Azərbaycan Universiteti təhsilin inkişafı və
ölkəmizdə dövlət təşkilatları, peşəkar qurumlar
və biznes strukturları ilə təhsilin maraqlarının
uzlaşdırılması, rəqabət qabiliyyətli milli
kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq
mühitinin formalaşdırılması, dünya elmi
nailiyyətlərinin idarəetmənin və sahibkarlığın
inkişafına yönəldilməsi, sahibkarlıq
subyektlərinin maarifləndirilməsinə kömək
göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası
Auditorlar Palatası ilə əməkdaşlığa başlayır.
Bu məqsədlə dekabrın 17-də Auditorlar
Palatasının sədri Vahid Novruzov və Azərbaycan
Universitetinin rektoru Akif Musayev ikitərəfli
müqavilə imzalayıblar.
Müqaviləyə əsasən bundan sonra Auditorlar
Palatası və Azərbaycan Universiteti ölkədə
auditor xidmətinin dövlət tənzimlənməsinin və
inkişafının təşkilini təmin etməklə
sahibkarlığın rəqabət qabiliyyətliliyinin
gücləndirilməsində, peşəkar milli kadrların
hazırlığı sahəsində ictimai sifarişin
formalaşdırılması prosesində palatanın
fəallığının artırılması və
təkmilləşdirilməsində, universitetin "Karyera
mərkəzi"nin, maliyyə, mühasibat uçotu və audit
sahəsində tələbə konsaltinq xidmətinə
metodoloji yardım və digər sahələrdə əməkdaşlıq
edəcəklər.
Tərəflər həmçinin universitet tələbələrinin
Palata və ona üzv təşkilatlarda sahə təcrübələri
keçmələri üçün şəraitin yaradılmasında, tələbə
və müəllim heyətinin Palata tərəfindən təşkil
olunan təlim və seminarlarda əməkdaşların təhsil
və təlimlə bağlı beynəlxalq layihələrdə birgə
iştirak etmələrinin təmin olunmasında, bu təhsil
ocağında Palata peşəkarlarının mühazirələrinin
təşkilində, ikitərəfli və çoxtərəfli əsasda
informasiya mübadiləsi aparılmasında, məqsədli
layihələrin işlənməsində, ölkədə mühasibatlığın
və auditin beynəlxalq standartlara cavab verən
işgüzar mühitinin formalaşmasında və digər
məsələlərdə birgə çalışacaqları barədə razılığa
gəliblər.
İmzalanma mərasimindən sonra V.Novruzov və
A.Musayev mətbuat nümayəndələrinin çoxsaylı
suallarını cavablandırıblar.
Şakir CƏFƏROV |