Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Sənəti ilə ürəklərdə yaşayan şair

Bookmark and Share

Ön söz əvəzi 

Xalq şairi Mirvarid Dilbazi haqqında yazı hazırlamaq tapşırılanda əvvəl tərəddüd etdim. Və xoşbəxt, qayğısız uşaqlıq illərimdən boylanan bir hadisə xəyalımdan keçdi. Dağlar qoynunda, meşə ətəyində yerləşən kənddə anamın qərib olduğunu bilirdim. Başkeçid bölgəsində yeganə doğması dayım Hacı Dilbazi idi.

Bir dəfə radioda verilən konsertdə "Çoban Qara" mahnısı elan olundu və bəstəkar Ağabacı Rzayevadan sonra "sözləri Mirvarid Dilbazinindir", - dedilər. Anam (kəndimizin ilk müəllimlərindən olub) əlindəki işi yarımçıq qoyub əyləşdi, axıra kimi mahnıya qulaq asdı. Ayağa duranda sifətində iz salan göz yaşları sıralanmışdı. İbtidai sinifdə oxuyurdum və sövq-təbii ilə: - Mirvarid Dilbazi kimdi, - deyə soruşdum. Qəhərli səslə deyilən cavabla kifayətlənməli oldum: - Əmim qızıdı, ay imanım.

Daha sual vermədim, onun yaralarının gözünü qoparmağa qıymadım. Bilirdim: atası Nəsrəddin ağanı əmisi oğlu ilə kənd məktəbinin qarşısında bolşeviklər güllələyiblər; bir qardaşını tutublar; nəsilləri pərən-pərən düşüb...

***

İllər ötdü... 1997-ci ildə "Vətənin qüdrətindən güc alan sənətkar" ("Azərbaycan müəllimi"), 1998-ci ildə "Xalqına, uşaq dünyasına bağlı sənətkar" ("İbtidai məktəb və məktəbəqədər tərbiyə") adlı məqalələrimdə xalq şairi barədə duyğu və fikirlərimi qələmə aldım. SDU-nun məzunlarından birinin M.Dilbazinin həyatı və yaradıcılığı mövzusunda buraxılış işinin elmi rəhbəri oldum.

1996-cı ilin martında xüsusi müxbir Samirə Kərimovanın M.Dilbazi ilə "Ziyalı sözü" rubrikası altında müsahibəsi dərc olunandan xeyli sonra bir gün əməkdaşımız: - Mirvarid xanım sizi axtarır, ona zəng edin, - dedi.

Zəng etdim,  Nəsrəddin ağanın (Qara əmi deyirlərmiş babama) qız nəvəsi olduğumu dedim, qardaş-bacılarım barədə danışdım. Məni yubileyinə dəvət etdi. Ulu öndər Heydər Əliyevin də iştirak etdiyi o tədbiri televiziyada seyr etdim, yubiley gecəsinə getmədim və ...bu gün çox şey itirdiyimi bütünlüklə dərk edirəm. 

Dilbazilər XX əsrdə 

Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.

Xalq şairi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında (Bəhruz Dilbazinin sponsorluğu ilə nəşr olunub) yazıb: "17, 18 və 19-cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir.

Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib.

Hacı Rəhim ağa Vəhidi təxəllüsün oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib.

Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı.

Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir xalq aktrisası - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi Yaqut Dilbazi çıxmışdır. Bunların da hərəsinin faciəli bir həyatı olmuşdur". (İqtisad elmləri doktoru, professor Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir - Ş.M.). 

Həyat yolundan sətirlər 

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Xanlıqlar kəndinin yaylaq yerlərindən olan Ağqayada əsilzadə Dilbazilər mühitində - Paşa bəyin ailəsində dünyaya göz açmışdı.

Atasını erkən itirmiş M.Dilbazi Daş Salahlıda babası Mustafa ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyümüşdü. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bütöv və tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olmuşdur.

M.Paşa qızı Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlamışdır. 1920-ci ildə Mədinə xanım Qiyasbəyli onu, başqa yeniyetmə qızlarla bərabər Bakıya - darülmüəllimata gətirmişdir.

M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı səmimi fikirlər qələmə almışdır. "Bizim müəllimlərimiz" adlı yazının əvvəlində oxuyuruq: Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.

Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik.

Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq.

Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.

Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış.

1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik.

***

Bacısı Yaqut Dilbazi (politoloq Vəfa Quluzadənin anası) ilə burada dövrün ziyalı qadınları olmuş M.Qiyasbəyli, Ş.Əfəndizadə, B.Köçərli kimi müəllimlərdən dərs almış, nəzarətləri altında həyata hazırlanmış Mirvarid Dilbazi Qızlar Seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində çalışaraq bacarıqlı müəllim kimi tanınmışdır. 1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki rus məktəbinə dəyişdirilən M.Dilbazi ali təhsil almaq arzusu ilə yaşamışdır. Hər iki bacı APİ-yə qəbul olunmuş, lakin maddi sıxıntıya görə böyük bacı Yaqut Paşa qızı 19 nömrəli məktəbdə işləmiş, kiçik bacının ali təhsil almasına şərait yaratmışdır. Sonralar "Bənövşələr üstündə göz yaşları" kitabında M.Dilbazi yazacaq: 1929-cu ildə Ali Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim də burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı, B.Çobanzadə yadımdadır. Əli Sultanlının qərb, Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri yadımdadır.

26 yaşından dul qalmış analarını Bakıya gətirən 2 müəllim bacı o dövrün ağrı-acısını yaşamışdır:

"Bacım Yaqutla mən bir "ləğv" olunmuşların qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz ali məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə bizim haqqımızda göndərilən sorğulara xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik. Çünki var-yoxumuz babamın evində qalmışdı.

İçərişəhərdə məşhur folklorçu Əbülqasım Hüseynzadənin evində 9-10 kv. m. ölçüsündə bir otağımız vardı. Bu otaqda bir dəmir kravat, bir kiçik divan, bir qarğı kitab rəfi, bir kiçik yemək stolundan başqa bir şey yox idi. Biz iki bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı.

O illər ölkədə hər şey qıt, bəlkə də yox idi. Geyim-geçim üçün hökumət qızıl mağazası açmışdı. Biz iki bacı da seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl ziynətlərini verib oradan bir-iki dəst paltarlıq parça aldıq".

***

1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi Qubaya işə göndərilmiş, 2 il Quba Partiya Məktəbində çalışmışdır.

Bakıya qayıdan Dilbazi "Şərq qadını" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Onu jurnala redaktor təyin etmək istəyirlər, şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri işləmişdir. Bir neçə ay Moskva yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi kurslarda olması onun sənət, dünya ədəbiyyatı haqqında məlumatını genişləndirmişdir. Beləliklə, o, muzeydəki işdən çıxıb bədii yaradıcılıqla məşğul olmuşdur.

***

M.Dilbazi sovet dövründə iki dəfə "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdi.

Mirvarid Dilbazi "xalq şairi" fəxri adını 67 yaşında almışdır.

1979-cu ildə Ukraynada Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyündə iştirak edərkən onun çıxışları çox hərarətlə qarşılanmışdır. MK katibi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə bu barədə məlumat vermiş, Azərbaycan KP MK bürosunda ona bu fəxri adın verilməsi məsələsi həll olunmuşdur.

***

Ümummilli lider Heydər Əliyev sonralar Mirvarid xanımın yubileyində bilavasitə iştirak etmiş, xalq şairini böyük hörmət və ehtiramla təbrik etmişdir.

M.Dilbazi 2001-ci il iyulun 12-də dünyasını dəyişdi. 

Ədəbi irsi haqqında 

Mirvarid Dilbazinin ilk mətbu şeiri 1927-ci ildə işıq üzü görmüş "Qadınların hürriyyəti" olub.

İlk kitabı - "Bizim səsimiz" 1934-cü ildə nəşr edilib. Sonrakı illərdə "Vətən eşqi", "Xatirələr", "Bahardan məktub", "Nağıllar", "Gülbahar", "Lalənin ağacları" kitabları çapdan buraxılıb.

Şairin "Məhsəti", "Əlcəzairli qız", "Partizan Aliyə" poemaları, "Göyçək Fatma", "Muğanda bahar" uşaq pyesləri və s. əsərləri oxucu auditoriyası qazanmış sənət nümunələridir. 1967-1968-ci illərdə Mirvarid xanımın iki cilddə, 1982-83-cü illərdə üç cilddə "Seçilmiş əsərləri" böyük tirajla buraxılıb.

"Poeziyasında quru, adamı utandıracaq bir misra belə" olmayan (Məmməd Namaz) Mirvarid Dilbazi həm də nəğməkar şair idi. Bəstəkar Ağabacı Rzayeva onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü", "Laylay", "Azərbaycan elləri" şeirlərinə dillər əzbəri olan, könülləri oxşayan mahnılar bəstələmişdir.

M.Dilbazi dünya və türk xalqları ədəbiyyatlarından etdiyi tərcümələrlə də tanınmışdı. Akademik Bəkir Nəbiyev onun müasirləri olan qadın sənətçilər arasında mövqeyini belə dəyərləndirib: "Gözəllik daşıyıcılarının və gözəlliyi yaradanların bu qvardiyasına başçılıq etmək şərəfi istedadlı xalq şairi Mirvarid Dilbaziyə nəsib olmuşdur".

***

Mirvarid Dilbazi 1928-ci ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində keçirilən məclislərdə iştirak etmişdir. Azərbaycan bədii fikrinin görkəmli nümayəndələri ilə görüşlər, söhbətlər sonradan həmin ədəbi şəxsiyyətləri səciyyələndirən xatirə cizgilərinə çevrilmişdir.

Bu baxımdan nəcib, həyalı, mötəbər A.Şaiq, xalqın sonsuz məhəbbətini qazanmış S.Vurğun, başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş münasibəti göstərən S.Rüstəm, çox sadə, səmimi, saf xilqətli M.Müşfiq, okeanda inci axtaranlara oxşayan M.Hüseyn, sözün əsl mənasında ziyalı Y.V.Çəmənzəminli, "Xalq işinə çox lazımlı, müsbət bir şəxsiyyət" (S.Vurğun) olan M.İbrahimov, xalq ənənə və adətlərini bilən S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli, tədbirli, mədəni R.Rza, yoldaşlıq və dostluqda möhkəm və dönməz O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi təmizliyin nümunəsi Ə.Vəliyev haqqında xatirələr ürəklə, məhəbbətlə, səmimiyyətlə qələmə alınmışdır.

Mirvarid Paşa qızı ömrü boyu kimsədən təmənna ummamış, kimsəyə yük olmamışdır. Bircə həmdərdi qələm olmuşdur. Bütün dərdlərini, kədər və sevinclərini qələmlə demiş şair xalqımızın qələbəsini görmək arzusu ilə yaşayırdı.

***

M.Dilbazi uşaqlıq illərini xatırladığı şeirlərinin birində yazıb:

Avey dağım, mən zirvəndə itəydim,

Bir gül olub daş sinəndə bitəydim...

Ağrılı-acılı həyat yolu keçmiş xalq şairi bütün varlığı ilə Vətənə, elə-obaya bağlı idi. Vaxtilə Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid xanıma sonralar qızlar bənövşə açılanda bahar ərməğanı göndərmişdilər: "...dəftər vərəqləri arasında qurumuş bir cüt bənövşəni görəndə onların üstünə göz yaşlarım töküldü. Bənövşələr üstə ilk göz yaşlarım altı yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü..." 

M.Dilbazi yaddaşlarda 

Vətənin vüqarı olan dağın sinəsində bir gül olmaq istəyi ilə yaşayan şair haqqında tanınmış tədqiqatçı-publisist İsmayıl Umudlu ("Dilbazilər" tarixi-bioqrafik araşdırmasının müəllifi. Bakı, 2007, 392 s.) yazır: "Doxsan yaşı haqlamağa bircə ili qalmışdı Mirvarid xanımın. Hələ dünənə qədər şirin bir Qazax ləhcəsi ilə danışdığı ətirli sözünü-söhbətini televiziyadan eşidir, yorulmadan onun danışdıqlarını sonadək dinləyirdik. Onunla mətbuat müsahibələrini - yeni bir mətləbi özümüz üçün kəşf etmək inamı ilə səbirlə  oxuyurduq. Ömrünün son çağlarına qədər şeir dünyasından da ayrılmadı Mirvarid xanım. Ara-sıra lirik şeir ərməğanını oxucularına çatdırmağı da unutmurdu.

...Mirvarid ana böyüklüyündə sadəliyini dünyadan köçərkən də gözlədi. Fəxri xiyaban istəmədi. Onu vəsiyyətinə əsasən Dağlıq qəbiristanlıqda anası Cavahir xanımın, sevgili bacısı Yaqut xanımın yanında torpağa tapşırdıq...".

Filologiya elmləri doktoru, professor, yazıçı-dramaturq Aqşin Babayev M.Dilbazinin yaşadığı binanın qarşısında xatirə lövhəsi vurularkən demişdir: "Mirvarid Dilbazi dünyasını dəyişib, ancaq o, ikinci həyatını yaşayır. O, əbədi sənəti ilə hər birimizin qəlbində silinməz izlər qoyub".

Şamxəlil MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov