Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

İnnovativ universitet

Bookmark and Share

Bu gün biz artıq  İnformasiya Cəmiyyətinin (İC) üzvüyük desək, yəqin  ki, səhv  etmərik.  İC-nin xarakterik xüsusiyyəti informasiya texnologiyalarının (İT) insan həyatının bütün sahələrinə  nüfuzu, informasiya sənayesi və biliklərin intensiv  inkişaf etməsidir.  İC İKT-nin  inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir,  buna  biliklər cəmiyyəti  də  deyilir.  Burada insanın rifahının əsas şərti bilik, informasiya və onların səmərəli tətbiqidir.  İC zaman, məkan və siyasi sərhədləri aşaraq  informasiya mübadiləsinə imkan verir. Bu cəmiyyətdə həyat keyfiyyətinin bütün parametrlər üzrə  yüksəlməsi üçün elmə əsaslanan  mühüm  ictimai qərarlar qəbul edilir. İnformasiya Cəmiyyəti müxtəlif mədəniyyətlərin qarşılıqlı inikasına,  hər bir toplumun özünütəsdiqinə də imkan verir. İC-də kapital  və işçi qüvvəsindən  əlavə,  bilik də  istehsalın əsas amilinə çevrilir.  Müasir  şəbəkə texnologiyaları iqtisadiyyatın strukturunu dəyişməklə bərabər, zaman və məkan anlayışlarına yeni məna verir.

İC şəraitində təhsilin statusu  daha  da yüksəlir. Təhsil sisteminin  vəzifəsi  iqtisadiyyatın inkişafını stimullaşdırmaq,  cəmiyyətin və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq mütəxəssis hazırlığını təmin etməkdir. Məlum olduğu kimi, qlobal təhsil sistemi  sənayeləşmə dövründə  xeyli inkişaf etmiş, həmən  dövrün  sosial sifarişini əsasən yerinə yetirə bilmişdir. Lakin  bu təcrübə və yaradılmış elmi-pedaqoji  baza  İC-də az yararlıdır, köhnə təcrübəyə və problemlərə yeni yanaşma gərəkdir.  Digər tərəfdən, təhsilin  sənayeləşmə dövründən yığılıb qalan  bir  xeyli  problemləri  də var ki, İC  şəraitində yeni formada təzahür edir.   Ümumiyyətlə, müasir  təhsildə xeyli mürəkkəb ziddiyyətlər,  paradokslar və həlli çətin  məsələlər var. Görünür, bu səbəbdən  təhsil problemləri bəşəriyyətin bir çox dühalarının daim diqqət mərkəzində olmuşdur. Albert Eynşteyn  Jan Piajeyə göndərdiyi  məktubunda yazırdı: "Sizin, uşaqlarda təfəkkürün formalaşması proseslərini öyrənməyiniz  çox təqdirəlayiqdir.  Bir  alim kimi Sizin cəsarətinizə heyranam. Bizim həll etdiyimiz mürəkkəb fiziki problemlər,  Sizin  tədqiq etdiyiniz uşaqlarin təhtəlşüur və şüur sirləri ilə müqayisədə oyun-oyuncağı xatırladir".

Elmin bir çox sahələrində son əsrdə ciddi inkişaf olsa da,  insan şüuru, təfəkkürü və təlimi sahəsinin  tədqiqində ciddi irəliləyişlər nəzərə çarpmır. Bu gün texnologiyaların sürətli inkişafı  fonunda insan şüurunun dəyişmə tempi çox zəifdir. Görünür, bu səbəbdən müasir təhsil sistemi yeni texnologiyaların inkişaf tempi ilə heç cür ayaqlaşa, İT-nin yaratdığı böyük imkanlardan  səmərə ilə istifadə edə bilmir. 

Klassik pedaqogikanın, tədris metodikalarının yaxın keçmişdəki elmi  tövsiyələri müasir informasiya - təhsil məkanında, dəftər-kitaba  az  meyilli olan,  rəqəmsal düşüncəli yeni nəsl "indiqo" uşaqların  təliminin təşkilində az səmərə verir. Belə vəziyyətdə  müəllimlərin peşə  fəaliyyəti  xeyli mürəkkəbləşir.  Başqa sözlə,  köhnə təcrübə yeni şəraitdə faydasız olur, bəzən maneçilik də  törədir. Yeni şərait yeni problemlər  yaradır, yeni vəzifələr müəyyən edir,  yeni yanaşmalar tələb edir. Bu amillər  təhsilin bütün  pillələrində innovasiyaların yaradılması və tətbiqini  zəruri edir. Ona görə də  hər bir ölkənin təhsil islahatları innovasiyalara əsaslanmalı, gələcəyə yönəlməli və qabaqlayıcı  xarakter daşımalıdır.

Bu gün İKT-nin inkişafı inqilabi xarakter daşıyır. BMT-nin  qəbul  etdiyi   "Qlobal  İnformasiya Cəmiyyətinin Okinava Xartiyasi"  sənədində  qeyd edilir: "İKT XXI əsrdə  cəmiyyətin formalaşmasına  təsir edən mühüm amillərdəndir.  İKT  insanların  həyat tərzinə,  təhsilinə,  peşə fəaliyyətinə, hökumət və vətəndaş  cəmiyyətinin qarşılıqlı münasibətlərinə ciddi təsir edir.  İKT dünya iqtisadi inkişafının mühüm  stimuluna çevrilir.  İKT  hamının  qarşısında  inkişaf  üçün böyük  imkanlar açır".

İC  qloballaşma  prosesləri  ilə də  sıx əlaqəlidir.   Bu gün bir çox dəyişikliklər qloballaşma fonunda baş verir.  İqtisadi fəaliyyətin yeni mühiti -  qlobal şəbəkə iqtisadiyyatı və elektron  kommersiya xidmətləri  sürətlə inkişaf edir. Distant əmək münasibətləri inkişaf edir.  Belə şəraitdə bir çox ölkələr texnoloji inkişafı hədəf seçərək, az  zaman  kəsiyində intensiv sosial-iqtisadi inkişafa  nail ola bilmişlər. Hələ 1997-ci ildə Dünya Bankının proqnoz  ssenarisində qeyd edilirdi: "Təhsil islahatları, təhsil investisiyaları,  yeni texnologiyalar yaxın gələcəkdə  inkişaf  etməkdə olan ölkələrin iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr  2010-2015-ci  illərdə  dünya  qlobal iqtisadiyyatında  söz  sahiblərinə  çevriləcəklər". Bu  proqnozun  həyata  keçməsinin artıq  biz şahidiyik.

İC tələblərinə uyğun olaraq  Azərbaycan  Respublikasının iqtisadi inkişaf strategiyası  xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan "qara qızılı insan kapitalına çevirmək" siyasəti  dünyanın müasir inkişafı  meyillərinə uyğundur, çünki bu gün hər  hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin qeyd  etdiyi kimi: "İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik". 

Cəmiyyətin innovativ inkişaf ideyası bir çox ölkələrin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin edir.  İnkişaf etmiş ölkələrdə ÜDM artımının 80%-ni  yeni texnologiya, avadanlıq və istehsalatın təşkili prosesində istifadə edilən innovasiyalar təşkil  edir.  Bu səbəblərdən müasir dünyada elm, təhsil, innovasiyalar və bunların  əsasında  yaradılan elmtutumlu məhsullar iqtisadi inkişafın əsas amilləridir. XXI əsrdə elmi-texniki ideyalar, elmtutumlu məhsullar, yüksək texnologiyalar, kadrların intellektual və təhsil potensialı millətin, dövlətin rəqabətədavamlılığını, onun innovasiya qabiliyyətini, dayanıqlı iqtisadi inkişafın əsasını  təşkil edir.

İnnovasiya amili İC-ə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələrlə yanaşı, bu informasiyadan səmərəli istifadə, praktikada operativ tətbiq edən ölkələr də intensiv inkişaf edir.  Çin, Yaponiya, Cənubi Koreya və s.  ölkələrin innovativ inkişafında bu amil aydın  sezilir. Sənaye və biznes üçün innovativ biliklərin, informasiyaların hansı regionda yaranmasının əhəmiyyəti yoxdur (elmin vətəni olmaz), əsas bu ideyalardan tez və səmərəli istifadə bacarığıdır.  İnnovasiya  yeni  informasiyadan,  elmi nailiyyətdən, ixtiradan pul qazanmaq, əqli əməyin məhsulunu bazarda sərfəli şəkildə sata bilmək qabiliyyətidir. Bu gün  innovasiyalar İnternet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun elektron ticarəti olaraq, İC-də  intellektual  sahibkarlığın  mühüm  növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.

İnkişaf etmiş ölkələrdən  fərqli olaraq  keçid  dövrünü  yaşayan ölkələrdə innovativ fəaliyyəti  əngəlləyən bir sıra problemlər var: müvafiq qanunverici bazanın olmaması,  sənayedə texniki və texnoloji  yeniliklərə tələbatın zəif olması, təbii sərvətlərə əsaslanan iqtisadiyyatın mühüm rol oynaması, elm və təhsilin qlobal inkişaf tempindən geridə qalması, "əyalət xarakterli olması" və s. Bu problemlərin həllinə  isə xeyli  vaxt lazımdır, lakin biliklərə əsaslanan iqtisadiyyatın yaradılması üçün  bu  zəruridir. 

Məlum olduğu  kimi, ölkəmizdə iqtisadiyyat sahəsində keçid dövrü artıq başa çatmışdır. Deməli, bundan  sonrakı mərhələdə  elm və  təhsilin inkişafı üçün daha  əlverişli maliyyə  imkanları  yaranır.  "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə  Milli Strategiya"  qəbul edilmişdir. Bu sənəddə qeyd edilir ki, elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması  və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir.  Strategiyanın məqsədləri kimi  elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq, ölkəni texnoloji cəhətdən modernləşdirmək, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin  yüksəldilməsinə yönələn innovasiyalardan  geniş istifadə   məsələləri xüsusi  qeyd edilmişdir. Strategiyanın mühüm bölmələrindən biri  elm, təhsil və istehsalın inteqrasiyası məsələlərinə həsr edilmişdir. Bu bölmədə qeyd edilir ki, İC-də mükəmməl bir sistemin tərkib hissələri kimi elm, təhsil və istehsalatın inteqrasiyası  biliyə əsaslanmalıdır.  

İqtisadi   inkişaf  ölkədə insan  potensialının formalaşmasını  təmin  edən ali təhsilin və öyrənmənin  fasiləsizliyini təmin edən əlavə təhsilin innovativ inkişaf sistemi olmadan mümkün deyil.  Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində universitetlərin mühüm rolu var.  Milli  innovasiya sisteminin formalaşmasında, inkişafında,  cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında  universitetlər  lider olmalıdırlar. Bilik, informasiya dünya təhsil sisteminin inkişafında   həlledici   amilə çevrilir.

İC  insan fəaliyyətinin bütün sahələrini transformasiya etdiyi kimi,  dünya təhsil sisteminə,  xüsusən də  ali təhsil sisteminə ciddi təsir göstərməkdədir.  İnformasiya məkanında universitetlər  elm və innovativ inkişaf mərkəzlərinə çevrilirlər, bu zaman əsas məqsəd təhsil innovasiyalarının yaradılması və yayılmasıdır.  Təhsil   innovasiyası - universitet   fəaliyyətinin  keyfiyyəti  və rəqabətədavamlılığının  yüksəldilməsi məqsədi ilə yeni  yaradılmış  və  ya təkmilləşdirilmiş pedaqoji  təyinatlı son məhsuldan istifadədir.  Universitetdə  innovativ proses yeniliklərin  yaradılması, tətbiqi, yayılması istiqamətində kompleks fəaliyyət olub,  elmi tədqiqatların,  idarəetmə qərarlarının,  maddi-texniki infrastrukturun  yaradılması və inkişafını nəzərdə tutur.  Universitetin innovativ fəaliyyəti təhsil mühitinə yeni və səmərəli elementlərin  daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir.  Bu tip fəaliyyət təhsildə  məzmunun,  formanın,  metodların, texnologiyaların,  vasitələrin,  idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir.  Universitetin innovativ fəaliyyəti  nəticəsində rəqabətqabiliyyətli  kadrlar  hazırlamaq mümkün olur.

Universitetin  rəqabətqabiliyyətli  müasir təhsil müəssisəsi kimi  formalaşması üçün  onun fəaliyyəti  təlim-tərbiyə və elmi-tədqiqatla yanaşı  innovativ fəaliyyət  istiqamətini də əhatə etməlidir.   İnnovasiyalar  universitetin bütün struktur bölmələrinin  fəaliyyətində mühüm amil olmalıdır.  Bunun  üçün  zəruri  hallarda  universitetin  tərkibində  innovasiya yönümlü əlavə infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur.  Bu infrastruktur bölmələrin əsas məqsədi innovativ məhsulların yaradılması və tətbiqindən ibarət olmalıdır.

Universitetlərin təkamülü cəmiyyətin inkişafı ilə sıx  bağlıdır.  Əgər  50 il əvvəl universitet  təhsilinin  əsasını  klassik universitetlər  təşkil  edirdisə,  bu gün təhsil bazarında Biznes-Universitetlər  üstünlük təşkil edir.  Biznes-Universitetlərin   "istehsal etdiyi  məhsullar"   klassik  ali peşə təhsili ilə yanaşı,  həm  də genış spektrdə elm-təhsil xidmətlərini   əhatə  edir. Biznes-Universitetlər   dövlət və özəl sektordan aldığı sifarişlər əsasında layihələr  icra  edirlər. Universitet  əməkdaşlarının yerinə yetirdikləri belə layihələrin   nəticələri elmtutumlu  yeni məhsul kimi bazara təqdim edilir. Bu məhsullar sırasında "elmi-tədqiqat təcrübi konstruktor işləri"nin nəticələri,  "tətbiqi elmi-tədqiqat işləri"nin nəticələri  və s.  qeyd edilə bilər. 

Müasir universitetin inkişaf strategiyası   innovasiyalara əsaslanmalıdır. Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən  qlobal tələblərə uyğunlaşması, rəqabətədavamlı olması üçün mühüm şərtdir.   Belə universitetlər davamlı olaraq  elm-təhsil prosesinin məzmununu,  texnologiyasını təkmilləşdirərək  inkişaf  edirlər.  Müasir universitetlərə xas olan geniş muxtariyyət,  elm və təhsil proseslərinin vəhdəti, məhsuldar innovativ fəaliyyət,  sənaye və bizneslə möhkəm əlaqələrin qurulması   XX əsrin sonuna yaxın sürətli elmi-texniki inkişafı təmin etmişdir. 

Universitetin innovativ inkişafı innovasiyaların və innovativ fəaliyyətin universitet fəaliyyətinin bütün sferalarına sistemli tətbiqi prosesidir. Universitetin  inkişafının innovativ xarakteri onun fəaliyyət nəticələrinin innovasiyalar hesabına təmin edilməsidir. İnnovativ inkişaf informasiya cəmiyyətində universitetin rəqabətədavamlı olması, dinamik inkişafı üçün əsas şərtdir.  Burada  ənənə və yeniliyin mübarizəsi, vəhdəti, sinergetik  inkişafı məsələləri  özünü göstərir.   

İnnovativ  təhsilin mahiyyəti belə ifadə edilir: "Keçmişin  arxasınca qaçmamalı, gələcəyi yaratmalı". İnnovativ  təhsil tədrisdə innovasiyaların yaradılması, inkişafı, yayılmasına istiqamətlənmiş proses kimi xarakterizə edilir.  İnnovativ təhsil  ənənəvi təhsilin informasiya cəmiyyəti  tələbləri  səviyyəsinə transformasiya  edilməsi ("layihələnməsi"),  onun  İC texnologiyaları ilə reallaşması  deməkdir. Bu  zaman təhsildə  müəllimin rolu və statusunun dəyişməsi, onun məsləhətçi tyutor funksiyası daşıması, təhsil  vasitəsi ilə cəmiyyətin texnoloji,  sosial-iqtisadi  sifarişinin  reallaşması müşahidə  edilir. 

İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır. Universitetlərin inkişafının yeni strategiyasının formalaşmasında  innovasiyaların   sistemyaradıcı  funksiyası  var. Universitetin innovativ fəaliyyəti onun struktur bölmələrinin innovativ fəaliyyətinin təşkili və əlaqələndirilməsi mexanizminin yaradılnmasını tələb edir. 

Universitetin innovativ fəaliyyəti aşağıdakı üç istiqamətdə reallaşa bilər.

1. Universitetdə innovasiyaların yaradılması  onun  fəaliyyətinin  innovativ inkişaf amili kimi.

2. Universitetdə innovasiya fəaliyyətinin tədrisi innovasiya üzrə kadr hazırlığı amili kimi.

3. Universitetin  təhsil fəaliyyəti innovasiyaların dəstəklənməsi və inkişafı amili kimi.    

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında  bu  gün tədqiqat universitetləri aparıcı mövqeyə malikdirlər. Onların gəlirlərinin mühüm hissəsi təhsil xidmətləri hesabına deyil, innovativ fəaliyyət hesabına formalaşır. Qabaqcıl universitetlərdə  aparılan tədqiqatlar nəticəsində Akademik İnnovasion Universitet (AİU) konsepsiyası hazırlanmış, ənənəvi universitetlərin  innovasion universitetlərə transformasiya texnologiyası yaradılmışdır.  Bunun üçün müəyyən mühit və resurslar lazımdır. 

Akademik İnnovasion Universitetlərin  mühüm xüsusiyyətləri aşağıdakı kimidir:

1. Problemyönümlü, layihəyönümlü, fənlərarası təhsil texnologiyalarının tətbiqi ilə elm və tədris prosesinin vəhdəti əsasında innovativ təhsilin yaranması.

2. Elmi məktəblər bazasında mütəxəssislərin keyfiyyətli hazırlanma sisteminin formalaşması.

3. Elm, təhsil və innovasiya  fəaliyyətinin inteqrasiyası.

4. Universitetdaxili   korporativ mədəniyyət və rəqabət mühitinin formalaşması.

5. Dövlət idarəetməsi, dövlət-ictimai idarəetmə və özünüidarənin səmərəli əlaqələndirilməsi  əsasında universitetin müasir menecmentinin  formalaşması, yeni vəzifələrə uyğun təşkilati strukturların yaradılması.

6. Universitetlərin müxtəlif maliyyələşmə mənbələrinin müəyyənləşməsi, universitetin elm-təhsil xidmətləri  sektorunda  sahibkarlıq subyekti kimi formalaşması.

7. Universitetin ölkədaxili və xarici mühitlə qarşılıqlı əlaqələrini təmin edən mükəmməl  infrastrukturunun  formalaşması.

İC-də   innovativ universitetlər sürətlə inkişaf edirlər.  İC-də   universitetlərin təşkilati strukturu bu gün  istehsalat müəssisələri strukturlarını  xatırladır. İnnovativ  universitetlər  elm,  təhsil və  istehsalat kompleksi  kimi fəaliyyət göstərərək  təhsil, istehsalat  və biznes strukturlarını  özündə üzvi  şəkildə  birləşdirir. Yüksək elmi potensiala malik belə universitetlər  müxtəlif elmi və biznes ideyalar irəli sürür,  öz tərkibində  olan texnoparklarda  və  biznes-inkubatorlarda  bu  ideyaları  praktik olaraq reallaşdırırlar.  Tanınmış  şirkətlər  bu  universitetlərdə  öz  elm və istehsalat şöbələrini yaradırlar.  Bu  universitetlərin mənfəətinin  mühüm hissəsi elm və innovasiyalar hesabına formalaşır,  bu  dövriyyə yüz milyon  dollarlarla hesablanan bir  məbləğdir.

İC-nin  inkişafı  universitetlərin  fəaliyyət xarakterini,  inkişaf strategiyasını, idarəetmə sistemini də dəyişdirir. Universitetlərin təşkilati strukturunda yeni bölmələr yaranır: "Texnopark"lar, "Təhsil keyfiyyətinin menecmenti"  departamenti,  "Marketinq" departamenti, "Elektron təhsil" departamenti, "İnformasiya sistemləri və proqram təminatının  yaradılması və istismarı"  departamenti kimi yeni bölmələrin yaradılması nəticəsində  universitetlərin fəaliyyəti  və  idarə edilməsi daha çox   istehsalat müəssisəsini  xatırladır. Universitet rəhbərliyi  tərəfindən səmərəli idarəetmə qərarlarının qəbulu və dəstəklənməsi "Təhsilin avtomatlaşdırılmış idarəetmə informasiya sistemləri" proqram kompleksi olmadan mümkün deyil.  Belə sistemlər əvvəllər əsasən istehsal və xidmət müəssisələrində tətbiq  edildiyi halda, bu gün "Elektron Universitet" sistemi kimi  inkişaf etmiş bütün universitetlərdə  uğurla  tətbiq edilir.  Təhsildə innovasiyaların yaradılması və tətbiqi universitetin bazar iqtisadiyyatı şəraitində maliyyə imkanlarını artırmaqla  yanaşı, innovativ universitet modeli qurmağa imkan verir. 

İlham ƏHMƏDOV,
ADPU-nun dosenti

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov