Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 
Dünya universitetləri:

Pekin Universiteti

Bookmark and Share
  Yerləşir: Çin Xalq Respublikası, Pekin şəhəri  
Yaranma tarixi: 1898-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 8000  nəfər
Tələbələrin ümumi sayı: 30167 nəfər
Rəsmi saytı: www.pku.edu.cn

Pekin Universiteti (Peking University) Çin Xalq Respublikasının paytaxtı  Pekin şəhərində yerləşir və ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Pekin Universiteti 100 ən yaxşı ali məktəb arasında Nyu-York Universiteti ilə birgə 52-ci yerdə sıralanıb. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education" jurnalının açıqlamasına əsasən Pekin Universiteti 37-ci, "QS World University Rankings"-in açıqlamasına əsasən isə 47-ci yerdə qərarlaşıb. Çin Xalq Respublikasının özündə təşkil edilən reytinqlərə görə Pekin Universiteti ölkədə Tsinxua Universitetindən sonra ikinci yerdə durur.

Pekin Universiteti Çin universitetlərini birləşdirən "C9 Liqası"na daxildir. Ali məktəb Çikaqo Universiteti ilə birgə Şərqi Asiya İncəsənət Mərkəzi, YUNESKO ilə birgə "Pekin Universiteti, kompüter qrafikası və dizayn", Çin mədəniyyəti, tarixi, dili və s. sahələri yaxından öyrənmək istəyənlər üçün Stenford Universiteti ilə "Pekində Stenford proqramları" və "Stenford-Pekin universitetləri yay proqramları", Kornell Universiteti ilə Çin və Asiya-Sakit Okean Tədqiqatları, Yel, Vaseda universitetləri və London İqtisadiyyat Məktəbi ilə, Miçiqan Ştatı Universiteti ilə birgə akademik proqramlar və digər bir çox elmi-tədqiqat layihələrində iştirak edir.  

Tarixi 

Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb.

1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər. Beiyanq hökuməti bu cür hadisələrə son qoymaq məqsədi ilə Tsayı vəzifəsindən azad edir.

1920-ci ildən başlayaraq Pekin Milli Universitetinə qızlar qəbul edilirlər. Pekin Milli Universiteti Nankin Universitetindən sonra Çində qızların qəbul edildiyi  ikinci ali məktəb olur. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Pekin Universiteti Çanşa əyalətinə köçür və Tsinxua, Nankin universitetləri ilə birləşdirilərək Çanşa Müvəqqəti Universiteti adlandırılır. 1938-ci ildə isə ali məktəb Kunmin şəhərinə köçürülür və burada Milli Cənub-Qərb Birləşmiş Universiteti adı altında fəaliyyət göstərir. İkinci Dünya müharibəsi bitdikdən sonra Pekin Milli Universiteti Pekin şəhərinə köçürülür. Həmin dövrdə universitetin tərkibində İncəsənət, Elm, Tibb, Mühəndislik və Kənd Təsərrüfatı məktəbləri, Humanitar Elmlər İnstitutu fəaliyyət göstərirdi, tələbələrin sayı 3000-ə qədər artmışdı. 

1952-ci ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra Yençinq Universiteti Pekin Milli Universiteti ilə birləşdirilir, Pekin Universitetinin adından "milli" sözü götürülür. Həmin il universitet Pekin şəhərinin mərkəzindən Yençinq kampusuna köçürülür. 1966-cı ildə ali məktəbdə Mədəni İnqilab baş verir, 1966-1970-ci illər arasında burada dərslər dayandırılır. 

2000-ci ildə Pekin Tibb Universiteti Pekin Universitetinə birləşdirilərək Pekin Universitetinin Həyat Elmləri Kampusu adlandırılır. Həmin kampusda hazırda 8 birləşdirilmiş xəstəxana və 12 klinika fəaliyyət göstərir. 2001-ci ildə Şençjendə universitetin peyk şəhərciyi açılır. 2004-cü ildə ali məktəbin ikinci Biznes Məktəbi yaradılır və bir müddət sonra həmin məktəbə Beyda HSBC Biznes Məktəbi adı verilir.    

Universitet bu gün 

Hazırda Pekin Universitetinin yerləşdiyi Yan Yuan və Yençinq kampusu Pekin şəhərinin şimal-qərbində, bir çox kollec və universitetin cəmləşdiyi Haidian ərazisində fəaliyyət göstərir və 274 hektar sahəni əhatə edir. Kampusun yaxınlığında Pekinin tanınmış qədim bağları, sarayları (Yay Sarayı, Qədim Yay Sarayı) yerləşir.

Tsin sülaləsinə aid qədim, ənənəvi Çin üslubunda yaşıllaşdırılmış bağda yerləşən Pekin Universitetinin ərazisində qədim tikililər, paqodalar (Budda məbədi) mövcuddur. Kampusa giriş Şərq, Qərb, Cənub darvazalarından mümkündür, lakin onların arasında ən məşhuru divar naxışları ilə işlənmiş Qərb darvazasıdır. Kampus Veymin gölü ilə əhatə olunub. Pekin Universitetinin kampusu qonşuluqda yerləşən Tsinxua Universitetinin kampusu ilə birgə dünyanın ən gözəl kampuslarından hesab olunur. 

Əsas kampusdan əlavə, Süe Yuan ərazisində universitetin Sağlamlıq Elmi Mərkəzi yerləşir. Elmi tədqiqatlar üçün nəzərdə tutulmuş bu şəhərcik əsas kampusdan fərqli olaraq o qədər də estetik görünüşə malik deyil. 2001-ci  ildə istifadəyə verilmiş Şençjen kampusu Şençjen şəhərinin şimal-qərb hissəsində yerləşir. Şençjen Ali Məktəbi Pekin Universitetinin bu kampusda fəaliyyət göstərən əsas obyektlərindən biridir.

Pekin Universiteti bakalavr pilləsində 95, magistratura pilləsində 199, doktorantura pilləsində isə 173 sahə üzrə ixtisaslaşmış 30 kollec (Riyaziyyat elmləri, Fizika, Kimya, Həyat elmləri, Şəhər və Ətraf Mühit elmləri, Yer və Kosmos, Elektronika və Kompüter elmləri, Mühəndislik, Proqram Təminatı və Mikroelektronika, Ekologiya elmləri və Texnika, Arxeologiya və Muzeyşünaslıq, Xarici dillər, İncəsənət, Çin dili xarici dil kimi, Beynəlxalq tədqiqatlar, İqtisadiyyat, Quanqhua İdarəetmə, Hüquq, Dövlətin idarəolunması, Marksizm, Jurnalistika və Kommunikasiya, Yuanpey, Qabaqcıl fənlərarası tədqiqatlar, Təhsil Ali, Şençjen Ali və s.) və 12 departamentdən (Psixologiya, Çin dili və ədəbiyyatı, Tarix, Fəlsəfə, Sosiologiya, İnformasiya idarəetməsi, Bədən tərbiyəsi və s.) ibarətdir. Burada fundamental elmlərin tədqiqat və tədrisinin daha yüksək səviyyədə olmasına baxmayaraq, tətbiqi elmlər də müvəffəqiyyətlə inkişaf etməkdədir. Hazırda universitetdə 216 institut (Kompüter elmləri və Texnologiyaları, Genişləndirilmiş Texnologiya, Demoqrafik Tədqiqatlar, İqtisadi Tədqiqatlar, Sosiologiya Tədqiqi, Molekulyar Tibb, Kavli Astronomiya və Astrofizika və s.), 2 Milli Elmi Tədqiqat Mərkəzi, 12 milli laboratoriya fəaliyyət göstərir.

Pekin Universitetinin kitabxanası 4,5 milyon cild kitab və digər materiallara malikdir. Universitet kitabxanası Asiyanın ən zəngin kitabxanalarından hesab olunur. Universitetin ərazisində Universitet tarixi, Artur Sakler adına İncəsənət və Arxeologiya muzeyləri mövcuddur. Muzeylərdə Çinin ən qədim dövrlərindən başlayaraq müxtəlif inkişaf mərhələlərini əhatə edən dəfn abidələri, qəbirlər, sərdabələr, insan qalıqları və digər tapıntılar, olkənin tarixinə aid zəngin kolleksiya qorunur.

Pekin Universitetinin administrasiyasına (idarə olunmasına) Prezident ofisi, Universitet Şurası, İnkişaf və Planlaşdırma, Tələbə İşləri, Təhlükəsizlik, Pedaqoji Administrasiya, Elmi Tədqiqatlar, Sosial Elmlər, Ali Təhsil (magistratura və doktorantura, diplomdansonrakı təhsil), Fasiləsiz təhsil, İnsan resursları, Maliyyə, Beynəlxalq münasibətlər, Laboratoriya və Təchizatın İdarəolunması, İnformatizasiya, Logistika Xidməti, Daşınmaz Əmlakın İdarəolunması, Tikinti, Elm və Texnologiyanın İnkişafı idarələri, Universitetə Sərmayə Qoyan Müəssisələrlə İcra Komitəsi, Həmkarlar İttifaqı daxildir.

Pekin Universitetinin prezidenti 2008-ci ilin noyabr ayında bu vəzifəyə təyin edilmiş professor Çjou Qifenqdir. O, həmçinin Çin Elmlər Akademiyasının akademiki, bir çox mükafatların laureatıdır. Pekin Universiteti Şurasının sədri, professor Min Veyfanqdır.  Hazırda universitetdə 8000 nəfərdən çox işçi çalışır. İşçilərin 2900 nəfərini professor-müəllim heyəti, 5100 nəfərini isə inzibati heyət təşkil edir. Ali məktəbin əməkdaşları arasında 53 nəfər Çin Elmlər Akademiyasının, 7 nəfər Çin Mühəndislik Elmləri Akademiyasının və 14 nəfər Üçüncü Dünya Elmlər Akademiyasının üzvü var. Universitetdə hər bir əməkdaş üçün kompleks xidmət resursları təklif olunur, insan resursları proqramları nəticəsində işçilərin cəlb edilməsi, inkişafı, yüksək əməkhaqqı, müxtəlif mükafatlarla onların həvəsləndirilməsi, iş təyinatları və s. tədbirlər həyata keçirilir. Ali məktəbin əlaçı tələbələri üçün nəzərdə tutulmuş "Gəns İstedadlar Planı", "Çeunq Konq Alimlər Proqramı" və s. proqramlar mövcuddur.

2009-2010-cu tədris ilində Pekin Universitetində ümumilikdə 30167 nəfər tələbə qeydə alınıb. Onların 15128 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib. Hər il Pekin Universitetinə 2000-dən çox əcnəbi tələbə daxil olur. Onlar əsasən Qərbi Avropa, Avstraliya, Afrika, Şimali və Cənubi Amerika, Asiyanın bütün hissələrindən olan gənclərdir. Əcnəbi tələbələrin məskunlaşdıqları yataqxanalar Şao Yuan ərazisində yerləşir.

Pekin Universitetində gənclərin həyatı rəngarəngliyi və zənginliyi ilə seçilir. Burada 200-dən çox tələbə təşkilatı, idman komandaları və digər birliklər fəaliyyət göstərir. İl ərzində universitetdə müxtəlif festivallar, yarışlar, ekskursiyalar, iməciliklər, konsertlər, ədəbi, mədəni gecələr, müsabiqələr və s. tədbirlər təşkil olunur. Əcnəbi tələbələr ölkələrinin mədəniyyətini təcəssüm etdirən sərgi və digər məclislər hazırlayır. Bu cür tədbirlər tələbələr arasında dostluq hisslərini, liderlik bacarığını inkişaf etdirir, gənclərin dünyagörüşünü artırır, onlara zəngin həyat təcrübəsi bəxş edir.

Dünya üzrə tanınmış Pekin Universiteti müasir Çin ədəbiyyatı, poeziyası və incəsənətinə böyük töhfələr bəxş edib. Fəaliyyəti dövründə universitet özünü intellektual azadlıq məkanı kimi tanıdıb. Bu ali təhsil ocağını Lu Sin, Mao Tzedun, Hu Honqminq, Hu Şi, Li Da-Çjao, Çen Duxiu kimi dahi şəxslər, eləcə də Nobel mükafatçıları Yuan Tseh Li, Tzun-Dao Li və Yan Çen Nin bitirib. Çinin Yeni Mədəni, Dördüncü May hərəkatları, 1989-cu il Tanyanmen Meydanı yürüşü və digər əhəmiyyətli hadisələrinin yaranma nöqtəsi Pekin Universiteti olub. Son yüz il ərzində universitetin 400-dən çox məzunu Çinin müxtəlif nüfuzlu ali məktəblərinin prezidenti vəzifəsində çalışıb (Tsinxua Universitetinin prezidenti Luo Cialun, Jenmin Universitetinin prezidenti Yuan Baohua, Jecianq Universitetinin prezidenti Tsyan Sanqianq, Fudan Universitetinin prezidenti Çjan Jiranq, Nankin Universitetinin prezidenti Den Ueizao,  Çin  Elm  və  Texnologiya  Universitetinin prezidenti Quan Ueiyan və s.).

Pekin Universiteti bütün elm və tədris sahələrinin cəmləşdiyi tədqiqat və təhsil mərkəzidir. Universitetin məqsədi XXI əsrdə dünyanın bir nömrəli ali məktəbinə çevrilmək, Çinin müasirləşdirilməsinə, dünyanın iqtisadi, sosial və texnoloji inkişafına öz töhfəsini vermək, yeni-yeni gənc istedadları aşkarlayıb dünyaya təqdim etməkdən ibarətdir.

Universitetin məşhur məzunları 

  Kai Vu Çinin mədəniyyət naziri  
  Bo Silay Çinin sabiq ticarət naziri  
  Hu Şi  Çin Yeni Mədəni hərəkatının lideri  
  Çen Duxiu Çin Kommunist Partiyasının yaradıcılarından biri  
  Li Da-Çjao Çin Kommunist Partiyasının yaradıcılarından biri  
  Çjan Qotao Çin Kommunist Partiyasının yaradıcılarından biri    
  Luo Cialun Dördüncü May Hərəkatının lideri  
  Tzun-Dao Li fizika üzrə Nobel mükafatı laureatı  
  Yan Çen Nin  fizika üzrə Nobel mükafatı laureatı  
  Yuan Tseh Li kimya üzrə Nobel mükafatı laureatı  
  Den Jiaxian Çində nüvə silahları proqramının aparıcı təşkilatçısı  
  Lin Yutanq yazıçı, ilk Çin yazı maşınının ixtiraçısı  
  Lu Sin tanınmış Çin yazıçısı  
  Şeh Konqven yazıçı  
  Syu Beyhonq məşhur rəssam, universitetin İncəsənət Kollecinin dekanı  

                                                                         Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov