Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Noyabr 2010 - � 43

 

Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy

Bookmark and Share

Vətəndən uzaqlarda yaşamaq, başqa dillərdə yazıb-yaratmaq, dünya xalqlarının ədəbiyyat, mədəniyyət xəzinəsini zənginləşdirmək bir çox Azərbaycan sənətkarlarının, alimlərinin alın yazısı olub. Səkkizinci yüzillikdə Azərbaycan mütəfəkkirlərinin sorağı Dəclə - Fərat  çaylarının sahillərindən gəlmiş, Pireney yarımadasından tutmuş Hindistana qədər gedib çatmışdır. XIX yüzillikdə isə bir sıra Azərbaycan alim, mütəfəkkir, yazıçı və şairləri nəzərlərini şimala - Rusiyaya çevirmişlər. Onlardan A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundov, Həsən bəy Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov, M.Şahtaxtlı, E.Süleymanov, M.C.Topçubaşov  və b. göstərmək olar.  Azərbaycan - rus ədəbi-mədəni və elmi əlaqələrinin təməl daşlarını qoyan, Kazan və Peterburq universitetlərində Şərq fakültəsinin yaradıcısı və ilk dekanı, Şərq filologiya elmləri üzrə fəxri doktor, əməkdar professor, Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi, bir çox xarici ölkə akademiyalarının və elmi cəmiyyətlərinin üzvü, 33 yaşında Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ömrünün 45 ilindən çoxunu Azərbaycan, türk, ərəb, fars dillərinin, zəngin Şərq ədəbiyyatı və mədəniyyətinin, Azərbaycan, Qafqaz tarixinin, İslam dini, ideoloji, etnik,siyasi əsaslarının, müsəlman hüququnun  və s. Rusiyada, Avropada öyrənilməsinə həsr edən Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəyin böyük fəaliyyəti olmuşdur.

O, "Şərqin qapısı", dəmir qapı adları ilə nağıllarımızdan, dastanlarımızdan, "Kitabi - Dədə Qorqud"  boylarından hamımıza tanış olan, mühüm hərbi strateji məntəqə  olduğuna görə on beş əsrdən artıq bir dövr ərzində xəzərlərin, ərəblərin, farsların, monqolların, türklərin və rusların ona yiyələnmək uğrunda mübarizə apardıqları qədim Azərbaycan şəhəri Dərbənddə böyüyüb boya-başa çatmış, ilk təhsilini burada almışdir.

Dərbənd şəhəri 1776-cı ildə Rusiyanın himayəsinə keçəndən sonra İranın Rəşt şəhərində yaşayan Məhəmmədəlinin babası Hacı Kazımbəy vətənə qayıdaraq Fətəli xanın sarayında vəzir vəzifəsində işləyir. O, sarayda nazir kimi maliyyə, yaxud xalq təminatı işlərinə başçılıq edirdi. Hacı Kazımbəyin dörd oğlu olub. Dərbənddə və ətraf regionlarda gedən çəkişmələr, özbaşınalıq zamanı oğlanlarından İsmayıl bəy öz əcəli ilə vəfat etmiş, Məhəmməd Cəfər müharibədə  həlak olmuş, İbrahim bəy dağlara çəkilərək oralarda ölmüşdür. Ailənin dördüncü oğlu, gələcək alimin atası Hacı Qasım Kazımbəy qardaşlarından fərqli olaraq hərbi işlərə o qədər də maraq göstərməmişdir. Onu elm və mədəniyyət aləmi daha çox maraqlandırırdı. Zaqafqaziyanın müharibələr meydanına çevrildiyi bir zamanda o, biliyini, dünyagörüşünü artırmaq,  müqəddəs yerləri görmək üçün Ərəbistana yollanır. Hacı Qasım Kazımbəy müqəddəs yerləri ziyarət etdikdən, Şərqin bir sıra şəhərlərində olduqdan sonra Mədinədə məskən salır, 6 il bu şəhərdə yaşayıb, oxuyaraq ilahiyyatçı alim kimi yetişmiş və müctəhid adı qazanmışdır. O, 1800-cü ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdır. Yolüstü bir müddət İranın Rəşt  şəhərində qalır. Gənc müctəhid Rəşt şəhərində yaşayarkən Gilan tacirlərindən Mir Bağır xanın Şərəfnisə adlı qızı ilə ailə qurur. Həmin nikahdan gələcək görkəmli şərqşünas alim Mirzə Məhəmmədəli Kazımbəy doğulur. 1808-ci ildə Məhəmmədəli ata, anası ilə birlikdə Dərbəndə gəlib burada yaşamağa başlayır. 1808-ci ildə anası Şərəfnisə qəflətən vəfat edir. Oğlunun təhsil, tərbiyəsi ilə atası məşğul olur. Hələ ilk təhsil illərində müxtəlif dilləri öyrənməyə böyük maraq göstərən Məhəmmədəli on iki-on üç yaşlarında ərəb, fars və türk dillərini mükəmməl bilirdi.

Təbiətin Mirzə Məhəmmədəliyə bəxş etdiyi parlaq istedad və qabiliyyət ona müsəlman təliminin tam kursunu vaxtindan xeyli əvvəl başa vurmağa imkan vermişdir. Gecələr səhərədək şam işığında oxuduğu kitablar, əfsanələr, nağıllar yeniyetmə Məhəmmədəlinin yaddaşında ömürlük həkk olunurdu. Onun yaddaşı da müəllimlər üçün bir sirr idi. Bir dəfə gördüyünü heç vaxt gözlərindən qaçırmır, bir dəfə eşitdiyini qulaqlarında ömürlük sırğaya çevirirdi.

Xaqaninin "Mədain xərabələri", Nizaminin "Sirlər xəzinəsi", Füzulinin "Leyli və Məcnun"u, Firdovsinin "Şahnamə"si, Sədinin "Gülustan"ı dilindən düşmürdü.

Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə qaldırmışdı ki, o, ətrafındakı mühit üçün bir sirr, bir müəmma olmuşdur.

Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı bilirdi. O, bu tarixə bağlı idi. Bu biliklə sonralar "Dərbəndnamə" yazıb çap etdirir. O, tədqiqatlara əsasən deyirdi: "Xəzər nə qədər qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var və ikisi də bir yaranıb, əkiz doğulublar".

Gələcəyin böyük alimi Məhəmmədəli özünün "Ərəb dilinin müxtəsər qrammatikası" ilk elmi əsərini 1819-cu ildə 17 yaşı olarkən yazmışdır.

O, gənc yaşlarında Dərbənd mühiti yaradıcılığı üçün geniş üfüqlər açmasa da, yazmağı, öz fikirlərini başqaları ilə bölüşməyi, ünsiyyətdə olmağı bacarır, oxumaq və yazmaq həvəsilə yaşayırdı.

Atası Dərbənddə nüfuzlu adamlardan biri idi.

Hələ 15 yaşı olanda - 1816-cı ildə günlərin birində Məhəmmədəlinin atası ilə maraqlı bir söhbəti olub. Hacı Qasım bayaqdan pəncərə önündə dayanmışdı. Dərin düşüncələrə dalmışdı... Dərbəndin şeyxulislamı Dərbənd xalqının gözündə o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus generalını narahat etməyə bilməzdi.

Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu görmüşdü və yaxın günlərdə fırtına qopacağı ona bəlli idi.

Məhəmmədəli atasının otağına girərək onunla söhbətləşməyə başlayır. Onların söhbətləri gecəyarıya kimi çəkir. Qasım qəlbindəki narahatçılığı büruzə verməmək üçün yenə də Dərbəndin tarixindən söhbət açır:

- Deyirlər bu yerlərdə altun çağlar olub. Hər adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması varmış. Hamısı işlək olub. İnsanlar bir-birinə sevgi ilə baxırmış. Qəlblərdə vicdan, damarlarda qəhrəmanlıq qanı... İndi isə damarlarda çirkab axır.

Amma çox sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları hesaba, ağacları, meyvələri qələmə aldılar, az qala salxımlarda olan üzüm gilələrini də bir-bir saysınlar. Daxmaları ölçdülər, quyulardakı suları hesaba aldılar və s. Hamısını haqq-hesaba vurdular: daxmaya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər, su pulu bu qədər... Vergi yazana ver. Bu pullar getsin xəzinəyə, hökmdar da oğlanlarımızı yığıb aparsın qırğına, özünü, hərəmlərini qorumaq üçün qala divarları tikdirsin... Zəkat ver, fitrə ver... Ramazanda ver, orucluq qurtaranda ver... Nəzir ver, sədəqə ver, xərac ver... Beləliklə, oğul, eşitdiyin ədalət belə yaranıb... Mən bunların çoxunu kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm... Sən də oxu, çox oxu, amma gördüklərinə inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən uzaq şeylər də çoxdur... Oxu, sonra da çalış mümkün olanı gözünlə görəsən... Oxu, ancaq öz vicdanının səsinə qulaq ver... Ehtiyac üzündən sənə uzanan əlləri boş qaytarma. Çörəksizə çörək ver, xəstəyə dərman. Ehtiyac ac şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz çökdürür və dahilərə baş əydirir.

Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının baxışlarında nə isə vardı ki, oğul yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə atasını oxşayaraq: - Bağışla, amma bəs yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan alır?

Hacı harasa, uzaqlara baxaraq danışırdı:

- Yox, oğlum, yalanlar bir dərya olsa da, bir damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun, həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün içinə bax. Çünki həqiqətlə ədalət bir xəmirdən yoğrulub. Onu da bil ki, ədalətli söz ağır olur, amma o da dərman kimi şəfavericidir... Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı... Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən... İnsanlara güvən... İnsanlardan ümidini kəsmə, insan əlləri ilə yüksəlmiş qalalara da ümid bağlama. İnsan tab gətirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.

Hacı Qasım acı həqiqətlə cavan qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə buradaca bitirmək istədi:

- Vaxtını çox aldım, oğul,  - deyə Hacı Qasım oğlunun başını sığalladı.

- Gecdir, gecə yarıdan keçib.

- Yox, amma mən səninlə fəxr edirəm.

- Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır sevinər... Bu gunlük kifayətdir, vaxt gedir. O, qızıla bərabərdir... Amma bunların bir fərqi var: qızılı yığıb saxlamaq olur, vaxtı isə saxlamağa heç kimin hünəri çatmır.

Məhəmmədəli yataq otağına keçdi və fikirləşə-fikirləşə yatdı.

1820-ci ildə Mirzə Məhəmmədəli Kazımbəyin atası Hacı Qasım Kazımbəy çar hökumətinə qərəzli münasibət bəsləyən şəxslərlə gizli yazışmada şübhəli bilinərək əmlakı müsadirə olunmaqla Həştərxana sürgün edilir.

Bu haqda Məhəmmədəli Kazımbəy yazmışdır: "Atam həmişə Rusiyaya qarşı xeyirxah münasibətdə olmuşdur, lakin o, rütbəsinə görə xalqın hüquqlarını müdafiə etdiyindən, əslən dərbəndli bir bəyin simasında çox güclü düşmənə malik idi. Dərbənd bəylərindən biri olan Lütfəli bəy yalan məlumatlarla Qafqazın canişini general A.P.Yermolova gizli xəbərlər, Hacı Qasım haqqında məlumatlar verirdi. Beləliklə, atamı nüfuzdan salmaqla məşğul idilər. Hökumət Dərbəndə hərbi məhkəmə göndərdi. Məhkəmə atamın mülkünü müsadirə edərək 14 dostu ilə birlikdə Həştərxana sürgün etdi ".

Mirzə Məhəmmədəli bu özbaşınalıq və haqsızlıqlarla heç cür barışa bilmirdi. O, 1821-ci ilin əvvəllərində Həştərxana getmək üçün hazırlaşmağa başladı. Yola düşməzdən bir gün əvvəl anası, qohumları və Dərbənd şəhidlərinin qəbrini ziyarət etmək üçün qəbiristanlığa yollandı. Sonra tanış uşaqlardan birini sevdiyi Günlara xəbər vermək üçün göndərdi. Axşam Günlarla görüşdü. Onlar xeyli söhbət edəndən sonra ayrıldılar. Belə hallar çox olur. Həqiqətən bir-birini sevənlər bir-birinə qovuşmurlar. Cümə günü səhər açılar-açılmaz Məhəmmədəli yoldaşları ilə bərabər Xəzərin sahilinə gəldi. Yükləri atlardan düşürüb sahildə dayanmış gəmiyə tərəf aparmağa başladılar. Məhəmmədəli yoldaşlarından aralandı, üzünü Xəzərə tutdu: "Xəzərim mənim... Mən həmişə sənin qiyamət qoparan qasırğalarından söz açan kitabları oxumuşam, amma sərt qış günündə sən məni gözəl təbəssümlə yola salırsan... Mən sənin qəzəbini çox görmüşəm. O gün də səhər yuxudan oyanan bir gözəl kimi naz-qəmzə ilə qaşlarını çatdın, bütün köksün həyəcana gəldi, suların saçaq-saçaq olub köpüklənirdi... Sabahısı... Sabahısı sən bir qədər də gözəlləşdin, büllurlaşdın, şəffaflaşdın, pak oldun... Səni çox şairlər görməyib, səni nə Homer gördü, nə Bayron, nə Şekspir sənə vuruldu, nə Dante... Görsəydilər sən onlar üçün bir alova, bir məşələ çevrilərdin, mənim Xəzərim... Mən sənin həsrətini çəkəcəyəm... Yox, sənin Həştərxan sahillərini yuyan dalğaların Dərbəndi qucaqlayan sularından deyil. Mən sənin intizarında olacağam... Bir dilə gəl, Xəzərim. Sənə dediyim xatirində qalacaqmı?!..".

Gəmi bir necə dəfə fit verib ağır-ağır sahildən aralandı. Məhəmmədəli ürəyini  Dərbənddə  qoydu getdi.

Həştərxan Məhəmmədəlini qaş-qabaqla qarşıladı. Hava çox soyuq idi.  Buna baxmayaraq o, Həştərxana düşdüyü ilk gündən şəhərin mədəni həyatı ilə yaxından maraqlandı, bəzi həmvətənlərlə tanış oldu. O, işləmək istədi, şəhər bələdiyyə idarəsi ona bir neçə yerdə işləməyi təklif etdi, lakin heç biri ürəyinə yatmadı.

Nəhayət, Məhəmmədəli 1821-ci ilin əvvəllərində ingilislərə şərq dillərini təlim etməyə başladı. Məhəmmədəli Volqa çayını ilk dəfə görürdü. Həştərxanda çay bir neçə qola ayrılırdı və bu möhtəşəm çayın əzəməti gözlə görünmürdü.

Böyüklər xırdalandığı, əzəmət parçalandığı zaman gözdən düşür və insanlar onların böyüklüyünü dərk edə bilmir.

Böyük zəka sahibi və gələcəkdə şöhrət zirvəsini fəth edəcək bu müsəlman oğlu az zamanda bir neçə xarici dil öyrəndi.

1825-ci ildə Hacı Qasımın sürgün illəri bitdi. O, Dərbəndə, Məhəmmədəli isə şimala doğru getmək fikrinə düşdü. O, Qafqaz canişini Yermolova Peterburqa getmək üçün məktubla müraciət etmişdi. Məhəmmədəli Peterburqa getməkdə kübar cəmiyyətin gözqamaşdıran saraylarına can atmırdı. Onun xəyalında elmin və mədəniyyətin zirvələri şəfəq saçırdı və bu zirvələrə qovuşmaq üçün Həştərxanın üfunətli çirkablarından qurtarmağa can atırdı.

Nəhayət, 1828-ci il avqustun 29-da Məhəmmədəlinin məktubuna Peterburqdan cavab gəldi. Ona xaricə getməyə icazə verilmir.

Məhəmmədəlinin taleyi artıq həll olunmuşdu. Onun yolu Qərbi Sibirə idi. Gələcək alim ildə 800 manat maaşla Omsk Asiya Məktəbində şərq dilləri müəllimi vəzifəsinə təyin edilmişdi. O, Sibirə həvəssiz yollandı. Nə üçün məhz Sibirə göndərildiyinin səbəbini də başa düşmürdü. Məhəmmədəli sonra başa düşdü ki, bu təyinat onu Sibirə sürgün etmək məqsədi daşıyır. Sibirə gedən yol Kazandan keçirdi.

1826-cı ilin sərt qış günləri idi. Ucsuz-bucaqsız Rusiya qarın altında qalmışdı... Yalnız bacalardan qalxan burum-burum tüstü Kazımbəyin keçdiyi yerlərdə həyat nişanəsi olduğunu göstərirdi.

Kazımbəy xahiş etmişdi ki, Həştərxandan Omsk şəhərinə getməyini yaza saxlasınlar. General Yermolov razı olmamışdı. Nəhayət, Kazımbəy dilicansda soyuq havada Həştərxandan yola düşdü. Yolboyu soyuq onun iliyinə işləmişdi. Dilicansda bir neçə nəfər var idi. Küncdə oturmuş gənc qadın qucağında çığıran uşağı sakit etməyə çalışırdı. Kazımbəy fikirləşir və dilicansda olan adamlarla ucsuz-bucaqsız çöllərə baxırdı. O, fikirləşirdi ki, bu adamların hər birinin öz həyatı var... Kimin alnına nə yazılıbsa onu da görəcək. Onun nəzəri yenə də qadına sataşdı. Ana bütün isti nəfəsini uşağa verməyə çalışırdı. Lakin soyuq öz işini görürdü. Kazımbəy bir istədi içərisi qoyun dərisindən sırınmış canlığını qadına təklif etsin. Sonra fikirləşdi ki, birdən qadının acığı gələr. Buna baxmayaraq o, canlığını çıxarıb qadına verir. Qadın onu özünə və uşağına bükür. Bir az keçəndən sonra Kazımbəy özü soyuqdan huşunu itirir. Sərnişinlərdən bir qadın Kazımbəyi bu vəziyyətdə görüb ona kömək etməyə çalışırdı və Kazımbəydən soruşdu: "Siz Kazana gedirsiz?". Kazımbəy cavabında: "Yox, mən Omska getməliyəm", - dedi.

Nəhayət, onlar Kazana çatdılar. Qadının köməkliyi ilə yüksək qızdırma içərisində olan Kazımbəy Kazanda xəstəxanaya yerləşdirildi. Həmin qadın Aleksandra  Andreyevna Fuks idi. Bu qadın Kazan Universitetinin rektoru olan K.F.Fuksun həyat yoldaşı idi. K.F.Fuks Almaniyadan universitetə dəvət olunmuşdu. O, ixtisasca həkim idi. Rektor həm də Volqaboyu ərazinin tarix, iqtisadiyyat, arxeologiya və etnologiyasının istedadlı tədqiqatçılarından biri kimi tanınmışdı. Kazana düşdüyü ilk gündən təkcə rus dilini deyil, həm də tatar dilini öyrənməyə başlamışdı. Fuks ailəsi ilə birlikdə tez-tez Kazımbəyin yanına xəstəxanaya gəlirdi. Beləliklə, Kazımbəy özünün dərrakə, savad və ehtiramına görə Fuksun xoşuna gəldi. Fuks Kazan Universitetinin alimləri ilə birlikdə Maarif Nazirliyindən Kazımbəyin Kazan Universitetində Şərq dilləri üzrə mühazirə oxumasını xahiş edir. Beləliklə o, 1826-cı il oktyabrın 31-dən universitetdə işləməyə başlayır. Kazımbəy universitetdə 20 il fəaliyyət göstərmişdir. Mirzə Kazımbəyin əqli və mənəvi inkişafında K.F.Fuksun böyuk rolu olmuşdur.  

(Ardı var) 

Məmmədağa RZAYEV,
Təhsil Problemləri İnstitutunun böyük  elmi işçisi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

5 Noyabr 2010 - � 43

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni məktəb binası ilə tanış olub
 
Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər  Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib
 
Nobel mükafatının 2010-cu il laureatlarının adları açıqlanıb
 
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsi keçirilir
 
Nyu-York Dövlət Universitetinin professoru Xəzər Universitetinə rektor təyin olunub
 
Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib
 
Tələbə klublarının təqdimatı keçirildi
 
Beynəlxalq qiymətləndirmə təcrübəsi
 
Vətənpərvərlik tərbiyəsi ilə bağlı proqram qəbul olunacaq
 
Paytaxtda müəllimə xalq abidəsi ucaldılıb
 
MDU inkişaf üçün 5 milyard rubl alacaq
 
Müəllimlər də, direktorlar da işə qəbulun yeni mexanizmindən razılıq edirlər
 
Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsi ilə tanışlıq
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər təhsil alır
 
Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub
 
Dövlət İdarəçilik Akademiyasında yeni təlim kursu başa çatıb
 
Beynəlxalq uşaq bədii rəsm müsabiqəsində fərqləniblər
 
"Bakı" mövzusunda Vətən dərsi
 
Aktyorlar məktəblilərin qonağı oldular
 
Böyük alim və mütəfəkkir Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim
 
NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Uşaqlara hədiyyə
 
Tamellanın sənət uğurları
 
Dünya universitetləri: Kopenhagen Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov