Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Şamaxı təhsili bu gün

Bookmark and Share

 

Əliyev Viktor Əli oğlu 1950-ci il oktyabrın 3-də Şamaxı şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1957-ci ildə Şamaxı şəhər 2 nömrəli (rus) orta məktəbin I sinfinə gedib. 1967-ci ildə həmin məktəbi gümüş medalla bitirən Viktor V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Şamaxı rayonuna göndərilib. Və vaxtilə təhsil aldığı Şamaxı şəhər 2 nömrəli (rus) orta məktəbində riyaziyyat müəllimi kimi ilk əmək fəaliyyətinə başlayıb. 1971-ci ilin payızından 1972-ci ilin payızına qədər hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra yenidən doğma məktəbindəki işini davam etdirib. Səmərəli pedaqoji fəaliyyətinə, yüksək insani keyfiyyətlərinə görə 1977-ci ilin oktyabrında irəli çəkilərək işlədiyi 2 nömrəli məktəbə direktor təyin edilib. Rəhbərliyin etimadını qazanan Viktor Əliyev 1978-ci ildən 1990-cı ilə kimi Şamaxı Rayon Partiya Komitəsində təlimatçı və siyasi maarif kabinetinin müdiri vəzifələrində çalışıb. O, 1984-1986-cı illərdə Bakı Ali Partiya məktəbində əyani təhsil alıb. 1990-cı ilin dekabrından Şamaxı RTŞ-ın müdiri vəzifəsində çalışır. İşlədiyi müddətdə bir sıra dövlət mükafatlarına, fəxri fərman və diplomlara layiq görülüb. 2005-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.

Evlidir, iki övladı və beş nəvəsi var.

Həftə ötür, ay dolanır, il keçir. Və keçən hər il ömürdən gedir. Bu minvalla hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payından yaşayaraq arxada qoyduğu illərdə özünəməxsus izləri ilə bir tarix yaradır. Yaşının müdrik çağına çatanda uzun illərin arxasından boylanıb yaşadığı kəşməkəşli həyat yolunda qazandığı nailiyyətlərinə, arzusunda olub, lakin əldə edə bilmədiklərinə nəzər salır. Xalqının maariflənməsi, Vətəninin çiçəklənməsi üçün təmənnasız fəaliyyət göstərənlər ömürdən ötən illəri üçün təəssüflənmir, əksinə, sevinir və qürur duyurlar. Belə insanlardan biri Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Viktor Əliyev haqqında söz açmaq niyyətindəyik.

Viktor Əliyevi çoxdan, Şirvan zonası üzrə bölgə müxbiri işlədiyim zamandan tanıyıram. İlk tanışlığımız zamanı sadəliyi, şux zarafatları, səmimiliyi və həyata nikbin baxışı ilə diqqətimi cəlb edib. Söhbət əsnasında həyatsevərliyi, təhsilin mahir bilicisi və işgüzarlığı ilə başqalarından seçilən Viktor müəllim həm də qayğıkeş və tələbkar bir təhsil şöbə müdiri kimi yadda qalır və müsahibi tərəfindən sevilir. Ötən zaman ərzində onunla ildə bir-iki dəfə görüşməklə aramızda yaranan ünsiyyət dostluğa çevrilmişdi desəm səhv etmərəm. Bir neçə dəfə haqqında və rayon təhsilinin uğurlarından qəzetdə yazmaq istəsəm də təvazökarlıq edib razı olmamışdı. Viktor müəllimin bu günlərdə qeyd ediləcək 60 illik yubileyi münasibətilə haqqında yazı hazırlamaq tapşırığını alanda sevindim. Hazırlıq görüb ertəsi gün yola düşdüm. Bir sıra dünya şöhrətli ədiblərin və tarixi şəxsiyyətlərin doğulub boya-başa çatdığı qədim Şamaxı şəhərinə çatanda Günəş dağlar qoynundan bir çatı qalxaraq düzü-dünyanı nuruna qərq etmişdi. Payızın ilk günləri idi. Builki yayın istisi çəkilib getmiş, yerini mülayim, sərin hava tutmuşdu. Xəfif meh ruh oxşayırdı.

V.Əliyevlə iş başında həmişəki kimi mehriban görüşdük. Kabinetində üz-üzə oturub çay içə-içə söhbət edir, ötən xatirələri çözələyir, yaşanaraq tarixə dönmüş həyat kitabının vərəqlərini səhifələyir, olub keçənləri xəyal süzgəcindən keçirirdik. Xislətinə bələd olduğum üçün ona verəcəyim sualları muncuq kimi düzüb sıralamaya ehtiyac görməmişdim. Bilirdim, səmimiliyi və sadəliyinə görə söhbət əsnasında istədiyim cavabları ondan alacaqdım. Mənə də dediklərini, danışdıqlarını yığıb, toplayıb qələmə almaq qalırdı.

- Tərcümeyi-halınızdan məlumdur ki, orta məktəbi gümüş medalla bitirmisiniz. O vaxt istənilən ali məktəbi, zamanına görə reytinqi yüksək olan ixtisası seçə bilərdiniz. Necə oldu ki, müəllimliyi seçdiniz?

- Düz buyurursunuz, o vaxt istənilən ali məktəbə və istənilən ixtisasa qəbul olmağa biliyim imkan verirdi. Bu peşəni ona görə seçdim ki, müəllim ailəsində dünyaya göz açmışam. Ağlım  kəsəni evimizdə kitab, dəftər, qələm görmüşəm. Atam riyaziyyat, anamsa rus dili müəllimi işləyirdilər. Ətrafdakılar onlara həmişə müəllim deyə müraciət edir, xüsusi rəğbət bəsləyirdilər. Hələ o zamandan müəllimin böyüklüyünü dərk eləmişəm. Həmişə atamın "bağ bağbansız, bəşəriyyət müəllimsiz keçinə bilməz" kəlamını xatırlayır, müəllim olmağımdan qürur duyuram. Riyaziyyat dəqiq elmdir. Dəqiqlik isə insanda düzgünlüyü, dürüstlüyü tərbiyə edir. Bax elə buna görə də o vaxt bu ixtisası seçmişəm. 1974-cü ildə akademik Mayis Cavadovun dissertantı olmuşam. Lakin Şamaxı Rayon Partiya Komitəsinə işə aparıldığım üçün elmlər namizədliyimi müdafiə etməyə vaxt tapmadım. İndi də buna görə peşmançılıq çəkirəm. Partiya komitəsində işlədiyimə görə Bakı Ali Partiya Məktəbinin əyani şöbəsini bitirmişəm.

Raykomda işlədiyim müddətdə özümü məktəb və şagirdsiz təsəvvür edə bilmirdim. Elə buna görə də yaxınlıqdakı təhsil ocaqlarında saathesabı dərs aparırdım. 1990-cı ildən isə Şamaxı Rayon Təhsil Şöbəsinə rəhbərlik edirəm.

- Rayonunuzun təhsil müəssisələri haqqında ümumi məlumat verməyinizi xahiş edirəm.

- Hazırda rayonumuzda 72 ümumtəhsil məktəbi vardır. Onlardan 51-i tam orta, 17-si ümumi orta, 4-ü ibtidai məktəbdir. 5 məktəbdənkənar, 22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 12237 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 2200-ə yaxın pedaqoji işçi məşğul olur. Digər bölgələrdə olduğu kimi, bizim rayonda da şagirdlərin və məktəblərin sayı artmaqdadır. Halbuki, 1990-cı ildə rayonumuzda 47 orta, 21 əsas və 4 ibtidai  məktəb fəaliyyət göstərirdi. Ötən illər ərzində rayonda 4 əsas məktəb fəaliyyət göstəricilərinə və şagird kontingentinə görə orta məktəb statusu almışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 avqust 2007-ci il tarixli 986 nömrəli əmrinə əsasən, rayonun internat orta məktəbinin bazasında Texniki, humanitar və təbiət təmayüllü lisey fəaliyyətə başlamışdır. Məhz bu hal Şamaxıda təhsilin inkişafına daha yeni bir təkan kimi qiymətləndirilir.

Cəmiyyət üçün sağlam düşüncəli, savadlı, elmli nəsil yetişdirmək şərəfli işdir. Bu işin ağırlığını, məsuliyyətini hər zaman çiyinlərində daşıyan müəllimlərdir. Hər bir müəllim təlim-tərbiyə prosesində yetirdiyi bilikli və cəmiyyətə yararlı şagirdləri ilə fəxr edir. Məlumdur ki, istedadlı şagird hazırlamaq, onları üzə çıxarmaq olduqca çətin və məsuliyyətli prosesdir, eyni zamanda şərəfli və tərifəlayiq bir işdir. Bu işin faydalı şəkildə həyata keçməsi birdən-birə deyil, zaman-zaman, mərhələ-mərhələ vaxt aparması və gərgin fəaliyyətin nəticəsi ilə müşayiət edilir.

Azərbaycan təhsilində həyata keçirilən bir sıra yeniliklər öz bəhrəsini vermiş və verməkdədir. Belə ki, Azərbaycan Respublikasında ali məktəblərə qəbul imtahanları test üsulu ilə keçirilməyə başlanmış və o zaman bu istiqamət təhsildə yeni yanaşmanı, yeni dünyagörüşü formalaşdırmışdır. Bu baxımdan Şamaxı rayon təhsil işçiləri də test imtahanlarını fəal şəkildə  dəstəkləmişlər. Əlbəttə, hər hansı bir metodun, üsulun tətbiqi istər-istəməz hər bir şəxsdə maraq doğurur. Test imtahanlarına keçid mərhələsi də təhsil işçilərinin, şagirdlərin, valideynlərin böyük marağına səbəb olmuş və bu üsul bu gün də qüvvədə qalmaqla getdikcə inkişaf etdirilir.

- Ümumtəhsil məktəblərinin fəaliyyəti və pedaqoji kadrların işi məzunlarının uğurları ilə ölçülür. Bu amil xüsusilə ali və orta ixtisas məktəblərinə qəbul zamanı məzunların topladıqları balla özünü büruzə verir. Təhsil müəssisələriniz və onların məzunları bu işin öhdəsindən necə gəlir və hansı uğurları qazanırlar?

- Şamaxı rayonunun təhsil müəssisələrində təhsilin səviyyəsini müəyyən etmək üçün 1998-2009-cu illərdə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə dair statistik məlumatları nəzərdən keçirsək görəcəyik ki, 1998-ci ildə rayon üzrə abituriyentlərin sayı 262 nəfər olmuşdur. Bu rəqəm 1999-cu ildə 334 nəfər, 2000-ci ildə 396 nəfər, 2001-ci ildə 439 nəfər, 2007-ci ildə 597 nəfər olduğu halda, 2009-cu ildə 653 nəfərə qədər yüksəlmişdir. Faktiki olaraq rayonumuzdan olan abituriyentlərin ali məktəblərə qəbulolma statistikasına nəzər salsaq görərik ki, 1998-ci ildə onların sayı 71 nəfər idisə, 2010-cu ildə bu rəqəm 107 nəfər təşkil etmişdir. Ümumiyyətlə, 1998-ci ildən 2010-cu ilə qədər Şamaxı rayonundan 1144 məzun respublikanın ali məktəblərinə qəbul olmuşdur.

2009-cu ildə rayon məzunlarının 8 nəfəri ali məktəblərə qəbul zamanı 500-dən yuxarı, 4 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Onların çoxu Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Müəllimlər İnstitutuna və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olublar.

2010-cu ildə isə məzunlarımızın qəbul imtahanları zamanı göstəriciləri keçən ilkinə nisbətən daha yüksək olub. Belə ki, rayon üzrə 537 məzunun 399 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, onlardan 107 nəfəri uğurlu nəticə göstərərək respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Qəbul imtahanları zamanı 21 məzunumuz 500-dən yuxarı bal toplayıb ki, bu da keçən ildəkinə nisbətən 3 dəfə artıqdır. 4 məzunumuz isə 600-dən yuxarı bal toplayaraq bitirdikləri təhsil ocağına və Şamaxı təhsil işçilərinə başucalığı gətiriblər.

Onu da deməliyəm ki, Şamaxı təhsilinin uğurlarında rayonda fəaliyyət göstərən "Araz" kursunun da rolu böyük olmuşdur. Bu kurs 2003-cü il sentyabr ayında fəaliyyətə başlamışdır. Təsis olunduğu 2003-cu ildən 2010-cu ilə kimi kursda hazırlaşmaq üçün 800-ə qədər abituriyent bura müraciət etmişdir. Həmin abituriyentlər bu kursda müxtəlif fənlər üzrə hazırlaşıblar. "Araz" kursu VI sinif şagirdlərinin orta məktəb proqramını mənimsəmələrinə və həmçinin müxtəlif təmayüllü liseylərə qəbul olmalarına köməklik göstərir. X sinif şagirdləri isə bu kurslarda iki tədris ili hazırlaşaraq TQDK-nın ali məktəblərə keçirdiyi qəbul imtahanları zamanı böyük uğurlar əldə edirlər. XI sinif şagirdlərimiz isə adıçəkilən kursda 10 ay müddətinə TQDK-nın tərtib etdiyi qəbul proqramına əsasən dörd qrup üzrə hazırlıq keçirlər.

- Təhsilin inkişafında, dərslərin səmərəli keçilməsində müəllimin rolu danılmazdır. Müəllimlərinizin pedaqoji fəaliyyətindən razısınızmı?

- Bu gün müəllimlərimiz yeni metodlardan səmərəli istifadə etməklə fəaliyyət göstərirlər. Rayonumuzda hər bir müəllimin müasir texnologiyalardan istifadəetmə bacarığına yiyələnməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. Müasir zamanda kompüterlə davranmağı bacarmayan müəllim tədrisi günün tələbi səviyyəsində qura bilməz. Odur ki, müəllimlərimiz mütəmadi olaraq öyrədici kurslarda biliklərini artırır, işlərini kurikulumun tələbləri əsasında qururlar.

Qeyd etməliyəm ki, işini günün tələbləri səviyyəsində qura bilən müəllimlərimiz çoxdur. Səmərəli pedaqoji fəaliyyətinə görə dövlət tərəfindən mükafatlandırılmış və təltif edilmiş bir neçə müəllimin adını çəkmək yerinə düşərdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə son 6 ildə şəhər 1 nömrəli məktəbin riyaziyyat müəllimi Elşən Ələkbərov, şəhər 2 nömrəli orta məktəbin tarix müəllimi Sevinc Qədirova, Həmyəli qəsəbə ümumi orta təhsil məktəbinin müəllimi, coğrafiya elmləri namizədi  Əzizağa Vəliyev, Nağaraxana kənd əsas məktəbin direktoru İsgəndər Həsənov, Texniki, humanitar və təbiət təmayüllü liseyin ədəbiyyat müəllimi Həbibə Eldarova, şəhər 9 nömrəli orta məktəbin coğrafiya müəllimi Əbülfəz Sadayev "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüblər. Texniki, humanitar və təbiət təmayüllü liseyin coğrafiya müəllimi Yaqut İsmayılova, şəhər 1 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pənah İsmayılov, şəhər 5 nömrəli orta məktəbin riyaziyyat müəllimi Cavanşir Nəzərov və Göylər kənd 2 nömrəli orta məktəbin direktoru Pünhan Mikayılov "Tərəqqi" medalı ilə təltif ediliblər. Son 5 ildə Sevinc Qasımova, Svetlana Veysova, Əzizağa Vəliyev və Həbibə Eldarova səmərəli fəaliyyətlərinə görə "İlin müəllimi" adına layiq görülüblər.

2005-ci ildən bu günə kimi xüsusi təyinatla rayonumuza göndərilmiş 134 nəfər gənc müəllim ixtisaslarına uyğun işlə təmin olunmuş və onlar üçün hər cür şərait yaradılmış, qanunauyğun həvəsləndirici əlavə maaşla təmin edilmişlər. Onlardan 16 nəfəri 2010-cu ildə rayonumuza göndərilib və onlar da işlə və lazımi şəraitlə təmin olunublar.

- Viktor müəllim, hazırda respublikamız intibah dövrünü yaşayır. Bir sıra yeni sənaye və istehsalat müəssisələri tikilir, quruculuq və abadlıq işləri aparılır. Belə bir zamanda təhsilimizin inkişafından razısınızmı?

- Ölkə başçısının səmərəli fəaliyyəti, düşünülmüş daxili və xarici siyasəti sayəsində bu gün Azərbaycan Respublikası regionda lider dövlət kimi tanınır və sayılır. Respublikamızda digər sahələr kimi təhsilin də inkişafına xüsusi qayğı göstərilir. Elə bunun nəticəsidir ki, Azərbaycanda yeni məktəb binalarının tikintisi və müasir avadanlıqlarla təmin edilməsi geniş vüsət almışdır. Təkcə Şamaxı rayonunda 2003-cü ildən bu günə kimi dövlət vəsaiti hesabına 1624 şagird yerlik 7 yeni məktəb binası, 1180 şagird yerlik əlavə sinif otağı tikilib şagirdlərin istifadəsinə verilmiş, 4 məktəb binası əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun vəsaiti hesabına 820 şagird yerlik 5 yeni məktəb binası, 100 şagird yerlik 5 əlavə sinif otağı inşa edilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Ümumiyyətlə bu illər ərzində rayonumuzda 2280 şagird yerlik 14 yeni məktəb binası, 1280 şagird yerlik 64 əlavə sinif otağı inşa edilmiş, 6 məktəb binası əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir. Səmimiyyətlə deyə bilərəm ki, bu gün təhsilimiz dinamik inkişaf yolundadır. Təhsilimizin dünya təhsilinə inteqrasiyası, tədrisdə kurikulumun tətbiqi, təhsil müəssisələrində yeni texnologiyalardan və metodologiyalardan istifadə edilməsi bunun bariz nümunəsidir.

- Müasir gəncliyə nə tövsiyə edərdiniz?

- Ümummilli liderimiz Heydər Əliyevin quraraq bizə ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasını göz bəbəyimiz kimi qorumağı, müdriklərin - "Torpaq, uğrunda ölən varsa Vətəndir!" - kəlamını unutmamağı, xalqına, Vətəninə layiq yüksək intellektli gənc olmalarını tövsiyə edirəm.

Vətən uğrunda canını qurban verənlər şəhidlik zirvəsinə ucalırlar. Bu ucalığı, bu şərəfi qorumaq müqəddəs borcumuzdur.

- 60 yaşınız bu günlərdə tamam olacaq. Yaşayaraq arxada qoyduğunuz mənalı ömür yolunda ən çox sevindiyiniz gün nə vaxt olub?

- Bəli, 60 yaşım oktyabrın 3-də tamam olacaq. Yubileyimin müəllimlər günü ilə eyni vaxta düşməsi təsadüfi olsa da mənim üçün fərəhli və maraqlıdır. Düşünürəm ki, ömürdən ötən illər mənalı keçibsə, demək yaşamısan. Mən də yaşadığım zaman kəsiyində xalqıma, Vətənimə az da olsa xeyir vermişəmsə, xərclədiyim illər havayı itməyib, ömrümdən mənalı ötüb.

Şad günlərimə gəlincə isə respublikamız imperiya buxovundan qurtulub müstəqilliyini elan etdiyi gün sevincimin hədd-hüdudu olmayıb. 2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görüldüyüm gün qürur duymuşam. Çünki əməyimə qiymət verilirdi. İlk nəvəm Şəbnəm dünyaya gələndə fərəhlənmişəm. Ona görə ki, gələcəyimi onlarda görürəm. Ancaq müdriklərin dediyi kimi, kədəri də özümüzə dost bilməliyik. Sevinc anidir, gəldi-gedərdir. Kədər isə insanla son mənzilinə qədər yoldaşlıq edir. Kədəri qəbul edə bilməyən, əzab və iztirablarına dözməyən kəs həyatda uğur qazana bilməz.

***

Maraqlı söhbətlərindən, şən zarafatlarından doymasam da Viktor müəllimə uzun ömür, cansağlığı, daha yeni nailiyyətlər arzulayıb ondan və qədim tarixli Şamaxıdan ayrılıb Bakıya üz tutdum. 

Müsahibəni apardı:
Nizami MİRZƏ

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov