Sentyabrın 17-də Azərbaycan Dillər Universiteti
və İtaliyanın Peruca Universiteti arasında
mövcud əməkdaşlığın davam etdirilməsinə dair
müqavilənin imzalanması mərasimi keçirildi.
ADU-un rektoru, professor Səməd Seyidov bildirdi
ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Peruca
Universiteti arasında əlaqələr getdikcə artır
və İtaliya ilə olan münasibətlər digər
sahələrdə olduğu kimi, təhsil sahəsində də
inkişaf edir. Hazırda universitetdə bir sıra
Avropa ölkələrinin mərkəzləri, o cümlədən
İtaliya mərkəzi fəaliyyət göstərir. Bu, italyan
dilini daha yaxşı mənimsəməyə kömək edir.
Sonra Peruca Universitetinin rektoru, professor,
xanım Stefani Giannini çıxış edərək səmimi
qəbula görə S.Seyidova təşəkkür etdi.
Universitetlərarası əlaqələrdən danışan
italiyalı qonaq qarşılıqlı təcrübə mübadiləsi
üçün əlverişli imkanların mövcud olduğunu
söylədi. Bildirdi ki, Azərbaycanda italyan
dilinə maraq artıb, bu, tələbələrin sayında
özünü göstərir. "Üç il bundan qabaq
universitetinizə səfər etdiyim zaman ADU-da 12
tələbə italyan dilini öyrənirdisə, indi bu dildə
oxuyan tələbələrin sayı 33-ə çatıb".
İmzalanma mərasimindən sonra tədbir ADU-nun
İnformasiya Resurs Kompleksində davam etdi.
Tədbirdə İtaliyanın mədəniyyəti, dili, tarixi
haqqında iştirakçılara ətraflı məlumat verildi.
Universitetin II və IV kurs tələbələri italyan
dilində mahnı oxudular. Azərbaycanın 10
bölgəsi barədə məlumatları italyan dilində
özündə əks etdirən slayd təqdim olundu. Heydər
Əliyev Fondunun Azərbaycan haqqında reklam çarxı
nümayiş etdirildi.
İtaliyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Mario Baldi də
universitetdə keçirilən bu tədbirin
əhəmiyyətindən söz açdı və iki ölkə arasında
dostluq əlaqələrinin daha da genişləndiyindən
danışdı. |