Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Sentyabr 2010 - 35

 
Dünya universitetləri:

Monaş Universiteti

Bookmark and Share
  Yerləşir:  Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri  
Yaranma tarixi: 1958-ci il
Tipi: Dövlət 
İşçi heyətinin ümumi sayı: 15262 nəfər
Tələbələrin sayı: 59925 nəfər
İllik gəlirləri: 1439323000 Avstraliya dolları
İllik xərcləri: 1284495000 Avstraliya dolları
Rəsmi saytı: www.monash.edu.au

Monaş Universiteti (Monash University) Avstraliyanın Viktoriya ştatında Melburn şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, 100 ən yaxşı ali məktəb arasında Monaş Universiteti 45-ci yerdədir.

Monaş Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, Cənub-Şərq Ölkələri Ali Məktəbləri Assosiasiyasının (ASAIHL) üzvüdür.  

Tarixi 

1957-ci ildə Baş nazir Robert Menzis məruzə edərək, Viktoriya ştatında ikinci universitetin yaradılmasını təklif edir. 1958-ci ildə Viktoriya ştatı parlamenti universitet yaradılması haqqında qərar qəbul edir və  yeni yaradılmış ali məktəbə tanınmış Avstraliya generalı Con Monaşın şərəfinə Monaş Universiteti adı verilir. Bu, Avstraliyada birinci universitet idi ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılırdı.

Monaş Universitetinin ilk kansleri Robert Blekvud, vitse-kansleri isə Lui Metison təyin edilir. Kleyton ərazisində universitetə 100 hektar ərazi ayrılır. 1961-ci ildə Monaş Universitetinə 347 tələbə qəbul olduğu halda, 1967-ci ildə bu rəqəm 21000-dən çox təşkil edir. 1960-cı ilin ortaları - 1970-ci ilin əvvəllərində Monaş Universiteti Avstraliyada tələbə radikalizminin mərkəzinə çevrilir. Burada çoxlu tələbə nümayişləri baş verir. Tələbələr Vyetnamda gedən müharibədə Avstraliyanın iştirakı və hərbi mükəlləfiyyət əleyhinə çıxış edirlər. 

1970-1980-ci illərdə Monaş Universiteti həyata keçirdiyi süni mayalanma proqramı ilə dünyaya səs salır. Professorlar Karl Vud və Alan Traunsonun rəhbərliyi ilə 1973-cü ildə universitetdə bu yol ilə ilk hamiləlik əldə olunur, 1980-ci ildə isə Avstraliyada ilk uşaq dünyaya gəlir. Bu proqram nəticəsində universitet külli miqdarda gəlir əldə edir.

1988-ci ilədək Monaş Universitetinin yalnız bir kampusu - Kleyton var idi. On ildən çox keçmir ki, ali məktəbin 8 kampusu (2 kampus və 2 tədris mərkəzi xaricdə), beynəlxalq tədqiqat mərkəzləri tikilir, buraya başqa ölkələrdən çoxlu tələbə axını müşahidə edilir və bu ali məktəb Avstraliyanın ən beynəlmiləl universitetinə çevrilir. 1998-ci ildə Monaş Universiteti Malayziyada, 2001-ci ildə isə Cənubi Afrikada Yohannesburqda filiallarını açır. Monaş Universiteti bu ölkələrdə filialını yaradan ilk xarici universitet olur. Həmçinin 2001-ci ildə universitet İtaliyanın Prato şəhərində XVIII əsrə aid Toskan sarayında tədris mərkəzi yaradır.

Son illər Monaş Universiteti tibbi tədqiqatlar üzrə böyük nailiyyətlər əldə edib. 2000-ci ildə professor Alan Traunsonun rəhbərlik etdiyi bir qrup alim ilk dəfə olaraq dünyaya bəyan edir ki, sinir gövdə hüceyrələrini embrional gövdə hüceyrələrindən əldə etmək olar, bu da gövdə hüceyrələrinin potensialına olan marağı kəskin surətdə artırır. Monaş Universiteti biotibb üzrə dünyada 20 ən yaxşı universitetdən birinə çevrilir.

2008-ci il mayın 30-da Monaş Universiteti yaranmasının 50 illik yubileyini qeyd edib. 

Büdcə və təhsil haqqı 

2009-2010-cu tədris ilində Monaş Universitetinin gəlirləri ümumilikdə 1439323000 Avstraliya dollarına bərabər olub. Bu məbləğin 604639000 Avstraliya dollarını Avstraliya hökumətinin universitetə etdiyi yardım, 128378000 Avstraliya dollarını Avstraliya hökumətinin universitetə ayırdığı qrantlar, 335900000 Avstraliya dollarını təhsil haqqı və digər ödənişlər, 33667000 Avstraliya dollarını ştat və yerli hakimiyyət orqanlarının yardımları, 35506000 Avstraliya dollarını investisiya qoyuluşu, qalanlarını isə digər gəlirlər təşkil edib.

Həmin tədris ilində bu ali təhsil ocağının xərcləri 1284495000 Avstraliya dolları olub. Xərclərin 709825000 Avstraliya dollarını işçilərin əməkhaqqı, 30980000 Avstraliya dollarını təmir və texniki xidmət, 19380000 Avstraliya dollarını təqaüd və təltiflər, 331000 dolları sığorta və müxtəlif xidmətlər, qalanlarını isə digər məsrəflər təşkil edib.

Monaş Universitetində tələbələrə təqaüdün verilməsi üç şərt əsasında həyata keçirilir. Birinci şərtə uyğun gələn tələbələr yaxşı oxuyan, istedadlı, bacarıqlı, ikinci şərtə uyğun gələn - çətin maliyyə durumu, ağır ailə vəziyyəti olan, yerli Avstraliya xalqlarını təmsil edən, qeyri-ingilisdilli, ölkənin uzaq rayonlarından gələn, sağlamlığı məhdud və əlil, kifayət qədər təmsil olunmamış məktəblərdən olan, üçüncü şərtə uyğun gələnlər isə yaxşı göstəricilərə malik və maliyyə durumu çətin olan tələbələrdir. 

Monaş Universitetində tələbələrə onların oxuduğu fakültə və məktəbdən asılı olaraq müxtəlif məbləğli təqaüdlər təklif olunur. Məsələn: mühəndislik fakültəsində ildə 7000, incəsənət fakültəsində 6000, tibb, tibb bacısı və sağlamlıq haqqında elmlər fakültəsində 5500, dəqiq elmlər fakültəsində 5000 Avstraliya dolları və s.

Monaş Universitetində, dünyanın digər universitetlərində olduğu kimi, tələbələrin təhsil haqqı onların oxuduğu fakültə və məktəbdən asılı olaraq fərqlənir. 2010-2011-ci tədris ili üçün bu ali məktəbin bakalavr pilləsində yerli tələbələrin təhsil haqqı 5442, 7050, 8050, 9080 Avstraliya dolları, əcnəbi tələbələrin isə təhsil haqqı 22800, 31130, 52300 Avstraliya dolları arasında dəyişir. Magistratura pilləsində yerlilərin təhsil haqqı 5442, 18100, 21400 Avstraliya dolları, əcnəbilərin təhsil haqqı isə 21000, 25900, 30700, 32500 Avstraliya dolları,  doktorantura pilləsində isə əcnəbi tədqiqatçıların təhsil haqqı 21000, 23300, 24990, 31140, 34500 Avstraliya dolları təşkil edir.  

Universitet bu gün 

Monaş Universitetinin əsas Kleyton kampusu 1,1 km2 ərazidə yerləşir və şəhərciklərin ən böyüyüdür. Kampusun şəxsi qəsəbələri, indeksi (3800) var. Şəhərcik zəngin Avstraliya flora və faunasına malikdir, burada 2000-dən çox müxtəlif bitki növlərinə rast gəlmək olar. 2001-ci ildə bu kampusda  Avstraliyada ilk sinxrotron zavodu tikilib. Kampusda incəsənət, biznes və iqtisadiyyat, təhsil, mühəndislik, informasiya texnologiyaları, hüquq, tibb, tibb bacısı, tibb elmləri fakültələri yerləşir. Həmçinin şəhərcikdə tələbə yataqxanaları (12 mərtəbəli Hovit, iki binadan ibarət olan Farrer, 190 yerlik Riçardson, Dikin, Roberts, 130 yerlik Cənub-Şərq mənzili və 240 yerlik Manniks) var və burada minlərlə tələbə qalır. Ümumilikdə, universitetin əsas obyektləri bu şəhərcikdə cəmlənib.

Kolfrid universitetin ikinci ən böyük kampusudur və Melburn şəhərinin Kolfrid qəsəbəsində yerləşir. 1922-ci ildən Kolfrid Texniki Məktəbi kimi fəaliyyət göstərən kampus 1982-ci ildə Çisxolm Texnologiya İnstitutu adlandırılıb, 1990-cı ildə isə Monaş Universitetinə birləşdirilib. Bu şəhərcikdə hazırda universitetin incəsənət, incəsənət və dizayn, biznes və iqtisadiyyat, informasiya texnologiyaları, tibb, tibb bacısı və tibb elmləri fakültələri yerləşir. Tələbə təşkilatı da bu kampusdadır.

Bervik kampusu universitetin ən yeni kampuslarından biridir və Keysi şəhəri bölgəsində 55 hektarlıq ərazidə salınıb. Bu kampusun tikintisinə 1994-cü ildən başlanılıb. Cisplend kampusu Melburn şəhərindən şərqdə Latrob Vallidə 63 hektar ərazidə yerləşir. Bu şəhərcikdə əsasən bakalavrlar təhsil alırlar. Yalnız burada yerləşən tibb məktəbi digər dərəcələr verir. Parkvill kampusu Melburn şəhərindən 2 km şimalda Parkvill ərazisindədir. Burada əczaçılıq və farmaseptik elmlər, tibb, kommersiya və biznes fakültələri yerləşir. Yarımada (Peninsula) kampusu Melburn şəhərinin kənarında Frankston sahil qəsəbəsində salınıb və burada fiziologiya və psixologiya, tibb və s. fakültələr mövcuddur.

Monaş Universitetinin Sanvey kampusu 1998-ci ildə Malayziyanın 13 dövlətindən biri olan Selanqorun Bandar Sanvey şəhərində yaradılıb. Burada universitetin bütün fakültələri üzrə bakalavr, magistr və doktorluq dərəcələri verilir, ən yeni texnologiyalarla təchiz edilmiş akademik binalar, yataqxanalar mövcuddur. Sanvey Monaş Universitetinin üçüncü ən böyük kampusudur. 2007-ci ilin sentyabrında burada yeni şəhərcik istifadəyə verilib. Monaş Universitetinin Cənubi Afrikada Yohannesburq şəhərində yerləşən kampusu 2001-ci ildən fəaliyyət göstərir. Kampusda biznes və iqtisadiyyat, incəsənət və informasiya texnologiyaları fakültələri mövcuddur. Hazırda kampus sürətlə inkişaf etməkdədir. 2001-ci ildə İtaliyanın Prato şəhərində XVIII əsrə aid Toskan sarayında yaradılan tədris mərkəzində hüquq, incəsənət və dizayn, tarix, musiqi, biznes və iqtisadiyyat və digər sahələr öyrənilir. Bu, Avstraliyanın Avropada ən böyük tədris mərkəzidir. Eləcə də 2008-ci ildə Hindistanın Mumbay şəhərində  IITB-Monaş Tədqiqat Akademiyası açılıb. Akademiya ekoloji təmiz enerji, biotexnologiya və nanotexnologiya, elm və texnika üzrə tədqiqatlar aparmaq məqsədi ilə Monaş Universiteti və Hindistan Bombey Texnologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində yaradılıb. Akademiyanı bitirən tələbə hər iki qurum tərəfindən PhD (doktorluq) dərəcəsi ilə təltif edilir.

Monaş Universitetinin aşağıdakı fakültələri mövcuddur:

İncəsənət və dizayn fakültəsi tətbiqi incəsənət, multimedia, incəsənət nəzəriyyəsi, sənaye dizaynı və arxitekturası sahələri üzrə tədris və tədqiqatlar təşkil edir. 2008-ci ildə burada yeni memarlıq kursunun keçilməsinə başlanılıb. Fakültə çərçivəsində Memarlıq, təsviri incəsənət, multimedia və rəqəmsal incəsənət, incəsənət və dizayn nəzəriyyəsi, Bədii tərtibat departamentləri və Cisplend İncəsənət və Dizayn mərkəzi fəaliyyət göstərir.

İncəsənət fakültəsinə İngilis dili, Kommunikasiya və Tədqiqatların Effektliliyi, Coğrafiya və Ekologiya, Humanitar elmlər, Əlaqələr və Sosial Elmlər, Jurnalistika və Avstraliya Tədqiqatları, Dillər, Mədəniyyətlər və Dilçilik, Musiqi - Konservatoriya, Fəlsəfi, Tarixi və Beynəlxalq tədqiqatlar, Siyasi və İctimai tədqiqatlar məktəbləri daxildir. Malayziyada fakültənin İncəsənət və Sosial elmlər, Cənubi Afrikada isə İncəsənət məktəbləri var. Bununla yanaşı, fakültənin nəzdində çoxlu sayda mərkəz və institut fəaliyyət göstərir.

Biznes və İqtisadiyyat fakültəsi çərçivəsində Mühasibatlıq və maliyyə, İqtisadiyyat və vergi hüququ, Ekonometrika və biznes statistikası, İqtisadiyyat, İdarəetmə, Marketinq departamentləri mövcuddur. Fakültə dünyada özünün yüksək səviyyəli MBA proqramı ilə tanınır.

Mühəndislik fakültəsi daxilində Biologiya, Kimya mühəndisliyi, Mülki tikinti, Elektrotexnika və kompüter elmləri mühəndisliyi, materialşünaslıq, maşınqayırma və aerokosmik texnika departamentləri, Cisplend Tətbiqi Elmlər və Texnika Məktəbi, Malayziyada isə Malayziya Mühəndislik Məktəbi mövcuddur. Hər məktəb və departament isə öz növbəsində bir neçə mərkəz və laboratoriyalardan ibarətdir.

İnformasiya Texnologiyaları fakültəsi informasiya texnologiyaları üzrə müxtəlif kurslar tədris edir, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis və elmi işçi hazırlayır. Universitetin bütün kampuslarında fakültənin məktəbləri var: Bervik, Kolfild, Kleyton, Cisplend, Sanvey, Cənubi Afrika məktəbləri.

Hüquq fakültəsi və ya Hüquq məktəbi Avstraliyanın ən nüfuzlu məktəblərindəndir və dünyaya bir çox tanınmış şəxslər bəxş edib. Məktəbin nəzdində Kastan İnsan Hüquqları, Monaş Tənzimləmə Tədqiqatları mərkəzləri, Beynəlxalq Məhkəmə Tədqiqatları İnstitutu fəaliyyət göstərir.

Tibb, tibb bacısı və sağlamlıq haqqında elmlər fakültəsinin Tibbi Biologiya Elmləri (Anatomiya və inkişaf biologiyası, Biokimya və molekulyar biologiya, Mikrobiologiya, Farmakologiya, Fiziologiya, Tibbi əks etdirmə və radiasiya elmləri, Monaş immunologiya və gövdə hüceyrələri laboratoriyaları daxildir), Tibb bacısı, Psixologiya və Psixiatriya, Mərkəzi Klinik (Avstraliya Qan Xəstəlikləri Mərkəzi, Alfred tibb, Alfred cərrahiyyə, Kabrini cərrahiyyə, İmmunologiya xəstəxanaları, Anesteziya və perioperativ tibb elmi şurası daxildir), Şərq sağlamlığı kliniki, Cənub kliniki (pediatriya, mamalıq və ginekologiya, qida və dietologiya bölmələri, Monaş Cərrahiyyə Tibbi Mərkəzi daxildir), İlk Tibbi-sanitar yardım (Təcili yardım və paramedik tədqiqatlar, Ümumi praktika, İctimai fəaliyyət bölmələri daxildir), Kənd yerində səhiyyə, İctimai səhiyyə və Tibbi profilaktika, Tibb (Kleyton Mərkəzi Klinik, Cisplend Tibb, Tibb və Sağlamlıq məktəbləri daxildir) məktəbləri mövcuddur. Həmçinin fakültənin 30-dan çox institut və tədqiqat mərkəzi vardır.

Əczaçılıq və farmaseptik elmlər fakültəsi bu sahə üzrə Cənubi Kaliforniya Universitetinin Əczaçılıq məktəbindən sonra dünyada ikinci ən yaxşı məktəbdir. Fakültənin nəzdində Tibbi kimya, Farmaseptik biologiya və farmakologiya, Farmaseptika, Farmaseptik təcrübə bölmələri, Monaş Farmaseptik Elmlər İnstitutu fəaliyyət gösərir.

Dəqiq elmlər fakültəsi Kleyton kampusunda biologiya elmləri, kimya, fizika, yer haqqında elmlər, riyaziyyat elmləri, Cisplend kampusunda tətbiqi elmlər və Texnika, Sanvey kampusunda elmlər məktəblərindən, bir neçə tədqiqat mərkəzi və institutdan ibarətdir.

Təhsil (pedaqogika) fakültəsi nəzdində Təhsil iqtisadiyyatı və peşəkar hazırlığı, Təhsil multimedia, Elm, Riyaziyyat və Texnoloji təhsil, Elvin Mori, Kronqold, Monaş Beynəlxalq Təhsil Tədqiqatları mərkəzləri, İnsan Potensialının İnkişafı və Konsultasiya İnstitutu mövcuddur.

Monaş Universitetinin kitabxanası Avstraliyanın aparıcı kitabxanalarından biridir. Hazırda dünyanın üç qitəsində kitabxananın filialları fəaliyyət göstərir. Kitabxana kolleksiyasına 2,1 milyon kitab, 100000 çaplı və elektron jurnal, 341825 elektron kitab, 1118 şəbəkə elektron verilənlər bazası daxildir. Burada milli və beynəlxalq əhəmiyyətli sənədlərin saxlandığı Xüsusi fond yerləşir. Kleyton kampusundakı Lui Metson kitabxanasında qədimliyi və gözəl tərtibatı ilə oxucuları valeh edən 100000-dən çox nadir kitab, şəkillər, əlyazma və kitabçalar saxlanılır. Nadir kitablar kolleksiyasının yaradılmasına 1961-ci ildə Conatan Sviftin əsərlərinin toplanmasından sonra başlanılıb. Bu kitabxanada il ərzində müxtəlif sərgilər təşkil olunur.

Monaş Universitetinin prezidenti və vitse-kansleri nevrologiya üzrə professor Ed Brindir. Prezidentin müavini xanım professor Stefani Fai, pro-kansler isə professor Saymon Adamsdır. Universitetdə 15262 nəfər işçi çalışır. Onların 8321 nəfəri akademik, 6941 nəfəri isə inzibati işçidir. Qadın işçilərin sayı burada 8748, kişi işçilərin sayı isə 6514 nəfərdir.

2009-2010-cu tədris ilində universitetdə ümumilikdə 59925  tələbə təhsil alıb. Tələbələrin 38811 nəfərini yerli, 21114 nəfərini isə əcnəbi gənclər təşkil ediblər. Qız tələbələrin sayı universitetdə 33917, oğlan tələbələrin sayı isə 26008 nəfər olub. Monaş Universitetində Bervik, Kleyton, Kolfild, Cisplend, Parkvill, Yarımada, Cənubi Afrika, Malayziya kampuslarının tələbə təşkilatları və assosiasiyaları fəaliyyət göstərir.

Kainatın dörd qitəsində fəaliyyət göstərən Monaş Universiteti digər universitetlərin malik olmadığı perspektiv və resurslara söykənir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də özünə cəlb edərək işlə təmin edir. Ali məktəb uğur əldə etməyin əsas səbəblərindən birini də beynəlxalq təcrübəyə əsaslanmaqda görür. Yer kürəsinin bir sıra nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq çərçivəsində Monaş Universiteti həmin təhsil ocaqları ilə tələbə və işçi mübadiləsi edir. Universitetin bütün dünyada 235000-dən çox məzunu müxtəlif orqanlarda, rəhbər vəzifələrdə çalışır. Monaş Universitetinin məqsədi professional bacarıq və ictimai dəyərlərə malik gələcək liderlər nəsli yetişdirməkdir. 

Universitetin məşhur məzunları 

  Saymon Krin  Avstraliyanın ticarət naziri  
  Norman Leysi Avstraliyanın sabiq təhsil və mədəniyyət naziri  
  Robert Rey Avstraliyanın sabiq müdafiə naziri  
  Maykl Vuldric Avstraliyanın sabiq səhiyyə naziri  
  Raymond Finkelşteyn Avstraliya Federal Məhkəməsinin hakimi  
  Merilin Uorren  Avstraliya Federal Məhkəməsinin ilk qadın hakimi  
  Kler Oneyl   Avstraliyada ilk qadın mer  
  Syu Hovard Avstraliya Radioyayım Korporasiyasının direktoru  
  Jan Bedford  yazıçı  
  Piter Keri yazıçı  
  Meri Tonkinskom rəssam, Dobell mükafatı laureatı  

                     

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 Sentyabr 2010 - 35

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası təhsil nazirinin 2.9.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Rusiya Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçi bu ali məktəbin Bakı filialında olub
 
Faktlar, rəqəmlər
 
Dərsliklərlə təminat
 
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
 
Sentyabrın 4-də paytaxtın "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.
 
Bakı şəhəri təhsil işçilərinin konfransı
 
Sumqayıt müəllimlərinin ənənəvi sentyabr konfransı
 
Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,  rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar
 
Şəkidə təzə məktəb korpusu tikilib
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
"İntel"in kursları müəllimlər üçün faydalıdır
 
Dünya universitetləri: Monaş Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov