Xəbər verdiyimiz kimi, Bakıdakı 8 nömrəli orta
məktəbin riyaziyyat müəllimi İlhamə Əkbərova
"Microsoft" şirkətinin keçirdiyi "İnnovativ
müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibi
olaraq növbəti mərhələyə - Avropa müsabiqəsinə
qatılmışdır. Həmin yarışmada həmyerlimiz ilk
səkkizliyə düşərək, dünya müsabiqəsində iştirak
etmək imkanı qazanmışdır. İnnovativ müəllimlərin
dünya müsabiqəsi 2010-cu il oktyabrın 25-dən
30-dək Cənubi Afrika Respublikasının Keyptaun
şəhərində keçirilmişdir. Əməkdaşımız İ.Əkbərova
ilə görüşərək, ondan səfər təəssüratlarını
oxucularımızla bölüşməsini xahiş etmişdir. O,
demişdir:
-
"Microsoft" şirkəti 2003-cü ildən etibarən
innovativ müəllimlərin forumunu keçirərək ən
yaxşı layihələri üzə çıxarır. Bu forumlarda
müəllimlər oz layihələrini nümayiş etdirərək,
ixtiraları və ideyaları ilə bölüşür və gələcək
layihələr üçün ilham alırlar. Bu il mən də
müsabiqəyə qatıldım və ölkə, qitə
müsabiqələrində qalib gələrək dünya müsabiqəsinə
vəsiqə qazandım. Keyptaundakı müsabiqə zamanı
biz 5 gün ərzində müxtəlif məruzəçiləri
dinləmək, işgüzar iclas və seminarlarda iştirak
etmək, həmçinin orta məktəblərdə olaraq Afrika
müəllimləri ilə təcrübə mübadiləsi aparmaq
imkanı əldə etdik. Foruma dünyanın 60
ölkəsindən 500-ə yaxın müəllim qatılmışdı.
İştirakçılar dostluq mühitində bir-birləri ilə
ideyalarını bölüşür, həmçinin təhsil sahəsindəki
yeniliklər, xüsusilə də İKT-nin təhsildə rolu
barədə fikir mübadiləsi aparırdılar.
Mənim layihəmin məqsədi şagirdlərin fənnə
maraqlarını stimullaşdırmaqdan ibarət idi.
Tədris real həyat və real obyektlərlə bağlı
olduqda uşaqların fənni qavraması daha da
asanlaşır. Şagirdlər real həyatdan və əşyalardan
götürülmüş çoxlu sayda çoxüzlülərlə bağlı
nümunələr tapırdılar. Bundan savayı, ən maraqlı
tapıntı o oldu ki, biz iş prosesində "Photosynth
Microsoft" proqramının köməyi ilə çoxüzlü
formalarını kompüter texnologiyalarında da aşkar
etdik. Bu proqram özündə əyani şəkildə
planimetriyadan keçidi əks etdirir ki, bunu da
şagirdlər 10-cu sinfə qədər stereometriyada,
başqa sözlə, fəza həndəsəsində öyrənirlər.
Layihəmin məzmunu ilə
http://school8.tech.officelive.com/ saytında
tanış olmaq olar.
Səyahətdən sonra təəssüratlarım çoxdur. Bu gün
informasiya texnologiyaları çox böyük sürətlə
inkişaf edir. Artıq inkişaf etmiş ölkələrdə
biliyə əsaslanan iqtisadiyyat formalaşır. Biz
tədrisimizə İKT-ni tətbiq etməklə,
cəmiyyətimizin innovativ inkişafını təmin etmiş
oluruq.
Qələmə aldı:
Y. ƏLİYEV |