Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - 48

 

Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır

Bookmark and Share

Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. 

Heydər ƏLİYEV 

Azərbaycan xalqının böyük oğlu, dünya azərbaycanlılarının milli lideri Heydər Əliyev tarix baxımından cismən bizdən uzaqlaşdıqca millətimiz üçün bu əvəzsiz itkinin ağırlığı daha çox duyulmaqdadır. Mübaliğəsiz demək olar ki, bu qüdrətli şəxsiyyət, nadir zəka sahibi yaşadığı, fəaliyyət göstərdiyi dövrün canlı əfsanəsidir. Tarixə nəzər salsaq, çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli mənəvi tərəqqisindəki xidmətlərinə görə ulu öndərimiz səviyyəsinə yüksələ bilsin.

İnkarolunmaz həqiqətdir ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında, müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Cəsarətlə demək lazımdır ki, güclü məntiqə və qibtə olunası uzaqgörənliyə əsaslanmış həmin mülahizə və müddəalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığına heyran olmaya bilmirsən. Aparılan araşdırmalar göstərir ki, ulu öndər özünün nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən zəruri, aktuallığı ilə hamını düşündürən məsələlərə toxunmuş, təhsilin məzmunu, idarəolunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürməklə təhsil sistemi işçiləri qarşısında dayanan ən ümdə vəzifələrə aydınlıq gətirmişdir.

Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi ulu öndərimizi daim düşündürürdü. Bu mənada hələ 35 il bundan əvvəl, 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi "Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır" fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir. Həmin nitqində gənclərə müraciət edərək irəli sürdüyü "İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır", "Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız" müddəaları ilə isə ümummilli liderimiz əslində müəllimlərin, bütövlükdə təhsil müəssisələrinin fəaliyyətinin nəticələrini xüsusi olaraq diqqətə çatdırmaqla təhsil sisteminin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.

Cəsarətli və uzaqgörən siyasətçi, müdrik dövlət rəhbəri olan Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. O əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə "Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir" müraciəti, 18 may 1978-ci ildə keçirilən Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində "Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik" deməsi, şübhə yoxdur ki, məhz həmin qənaətdən irəli gəlirdi.

Ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. "Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı-şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır" (1997-ci il sentyabrın 1-də Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş görüşdəki nitqindən) deməklə ulu öndərimiz əslində məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırırdı.

Son illər belə bir fikir tez-tez səslənir ki, hər hansı bir ölkənin maddi ehtiyatları, yeraltı və yerüstü sərvətləri nə qədər çox olsa belə, təhsil sahəsində irəliləyişləri yoxdursa, orada inkişaf sürəti də zamanın tələbindən geridə qalacaqdır. Bununla əlaqədar tarixilik baxımından yanaşsaq, ulu öndərimiz bu mülahizəni neçə illər bundan əvvəl "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" (2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqindən) müddəası ilə çox lakonik və sərrast şəkildə ifadə etmiş, təhsilin cəmiyyətdəki  roluna bir daha aydınlıq gətirmişdir.

Öz Vətəninin ləyaqətli övladı olan, ölkəmizə rəhbərlik etdiyi dövrdə gərgin və məqsədyönlü fəaliyyəti ilə millətimizə şərəf və başucalığı gətirmiş Heydər Əliyev "Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı uzun illər-keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir" (1996-cı il sentyabrın 2-də Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılışı mərasimindəki nitqindən) deməklə xalqının intellektual səviyyəsinə, təhsildə qazanılmış uğurlara böyük qiymət verirdi. Onun 1997-ci il avqustun 29-da keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdəki yekun nitqində gənclərə "XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq" tarixi müraciəti həm ölkəmizin işıqlı sabahına, həm də bu işıqlı sabaha doğru qətiyyətlə addımlayan o dövrün gənclərinə dərin inamından irəli gəlirdi.

Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalı, xüsusilə son illər göstərilən məsələlər ətrafında aparılan mübahisələrə, fikir ayrılıqlarına, nəhayət ki, son qoymalıdır. Hələ 32 il bundan əvvəl, 1978-ci il mayın 18-də keçirilmiş Azərbaycan müəllimlərinin VI qurultayında "Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı-bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax bu meyarla müəyyən edilir", - deyən ümummilli liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da dolğunlaşdıraraq "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir-ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır", "İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır" (1999-cu il avqustun 31-də respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən) müddəalarını irəli sürürdü.

Bütün bunlarla yanaşı, ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. Çox əlamətdar haldır ki,  ümummilli liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət üzrə konkret fikir məqsədli mahiyyət daşıyaraq illər ötdükcə məzmun etibarı ilə daha da zənginləşdirilir, bir-birini tamamlayır və nəticədə konseptual xarakterli müddəaya çevrilir. Azərbaycanda siyasi hakimiyyətə qayıdışından təxminən bir il sonra 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində dahi rəhbərimiz "Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir" söyləməklə həm ölkənin yaxın gələcək üçün aktual sayılan vəzifəsini müəyyənləşdirir, eyni  zamanda həmin fikrin məntiqi açıqlanması kimi "Bu günün tələbləri gələcəyin tələbləri baxımından dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün gənclərimizə lazım olan fənlərin tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar" müddəasını irəli sürürdü.

Sosial-iqtisadi sahələrdə inkişafı dünya standartları səviyyəsinə qaldırmaq üçün nə tələb olunur?! Nələrə nail olmaq lazımdır?! Bu suallara da ulu öndər "Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il), "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik" (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş  mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il) deməklə əsaslandırılmış cavab verir.

Ümummilli liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etməyi lazım bilirik ki, bu məsələ ulu öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O, fənlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl, şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı. Biz haqqında söhbət gedən həmin məsələləri yalnız indi diqqət mərkəzinə gətiririksə, ulu öndərimiz bütün bunlar barədə hələ çox əvvəllər qiymətli fikirlər söyləmişdi. Onun 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə "Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır", "...Əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır" kimi gənclərə ünvanladığı dəyərli tövsiyələr hazırda ümumi təhsilin başlıca məqsədlərindən birinə çevrilmişdir. Ulu rəhbərin 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında irəli sürdüyü "Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri ilə, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır.

Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir", "Bizim məktəb şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Gənclər elmi işçilərin sırasına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan irəli gəlir", "İctimai fənlərin təlimi keyfiyyətinin  böyük  əhəmiyyəti  vardır.

Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir" müddəaları hazırda müasir səslənməklə ümumi təhsil sisteminə daxil olan həmin fənlərin indiki dövrdə məqsəd və vəzifələrini aydın ifadə edir. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, təhsil islahatları çərçivəsində ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədi, ümumtəhsil fənlərinin kurikulumları hazırlanarkən ümummilli liderimizin bütün bu fikir və mülahizələri aparıcı istiqamət olaraq əsas götürülmüşdür.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda ulu öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq "Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il) vəzifəsini qarşıya qoyurdu. Təxminən 3 il sonra ümummilli lider gələcəyə nikbinliklə baxaraq və irəli sürdüyü həmin vəzifənin tədricən yerinə yetirildiyinə inamını ifadə edərək "Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq", - deyirdi (Yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdəki nitqindən, 1 sentyabr 1997-ci il).

Ulu öndərimiz təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunarkən, ilk növbədə, heç şübhəsiz, uşaq və gənclərin əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. O qeyd edirdi ki,  "Təhsil sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur" (BDU-nun 80 illiyi münasibətilə görüşdəki nitqindən, 11 fevral 2000-ci il), "Respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini... heç vaxt unutmaq lazım deyil və bunu heç bir şeyə dəyişmək olmaz" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il). Özünün şəxsi keyfiyyətləri və fərdi xüsusiyyətləri ilə millətimizə nümunə olan böyük rəhbərimiz uşaq və gənclərin tərbiyəsində dini dəyərlərin də rolunu yüksək qiymətləndirir, bunları insan mənəviyyatının formalaşmasında əsas amil hesab edirdi. Onun fikrinə görə, "Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri-hamısı birlikdə bizim milli sərvətimizdir. Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhvali-ruhiyyədə tərbiyə etməkdən ibarətdir" (Qurban bayramı münasibətilə Mirmövsüm Ağanın ziyarətgahında keçirilən görüşdəki nitqindən, 8 aprel 1998-ci il). Yeri gəlmişkən, ümumtəhsil məktəbləri üçün "Həyat bilgisi" fənninin kurikulumuna "Mənəviyyat" məzmun xətti daxil edilərkən və onun nəticə standartları müəyyənləşdirilərkən ulu öndərin irəli sürdüyü həmin müddəalar ideya istiqaməti kimi əsas tutulmuşdur.

"Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır" (Respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdəki nitqindən, 31 avqust 1999-cu il) vəzifəsini qarşıya qoyan ümummilli liderimiz, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin, dövlət atributlarının mahiyyətinin uşaqlara geniş şəkildə izah olunmasını vacib sayır, bu istiqamətdə görülən işləri şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm amil hesab edirdi. Bununla yanaşı, ümummilli liderimiz uşaq və gənclərin kamil şəxsiyyət kimi formalaşmasında onların həm doğma ana dilinə, həm də xarici dillərə yiyələnməsinə, ədəbi irsimizi, tariximizi dərindən öyrənmələrinə ciddi diqqət yetirilməsini dönə-dönə vurğulayır, bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsini məktəbin, bütün müəllimlərin müqəddəs borcu olduğunu bəyan edirdi. Ulu öndərin "Azərbaycan dili öz söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin", "Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır", "Ədəbi irsimizin bütün gənclərə, bu gənclər hansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq-çatdırılması, bildirilməsi, tədris olunması çox mühüm bir işdir. Buna ciddi fikir vermək lazımdır", "Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər" (Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə yekun nitqindən, 31 avqust 1994-cü il), "Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir" (Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdəki yekun nitqindən, 29 avqust 1997-ci il) müddəaları orta təhsilin yenidən qurulmasını, təhsilin məhz müasir insanda formalaşdırılası dəyərlər sistemi səviyyəsinə yüksəldilməsini təmin edən prioritet istiqamətlərdəndir.

Müdrik dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın təhsilinin inkişafındakı ölçüyəgəlməz və danılmaz xidməti, heç şübhəsiz, ölkəmizin ümumi təhsil sistemində əsaslı islahatların başlanmasının təşəbbüskarı və ilhamçısı olmasıdır. Vaxtilə keçmiş Sovet İttifaqının rəhbərlərindən biri kimi neçə-neçə strateji əhəmiyyətli sahələrlə yanaşı, bu super dövlətin təhsili də bilavasitə onun nəzarətində olmuş, 1984-cü ildə keçirilən məktəb islahatına rəhbərlik etmişdir.

Müstəqil Azərbaycanda təhsil islahatları 1999-cu ildən başlansa da, bu prosesin zəruriliyi hələ xeyli əvvəl ulu öndərimizin nitq və çıxışlarında dəfələrlə vurğulanmışdır. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdəki yekun nitqində ümummilli liderimiz "İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür", - deməklə diqqəti bir tərəfdən islahatyönümlü işlərin hansı bünövrə, təməl üzərində qurulmasına yönəldir, digər tərəfdən isə Azərbaycanda həmin tədbirlərin uğurla həyata keçiriləcəyinə inamını ifadə edirdi.

İslahatların dövrün tələbinə görə planlaşdırılması və aparılması sahəsində böyük təcrübəyə malik ulu öndərimiz həmin nitqində "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəlsin" müddəasını irəli sürməklə təhsil islahatlarının başlıca istiqamətini çox aydın şəkildə göstərmiş, "Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyi tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız" fikri ilə əslində islahatyönümlü tədbirlərin konseptual əsasını müəyyənləşdirmişdir. Ümummilli liderimizin 26 noyabr 1994-cü ildə BDU-nun 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində söylədiyi "İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir. İslahat naminə, dəb naminə aparılmamalıdır. Adını dəyişdirməklə, bir qədər formasını dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin, dəbə düşsün -  bunun naminə yox, yalnız və yalnız əldə etdiyiniz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu istiqamətdə getməlidir, bu məqsədi daşımalıdır və biz bu məqsədə nail olmalıyıq" müddəasında isə nəzərdə tutulan islahatların mahiyyəti və məqsədləri lakonik surətdə son dərəcə dəqiq ifadə edilmişdir.

Birmənalı şəkildə demək lazımdır ki, 1999-cu il iyunun 15-də ulu öndərimizin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın əsasını məhz böyük rəhbərin təhsilimizin gələcək inkişafı ilə bağlı ideyaları, konseptual, proqram xarakterli fikirləri, müddəa və mülahizələri təşkil etmişdir. İslahat Proqramının iyunun 15-də - Qurtuluş günündə təsdiq olunması da rəmzi məna daşıyır. Dahi Heydər Əliyevin 1993-cü ilin həmin tarixi günündə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz siyasi, iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas olmaqla inkişaf yoluna, tərəqqi dövrünə qədəm qoydu, İslahat Proqramının bu əlamətdar gündə təsdiq edilməsi isə təhsil sistemimizdə yeni mərhələnin başlanğıcı oldu.

Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə də ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas və ehtiyatla yanaşmağa çağırırdı. Onun "Təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır",  "Əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il  və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt  tələb edir. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz" (Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqindən, 17 mart 1999-cu il) müddəaları bu gün də islahatlarla məşğul olan mütəxəssislərin fəaliyyətinə istiqamət verən dəyərli ideyalardır. Onu da qeyd etməyi lazım bilirəm ki, islahatlar prosesinə başlarkən ümummilli liderimizin həmin nitqində irəli sürdüyü  "Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik" fikrini əsas tutaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə xeyli tədqiqatlar və müqayisəli təhlillər aparılmış, bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilərək yeri gəldikcə onlara istinad edilmişdir.

Ulu öndərin təhsillə bağlı nitq və çıxışlarına diqqət yetirdikdə daha bir maraqlı cəhət özünü büruzə verir: Müdrik və uzaqgörən dövlət rəhbəri məqsədli şəkildə müəyyən konseptual fikri, yaxud fikirləri yalnız bir dəfə deməklə kifayətlənmir, ayrı-ayrı auditoriyalarda bu fikirlər müxtəlif nitq çalarlarında səslənməklə yaddaşlara hakim kəsilir... Həm də islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünki eyni tələbləri həm indiki, həm də gələcək nəsillərə ünvanlayır. Onun respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə 1999-cu ilin 31 avqustunda keçirilmiş görüşdəki nitqində irəli sürdüyü "Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyukturaya yol verməyəsiniz. Azərbaycanın milli ənənələrinin üzərindən  keçməyəsiniz", "Çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın", "Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür... Amma təhsil sahəsi çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara yer verilə bilməz", 2000-ci il sentyabrın 1-də Bilik Günü münasibətilə Bakının Nərimanov rayonundakı 82 nömrəli məktəbdə keçirilən təntənəli toplantıdakı nitqində söylədiyi "Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır", 2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı mərasimindəki nitqində vurğuladığı "Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən öyrənməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır" müddəaları dediklərimizə real əyani sübutdur.

Daha bir maraqlı məqam... Məlumdur ki, Azərbaycan bu gün haqqında daha çox danışılan və müzakirələr obyektinə çevrilən Boloniya Bəyannaməsinə rəsmi olaraq 2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox əlamətdardır ki, ulu öndərimiz bu Bəyannamədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini hələ 6 il əvvəl - 1999-cu ilin martında keçirilmiş təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı yekun nitqində "Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin", - deməklə uzaqgörənliklə dəqiq açıqlamış və bununla da ölkəmizin ali təhsil sistemi qarşısında dayanan ən zəruri vəzifəni müəyyənləşdirmişdir.

***

Sevindirici haldır ki, müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri böyük öndərin layiqli varisi, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Ölkə başçısının genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı, uğurlu, balanslaşdırılmış xarici və daxili siyasəti nəticəsində son illər Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə yeri və mövqeyi getdikcə daha da möhkəmlənir, nüfuzu artır, iqtisadiyyatımız böyük sürətlə inkişaf edir, xalqımızın rifah halı durmadan yüksəlir. Son 6-7 il ərzində Azərbaycanın büdcəsi bir neçə dəfə artmış, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artım sürətinə görə ölkəmiz dünyada ən yüksək mövqeyə qalxmışdır.

Son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olmuşdur. Əlbəttə, bu inkişafın əsasında dövlətimizin təhsilə qayğısı durur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev prezident seçildiyi gündən təhsili özünün daxili siyasətində prioritet istiqamət kimi götürmüş və onun inkişafına daim qayğı göstərməkdədir. Cənab Prezident çox haqlı olaraq qeyd edir ki, "yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir". Məhz buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, təhsilin ayrı-ayrı sahələri deyil, o, bütövlükdə kompleks şəkildə inkişaf etdirilir. Təkcə onu göstərmək kifayətdir ki, son 7 il ərzində təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub.

Ayrı-ayrı təhsil pillələri və səviyyələrində də ciddi inkişaf meyilləri özünü büruzə verməkdədir. Məktəbəqədər təhsilin uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət tərəfindən qəbul edilməyə başlanıb. Respublikamızda 20 il ərzində heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, 2008-2010-cu illərdə ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 44 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 151 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılıb.

Azərbaycanda 2000-dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika laboratoriyaları ilə təmin edilməsi təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44-ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21-ə enib.

Dövlətimizin başçısı ölkədə, cəmiyyət həyatının əsas inkişaf yolunun ali təhsildən, elmdən, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən asılı olduğunu və onların inkişafına xüsusi önəm verilməsinin vacibliyini çıxışlarının birində çox sərrast olaraq belə ifadə etmişdir: "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır". Bununla da dövlət başçısı neft gəlirlərinin insan kapitalına çevrilməsinin aydın formulunu vermişdir.

Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. 2007-2010-cu illərdə 700-dən artıq istedadlı azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Onlar Azərbaycan üçün zəruri olan tibb, təbabət elmləri - genetika, mikrobiologiya, mühəndislik, kompüter elmləri kimi ixtisaslar üzrə təhsil alırlar.

Dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10000-dən çox azərbaycanlı gənc təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000-i ötüb.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. "Bugünkü gənclərin təhsilinə ölkədə çox böyük imkanlar açılır və bizim məqsədimiz ölkəmizdə dünyada ən yüksək standartlara cavab verən təhsili təmin etməkdir" - deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva təhsilimizə qayğını Fondun fəaliyyətinin ən prioritet istiqamətinə çevirmişdir. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, "Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" layihəsi təhsil sahəsində mövcud problemlərin həllində, ölkə miqyasında müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılmasında, xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək göstərilməsində, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində, beynəlxalq əməkdaşlıq çərçivəsində humanizm prinsiplərinə uyğun ayrı-ayrı ölkələrdə təhsilin inkişafına dəstək verilməsində çox böyük rol oynayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev məhz bu baxımdan bu yaxınlarda keçirilən Fondun 5 illik yubileyi mərasimindəki çıxışında Heydər Əliyev Fondunun cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq Fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Şübhəsiz, bir məqalə çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin təhsillə bağlı proqram müddəalarının mahiyyətini, bunlarda ifadə olunmuş konseptual ideyaların məna tutumu baxımından miqyasını açıqlamaq və təhlil edib müvafiq nəticələr çıxarmaq, onun ölməz ideyalarının və əməllərinin müasir şəraitdə ölkəmizdə necə vüsətlə həyata keçirildiyini açıb göstərmək qeyri-mümkündür. Heydər Əliyevin bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irsi qiymətli bir xəzinədir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcəkdir. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - 48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov