsil sisteminin günbəgün inkişaf etdiyini deyən T.Qurbanova vurğuladı ki, məhz bunun sayəsində onun rəhbərlik etdiyi məktəb 2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olmuşdur. Təhsil ocağının direktoru əməklərinə verilən bu yüksək qiymət üçün Göyçay rayonunun pedaqoji ictimaiyyəti adından ölkə Prezidentinə minnətdarlığını bildirdi və təhsilin inkişafı naminə daha səylə çalışacaqlarına söz verdi.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında əldə olunan böyük uğurlardan bəhs etdi:

- "Ölkənin ali təhsil sisteminin bir parçası olan Azərbaycan Dillər Universiteti bu gün reytinq cədvəlində ən yüksək yerlərdən birini tutur. ADU-da təhsil almaq arzusunda olan gənclərin sayı ildən-ilə artır və bizim kollektivimiz bununla fəxr edir.

Universitetimizin uğurlu fəaliyyətindən danışarkən, ilk növbədə, beynəlxalq layihələrdə iştirakımızdan söz açmaq istərdim. Biz bu işi bir neçə istiqamətdə təşkil edirik. ADU-da əməkdaşlıq əlaqələri qurduğumuz ölkələr üzrə mərkəzlər yaratmışıq və bu qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində öz müsbət təsirini göstərir. Artıq universitetimizdə Amerika, Almaniya, Fransa, İsrail və Yaxın Şərq, Skandinaviya və başqa ölkələrin mərkəzləri uğurla fəaliyyət göstərir.

Təhsil nazirinin məruzəsindən də məlum olduğu kimi, ADU-nun TEMPUS proqramı üzrə Avropa Birliyinə təqdim etdiyi 1 milyon 76 min avro dəyərində layihə qalib gəlmişdir.

ADU-da yeni avadanlıqlarla təminat, müəllimlərə xüsusi münasibət, hər bir müəllimə xüsusi iş şəraitinin yaradılması, "gəldim dərs dedim" fəlsəfəsini kənara qoyub, "gəldim işlədim və tələbə ilə ünsiyyətdə oldum" fəlsəfəsini ali məktəbə gətirmək istiqamətində çox məntiqli və məqsədyönlü iş aparılır. Lakin bütün bunların hamısı təkbaşına, bir ali məktəb, bir universitet tərəfindən həyata keçirilən işlər deyil. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sisteminə birbaşa qayğısı, xüsusi münasibəti və diqqətidir.

Səməd Seyidov çıxışının sonunda bildirdi ki, ADU-nun qapıları ölkənin bütün ali məktəblərinin üzünə açıqdır və yaradılan şəraitdən yalnız öz tələbələri deyil, digər gənclər də yararlana bilər.  

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev çıxışında öncə təhsil nazirinin məruzəsi ilə bağlı fikirlərini səsləndirdi. Qeyd etdi ki, məruzədə əsas yer ötən dərs ilində təhsilin inkişaf göstəricilərinə verildi. Məruzə təhsil sistemini bütünlüklə əhatə edərək ölkənin sosial-iqtisadi sahələrinin inkişafına rəğmən təhsil sistemində dinamik inkişafı əks etdirdi və statistik məlumatlarla keyfiyyət səviyyəsini göstərdi.  Bir daha aydın oldu ki, Azərbaycanın təhsil sistemi ildən-ilə müasirləşir, yeniləşir, inkişaf edir. Bu da təbiidir. Çünki inkişaf edən ölkənin inkişafetdirici bazası təhsildə, elmdə, bilikdədir, müasir texnologiyalara yiyələnməkdədir. Bunu isə təmin edən təhsildir, təhsil sistemidir.

Daha sonra çıxışında dövlət başçısı cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqətdən söz açan professor Əjdər Ağayev söylədi ki, onun təhsilin kompleks inkişafına şərait yaradan və təkan verən fərmanları və sərəncamları ildən-ilə yeniləşməni, müasirləşməni, İKT-nin tətbiqini təmin edir. Prezident qayğısı ən yaxşı müəllimin və məktəblərin seçilməsini, onların mükafatlandırılmasını reallaşdırır, yaxşılardan olmaq uğrunda mübarizəni stimullaşdırır. Təbii ki, bu işlərin həyata keçirilməsində təhsil sisteminə rəhbərlik edən Təhsil Nazirliyinin çevik və aparıcı rolu az əhəmiyyət daşımır.

Təqdirəlayiq haldır ki, təhsil sahəsində mövcud olan bir çox problemlərin, o cümlədən müəllimlərin işə qəbulu, ixtisasının artırılması, direktorların seçilib yerləşdirilməsi və digər məsələlərin həlli yolları nazirin hesabat məruzəsində göstərildi.  Nəzərdə tutulan tədbirlərin öz bəhrəsini verəcəyinə ümid etdiyini deyən Əjdər Ağayev çıxışının sonunda bununla bağlı təkliflərini bildirdi:

1. Müəllimlərin müasir hazırlıq səviyyəsinə yiyələnməsi üçün regional öyrədici tədbirlər keçirilsə, bilməməzlikdən baş verən qüsurlar aradan qaldırıla bilər.

2. Şəhər, rayon, respublika valideyn konfrans və qurultaylarının keçirilməsi valideynləri məktəb həyatına, təhsilə xeyli yaxınlaşdırar.

3. Təhsil müəssisələrinin rəhbərlərinin təlim-tədris prosesində baş verən neqativ halların aradan qaldırılması yollarının müzakirəsinə həsr edilən müşavirələrinin keçirilməsi faydalı olardı. 

Mingəçevir şəhər 8 nömrəli məktəbin məzunu İsmayıl Kazımov belə mötəbər məclisdə ona söz demək imkanı verildiyi üçün təşəkkürünü bildirdi.  O, daha sonra dedi: "Mən əvvəlki illərdə olduğu kimi, ötən dərs ilini də əla qiymətlərlə başa vurdum və qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal topladım. Əlbəttə, belə böyük uğur qazanmağımda, ilk növbədə, təhsil aldığım məktəbin bütün pedaqoji kollektivinin, mənim və yoldaşlarımın yüksək bilik əldə etməsi üçün yorulmadan çalışmış müəllimlərin böyük rolu olmuşdur. Buna görə də onlara dərin minnətdarlığımı bildirirəm".

İsmayıl Kazımov qeyd etdi ki, onun təmsil etdiyi Mingəçevir şəhərində təhsilin davamlı olaraq inkişafı, keyfiyyət göstəricilərinin ildən-ilə yüksəlməsi dövlətin, ölkə Prezidentinin təhsilə yüksək diqqətinin nəticəsidir. Son illərdə təhsil sahəsində bir sıra müsbət yeniliklər şagirdlərin biliklərə daha dərindən yiyələnməsinə şərait yaratmışdır.

Məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, vahid standartlar əsasında nəticələrin qiymətləndirilməsi həm şagirdlərin, həm müəllimlərin, həm də məktəblərin fəaliyyətinə verilən obyektiv qiymət olmuş,  nəticədə onların məsuliyyətini xeyli artırmışdır. Məktəblərin İKT ilə təminatı, tədris prosesində elektron resurslardan və İnternetdən istifadə gənclərin öyrənmə imkanlarını xeyli artırmış, yüksək nəticələr əldə etməkdə əhəmiyyətli rol oynamışdır.

İ.Kazımov çıxışının sonunda şagirdlərə yaxşı oxumağı, öyrənməyi tövsiyə etdi. Bildirdi ki, mən adi bir məktəbdə təhsil almışam, öz müəllimlərimdən öyrənmişəm, repetitor yanına getməmişəm. Ən yüksək nəticəyə əməyim, zəhmətim hesabına nail olmuşam. Özünə inam həmişə bəhrəsini verir. Hər bir şagirdin uğuru, ilk növbədə, onun özündən, özünə inamından asılıdır. Əlbəttə, müəllim amilini unutmamaq şərtilə. Bu inamla ali məktəbdə seçdiyim ixtisas üzrə yaxşı təhsil alacağıma, səriştəli mütəxəssis kimi yetişib millətimizin, Azərbaycanımızın inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyimə, mənə olan etimadı doğruldacağıma söz verirəm.

***

Konfransın sonunda 2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə müvafiq sənədlər təqdim olundu.

2010-cu ilin dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi ili olduğu nəzərə alınaraq konfransın gedişində çıxışlar arasında ölməz bəstəkarın əsərləri səsləndirildi. Əsərləri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri ifa etdilər.

Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov